Qala. Арчибалд Джозеф Кронин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Арчибалд Джозеф Кронин
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8451-1-8
Скачать книгу
ının 19-da Şotlandiyanın Dunbarşir qraflığında – Kardrossda anadan olub. Kronin şotland yazıçısı hesab edilsə də onun atası Patrik Kronin əslən irlandiyalı idi. Bəzi tədqiqatçılar onun ulu babalarının məhz Şotlandiyadan İrlandiyaya köçdüklərini yazırlar. Arçibaldın anası Cessi isə şotland protestantlarından idi. Arçibald ailənin tək övladı idi, maddi cəhətdən imkanlı olduqlarından Kroninlər onun yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdılar.

      Amma uşaqlıq illərində həyat onun üçün kədərli sürpriz də hazırlamışdı. 7 yaşı olanda atası vərəmə tutuldu və çox keçmədi ki, öldü. Anası ilə birlikdə çox çətin, maddi sıxıntılar içərisində yaşamağa məcbur qaldılar. Anası kiçik Arçibaldla birlikdə yaşamaq üçün Dambartona – atası Arçibald Monthomerin evinə köçməli olur. Və burada səhiyyə idarəsində inspektor vəzifəsinə işə düzəlir. Bəlkə də bu təsadüflərin nəticəsiydi ki, Arçibald sonradan tibbi sahəyə meyl göstərdi. Əslində isə bu gəncin daxili bütünlüklə həyat enerjisi ilə dolu idi. Və bu üzdən də o bir çox sahələrdə özünü görürdü. Dambarton Akademiyasının tələbəsi kimi o bir sıra konkurslara qatılaraq uğur qazandı. İdmana həvəs göstərsə də, gününü daha çox kitablara həsr edir, oxuyurdu.

      1914-cü ildə Arçibald Cozef Qlazqoya gəldi və burada imtahanları verib Qlazqo Universitetinin tibb məktəbinə daxil oldu. Və burada özünün qeyri-adi bacarığı, savadı ilə xüsusu tələbə təqaüdü ilə təmin edildi. Beş illik təhsil illərindən sonra o bir müddət dünya müharibəsində donanmada həkim-cərrah da işlədi. Amma gənc Arçibald dünyanı daha yaxından görmək, insanları olduqları kimi, dərindən tanımaq istəyirdi. Məhz bu istəklərinə görə də gəmi ilə Hindistan səfərinə çıxdı. Amma bu o qədər də uzun sürmədi və o, yenidən Şotlandiyaya qayıtdı.

      25 yaşında olanda evlənməyə qərar verdi. O, tibb fakültəsində oxuyan Aqnes Meri Qibsonla (Mey) ailə həyatı qurdu. Kronin özünə ömür-gün yoldaşı seçməkdə yanılmamışdı. Mey həyatı boyu hər bir işdə ərinin yanında olmuş, bir həkim kimi də ərinin bütün tibbi işlərində, təhqiqatlarında ona yardım göstərmişdi. Hətta Kroninin bədii yaradıcılığından da kənarda qalmamışdı. Ərinin əsərlərinin əlyazmalarının üzünün köçürülməsini belə üzərinə götürmüşdü.

      Bu izdivacdan Kroninin 3 oğlu dünyaya gəlib: Vinsert, Patrik və Endryu. Arçibaldın həyat tərzi, ailəsi ilə əlaqədar qısaca yalnız onu demək olar ki, o, övladlarına və arvadına həmişə diqqət göstərib. Övladlarının təhsilinə və tərbiyəsinə ciddi yanaşıb.

      Yaradıcılığının ən gözəl nümunələrindən biri olan "Qala" romanı avtobioqrafik xarakter daşıyır. Roman Kroninlərin həyatını, onların gənc ailə və yenicə həkimlik fəaliyyətinə başlayan cütlük kimi çətinliklərdən necə keçdiyini, daxili həyəcanlarını oxucunun təsəvvüründə çox ustalıqla canlandırır. Əlbəttə, ola bilməzdi ki, qızğın həyat tərzi keçirən, böyük istedad sahibi, əsərlərində həyatı olduğu kimi əks etdirməyə çalışan, insan duyğularını yüksək bədii dildə təsvir edə bilən Arçibald Kronin yaşadıqlarının, gördüklərinin, hiss etdiklərinin bir parçasını, hansısa hissəsini əsərlərinə gətirməsin. Ümumiyyətlə, yaradıcılığı boyu qondarmaçılıqdan uzaq olan, ən çox həyatın özünü, reallıqları, insan duyğularının ən incə çalarlarını, qüsurları və müsbətlərini qələmə alan Kronin həmişə dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük tirajlarla çap olunub. Hətta onun bir sıra əsərləri həm İngiltərədə, həm də Hollivudda ekranlaşdırılıb.

      Kronin bədii yaradıcılığa 1931-ci ildə yazdığı ilk romanı – "Broudi qəsri" ilə başlayıb. Bu romanın yazılmasının qəribə tarixçəsi də var. Bəlkə də bu əsər heç tamamlanmayacaq, işıq üzü görməyəcəkdi. Səhhətində yaranan problemləri bərpa etmək məqsədi ilə Şotlandiya dağlarına yola düşən Arçibald burada bu romanı yazmağa başladı. Lakin bir müddət sonra əsərin alınmadığını düşünən yazıçı bundan vaz keçdi və əlyazmanı oradaca xəndəklərin birinə atdı. Amma xoş bir təsadüf "Broudi qəsri"ni xilas etdi. Məhz həmin xəndəyi qazan yerli fermerlərdən biri əlyazmanı tapdı və Kronin bundan sonra əsəri tamamladı. Və roman qısa müddət ərzində böyük uğur qazandı.

      Bu elə bir uğur idi ki, həm ədəbi mühit, həm də oxucular onu yazıçı kimi qəbul etdilər. Böyük uğur qazanan Kronin artıq həkimlikdən uzaqlaşmağa və bütünlüklə özünü yaradıcılığa həsr etməyə qərar verdi. Bundan sonra, 1935-ci ildə onun ikici romanı – "Ulduzlar aşağı baxır" əsəri işıq üzü gördü. Əsərlərində sosial problemlərdən bəhs etsə də yazıçı çox böyük ustalıqla onları cəmiyyətin problemləri səviyyəsinə qaldıra bilirdi. Bəlkə də yaradıcılığındakı məhz bu məziyyətlərinə görə, bir sıra tənqidçilər onu ingilis tənqidi realizmin ən aparıcı yazıçılarından biri kimi təqdim edirdilər.

      Hərçənd onun bir sıra əsərlərində romantika da qabarıq şəkildə özünü göstərirdi. 1937-ci ildə yazdığı "Qala" romanı onun şöhrətini ikiqat artırdı. Roman çox sürətlə yayıldı, oxucuların rəğbətini qazandı və bir sıra dillərə tərcümə olundu. Maraqlıdır, İkinci Dünya Müharibəsi dövründə əsərləri öz mahiyyətinə görə Almaniyada qadağan olunsa da yazıçının kitabları orada da sevilə-sevilə oxunurdu.

      Onun "Qala" romanı Birləşmiş Ştatlarda ən çox sevilən əsər kimi ad qazandı. Ümumiyyətlə, onun kitabları ABŞ-da rekord həddə satılırdı. Elə 1958-ci ildə oxucular tərəfindən alınan kitablarının sayı 7 milyonu ötmüşdü. Artıq yazıçının "Gənclik illəri", "İspan bağbanı", "İudanın ağacı", "Səlibçiyə abidə", "Şimal ziyası", "Cib dolusu çovdar"… romanları hər tərəfi əl-əl dolaşırdı.

      1939-cu ildə Kronin ailəsi ilə birlikdə ABŞ-a – "yeni dünya"ya köçdü. Amma onun buradakı yaradıcılığını məhsuldar hesab etmək olmaz. Yəni Avropa ilə müqayisədə burada o çox az yazdı. Arçibald əslində Amerikada psixologiya, fəlsəfə, din, Tanrı haqda daha çox öyrənməyə başladı. Dini baxışlarında inkişaf baş verdi. Əvvələr dinə, Tanrıya ciddi yanaşmayan A. Kronin sonradan səhv etdiyinin fərqinə vardı və dini mövzuda esselər, yazılar da yazdı. O, Allahı dərk edərək inandı. Yazıçı "Mən Allaha niyə inanıram?" essesində öz düşüncüləri ilə bağlı açıq etirafda da bulunur. O yazırdı ki, tibbi fakültədə oxuyarkən və təcrübələr keçərkən aqnostik idim: (Aqnostisizim obyektiv aləmin dərk edilməsi ilə bağlı fəlsəfi nəzəriyyə) "Mən Allah haqqında düşünərkən gülməyim gəlirdi". Amma Kronin Uelsdə mömin insanlar arasında təcrübə keçərkən Tanrının, Böyük Yaradanın var olduğunu hiss etməyə başlayıb: "Həyatın mövcudluğunun sərhədləri mənim oxuyub öyrəndiyim kitablarda göstərildiyindən qat-qat geniş idi. Hətta o qədər genişdir ki, mən bunları təsəvvür belə edə bilməzdim. Hər şeydən qabaq özümə inamı itirdim. Bunu özümə etiraf etməsəm də Allahı aramaq yoluna doğru ilk addımlarımı atdım. …Əgər fiziki cəhətdən belə dünyanı öyrəniriksə, biz ilk Yaradanı xatırlamaqdan yayına bilmərik…"

      Səyahətləri, sərgüzəştləri sevən yazıçı həmin illər ərzində "yeni" və "qoca" qitə arasında bir neçə dəfə səyahət etdi. Nəhayət yenidən Avropaya qayıtdı. Ömrünün qocalıq illərini isə çox sevdiyi Dambartonda yaşadı. 75 yaşında ikən İrlandiyada yerli müəllimlərin birinə yazdığı məktub onu ürəyindəki duyğuları çox gözəl ifadə edir.

      Arçibald yazırdı: "…Əslində mən bütün dünyanı gəzmişəm. Amma bütün səmimiyyətimlə deməliyəm ki, mənim ürəyim Dambartona məxsusdur… Mənim kabinetimdə 17-ci əsrə aid gözəl bir gül qravürü asılıb. Onun üzərində Dambarton qəsri təsvir olunub. Mən hətta böyük həvəslə Dambarton futbol komandasının oyunlarını da izləyirəm…" Kroninin kluba yazdığı məktub bu gün də Dambartonun futbol komandasının meydançasının vestibülündə çərçivənin içərisində asılıb. Arçibald Cozef Kronin ömrünün son 25 ilini elə burada da keçirdi. 84 yaşında – 1981-ci il, yanvar ayının 6-da həyatdan köçdü və doğulduğu torpaqlardan çox uzaqlarda – İsveçrədə, La tur-de-Peylis şəhərciyinin qəbiristanlığında dəfn edildi.

Babək YUSİFOĞLU

      BİRİNCİ HİSSƏ

      I

      1924-cü il, oktyabr günlərinin birində axşam Suonsidən Penoyel vadisinə doğru ağır-ağır sürünən, az qala bomboş qatarın üçüncü dərəcəli vaqonunda kasıbyana geyinmiş cavan oğlan pəncərədən çox