– Ana, bəs atam adam öldürməli olmayıb? – deyə birdən Qogiya soruşur.
– Öldürmək? Bir saatdır, səninlə nə barədə danışıram? – anası əllərini yanlara açır.– Nəyi təkrar edirəm? Onun izilə getməyin hesabdan deyil, – eləcə həyəcanla davam edir. – Axı həm də bir qədər mənimkisən! Yalnız bir az yox, məhz hər şeydən əvvəl. Hər cür körpə anaya aiddir. Yalnız ana onun kiminki, kimdən olmasını bilir. Adamların sənin barəndə: atasına çəkib demələrinə imkan vermə. Görürsən – adam öldürmüsən, ancaq sənə inanmırlar. Yəni, bu hansısa zərərsizləşdirmədir, deyə müəllimin özündən qondarır. Bir az əvvəl onu, necə lazımdır, qırxmışdın, o da bunu sənə bağışlaya bilmir. Bunu sənə öz düşüncəsilə ödəmək istəyir. Belə də olur, adam böyük bilgi üzündən də ağıldan gedir. Ancaq iş görmək hələ hamısı deyil, bu azdır. İşi sənin uğursuz dayın da gördü. Hələ bunun, həqiqətən, sənin işin olmasına hamının inanması da lazımdır. Nə hədsiz vicdanlı, nə də qədərsiz utancaq olmaq lazım deyil; adamlar şübhələnmədən deməlidirlər: bu, beləsinə qadirdir, onun əlindən gəlib. Hər dəfə adam öldürəndə şahidlərmi axtarmaq lazımdır? Axı həmişə tapa bilmirsən. Həm də nə vaxta kimi gözləyib, dözmək gərəkdir? Qurdlar bizi canlı-canlı yeyənə kimimi? Diri-diri iylənənə qədərmi? Nə qədər müddət, kimin gəldi, əlinə baxmaq olar – görəsən, nimdaşlarını şəfqət səbəbindən bizə tullamayacaqlar? Məgər Susannanın belə iri döşləri var, ay səni, yaramaz! – sifətində təbəssüm sayrıyır. – Özləri utanır, mən də onların nimdaşlarını satmalıyam, – yenidən qızışaraq, davam edir. – Qoltuqları saralmış alt paltarlarını, ya da güvə dəymiş köynəklərini qənd parçasına, ya da bir çimdik duza dəyişməliyəm… – Quduzluqdan səsi qırılır, gözləri məkrli, aldadıcı, təhlükəli yaşlarla dolur (yəqin, tüstüyə görə). Hələ bu yaşlara görə başqa kimlərisə cavab verməyə məcbur edəcək, onları başqasının günahı kimi ortaya qoyacaq. Ola bilsin, hətta bütün dünyanı cavaba səsləyəcək, öz saxta, sözə baxmayan göz yaşlarına görə bütün dünyaya cəza vermək istəyəcək. Yenə çəhrayı atlas lifçiyi önlüyünün cibindən çıxarır – onun yarımkürələri içəri çöküb və buna görə, necəsə, xoş görünmür. Qadın lifi ehtiyatsızlıqla ovcunda sıxır və elə bil, qeyri-ixtiyari şəkildə, özünə hesabat vermədən, onunla gözlərini silir.
– Ana, neynirsən, axı heyfdir, yaxşısı budur, onu geyin, – Qogiya ona belə deyir.
Amma birdən ana oğlunun sözlərindən dolayı şənlənir, oyun əhval-ruhiyyəsinə gəlir – ehtiyatla, sanki, nəyəsə bulaşmış kimi, lifçiyin uclarından tutur və elə bil, oğlu ilə oynayaraq, şıltaqlıqla döşünə uyuşdurur.
– Hi-hi-hi, şəhər qadınlarında daha nələr tapmazsan – şıltaq görünüşlə gülür və lifçiklə sıxılmış döşünü hər tərəfə fırladır.
– Əhsən, ana, səni buna görə sevirəm! – Qogiya heyranlıqla səslənir, sarınmış qolunu, elə bil, ona teatr gəlinciyi geydirilmiş kimi, fırladır, havada oynadır.
– Görüm səni ildırım vursun! – anası, nəyə görəsə, yenə özündən çıxır, çəhrayı lifçiyi ovcunda sıxır və qızışmış halda davam edir: – Mənə heç nə gərək deyil… Yalnız ölməyə asudə vaxt yoxdur. – Qogiyaya müraciət edir, ancaq onun tərəfinə baxmır. – Nə əldə etsən, özünə sərf et, yalnız əldə et, həyatın səni sıxmasına imkan vermə. Axı mən dəli deyiləm, elə fikirləşmə, mən də yaxşını pisdən ayırmağı bacarıram. Bax, bu xəsis Qulo Almaniyadan bir çamadan patefon iynəsi gətirib, satır, varlanır. Adamlar müharibədə də hər şeydən pul əldə edən olaraq qalırlar, özlərini müharibədə də unurmurlar, hər kəs belə fikirləşir: əgər kimsə bir manat əldə edibsə, mən ikisini ələ gətirməliyəm. Bax, belə lazımdır. Hər tərəfdən daşıyır, toplayırlar, biz isə hətta bizə düşəni də itiririk. Kim necə bacarırsa, elə də yaşamalıdır. Peşə səni yedizdirirsə, yaxşı peşədir. Allah verir, insan faydalanır. Biriləri toplayır, digərləri oğurlayır. Atan isə boş meydançada gəzinir, Hitlerin, hər necəsə, dirilib, şəhərə soxulmasından qorxur. Əlbəttə, Hitleri tutub, igid çıxıb, görüm onu ildırım vursun…
– Ana, sənin üçün bu qədər mənfur idisə, niyə atama ərə getdin? Axı ruhuna günah götürmüsən, mənə acımamısan! Bəs mən nədə günahkaram? – deyə Qogiya onun sözünü kəsir.
Sarınmış qol eləcə yana açılmış vəziyyətdə, havada qalır və əgər ona nə olduğu bilinməsə, ilk baxışdan Qogiyanın əlində, həqiqətən, gəlincik tutduğunu düşünmək olar, o biri, sağlam əlilə qaralmış tiyəli və ağac saplı bıçağı əlləşdirir – fırfıra kini döndərir. Anası cavab verməzdən əvvəl, sınayıcı nəzərlə onun gözlərinə baxır və mənalı şəkildə gülümsəyərək, başındakı yaylığı düzəldir, sıxılmış lifçik ovuca sığmır, – cavabı fikirləşməkdən ötrü vaxt itirir, elə bil, əvvəl heç vaxt bütün bunlar barədə heç fikirləşməyib və bu cür, dərhal, gəlişinə, heç nə cavab verə bilməz və bununla bərabər, əlbəttə, oğlunun ondan hansı cavabı gözlədiyini başa düşməyə çalışır, onun tərəfindədirmi, yoxsa ona tələ qurur, ağzından söz qaçırması üçün onu danışmağa, ilişmək mümkün olan nə isə boşboğazlıq etməyə məcbur edir. Nəhayətdə, bu onun oğludur, xain təbiəti hamıdan çox ona məlumdur; ona qətiyyən, zərrə qədər də arxalanmaq olmaz.
– Niyə getdim? Talesizliyimə səbəbkar olan məni qadın yaratdığına görə, – bu dəfə qardaşının qurbanını deyil, allahı nəzərdə tutur. – Oğul, axı qadın itdən də pisdir, qiymətini bilmir, adamı araşdırmağı bacarmır, təki ərə getsin, təki, qız olaraq, qalmasın, təki başqa qadın deməsin: onun nə dərdi var, hansı əmması var, niyə heç kəs arvadlığa qəbul etmir? Buna görə də lap ilanla da, cüzamlı ilə də bərabər yatağa uzanar. Bununla belə… – ən başlıcası barədə danışmazdan əvvəl hiyləgərliklə gülümsəyir, oğlunun gözündə qiymətini qaldırır. – Burda bəzi başqa şeylər də var idi. Atam atana pul vermişdi, ümid edirəm, söhbətin nədən getdiyini başa düşürsən. Öz aralarında kişi kimi razılaşmışdılar. Qoy ölüm onlara araçı olsun! – Qogiya özünü bir qədər itirib, hər nə isə, əyləncə alınmır. – Mən də müqavimət göstərmədim. Qəlbimin bağlı olduğu şəxs artıq həyatda yox idi, torpaqda çürüyürdü. Onu Alaverdidəki dalaşmada öldürmüşdülər. Bax o, insan, kişi idi, özü ilə fəxr edə bilərdi – qürur duyurdu