– Balıqnan aran necədi?
– Qəşəng.
– Onda burdan balıq alaq, gedək evə. Axı şam yeməyi söz vermişəm.
– Alaq da, nə deyirəm ki?!
Biz yaşlı adama yaxınlaşdıq, o, bizə balıq satmadı, bizi başqa birinin yanına göndərdi. Yaşlı kişi o adamı haylayıb uca səslə bağırdı:
– Həsən, ayy Həsən, sənə müştəri göndərirəm.
Biz Həsəndən balıq alıb evə yollandıq. Yol boyu ikimiz də susurduq. Onun nə düşündüyünü bilmirəm, amma mən fotoaparat götürmədiyimə görə özümü qınayırdım. Sahil boyu maraqlı kadrlar var idi. Uşaqların ətçəbala olub qumda oynamaları. Balıq ovlayanlar, iri və xırda balıqları ovlamaq üçün torlarını səliqəyə salan balıqçılar. Başlarında həsirdən papaqları, əyinlərində balağı çırmalanmış şalvarları, tərdən bozarmış və ləkəli köynəkləri ilə də öz işlərini həvəslə görürdülər. Ötüb-keçənlərə əhəmiyyət vermədən gündən yanmış, qaralmış əlləri ilə ustalıqla torların ilişmiş yerlərini açır, növbəti ova hazırlıq görürdülər. Balaca, bozarmış taxtadan qayıqlar çox xoşuma gəlmişdi. Məndən olsaydı, onları rənarəng rəngliyib naxışlarla işləyərdim. Sahil boyu al-əlvan qayıqlar maraqlı görünərdi, məncə. Əsməyə başlayan mehdən çəhrayı buludlar yavaş-yavaş hərəkə gəlmişdi. Biz də həyətə girdik, evə çatıb qapını açdım, mətbəxə keçdik. Qonağımın özünü rahat hiss eləməsi mənim xoşuma gəldi. Kimsə mənim yanımda sıxıldıqda mən də narahat oluram. Mətbəxdə çəkməcələrin birindən köhnə qəzet tapıb masanın üstünə sərdim. Digər çəkməcədən bıçaq götürdüm. Qonağımın əlindən, balıqları alıb təmizləmək istədim. O dedi:
– Təzə balıq çətin təmizlənir, bu işi mənə həvalə elə.
Qəzetləri, bıçağı və balıqları götürüb həyətə çıxdı. Mən də bir qab götürüb onun ardınca getdim. Hardansa bir taxta dikt parçası tapıb üstünə qəzetləri sərdi. Ustalıqla balıqları bir-bir təmızləyib başla rın kəsir, mənim gətirdiyim qaba yığırdı. Balıqları təmizləyib qurtardıq. Məmnun halda dedi:
– Balığlar hazır, aşbaz xanım, qalanı sizliydir.
Mən evə girib mətbəxə keçdim. O, həyətdə əllərini yuyub evə gəldi. Qonaq otağına keçib orda olan maqnitofonu yandırdı. Vaqif Mustafazadənin “Düşüncə”si səsləndi. Bu əsəri çox sevirdim. Balıqlar cızhacızla qızararkən mən soyuducudan narşərab, göyərti, limon çıxartdım. Boşqab, çəngəl-bıçağı siniyə qoyub limon doğradım. Boynumda qəribə bir üşütmə hiss elədim, arxaya boylandım, qonağım qapıya söykənib əli cibində, üzündən əskik olmayan mehriban təbəssümlə mənə baxırdı. Bir-birimizin varlığından məmnun halda hər ikimiz susurduq. Balkona çıxdım, masanın üstünə ağ kətan süfrə sərdim. Qonağım da əlində sini ilə gəlib sinidəkiləri süfrəyə düzməyə başladı. Mən mətbəxə keçdim, artıq qızarmış balıqları böyük boşqaba yığıb qayıtdım.
Bir tərəfim dəniz, bir tərəfim meşə, yaraşıqlı qonaqla şam eləmək varkən özümü şanslı biri sanmasaydım, axmaqlıq olardı. Bu axşam hər şey məni sevindirirdi. Qəribə idi, bu vaxta qədər yad baxışlardan qaçan mən, indi yad biri ilə şam eliyirəm. Bəlkə də bunu qəsdən eliyirdim, bilmirəm. Amma daxilimdə şirin bir intiqam hissi var idi. Deyəsən, bu sərbəstlik və cəsarətlə öz aləmimdə ərimdən intiqam alırdım. Çox axmaq bir fikirdə olduğumu anlayıb gözlərimi qonağımın üzündən qaçırtdım. Sükutu qonağım pozdu:
– Dediyin qədər varmışsan. Əlinin duzu var, çox ləzzətlidi.
Onun çəngəl-bıçağı kənara qoyub əllə yeməyi mənə lap ləzzət elədi. Ona baxıb mən də əllə yeməyə başladım. Amma həqiqətən də, əllə yeyilən yemək daha dadlı olurmuş, bu da mənim yeni kəşfim oldu. Yeməyimizi bitirdik, bərabər süfrəni yığışdırdıq. Yenə nəyə görəsə ərim yadıma düşdü. Neçə illik evliliyimizdə hələ bir dəfə olsun ərim mənimlə nə süfrə hazırlamış, nə də nədəsə mənə köməy eləmişdi. Bir neçə saat tanıdığım insandan bu qədər diqqət və qayğı görmək məni həm sevindirir, həm kövrəldir, həm də ürəyimdə qiptə hissi oyadırdı. Hətta ağlımdan belə bir fikir də keçdi: ”Görəsən, bu hansı bəxtəvərin əridir? Yəqin bir azdan gedəcək”.
Mən qabları yudum, çay hazırladım. Dərin bir sükut hökm sürürdü. Sükut -bəzən ölümü xatırladacaq qədər qorxunc, bəzən isə ruhun səsini eşitdirəcək qədər sehrlidir. Sükut… Sakitlik… Bəzən sükutdan çox qorxuram. Hətta evdə tək olduğum zamanlar belə dərin sükut məni qorxudurdu, evdə səs olsun deyə ya musiqiyə qulaq asırdım, ya da televizoru yandırıb heç baxmadığım verilişlərə belə o qədər səs verirdim ki, evin hansı küncündə olsam da, ordan gələn səsləri eşidim. İndi isə tam əksinə idi. Bu sükutda qəribə bir sehr var idi. Bu sakitlikdə ruhum rəqs eliyirdi. Birdən-birə sanki vicdanımla üz-üzə qaldım. ”Niyə bu adamın getməsin istəmirəm?” Sonra isə düşündüm: “Heç də pis adama oxşamır, ədəbli, danışığını və davranışını biləndi”. Sanki ikiləşmişdim, biri ağılsızlıq elədiyimi, digəri isə tamamilə haqlı olduğumu deyirdi. Daxilimdə onun tamamilə təhlükəsiz bir insan olduğuna əmin idim. Amma bəzən hisslərimiz bizi aldada da bilər. Yenə sükutu qonağım pozdu:
– Hə, yedik, içdik, indisə yazmağa başlayaq, xanım qız?
Bu sözlərə elə sevindim ki, özüm də fikir vermədən yerimdən hoppanıb əl çaldım və gülə-gülə soruşdum:
– Deməli, getmirsən?
O, danışmağa başlayanda elə bildim ki, indi sağollaşıb gedəcək, amma cümləsini bitirəndə uşaq kimi sevindim. Mənim reaksiyama o da ürəkdən güldü.
– O qədər plan qurmuşuq, hara gedirəm?! Sənə söz vermişəm, gərək əməl eliyim. Amma şərtim var, tənbəllik yoxdu, yazacaqsan. Oldu?
– Oldu.
– Sonra cığalçılıq eliyib yuxum gəldi demə! Yaxşı?
– Yaxşı.
Dediyi kimi də oldu. Sabahadək göz yummadıq, müzakirələr, mübahisələrlə, nəhayət, ortaq məxrəcə gəlib yazmağa başladıq.
Zakir mərkəzi küçələrin birində gəzişirdi. Aramla qar yağırdı. Axşam saat yeddi idi. Dükanların çoxu təzəcə bağlanmışdı. Küçələrdə əvvəlkitək qaynaşma yox idi, sanki hamı ertəsi günə güc toplamaq üçün istirahətə getmişdi. Bu küçələr həmişə cavanlarla dolu olurdu, müşahidə etməyə, hətta danışmağa belə kimlərsə olurdu. İndi isə küçədə çox az adam vardı. Yəqin həm havanın soyuqluğu, həm bayramqabağı olduğuna görə cavanların da başı bayram şənliklərinə qarışmışdı. İki il ərzində Zakir buraları çox sevmişdi. Evdə darıxanda, işləri yaxşı getməyəndə beləcə tək-tənha küçələri gəzişib Qala Divarlarının yanında saatlarla dayanır,