Fağırlığına, fədakarlığına görə Edvard Peyci sevməmək olmazdı. Yatağa yapışıb qalmış köməksiz qoca bu qarabuğdayı, hövsələsiz, həyasız qadının, arvadının bütün səs-küylü qayğılarına tabe olurdu, onun tamahkarlığının, inadlı, utanmaz müdaxilələrinin, usandırıcı hərəkətlərinin qurbanı idi.
Edvard Peycin Blenellidə qalmasına artıq heç bir lüzum yoxdu, buna görə də o, daha isti, dolanacaq üçün daha əlverişli şəraiti olan bir yerə getmək həsrətilə yaşayırdı. Bir dəfə Əndru ondan: "Ürəyinizdən nə keçir, ser?" – deyə soruşanda o, köksünü ötürüb belə demişdi:
– Dostum, mən buradan baş götürüb getmək istərdim. Bu gün Kapri adası haqqında oxudum… Orada quşlar qoruğu yaratmaq istəyirlər… – o, bu sözləri deyib üzünü yastığın içində gizlətdi. Onun səsində dərin həsrət hissi vardı.
O heç vaxt özünün həkimliyindən danışmazdı. Olsa-olsa bəzən sözarası yorğun səslə deyərdi: "Doğrusu, mən dərin biliyə malik olmamışam, amma əlimdən gələni etməyə çalışmışam". O, saatlarla qımıldanmadan uzanıb, Enninin hər səhər böyük qayğı ilə quşlar üçün çörək qırıntısı, piy qabığı, əzilmiş hind qozu səpdiyi pəncərəyə tamaşa edə bilərdi. Sellüloid döşlüklü rəngi solmuş qara kostyumunda yöndəmsiz, təmtəraqlı görünən qoca şaxtaçı İnox Devis hər bazar günü səhər xəstənin yanına gələrdi. Hər ikisi – həm qonaq, həm də ev sahibi dinməz oturub pəncərəyə qonan quşlara tamaşa eləyərdi. Bir dəfə Əndru həyəcan içində aşağı düşən İnoxa rast gəldi. Qoca şaxtaçı çığırdı: "Doktor, bu gün işimiz yaman uğurlu olub! İki çox qəşəng arıquşu lap bir saatadək pəncərədə oturmuşdu!.."
İnox Peycin yeganə dostu idi. O, şaxtaçılar arasında böyük nüfuza malikdi. Buna görə də and içmişdi ki, nə qədər sağdır, doktor Peycin xəstələri siyahısından bir adam da pozulmayacaq. İnoxun heç ağlına da gəlməzdi ki, zavallı Edvard Peycə bu sədaqətilə o, qaş qayıran yerdə göz çıxarır.
Bu evə tez-tez gələnlərdən biri də Qərb bankının direktoru, ilk baxışdan Əndruya xoş gəlməyən arıq, uzundraz, daz başlı Ənyurin Ris idi. Şəhərin ən mötəbər şəxslərindən biri olan bu adam heç vaxt heç kəsin düz gözünün içinə baxmazdı O, "Brinqouer"ə gələndə ancaq nəzakət xatirinə beş dəqiqə doktor Peycin yanında olar, sonra qapını cəftələyib tam bir saat missis Peyclə bir otaqda qalardı. Bu görüşlər zamanı heç bir günah iş tutulmurdu, onlar ancaq pul məsələlərinə həsr olunurdu. Əndru güman eləyirdi ki, Bloduenin bankda öz şəxsi hesabında xeyli pulu var və Ənyurin Risin səlahiyyətli rəhbərliyi ilə bu pulunu ustalıqla artırır. Əndru üçün həyatının bu dövründə pulun heç bir əhəmiyyəti yoxdu. "Qlen fondu"na borcunu səliqə ilə qaytara bilməsi ona kifayət idi. Hələ üstəlik cibində papiros üçün də bir neçə şillinqi qalırdı. Əsas məsələ bu idi ki, onun sevimli işi vardı.
Klinik işin onun üçün nə qədər qiymətli və maraqlı olduğunu heç vaxt indiki kimi aydın hiss etməmişdi. Onda daim yaşayan bu hiss yorğun, dilxor, ruhən əzgin olduğu zaman istisilə qızındığı alov kimi idi. Son vaxtlar daha qeyri-adi çətinliklər meydana çıxır, onu daha çox narahat edirdi. Lakin o, bir həkim kimi müstəqil fikir yürütməyə başlayırdı. Bəlkə bunun üçün o, ən çox Denniyə onun sərt, kəskin, dağıdıcı baxışlarına borclu idi. Denninin dünyagörüşü indiyədək Mənsona təlqin edilmiş hər şeyin tamam əksinə idi. Bu dünyagörüşünü ikicə kəlmə ilə ifadə edib, onu İncil ayəsi kimi Denninin çarpayısının baş tərəfindən asmaq olardı: "Mən inanmıram".
Tibb fakültəsində adi hazırlıq aldıqdan sonra Mənson qalın cildli sanballı dərsliklərin təlqin etdiyi hər şeyə dərin inam bəsləyərək gələcəyin pişvazına çıxdı. Onun başını fizika, kimya, biologiya üzrə səthi biliklə doldurmuşdular – hər halda o, yer üzünün soxulcanlarını öyrənib onlardan preparatlar hazırlamışdı. Sonra ona adi nəzəriyyələri ehkam kimi təşəxxüslə təqdim etmişdilər. Bütün xəstəliklər artıq müəyyənləşdirilmiş əlamətləri və onlara qarşı mübarizə vasitələri ilə ona məlumdu. Misal üçün podaqranı götürək. Onu zəfəran arağı ilə müalicə etmək olar. Professor Lemplafın auditoriya qarşısında mülayim-mülayim belə mızıldadığını Əndru çox yaxşı xatırlayırdı: "Vinum colchici, cənablar, onun iyirmidən otuzadək damcısı podaqranın spesifik müalicə vasitəsidir". İndi isə Əndru öz-özünə belə sual verirdi: bu, doğrudan da belədirmi? Bir ay əvvəl əsl podaqraya, "yoxsulların amansız və əziyyətli podaqrasına" rast gəldiyi zaman həmin vasitəni lazımi dozada sınaqdan keçirdi, nəticəsi çox acınacaqlı, uğursuz oldu.
Bəs farmakopeyanın qalan "müalicə" vasitələrinin yarısı yox, dörddə üç hissəsi haqqında nə demək olar? Bu dəfə Əndrunun hafizəsində onlara Materia medica-dan mühazirə oxuyan doktor Eliotun dedikləri səsləndi: "Cənablar, indi biz elemə – nəbatatdan əmələ gəlməsi dəqiq müəyyənləşdirilməmiş, ancaq çox güman ki, Canarium commune bitkisindən törənən bərk qatranlı maddəyə keçirik. Bu maddə Manilladan gətirilir və sürtmə yağı şəklində beşə bir nisbətdə işlədilir. O, yara və qanaxma zamanı xəstənin ümumi vəziyyətini yaxşılaşdıran dərman və dezinfeksiya vasitəsi kimi misilsizdir.
Boş şeylərdir! Bəli, bütün bunlar tamam boş şeylərdir! İndi o, bunu apaydın görürdü. Görəsən, Eliot heç unguentum elemi sürtmə yağından istifadə edibmi? Əndru əmindi ki, yox. Bütün bu əllamələri kitabdan oxuyub, bu kitaba da onlar digər kitabdan düşüb və ilaxır. Əgər bu kəlamların mənşəyi axtarılsa, gedib orta əsrlərə çıxmaq olar. Arxaik istilahlar da bunu sübut edər.
Denni hələ birinci axşam sulu dərman hazırlayan Əndrunun sadəlövh inamına gülmüşdü. O, xəstənin qarnını hər cür "horra" ilə dolduran həkimləri həmişə lağa qoyurdu. Denni inamla deyirdi ki, ancaq dörd-beş dərman həqiqətən xəstəyə fayda verir, bütün qalanları o, saymazyana "zibil" adlandırırdı. Denninin saymazyana sözlərində Əndrunu gecələr yatmağa qoymayan dağıdıcı bir fikir vardı ki, bunu da o, hələ dumanlı şəkildə dərk etməyə başlayırdı.
Bu barədə fikirləşə-fikirləşə Əndru gəlib Riskin-stritə çatdı və üç nömrəli evə girdi. Məlum oldu ki, burada doqquz yaşlı oğlan uşağı Co Houels yüngül formalı qızılca çıxarıb. Uşağın xəstəliyi təhlükəli deyildi, lakin ailənin yoxsulluğu və ağır şəraiti üzündən Conun anasının qarşısına ciddi çətinliklər çıxacaqdı. Daş karxanasında günəmuzd işləyən Houelsin özü plevrit xəstəliyi ilə yatağa düşmüşdü, üç aydı ki, heç bir pul yardımı almırdı. Sektant kilsəsində süpürgəçi işləyə-işləyə bir xəstəyə qulluq etməkdən onsuz da əldən düşmüş zərif və xəstə görkəmli missis Houels indi xəstə oğlunun halına da can yandırmalı idi.
Evdən çıxarkən Əndru qapı ağzında qadınla söhbət etdi və təəssüf hissilə dedi:
– Sizin onsuz da o qədər işiniz, gücünüz var ki! Bu yandan da İdrisi evdə saxlamalı olacaqsınız, onu məktəbə buraxmaq olmaz. (İdris Coun kiçik qardaşı idi).
Missis Houels cəld başını qaldırdı. O, qırmızı əllərinin dərisi çat-çat olmuş, barmaqlarının oynaqları şişmiş cılız, fağır bir qadındı.
– Yox, miss Barlou dedi ki, İdris məktəbə gedə bilər.
Qadının