Seks tabu idi böyüdüyüm mühitdə, bu haqda kimsə danışmırdı, mən bilmirəm valideynlərimin cinsi həyatı vardı, ya yox, olmalıydı, ya yox. Mən yaşamağın qaydasını ətrafımdakı qadınların dediqodularından öyrənmişəm. Bu söhbətlərdə digər qadınlar ikiyə ayrılırdı, ana-bacılar və pozğunlara. Sevgisini ərinə və onun nəslinə qulluqla göstərməli idi qadın, təmizkar olmalı, əlinin duzu olmalı, qarşısındakı od olanda su olmalı, lazım gələndə susmalı, eyni zamanda da fərasətli də olub ərini istədiyinə razı salmağı bacarmalı idi, uşaqları təmiz, tox, sakit, uyumlu olmalıydı, ən başlıcası isə fədakarlıq idi analardan tələb olunan. Bəli, analardan. Qadın varlığını ancaq doğaraq sübut edə bilərdi. Ən pisi odur ki, varlığını göstərən kimi yenə yox olmalı idi, çünki indi də övladlarına qurban olmalı idi. Kişilər isə hamısı eyniymiş. Gəzib evə qayıdanı yaxşı kişi imiş, hansısa qəhbəyə görə ailəsini atanlar da oğraş idilər. Qəhbəylə yaşayıb ailəsinə maddi korluq verməyənləri də yaxşı saymaq olardı. Oğlanlar sevdikləri ilə sevişməzlər, sevişdiklərini isə sevməzlər. Evlilik üçün qadından ən başda bakirəlik tələb olunurdu. Ona görə ikiəlli qorumalıydı qadınlar qızlıq pərdəsini.
Evlənənə qədər dörd il sevgili olmuşduq Cəlalla, hətta nişanlananda dini kəbin kəsdirmişdi atası, bizim iştirakımız olmadan. Bu səbəbdən yengə vacib idi, hər kəs bilmək istəyirdi o qədər zaman içində namusumu qoruya bilmişdim, ya təslim olmuşdum. Toy gecəmi qonşu otaqdakı üç ağırçəkili qadının iştirakı ilə keçirmişəm. Həm də həkim olduğumçün hər şeyi özüm bilməli idim, amma nəyi, hardan? Bir neçə saat içində cinsi əlaqənin alınmadığını görən qadınlar fasiləmizdən istifadə edib məni danladılar.
Mənim nəslimi təmsil edən qadın, toy boyu Cəlalı gözlərinlə yeyirdin, bəs indi niyə alınmır ki deyib tənbeh etdi. Cəlalın nümayəndəsi qadınsa bu yaxında on səkkiz yaşlı bir qızın yengəsi imiş, özünü elə rahat aparıbmış ki həmin qız, mən niyə uşaq kimi aparıram bəs özümü deyib qınadı. Qaynanam isə susurdu. Sevdiyim adama qovuşmanın ləzzətini yaşamaq yerinə, qız olduğumu sübut edə bilməmək qorxusu ilə büzüşürdüm. Vaginizm olduğumu illər sonra öyrəndim, sandığım kimi hansısa yetərsizliyi olan qadın deyiləmmiş, hər şeyin həlli varmış, çox sonralar bildim, artıq gec olanda.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.