– Qəribədir! – Qatlinq qışqırdı. – Kolumb da eynilə bu cür gəmidə üzüb, onun karavellalarının birinin adı “Santa-Mariya”, digər ikisi isə “Pinta” və “Nina” adlanıb. Bir buna baxın, – uzağı yaxşı görən Qatlinq xətt gəmisinin bortundakı sözü oxudu: – “Henri”. Görürsünüz, sonra üçgöyərtəli gəmi gəlir: bortunda “Dənizlər suvereni” və “1657-ci il” yazılıb. Onların arasında isə on doqquzuncu əsrin birinci yarısına məxsus, uzunluğu əlli metrdən çox olmayan təkərli paroxod yerləşir.
Gəmilərin arasındakı paroxod get-gedə daha çox sıxışdırılırdı. Bir neçə dəfə sərt qırıqlara ilişib dayandı, nəhayət, bir-birinə sıxılmış gəmilərin gur yerinə düşüb onlara qoşularaq sanki özünəməxsus bir ada əmələ gətirdi.
Yolçular susurdular. Hamısına elə gəlirdi ki, diri-diri basdırılmaq üçün qəbiristanlığa gətiriliblər.
– Madam ki tale bizi buraya gətirib, bu qeyri-adi ada ilə tanış olmaq lazımdır. Gedək, Simpkins!
Simpkins açıq-aşkar bu qaranlıq qəbiristanlığa ekskursiya eləmək fikrində deyildi.
– Bunun nə mənası var? – deyə boyun qaçırmağa çalışdı.
– Kişi olun, Simpkins. Kim bilir, bu ada özündə nələr gizlədir? Bəlkə, buranın sakinləri də var?
– Qoca holland dənizçilərinin kabuslarımı?
– Buna baxarıq. Hər halda, burada kim yaşayırsa yaşasın, bizim onlardan birinci xəbər tutmağımız yaxşıdır. Bu ada bizim məzarımız da ola bilər, amma bilmək olmaz, bəlkə, nicat yolunu elə burada tapacağıq. Gəmilərə baxmaq lazımdır, bəlkə, üzmək üçün yararlı olanına rast gəldik.
– Gəmilərə baxmaq! – Simpkins içində 50000 qulden olan “Marta” gəmisini xatırladı. O tərəddüd edirdi.
– Bəs miss Kinqmanı necə tək qoyaq?
– Məndən narahat olmayın. Mən kabuslardan qorxmuram, – o cavab verdi.
– Gəlin belə eləyək, miss, – Qatlinq təklif etdi, – gəminin odluğuna küləş doldurun. Sizi bir təhlükə hədələsə, küləşi yandırın. Biz borudan çıxan tüstünü görüb dərhal köməyə gələrik. Gedək.
Qatlinq yaxınlıqda dayanmış gəmiyə çıxdı. Bu, on səkkizinci əsrdən qalma “Viktoriya” adlı üçyelkənli bir gəmi idi. Simpkins könülsüz onun dalınca getdi.
Onlar yavaş-yavaş adanın dərinliklərinə doğru hərəkət edirdilər.
Dünyada çətin ki bu nəhəng qəbiristanlığın mənzərəsindən kədərli mənzərə tapılardı. Dəniz məhv olmuş gəmiləri, torpaq isə insanları ağuşuna alır. Lakin bu qəbiristanlıq öz ölülərini açıqlıqda, qızmar günəşin işığı altında saxlayırdı. Çox ehtiyatla addımlamaq lazım gəlirdi. Yarıçürümüş lövhələr ayaq altında əsirdi. Səyyahlar hər dəqiqə gəmi anbarına düşə bilərdilər. Bu dəfə ikisi də kəndir götürmüşdü ki, lazım olan anda bir-birinə kömək etsinlər. Məhəccərlər aşırdı. Yelkən parçaları bir toxunuşdaca ovxalanırdı. Hər tərəf çürüntü tozu və yaşıl kif qatı ilə örtülmüşdü. Göyərtələrin çoxunda gün işığında sümükləri ağaran, ya hələ sağ qalmış dəriləri qaralan, ya da paltarlarının parçaları görünən skeletlər vardı. Skeletlərin yerinə, sınmış kəllələrə əsasən belə nəticəyə gəlmək olardı ki, ölümqabağı ağıllarını itirmiş adamlar dalaşmış, qiyam qaldırmışdılar. Sonda əzablarına və məhv olmuş həyatlarına görə kimdənsə intiqam alaraq bir-birini qəddarlıqla öldürmüşdülər. Hər bir gəmi orada əlli, yüz, iki yüz il əvvəl baş vermiş böyük bir faciənin şahidi idi.
İndi kəllələri gün işığında ağaran, qorxunc təbəssümlə dişlərini ağardan bu sakinlər sağ ikən necə qeyri-insani dəhşət, necə qorxunc məşəqqətlər çəkməli idilər! Elə hey gülümsəyir, gülümsəyirdilər…
Bu ağaran dişlərdən hətta Qatlinqi də vahimə basdı, Simpkinsi isə titrətmə tutdu.
– Gedək burdan! – o xahiş etdi. – Mən daha dözə bilmirəm!
– Dayanın, bax orada yaxşı qalmış gəmi var. Kayutlara düşmək maraqlı olar.
– Ayaqlarınızın altında sınan pilləkənlərləmi? – Simpkins birdən əsəbiləşdi. – Qatlinq, mən daha bir addım da atmayacağam. Bəsdir. Xahiş edirəm ki, daha mənə əmr verməyəsiniz. Mənim də, özünüzün də kim olduğunu unutmusunuz! Məni hara aparırsınız? Niyə? Məni hansısa bir gəmi anbarına salıb səssiz-küysüz yaxa qurtarmaq üçünmü? Bilirəm ki, sizə mane oluram.
Bu söhbət Qatlinqi cin atına mindirdi.
– Susun, Simpkins, yoxsa mən, doğrudan da, sizi suya atacağam.
– Bu elə də asan deyil, – Simpkins acı-acı dedi və bortun yanındakı taxta hasara söykənib tapançanı Qatlinqə tuşladı. Qatlinq cəld irəli addımladı, amma Simpkinsin əlindən tutmağa macal tapmamış atəş və aşan məhəccərin səsi eşidildi. Güllə Qatlinqin başı üzərindən uçdu. Həmin anda Simpkinsin əllərini yöndəmsizcə yelləyib məhəccərin çürümüş qırıqları ilə birlikdə suya düşdüyünü gördü. Aşağıda boğuq su şappıltısı… sakitlik… sonra Simpkinsin fınxırtısı eşidildi. Qatlinq aşağı baxdı. Xəfiyyə yaşıl yosun sıyığında çapalayırdı. Yosunlar başından hörük kimi sallanmış, əllərinə dolaşmış, öz qurbanını bərk saxlamışdı. Simpkins gəminin üzlüyündən yapışmaq üçün var gücüylə çalışırdı. Xeyli səy göstərəndən sonra buna nail oldu. Amma qolları yorulmuşdu, yosunlar onu aşağı dartırdı, bir az da keçsəydi, suyun dibinə gedəcəkdi.
Qatlinq bortdan aralandı, çəlləyin üstündə oturub qəlyan çəkməyə başladı.
– Qatlinq, bağışlayın məni. Mən eşşək kimi axmaqlıq etdim, – Qatlinq Simpkinsin səsini eşitdi, ancaq sakitcə qəlyan çəkməyində oldu. – Qatlinq… məni xilas edin… Qatlinq!
Qatlinq borta yanaşdı. O tərəddüd edirdi. Kömək istəyən, hər halda, insandır. Lakin necə insandır? Satılmış xəfiyyə, casusdur. Hətta xilas olandan sonra belə pul almaq üçün Qatlinqi hökumətə verməkdən çəkinməyəcək.
– Yox, yox, – Qatlinq yenə oturub səylə qəlyan tüstülətməyə başladı.
– Qatlinq, yalvarıram! Qatlinq! Qatlinq! – Simpkins inildədi.
Qatlinq inadla qəlyanını tüstülədirdi.
– Qa-a-t… – birdən bu səs boğuq hıçqırtıya çevrildi.
Qatlinq dişlərini qıcayıb qəlyanı atdı və kəndirin ucunu açıb onu batan adama tulladı.
Simpkins son gücünü toplayıb kəndirdən yapışdı, amma Qatlinq onu dartmağa başlayanda əlləri kəndirdən üzüldü; yosunlar onu bərk tutmuş, qolunda güc qalmamışdı.
– Kəndiri belinizə