Görüşdük. Saçlarını dibindən kəsmişdi, həmişəki kimi çəkingən təbəssümü ilə gizlətməyə çalışırdı gözlərindəki hüznü. Ən xoşbəxt sandığım anlarında belə qəribə həzinlik vardı Tərlanda və bu məni rahatladırdı, bilmirəm niyə. Sakit, kədərli, sevgi dolu idi. Birlikdə susa bilirdik, gözəl idi.
Gələndə ən sevdiyim iki şeyi almışdı: ağardılmış fındıq, tünd şokoladlı kəpəkli peçenyələr. Qucaqlaşdıq. Çay aldıq. Danışdıqlarımızın çoxunu xatırlamıram, gözlərinin ifadəsi yadımdadı sadəcə. Yəqin o da mənimkiləri zehnində bərkitdi, bitdiyini gözlərimdən oxuyurdu, görürdüm.
Deyəsən dedi ki, əvvəlki Tərlan deyil, indi hər şeyi daha yaxşı başa düşür. Münasibətimiz təzə başlayanda ən sevdiyim kitabı oxumağa başlamış-dıq. Biz hər görüşəndə kitabı növbə ilə səsli oxuyurduq, həm də müzakirə edirdik. Sonra bezdik, Tərlan mənim qədər sevmədi kitabı, zamanla oxumağı dayandırdıq. İndi kitabı bitiribmiş, həm də sevibmiş. Hətta əvvəllər birlikdə izləyib sonda mübahisə etdiyimiz filmlərə bir də baxacaq, deyəsən hamısında yanılıbmış kimi hiss edirdi.
Sevdiyini xatırlatdı, ondakı yerim dəyişməyibmiş, bu daha ülvi bir hisdi, nə yaşadıqlarımız, nə cür yaşadıqlarımız mənim ondakı yerimi dəyişmirmiş… istədiyim zaman, istədiyim məsələylə də onu narahat edə bilərəmmiş… hər şəkildə ayrılıq istəmədiyini bildirirdi…
Ruhumuzun bəlli bir şəkli olmalıdır, bizdən xoşbəxt olmaq, şükür etmək, ətrafa pozitiv enerji saçmaq tələb olunur. Əgər içində olduğu mühit insanı yorursa, enerjisini tükədirsə, sevmədiyi adamlarla nəzakətli davranıb, sevmədiyi işləri gündəlik görməkdən yorulursa emosional əzginlik bir müddətdən sonra bədəninə yansıyır, bronxlar, bağırsaqlar, ürək, dəri belə narahat olaraq bir şeylər dəyişməlidir deyə mesaj verir. Mühiti və başqalarını dəyişmək kimi şansımız olmadıqda araya psixoloqlar, psixoterapevtlər girir, hadisələrə baxışı dəyişmək, ya da verdiyin reaksiyanı ləngitmək üçün.
Bizdəki ruh həkimləri baxdığım filmlərdəki kimi adamı divana uzandırıb uşaqlığına səyahət etmirmiş, bunu psixoterapevtə gedəndə anladım. Heç otaqları da adi xəstəxana otaqlarından fərqlənmirmiş. Ağ divarlar, qara, dəri üzlüklü balaca divan, eyni üzlüklü bir neçə stul, içi kağız-kuğuzla dolu ofis şkafı, ofis masası… Belə mühitdə dərdimi danışmağım gəlmirdi. Dərdim də yoxdu əslində. Bir neçə nəfərin məsləhəti ilə seçdiyim psixoterapevt xoşuma gəlməmişdi, bəlkə gözləyirdim ki, danışmadan məni anlasın. Bir də yuxugətirici dərman yazıb, maşın sürərkən ehtiyatlı olmaqla bağlı xəbərdarlıq etməmişdi. Sonra da maşını beton dirəyə sürtdüm, dərmanlardan olmaz ki soruşanda, olmaz demişdi.
Bu, psixoterapevtə üçüncü gəlişim idi, əvvəlki görüşlərin hər ikisində ağlamışdım, söhbət də qısa çəkmişdi. Müayinəmə bir qədər gecikmişdim. Foyedəki rəngli divanda oturub, içəridəki adamın çıxmağını gözləyirdim. Sükutu arada qeydiyyatçı qızın telefon danışıqları pozurdu, deyəsən qızı ilə danışırdı, ya da oğlu, məktəbdə infeksiya aşkarlandığı üçün qızını – mənə elə gəldi qızdı – dərsə getməməsi üçün razı salmağa çalışırdı. Yanımda oturan qadın üzünü qarşı divara dikib ağlayırdı, hıçqırmadan, səssizcə, arada da kağız salfetlə burnunu silirdi. Bir az keçmiş iki oğlan bir yaşlı kişiyə qollarının altından dəstək verərək içəri daxil oldular. Divanda oturanlar adama yer verdilər ayaq üstə dura bilmirdi. Məni çağırdılar. Niyəsə həkimi gözləyən adamların fonunda özümü enerjili hiss elədim.
Həkimin üzünün yarısı tibbi maskanın altında gizlənsə də yorğun gözlərindən gülümsədiyi bəlli olurdu.
– Necəsiz, Lalə?
– Kimyəvi xoşbəxt. Özümü yaxşı hiss edirəm, amma başa düşə bilmirəm bu hiss etdiklərim mənə aiddir, ya dərmanlara görədi?
– Hiss etdiklərin sənə aiddir. Dərmanlar səni xoşbəxt edə bilməz. Depressiya ruhunun rəngini dəyişmişdi, necə ki qrip olsan burnun axır və bədənin bacardığı şəkildə virusu xaric etməyə çalışır. Amma burnunun normal halı axmaq deyil, düzdü?
– Yəni, bura gələndəki mənim xəstə halım idi?
– Bəli, dərmanlar ruh düşkünlüyünü, emosional enişləri aradan qaldırdıqca sənin kimyəvi dediyin hal meydana çıxır ki, bu da sənin özünsən.
– Deməli, dərmanlar sadəcə beynimin bədənimə ziyan vurmasının qarşısını alır.
– Tamamilə doğrudur. Boğulmaların olur?
– Yox, olmayıb.
– Bəs iybilmən, dadbilmən necə, dəyişiklik var?
– Onların itməsi də depressiya simptomudur ki?!
– Bəli, sinir uclarının həssaslığı azalır. Orqanik səbəb yoxdursa zamanla onlar da bərpa olunacaq. Bəs intihar necə, ağlına gəlməyib ki?
– Doktor, siz hər dəfə israrla soruşursuz, intihar etməyə bir yerim çatmaz demişdim e, amma heç vaxt cəhd eləməmişəm axı. Mən sadəcə ölümü arzulamışam, ölmək istəmişəm, çünki yaşaya bilmirdim.
– Bəs indi necə?
– Ölümə münasibətim dəyişməyib, ölsəm nə olacaq, yaşasam nə. Hər şey hələ də mənasızdır. Vecsizləşmişəm. Kimsə ölsə belə o qədər də üzülmürəm, o bu gün öldü, mən də sabah öləcəm, neyləyim axı. Kütləşmişəm, hissizləşmişəm.
– Hə, dərmanlar şairanəliyi öldürür.
– Amma cəsarətim artıb, əhvalım yüksəlib, yaşamaq istədiyim o qədər şey var ki.
Həkim yenə mehribanca gülümsədi, mənə elə gəldi ki, məndən əvvəlki xəstə çox yorub onu, istədim mənlə yorulmasın.
– Doktor, mənə aidiyyatı olmayan sual versəm olar?
– Buyur, əlbəttə olar.
– Biri özü haqda absurd sayılacaq qədər yüksək fikirdədirsə, məsələn, özünü Tanrı hesab edirsə, bu xəstəlik əlamətidir, ya necə?
– Ola da bilər, olmaya da. Adamı görmədən tanımadan qərar vermək olmaz.
– Özünə Tanrı deyən biri həyatıma daxil olub, inanmıram təbii, amma maraqlı adamdır.
– Peşman olacağın addımlar atma yetər.
– Çalışıram.
– Hə, bir də, dərmanlar çəki almana səbəb ola bilər. Çəkinə diqqət et, kiloların depressiyasından çıxarmaq daha çətindi.
– Dərmanları hələ çox atacağam?
– Sən xoşbəxt olmağı alışqanlıq halına gətirənə qədər.
Üçümüz