Rədd ol, çaqqal,
Biz oynamaq istəmirik,
Şirin-şirin yatmaq istəyirik.
Bax, həmin bu çaqqal tısbağanı qını ilə bərabər dişlərilə götürmüş və aparmışdır. Yəqin, balalarını sevindirib və yuvası sakitləşib, orada ac zingilti və ulama susub. Kiminçünsə şirin olmayanda – bunlar da babanın sözləridir – başqa kiminçünsə sevinclidir. Kimsə doğulur, kimsə də ölür – dünya belə qurulub. Yəqin, ölü tısbağa quldurun kədərli təbəssümü və qəribə, dönük sifəti üzündən Nikonun yadına düşmüşdü. Bir anlığa təsəvvüründə belə bir mənzərə canlandı: Valo Badalaşvilinin tısbağanı daşla vurması, sonra ayağının ucu ilə artıq ölü tısbağanı itələməsi və tısbağanın bişmiş boranı kimi iki yerə bölünməsi. Onun içərisi də boranıtək, sarı idi və orada dərin boşqabı doldurmaq mümkün olan qədər, sıx yığılmış, sanki sapa düzülmüş, iri və xırda yumurtalar vardı. Quldur Nikoya: “ Oxşayır, hətta çay çınqılında daş tapmağı bacaracaq qədər igidsən!” – demişdi. Əvvəlki kimi, qüssə ilə və atasıtək gülümsəmişdi. ”Məni tərifləməyin, yoxsa sevincdən bu gün bir loxmanı da uda bilmərəm” – deyə Niko gözlənilməz gərginliyini gizlətməkdən ötrü gülmüşdü. ”Bir bax! Necə zarafatcılmışsan, – quldur bir qədər geniş gülümsəmişdi. – Yəqin, Bodbedən, ya da Moxisidən, ya Xorqidən, ya da Okribidən, yainki Labskaldidənsən”. – “Tapmadınız, mən Batumidənəm”, – Niko pırpızlanmış və geri dönmüşdü, quldurun ona, nə isə, vacib bir şey demək istədiyinə əmin olduğuna görə, ordan əsən çənəsi və ağır qəlbilə getmişdi – buna görə də yoldan geri qaytarmışdı, amma son dəqiqədə fikrini dəyişmişdi, Niko onun ürəyindən olmamışdı və ən əsası, Nikonu etibara layiq hesab etməmişdi. Nə olar, Niko da getmişdi. Axı ona daha nə qalırdı? Axı naməlum adamın ayağına düşüb, istər-istəməz, ona etibar etməsini, öz sirrini ona verməsini yalvara bilməzdi. Ancaq ikinci dikin axırına çatmağa macal tapmamış, atların fınxırtı və kişnərtisini eşitmişdi və bu, necəsə, gözlənilməz, qeyri-adi, şübhəli, qorxuducu olmuşdu – tələsik, bir dəqiqə də itirmədən, qulduru xəbərdar etmək barədə fikirləşməyə macal tapmamış kolluğa cummuşdu.Fikirləşmiş, ancaq etməmiş, çatdırmamışdı və indiyə kimi də bu tikanlı kolluqda eşələnir. Milisdən gizlənmişdi, lakin özündən, daha doğrusu – vicdanından necə gizlənməli? Axı insan vicdanı həmişə özilə gəzdirir, mühasirə qoşunu onu qalanı əhatəyə alantək, yox, əksinə, mühasirəyə alınmış qalanın divarları yeganə müdafiəçisini əhatə etdiyi kimi, hər tərəfdən bürüyüb: onun yeri yalnız burdadır və yaşaması başqa heç yerdə mümkün deyil, bu divarlar arasında ölməyə borcludur, lakin ölməzdən əvvəl barıt və güllələri bitənə, dişləri tökülənə, dırnaqları sınana, ağzının suyu quruyana qədər vuruşmalı, müdafiə olunmalıdır. İnsan onun vicdanıdır. Vicdanından başqa nəyini istəyirsən al və o, insan olaraq, qalacaq.Lakin əgər vicdanı alınıb, bütün qalanları saxlanılarsa, artıq insan olmayacaq. Hətta ölümdən sonra da vicdan insandan qalan yeganə şeydir. Vicdan insanın ruhudur, yaxud, əgər belə münasibsə, ruh vicdandır. Əgər, ümumiyyətlə, ölümsüzlük varsa, burdan da vicdanın, yalnız vicdanın ölümsüz olması nəticəsini çıxara bilərik – amma vicdan Uşbanın zirvəsindəki qar kimi təmizdir; yuvadakı yumurta qədər rahatdır, mum zindan, karton qalxan və armud top möhkəm olduğu dərəcədə möhkəmdir, bəli, onların möhkəmliyi hüdudsuz inam və pozulmaz günahsızlığın xəlitəsi olduğu üçündür – başqa heç bir şey – mum zindan, karton qalxan və armud top. Buna görə də, Niko ilə istənilən başqa yeniyetmə arasında, kolluqda gizlənənlə yatağında sərələnən, ya da o vaxtkı və indiki anlamlarda Nikolar arasında olduğundan, bəlkə də, daha çox ümumilik olsa da, Niko indiyə kimi cızılmış, deşilmiş halda, dovşanınkı kimi döyünən ürəklə kolluqda gizlənir. İndiki (yatağına sərələnmiş) Niko o vaxtkını (kolluqda gizlənəni) həvəslə öldürər, öz qanını ondan sızanaq, xal, zökəm kimi… istənilən başqa oxşar, lazımsız, artıq, təngə gətirən bəla kimi zövqlə qurtarar, amma bəla bu xoşagəlməzliklərdən heç birini bütövdən çıxarmağın mümkün olmamasındadır: insan müxtəlif şeylərin, bir çox sızanaq, xal, zökəmlərin cəmidir və bunlardan heç birini rədd edə bilmir, yəni rədd edə bilir, ancaq anadan olduğu gündən, bütün həyatı boyu baş verənlərdən, əldə etdiklərindən, ya da əldə etməyə məcbur etdiklərindən heç vaxt üzülüşə bilmir. – bugünkü dünənkinə görə və dünənki bu günkünə görə olduğu kimi, hər ikisi sabahkına görə cavab verməlidir.Leo… Nə Leo! Leo öz təbiətinə əla uyğunlaşıb, onun iki təbiəti, ikili deyil, ikiqat təbiəti var, buna görə də heç biri onu narahat etmir – öz mərdanəliyinə görə üzülmür və qadınlığından sıxılmır, dərd etmədən, özü üçün yaşayır, istəyəndə oğlan olur, istəyəndə də qız. Niko isə həmişə oğlan, kişi olmalıdır, allah onu belə yaradıb və belə də məzara gedəcək. Buna görə də ondan – qorxunun üstələnməsi, yaxud ağrıya dözümlülük mənasında – çox şey soruşulur. Qorxunu aşırmaq və ağrıya dözmək – bu elə ən çətinidir, heç nədən qorxmursansa və heç bir ağrı duymursansa, bu heç də insan olmadığını bildirdiyindən, deməli, sənin qorxmaz, yaxud qorxaq olmanda heç bir əhəmiyyət yoxdur, mərdanəlik də bunda ifadə olunur. Nümunələr üçün uzağa getmək lazım deyil, Nikonun nənəsi əla nümunədir. Ona baxılsa, tamamən quru yarpaqdır, bütünlüklə ruh, yaxud vicdandır, lakin təhlükə yaranan kimi dərhal qayatək olur, qaldırılmış qılıncla düşməni qorxudur, qılıncını qəbzəsinə qoymağa məcbur edir, hansısa alçağı, zalımı, oğrunu toz kimi üyüdür, heçnəyə çevirir. Dayanıb, sakitcə yaylığını düzəldir – görünüşdən sakit, sanballı, soyuqqanlıdır, ancaq əlləri əsir, nazik, ağarmış dodaqları da eləcə, amma bu, qorxudan deyil, qorxunu artıq üstələyib, üstələnmiş qorxudan, hiddətdən, nifrətdəndir. ”Niyə ailəmə qarşı hazırlanmısan? Əgər qadınamsa, mənə üstün gələcəyini düşünürsən?” – asta-asta, demək olar, hiss olunmadan düşmənin, alçağın, oğrunun üstünə gedir. Bu alçaq Naskida o vaxtdan bəri bir dəfə də görünməyib. Baba barəsində qaçmış hökumətlə gizli yazışması olduğunu deyir. İuda! Ancaq İudadan da pisdir. İuda onunla müqayisədə Xristosdur. İuda xəbərçilik edib, sonra etdiyindən dəhşətə gələrək, özünü asmışdı . Naskida üçün isə hələ ağcaqovaq boy atmayıb və heç vaxt da böyüməyəcək. Naskidalar həyatlarını intiharla bitirmirlər. Naskidalar özünü qoruyur, hissləri, səhv etmədən, onlara həyat üçün zəruri olduqlarını deyir və onlar həyatın dəyərini bilirlər.Ümumiyyətlə, bu heç kəsi təəccübləndirməməlidir. Məgər təbiətdə hər şey gözəldir? Onda – istər heyvanlar aləmində, istər bitkilər, yaxud həşəratlar arasında – nə qədər