BİRİNCİ HİSSƏ
Göyərtədə
Genuya limanında dayanmış “Veniamin Franklin” adlı böyük transatlantik paroxod yola düşmək üzrə idi. Sahildə həmişəki canlanma vardı; müxtəlif dillərdə danışan qarışıq izdihamın səs-küyü eşidilirdi, paroxoda isə insanları uzun səyahət qabağı bürüyən gərgin, əsəbi sakitlik çökmüşdü. Yalnız üçüncüdərəcəli göyərtədəki sərnişinlər tələsə-tələsə yerlərini tutur və əşyalarını yerbəyer eləyirdilər. Birincidərəcəli göyərtədəkilər isə bu qələbəliyi yuxarıdan sakitcə müşahidə edirdilər.
Paroxod son dəfə guruldayıb havanı lərzəyə gətirdi. Matroslar tələsik gəmi ilə sahili birləşdirən körpünü qaldırmağa başladılar.
Bu zaman körpüyə iki nəfər yaxınlaşdı. Arxada gələn əli ilə matroslara işarə etdi, onlar da körpünü endirdilər.
Gecikmiş sərnişinlər göyərtəyə çıxdılar. Şıq geyinmiş, qədd-qamətli və enlikürək gənc əllərini geniş paltosunun cibinə salıb cəld kayutlara tərəf addımladı. Onun hamar qırxılmış üzü tamamilə sakit idi. Ancaq diqqətli olan kəs naməlum adamın çatılmış qaşlarından və xəfif, istehzalı təbəssümündən bu sakitliyin süni olduğunu hiss edə bilərdi. Onun ardınca daban-dabana ortayaşlı kök bir adam gəlirdi. Şlyapası peysərinə çəkilmişdi. Tərli, ətli üzü dişində siçan gətirən pişiyin üzü kimi həm yorğunluq, həm də həzz və gərginlik ifadə edirdi. O, gözünü yoldaşından bir saniyə də olsun çəkmirdi.
Gəminin göyərtəsində, körpünün yaxınlığında ağ donlu gənc bir qız dayanmışdı. Onun baxışları bir anlıq qabaqda gedən gecikmiş sərnişinin nəzərləri ilə qarşılaşdı.
Bu qəribə cütlük keçib-gedən kimi miss Kinqman adlı ağ donlu qız, körpünü yığışdıran matrosun başı ilə uzaqlaşan sərnişinlərə işarə edib yoldaşına dediklərini eşitdi:
– Gördün? Köhnə tanışımız, Nyu-York xəfiyyəsi Cim Simpkins yenə də fırıldaqçı tutub.
– Simpkins? – o biri matros cavab verdi. – O axı xırda ov dalınca getmir.
– Hə, bax gör necə geyinib. Allah bilir, hansı bank seyfləri ilə məşğul olan mütəxəssisdir.
Miss Kinqmanı vahimə basdı. Onunla bir paroxodda düz Nyu-Yorka kimi cinayətkar, bəlkə də, qatil gedəcəkdir. O, indiyədək bu müəmmalı və təhlükəli adamların portretlərini yalnız qəzetlərdə görmüşdü.
Miss Kinqman tələsik yuxarı göyərtəyə çıxdı. Burada, öz mühitinin adamları arasında özünü nisbətən təhlükəsizlikdə hiss edirdi. Rahat, hörmə kresloya söykənən miss Kinqman şəhər səs-küyündən yorulmuş əsəblər üçün ən yaxşı dərman olan fəaliyyətsiz dəniz seyrinə daldı. Çadır onun başını günün qızmar şüalarından qoruyurdu. Kreslolar arasındakı iri çəlləklərə qoyulmuş palmaların yarpaqları başı üzərində asta-asta tərpənirdi. Haradansa yan tərəfdən bahalı tütün ətri gəlirdi.
– Cinayətkar. Kimin ağlına gələrdi? – hələ də körpünün yanındakı görüşü xatırlayan miss Kinqman pıçıldadı. Xoşagəlməz təəssüratdan tamamilə yaxa qurtarmaq üçün fil sümüyündən düzəldilmiş, qapağında güllər nəqş olunmuş balaca, qəşəng papiros qabını çıxarıb siqaret çəkməyə başladı. Göy tüstü burumları yuxarı, palma yarpaqlarına tərəf qalxdı.
Paroxod limandan ehtiyatla çıxıb yola düşdü. Adama elə gəlirdi ki, o sanki yerində dayanıb, ətrafdakı mənzərələr isə fırlanan səhnənin köməyi ilə hərəkət edir. Budur, bütün Genuya paroxodun bortuna tərəf döndü, elə bil gedənlərə sonuncu dəfə görünmək istəyirdi. Ağ-ağ evlər dağlardan qaçışıb qoyun sürüsü suvata yığılan kimi sahilyanı zolağın yanında sıxlaşdı.
Onların üzərində isə bağ və şam ağaclarının yaşıl ləkələri ilə əhatə olunmuş sarı-qəhvəyi zirvələr yüksəlirdi. Amma budur, kimsə dekorasiyanı dəyişdi. Göz önündə körfəzin bir guşəsi – şəffaf mavi suyun büllur kimi səthi açıldı. Ağ yaxtalar sanki mavi səmanın yerə düşmüş bir hissəsi üzərində dayanmışdı – şəffaf sudan gəmilərin bütün cizgiləri belə aydın görünürdü. Suyun dibində, ağ qumun üzərindəki sarımtıl daşların və xırda yosunların arasında saysız-hesabsız balıq sürüləri dolaşırdı. Getdikcə suyun göylüyü artdı, dib görünməz oldu…
– Miss, kayutumuz xoşunuza gəldimi?
Miss Kinqman dönüb baxdı. Qarşısında öz fəaliyyət dairəsinə ən “bahalı” sərnişinlərə nəvazişli diqqət göstərməyi daxil etmiş kapitan dayanmışdı.
– Təşəkkür edirəm, mister…
– Braun.
– Əladır, mister Braun. Biz Marselə girəcəyik?
– Birinci dayanacağımız Nyu-Yorkdur. Amma ola bilsin ki, Cəbəlüttariq boğazında bir neçə saat ləngiyək. Siz Marseldə olmaq istərdiniz?
– Ah, yox, – miss Kinqman tələsik, hətta qorxa-qorxa dedi. – Avropa məni çox bezikdirib. – Bir az susub soruşdu: – Deyin görək, kapitan, bizim paroxodda… cinayətkar var?
– Hansı cinayətkar?
– Həbs olunmuş…
– Ola bilsin ki, hətta bir neçə cinayətkar var. Adi haldır. Axı bu camaat Avropa məhkəməsindən Amerikaya, Amerika məhkəməsindən isə Avropaya qaçmağa adət edib. Amma xəfiyyələr bu azmış qoyunları təqib edib vətənlərinə qaytarırlar. Onlar olan paroxodda təhlükəli heç nə yoxdur, tamamilə sakit ola bilərsiniz. Onları ona görə qandalsız aparırlar ki, camaatın diqqətini cəlb etməsinlər. Amma kayutda qandallarını dərhal taxıb onları çarpayıya bağlayırlar.
– Bu ki dəhşətdir, – miss Kinqman həyəcanla dedi.
Kapitan çiyinlərini çəkdi.
Bu həyəcana səbəb olan o qeyri-müəyyən hissi nə kapitan, nə də miss Kinqman özü başa düşdü. İnsanların vəhşi heyvan kimi zəncirlənməsi dəhşətlidir. Kapitan belə düşünsə də, bunu ağıllı ehtiyat tədbiri hesab edirdi.
Çox təəssüf ki, cinayətkara çox az oxşayan və öz mühitinin adamlarından heç nə ilə fərqlənməyən bu cavan oğlan yolboyu boğanaq kayutda əl-qolu bağlı qalacaqdır. Miss Kinqmanı həyəcanlandıran bu dumanlı, şüuraltı fikir idi.
O, siqaretinə dərin bir qullab vurub sükuta qərq oldu. Kapitan hiss edilmədən miss Kinqmandan aralandı. Təmiz dəniz havası onun ağ ipək şərfinin ucu və şabalıdı saçları ilə oynayırdı.
Limandan bir neçə mil aralı olsa da, çiçəkləyən maqnoliyanın ətri buraya Genuya sahillərinin son salamı kimi gəlib çatırdı. Nəhəng paroxod yorulmadan mavi səthi yarır, arxasınca uzaq, dalğalı iz qoyurdu. Sırığabənzər dalğalar isə dənizin hamar səthində yaranmış kəsiyi yamamağa tələsirdi.
Təlatümlü gecə
– Bu da şah. Şah və mat.
– Ax, sizi görüm köpəkbalığı udsun! Siz çox ustalıqla oynayırsınız, mister Qatlinq, – məşhur Nyu-York xəfiyyəsi Cim Simpkins bunu deyib məyus halda sağ qulağının ardını qaşıdı. – Hə, siz əla oynayırsınız, – deyə sözünə davam etdi. – Amma mən yenə də sizdən yaxşı oynayıram. Məni şahmatda uddunuz, ancaq mən, Qatlinq, siz orada, Genuyada şahmat şahı kimi dağılmış evin ən uzaq küncündə gizlənən zaman sizi yaxşıca şah və mat elədim! Məndən gizlənmək istəyirdiniz? Əbəs yerə! Cim Simpkins axtardığını dənizin dibindən də tapar. Bu da sizə şah və mat, – deyib özündənrazı halda stula söykənib siqaret yandırdı.
Recinald Qatlinq çiyinlərini çəkdi.
– Sizin piyadalarınız lap çox idi. Siz bütün Genuya polisini ayağa qaldırıb düzgün pusqu qurdunuz. Rəqibinin bütün fiqurlarına qarşı əlində bircə şah fiquru olan heç bir şahmatçı uda bilməz. Bundan başqa, mister Cim Simpkins, bizim oyunumuz hələ… bitməyib.
– Eləmi güman edirsiniz? Bu qandal sizi hələ sakitləşdirməyib? – deyə xəfiyyə Qatlinqin sol əlini çarpayının metal milinə bağlamış yüngül, lakin möhkəm qandala toxundu.
– Siz dahi adamların çoxu kimi sadəlövhsünüz.