Qala. Арчибалд Джозеф Кронин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Арчибалд Джозеф Кронин
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8451-1-8
Скачать книгу
tinin dalındadır. Doktor Denni ilə görüşümə hələ yarım saat var. Bircə saniyədən sonra orda olarıq.

      Bremvel tərəddüd edirdi, əvvəlcə, deyəsən, boyun qaçırmaq istədi, sonra isə mütərəddid halda razılıq bildirən hərəkət etdi. Onlar Qlayder-pleysə çatıb xəstənin evinə gəldilər.

      Xəstəlik, Mənsonun dediyi kimi, həkim üçün son dərəcə maraqlı idi. Bu, boğaz uru vəzisinin mühafizəsi kimi nadir haldı. Əndru bunu müəyyənləşdirdyinə görə ürəkdən sevinirdi, yoldaşlıq məsləhətinə böyük ehtiyac duyurdu, ümid edirdi ki, Bremvel bu kəşflə əlaqədar onun sevincinə şərik olacaqdır,

      Lakin doktor Bremvel bütün dəbdəbəli bəyanatlarına baxmayaraq xəstəliyə qətiyyən maraq göstərmədi. O, həvəssiz Əndrunun dalına düşüb ağzını açmaqdan qorxa-qorxa xəstənin otağına keçdi, təkəbbürlü xanım ədası ilə yatağa yaxınlaşdı. Xəstədən xeyli aralı, təhlükəsiz məsafədə dayanmağa çalışıb onu başdansovdu müayinə etdi. Görünür, burda çox qalmağa meyli yoxdu. Odur ki, ancaq evdən çıxıb təmiz və sərin havanı dərindən ciyərlərinə çəkdikdən sonra adi natiqlik qabiliyyəti özünə qayıtdı. Əndru ilə həvəslə danışmağa başladı:

      – Dostum, xəstənizə sizinlə birgə baş çəkdiyimdən çox razıyam; əvvəla ona görə ki, xəstəliyin sirayət edə biləcəyi təhlükəsi qarşısında heç vaxt geri çəkilməməyi həkimlik borcu hesab edirəm; ikincisi, ona görə ki, elmi irəli aparmaq üçün ələ düşən hər cür imkana sevinirəm. İnanırsınızmı ki, bu, indiyədək mənim gördüyüm bütün mədəaltı vəzinin iltihabı hallarının ən səciyyəvi nümunəsidir!

      O, Əndrunun əlini sıxıb tələsik getdi, gənc həmkarını tamam heyrət içində qoydu. Sarsılmış Əndru ürəyində bir neçə dəfə təkrar etdi: "mədəaltı vəzi". Bu, Bremvelin ağzından qaçan adi söz xətası yox, çox qaba səhv idi. Xəstəni müayinə zamanı özünü aparması onun həkimlikdən tamam bixəbər olduğunu büruzə verdi. Bremvel adicə savadsızdır. Əndru alnını ovuşdurdu. Bir baxın ha, əlində diplomu, əməlli işi olan, ona yüzlərlə adamın həyatı tapşırılan bir həkim mədəaltı vəzi ilə ur vəzisini dolaşıq salır, halbuki onlardan biri qarın nahiyəsində, digəri isə sinədədir. "Yox, bu lap fəlakətdir!"

      Həkimlərin işi haqqındakı əvvəlki təsəvvürlərini həyatın alt-üst etdiyini yenə duyaraq o, ağır-ağır Denninin yaşadığı evə sarı yönəldi. Əndru bilirdi ki, o, hələ gəncdir, bu sahədə kifayət qədər hazırlıqlı deyil, təcrübəsizliyi üzündən səhv də edə bilər. Lakin Bremvel təcrübəsizliyinə bəhanə gətirə bilməzdi, belə ki, onun nadanlığına heç bir şeylə bəraət qazandırmaq olmaz.

      Əndrunun fikirləri özü də hiss etmədən, fürsət düşdükcə ümumi peşələrini həmişə lağa qoyan Denniyə addadı. Denni bütün ölkədə ancaq tam avamlığı, bir də xəstələrin başını tovlamaq bacarığı əldə etməsi ilə fərqlənən minlərlə heç nəyə yaramayan həkim olduğunu tənbəl-tənbəl sübut etdiyinə görə ilk zamanlar onu bərk əsəbiləşdirirdi. İndi Əndru öz-özündən soruşurdu ki, Denninin dediklərində bəlkə bir həqiqət var. Elə bu gün həmin mövzuda onunla yenə danışmağı qərara aldı.

      Lakin Denninin otağına girəndə gördü ki, indi nəzəri mübahisələrin yeri deyil: Filipp onu qaşqabaqla, sükutla qarşıladı. Üzü tutqundu, gözləri qəmli-qəmli baxırdı. Aradan xeyli keçəndən sonra dilləndi:

      – Consun oğlu bu gün səhər yeddidə öldü. Bağırsağı deşilmişdi. – O, qəzəbini güclə boğaraq astadan və soyuq danışırdı. – Bir də İstred-rodda yatalağa tutulmuş iki təzə xəstə aşkar etmişəm.

      Əndru onun halına acıyıb, nə cavab verəcəyini bilmədi, gözlərini yerə dikdi. Denni isə ürək ağrısı ilə sözünə davam etdi:

      – Amma siz çox da qürrələnməyin. Mənim xəstələrimin öldüyünə, sizinkilərin isə sağaldığına sevinirsiniz. Lənətə gəlmiş kanalizasiya borusu sizin sahədə deşiləndə o qədər də sevinməzsiniz.

      Əndru qızğınlıqla dilləndi:

      – Yox, canım, yox, nə danışırsınız?! Vallah, sizdən ötrü mən də dilxor olmuşam. Gərək bir şey eləyək. Gəlin sanitariya idarəsinə məktub yazaq.

      Filipp yenə də qəzəbini güclə boğaraq cavab verdi:

      – Biz bir düjin məktub yaza bilərik. Nəticəsi ancaq bu olar ki, yarım ildən sonra bura avara bir müfəttiş gəlib çıxar. Yox, mən artıq hər şeyi götür-qoy eləmişəm. Onları yeni boru çəkməyə vadar edə biləcək bir yol var.

      – Hansıdır?

      – Köhnə borunu partlatmaq.

      Əvvəlcə Əndru fikirləşdi ki, Denni ağlını itirib. Sonra anladı ki, Denni qəti qərara gəlib, buna görə də çaşqın halda gözlərini ona dikib durdu. O, əvvəlki anlayışlarını dəyişməyə, təzədən qurmağa hazırlaşırdı ki, Denni hər şeyi dağıtdı. Əndru mızıldandı:

      – Əgər bu işdən xəbər tutsalar, böyük əngəli çıxar.

      Denni qürurla ona baxdı.

      – Əgər istəmirsinizsə, mənimlə getməyə bilərsiniz.

      Əndu etiraz etdi:

      – Yox, gedəcəyəm. Amma allah bilir ki, mən bunu niyə eləyirəm.

      Mənson bütün günü, adi işlərini gördükcə verdiyi vəd barəsində narazılıqla, peşmançılıqla düşündü. Bu Denni dəlinin biridir, tez-gec onu da bir cəncələ salacaq. Tutmaq istədiyi bu işin özü – dəhşətdir, qanunu pozmaqdır, əgər işin üstü açılsa, hər ikisi məhkəmə qarşısında cavab verməli olacaq. Ola bilsin onları hətta həkimlikdən kənar etsinlər. Qarşısında açılan gözəl, parlaq həkimlik perspektivi başlanğıcında gözlənilmədən dayandırılacağını, dağıdılacağını fikirləşəndə dəhşət hissi Əndrunun canına üşütmə salırdı. O, Filippi qəzəblə lənətləyir, onunla getməyəcəyinə fikrən iyirmi dəfə and içirdi.

      Buna baxmayaraq ona məlum olmayan mürəkkəb səbəblər üzündən Əndru geri çəkilə bilmir və istəmirdi.

      Saat on birdə Denni və Əndru Qoukinslə birlikdə Çepelstritin qurtaracağına yollandılar. Zülmət gecə idi, küləyin güclü dalğaları tinlərin başında xırda yağış damlalarını onların üzünə çırpırdı. Denni qabaqcadan fəaliyyət planı hazırlamışdı, hər şeyi dəqiq hesablamışdı. Axırıncı növbə mədənə bir saat əvvəl enmişdi. Qoca Tomasın balıq dükanı qarşısında veyllənən bir neçə oğlan uşağından savayı küçədə heç kəs yoxdu.

      İki kişi və bir it dinməzcə gedirdi. Denni qalın paltosunun cibinə altı dinamit çubuğu qoymuşdu, bunları ev sahibəsinin oğlu Tom Sicer bu gün daş karxanasının barıt anbarından çırpışdırmışdı. Əndru isə qapaqlarında dəlik açılmış altı dənə boş dəmir kakao qabı, elektrik fənəri və bir parça fitil aparırdı. Şlyapasını alnına basıb yaxalığını qaldırmışdı, başı aşağı yeriyir, bəzən bir gözü ilə ehtiyatla çiyni üstdən dala baxır, Denninin qırıq-qırıq dediyi sözlərə ancaq qısa cavablar verir, ürəyində isə ziddiyyətli hisslərin tufanı tüğyan edirdi. Əndru qəzəblə öz-özündən soruşurdu ki, heç bir qəlibə sığmayan bu gecə macərasında onun iştirakına görəsən xeyirxah professor-ortodoks Lemplaf necə baxardı.

      Qlayder-plesi