– Axtarır. Söz yox ki, bu, yaxşı bir gizlənpaç oyunudur. Bircə səhərə qədər tapmayaydı. Onda miss Kinqmandan havadarlıq etməyi xahiş eləməli olacam, – və nəfəsini içəri çəkib anbarın uzaq bir küncünə, az qala gəmi üzlüyünə tərəf getməyə başladı. Birdən xışıltı məhz orada, üzlüyün arxasında eşidildi, sanki dənizin dibindən çıxmış naməlum bir nəhəng nahamar dərisini paroxodun bortuna sürtürdü. Müəmmalı səslər daha ucadan eşidilməyə başladı. Simpkins qəfildən paroxodun yüngül bir təkandan yırğalandığını hiss etdi. Nə dalğalar, nə də sualtı daşlar belə qəribə yırğalanma yarada bilərdi. Bu təkanın ardınca daha bir neçəsi baş verdi, özü də boğuq gurultuyla müşayiət olundu.
Simpkinsi uzaq əcdadları kimi soyuq dəhşət bürüdü: bu, naməlum bir şeylə üzləşəndə yaranan dəhşət idi. Kim ki bu dəhşəti yerindəcə dəf edə bilmir, vay onun halına: o zaman kor instinktlər fikrini qarışdırır, iradəsini, özünüidarəetmə qabiliyyətini əlindən alır.
Simpkins kürəyindən necə soyuq bir gizilti keçdiyini və başındakı tüklərin biz-biz olduğunu hiss etdi. O, vəhşi bir bağırtıyla, səndələyə-səndələyə, yıxıla-yıxıla göyərtəyə qalxdı.
Qabağına Qatlinq çıxdı. Simpkins onu qeyri-müəyyənlik qarşısında saran qorxudan başqa hər şeyi unudub az qaldı ki, özünü indicə ehtiyat etdiyi, əlindən qaçıb siçan deşiyi axtardığı adamın qucağına atsın.
– Bu nədir? – o, fışıltılı, fıştırığa bənzər səslə soruşdu (əsəblərinin qıc olması səsini batırmışdı) və Qatlinqin əlindən tutdu.
– Mən də sizdən çox bilmirəm… Paroxod yüngülcə yanı üstə əyildi, sonra burun hissəsi enib-qalxdı. Mən tez geyinib baxmağa çıxdım.
Ay göyərtənin bir hissəsinə parlaq işıq salmışdı. Paroxodun qəzadan sonra zərər çəkmiş kil hissəsi suya batdığı üçün burada göyərtə, demək olar ki, su səviyyəsində idi.
Simpkins yuxarıda qalıb Qatlinqin gəminin kilini başdan-başa nəzərdən keçirməsinə tamaşa etdi.
– Qəribədir, qəribədir. Bura düşün, Simpkins, qorxaq olmayın.
– Təşəkkür edirəm, mən elə buradan da yaxşı görürəm.
– Simpkins, bu sizsiniz? Orada nə baş verib?
– Miss Kinqman, xahiş edirəm bura gələsiniz, – Qatlinq göyərtə ilə aşağı düşən Viviananı görcək dedi.
O, Qatlinqə yanaşdı, onun ardınca da Simpkins özündə cəsarət tapıb aşağı düşdü. Qızın orada olması onu sakitləşdirdi.
– Baxın, valeh olun, miss.
Göyərtə ayın parlaq şüalarında ağappaq olmuşdu. Bu ağ fonda tünd ləkələr və izlər görünürdü, elə bil hansısa nəhəng bir heyvan sürünüb göyərtəyə çıxmış, yarımdairə vurmuş, məhəccərin dəmir çubuqlarını saman çöpləri kimi sındırmış və sağ bortdan düşüb getmişdi.
– Diqqət yetirin: bu, göyərtə ilə sürünən ağır bir qarın izinə oxşayır. Böyürdəkilər isə pəncə, daha doğrusu, üzgəc izləridir. Bizə naməlum bir nəhəng baş çəkib.
Simpkins yenə qorxdu və hiss edilmədən maili göyərtə ilə dalı-dalı getməyə başladı.
– Bəs bu zir-zibil nədir? Naməlum qonağın açıq-aşkar qoyub getdiyi bitkilərdimi? – deyə miss Kinqman döşəmədən yosunu qaldırdı.
Qatlinq yosuna diqqətlə baxıb başını buladı:
– Sarqassum, boz yosunlar qrupu… Bəli, şübhə yoxdur. Bunlar Sarqas yosunlarıdır. Gör bir hara gəlib çıxmışıq. Lənət şeytana! İşlər pisləşməyə doğru gedir. Biz vəziyyəti müzakirə etməliyik.
Üçü də yuxarı göyərtəyə qalxdı. Təhlükə yaxınlaşırdı. Simpkins öz “qayda”larından imtina elədi, başa düşdü ki, onları yalnız Qatlinqin bilik, təcrübə və enerjisi xilas edə bilər.
Xəfiyyəni hər şeydən çox naməlum nəhəng narahat edirdi. Hər hansı bir Sarqas yosunu onu maraqlandırmırdı.
– Bizim çağırılmamış qonağımız haqqında nə düşünürsünüz, Qatlinq? – hamı hörmə stullara əyləşəndə Simpkins soruşdu.
Qatlinq yosunu əlində fırlada-fırlada çiynini çəkdi.
– Bu nə oktapod, nə köpəkbalığı, nə də başqa məşhur dəniz sakinlərindən biridir. Ola bilsin ki, burada, Atlantik okeanının bu sirli guşəsində bizə məlum olmayan nəhənglər, ibtidai dövrlərdən qalmış hansısa pleziozavrlar yaşayır.
– Birdən onlar sudan çıxıb bizim arxamızca düşsələr necə?
– Biz hər şeyə hazır olmalıyıq. Amma boynuma alım ki, bu nəhənglər məni o qədər qorxutmur, nəinki bu yarpaqlar, – deyə yosun yarpağını göstərdi.
– Paroxod, hər halda, çox böyük və möhkəmdir, hətta sualtı aləmin bu naməlum nəhəngləri üçün də. Onlar bizim dar kayutlarımıza girə bilməzlər. Həm də bizim silahımız var. Ancaq bəs buna hansı silah qalib gələ bilər? – deyə yenə də yosunu göstərdi.
– Bu xırda yarpaqda qorxulu nə var ki? – Simpkins soruşdu.
– Qorxulu odur ki, biz sirli Sarqas dənizinin Azor adalarından biri olan Korvodan qərbdə yerləşən sahəsinə düşmüşük. Bu dənizin sahəsi Almaniyanın ərazisindən altı dəfə böyükdür. O, başdan-başa qalın yosun xalısı ilə örtülüb. Yosun ispan dilində “sarqassa” deməkdir, dənizin adı da buradan götürülüb.
– Okeanın ortasında dəniz: bu necə ola bilər? – miss Kinqman soruşdu.
– Bu suala hələ alimlər də cavab tapmayıblar.
– Məlumunuz olsun ki, isti Qolfstrim cərəyanı Florida boğazlarından şimala, Şpitsbergenə doğru istiqamət alır. Amma bu cərəyan yolda ayrılır, bir qolu cənuba, Azor adalarınadək dönür, Afrikanın qərb sahillərinə doğru gedir, nəhayət, yarımdairə cızaraq Antil adalarına qayıdır. İsti bir halqa əmələ gəlir, bu halqanın da içində soyuq, sakit su – Sarqas dənizi yerləşir. Okeana baxın!
Hamısı geri çevrilib məəttəl qaldı. Okeanın səthi qarşılarında hərəkətsiz, axmaz bir göl kimi dayanmışdı. Nə kiçik bir dalğa, nə bir hərəkət, nə də bir şappıltı var idi. Günəşin ilk şüaları solğun-yaşılaçalan yosunların qalın xalısına bənzəyən bu qəribə, durğun dənizi işıqlandırırdı.
– Sizi qorxutmaq istəmirəm, Simpkins, amma bu “yosun bankası”na düşmüş gəminin vay halına. Sarqas dənizini Kolumb belə adlandırmışdı. Əgər pərimiz olsaydı və saz işləsəydi belə, yenə hərəkətə gəlməyəcəkdi, yosunlara dolaşıb dayanacaqdı. Yosunlar yelkənli gəminin hərəkətini ləngidir, avarçəkməyə də imkan vermir. Bir sözlə, qurbanlarından bərk yapışır.
– Bizim axırımız necə olacaq? – Simpkins soruşdu.
– Yəqin ki, başqalarınınkı kimi. Sarqas dənizini gəmilər qəbiristanlığı