– Məsələ o deyil. Heç bir idealogiyanın içində olmaq istəmirəm. Öz həyat prinsiplərim var. Arxasınca gedəcəyim adamların səmimiliyinə inanmıram, güvənmirəm heç kimə.
– Güvənmə də. Orda insan hüquqları pozulur və sən sadəcə izləyirsən. Qorxursan.
– Qorxuram, yaxşı. Onların mübarizəsini dəstəkləyirəm, amma qoşula bilmirəm.
– Elə olmur amma, güclülər zəiflərlə dilədikləri kimi davrana bilirlər. Həyat belə qurulub. Pulu verən mahnını sifariş edir. Əzilənlər haqlarını sökə-sökə almalıdır, buna layiq olduqlarını göstərməlidirlər.
Üzülmüşdüm, aksiya başlamadan bitmişdi, şüarlar səslənmədən, qətnamə oxunmadan.
Sahilə doğru yeridik. Vitrindəki manikeni göstərib soruşdu:
– Bu manikenin yerində olmaq istərdin?
– Yox əlbəttə, niyə əşya olmaq istəyim ki?
– Bəs ağac? Ağac olmaq istəyərdin?
– Yox, canlıdırlar, amma onlar da hərəkətsizdilər. Adamın bağrı çatlayar…
Sahildəki iri ticarət mərkəzinin yanından keçəndə vitrinlərdəki əksimizə işarə edib dedi:
– Bax, gör nə gözəlik yan-yana – vitrinlərdə özümüzə baxmaq, vərdiş halını almışdı.
– Eləyik… Bilirsən, əvvəllər o qədər başqalarının məni görmək istədiyi kimi mövcud olmuşam ki, özümə gəlməyə çalışanda kim olduğumu, nələri sevdiyimi bilmirdim, mənə aid arzularım belə yox idi, təsəvvür edirsən? Sonralar özümə bir söz verdim ki, yanımda hər kim olursa olsun, ya içindən gəldiyi kimi olsun, ya da heç olmasın. Mən də özümə xəyanət etməyəcəkdim artıq, içimdən necə olmaq gəlirsə, elə də olacaqdım. Yəni, yanımdaykən Tanrı ola bilərsən. Tanrısan, ya insan – maraqlı deyil mənə, amma məncə tənhasan, özünü həqiqətən də yalnız hiss edirsən.
– Özü də necə… O boşluğu təsəvvür edə bilməzsən.
Beton skamyamızda oturduq.
– Dünya sadəcə bir simulyasiyadır. Düşünsənə, oyun kimi.
– Elə olsaydı qırmızı donlu sarışın olmaq istərdim görəsən? Məncə yox. Diqqət çəkməkdənsə, sakit, amma ürəyimcə yaşamağa üstünlük verərdim.
Gülümsədi:
– Gördüyün hər şey ilğımdır, təsəvvür edirsən, hər şey. Heç rənglər belə yoxdur, onlar belə sənin beynindədir.
– Olsun da, rənglər məni sevindirirsə, nə fərqi var bu yansımadır, ya həqiqət. Görə bilmənin sevincini də çox görməsənə adama.
– Heç nə gördüyün kimi deyil. Bax sən bu şam ağacını yaşıl görürsən. Bəlkə əvvəl bütün şam ağacları bənövşəyi idi, sonra yaşıl olsunlar istədim və hər şey yeniləndi sistemdə, faktlar, yaddaşlar belə. Kimsə şamları bənövşəyi xatırlamır indi.
– Onda insanı hermofrodit yaradardın da, kişilərin qadınlara, qadınların kişilərə ehtiyacı olmazdı törəmək üçün.
– Hardan bilirsən, bəlkə elə yaratmışdım, sonra dəyişmişəm? Onda ruhlar yenilənməzdilər… Hər şey saxtadır, Lalə, bildiyin hər şey. Gerçək olan bir mənəm, bir də ruhlar.
– Ruhlar?
– Aha, mən onları enerji adlandırıram, dünyanı o ruhlar üçün inkubator kimi yaratmışam. Ruhlar gerçəkdi, qalan hər şey boşdur. Enerji miqdarı sabitdir, dörd min dörd yüz qırx dörd enerji var, ya da sənin dilində desək ruh, bir şəkildən başqa şəklə keçirlər və hər yaşadıqları cisimdə yenilənirlər, bir üst səviyyəyə qalxırlar. Hər ruh fərqli yenilənmə mərhələsindədir.
– Reinkarnasiya kimi? Bəs ruhlar şəkil dəyişəndə bütün canlılara çevrilə bilirlər?
– Hə, həm də cansızlara, əşya kimi də yaşaya bilərlər, bitki, heyvan, insan kimi də. Hər dəfə ruhlar yerini dəyişəndə onun üçün ayrı reallıq yaranır. Necə ki sən kompyuterdə oyun oynayan zaman mövcud xarakterlərdən birini seçirsən, oynayırsan və onun davranışlarını artıq sən təyin edirsən, botlarla ruhlar da belədir. Yenilənməyi bacarırsa botda yaşayır, mövcud olduğu botda dəyişim potensialı bitdikdə ruh botu tərk edir, bu zaman hadisələr, kimlik, xatirələr silinir, öz dəyişim mərhələsinə uyğun başqa bir bot seçir və yeni seçdiyi bota görə xatirələri yaranır.
– Demək hər şeyin, əşyaların belə bir ömrü, öz zamanı var. Mən nəyəm bəs, bot, ya ruh?
– Cavabı eşitməyə hazır deyilsən.
– Olsun, mənə onsuz bunun da fərqi yoxdur, ruha da inanmıram, Tanrı kimi. Mənə görə biz sadəcə minerallardan, üzvi maddələrdən ibarətik. Yaşamı sonlandırıb təbiətə qarışacağıq, sonra həmin hissəciklərimizdən yeni canlılar və cansızlar yaranacaq. Təsəvvür elə indi mənim içimdə bir qaya parçasından atom ola bilər, ya hansısa ölmüş qurbağanın zülal hissəciyi, ya da məsələn feodolizm dövründə ömür sürmüş hansısa insanın mineralı, hər mövcud nəsnə özündə nə qədər başqa nəsnələrin zərrəsini daşıyır… Yaxşı, tutaq ki, ruhlar yenilənib tanrısal səviyyəyə çatdılar, bəs sonra nə olacaq?
– Sonra ruhları da götürüb dünyanı tərk edəcəyəm.
– Niyə ki?
– İrqimi məhv edən enerjini araşdırmaq üçün bir yola çıxacağam.
– Deməli sənə əvvəlin maraqlı deyil, necə yaradıldığın. Sənə sonun maraqlıdı, ölməkdən qorxursanmış…
– Bəlkə də. Bilmirəm…
– Mənə elə gəlir ki, insanlar ölməkdən qorxur deyə ölümsüzlük əfsanələrinə inanırlar, Tanrı da əfsanədir, bəşəriyyət var olduqca ölməyəcək əfsanə… Həyatında çox qadın olub?
– Olub da.
– Ən uzun münasibətin nə qədər davam edib?
– Təxminən bir ay, daha çox bir günlük münasibətlər.
– Nə qədər fərqliyik sənlə. Mənimsə sonuncu münasibətim bir il çəkdi.
– Day denən evlilik yaşamışam da.
Tərlanla görüşəcəkdim, görüş bitənə qədər əslində vidalaşdığımızın fərqində deyildik. Ayrılmağına ayrılmışdıq, amma əvvəllər də o qədər ayrılmışdıq ki, bu dəfə də öncəki ayrılıqlardan olacağını fərz edirdik məncə. Hər dəfə bir-birimizdən uzaqlaşanda daha dəyərli olurduq deyəsən. Daha yaxın, daha aydın münasibətə keçid alırdıq, amma aydınlanıb qurtara bilmədik. Havadan, sudan səbəblər tapırdı, o deyilsən, o deyilik, bəzən qısqanırdı, bəzən özünü münasibətə layiq görmürdü, bəzən də məni, bəzən isə mənə aidiyyatı olmayan səbəblərdən – maddi sıxıntıları, ailəsiylə münasibəti, ruh düşkünlüyü – sadəcə tək qalmaq istəyirdi. Ona yetəri qədər zaman ayırmadığımı, amma bunu anlayışla qarşıladığını hiss elətdirirdi. Haqlıydı əslində,