Lava özlü maddədir. Kraterlərdən axan ərinmiş lava kütləsi tez bir zamanda bərkiyir və bəzən geniş əraziləri sanki bir neçə metr qalınlığında möhkəm dəmir zirehlə örtür. Lava axınları evləri və yolları dağıdır, yanğın əmələ gətirir, çayların qabağını bağlayır, buzlaqları və qar yığınlarını əridərək gözlənilmədən uçqunlar, sürüşmələr və subasmalar yaradır. Lavaların püskürməsinə həmçinin çox vaxt yeraltı təkanlar da səbəb olur.
Bu lavalar çox qaynar olur. Onların temperaturu tərkibindən asılı olaraq 700-dən 1000–1200 dərəcəyə kimi dəyişir. Az özlüklü, yəni daha mütəhərrik lava əsas (ba-zalt), çox özlüklü, yəni az mütəhərrik lava isə turş (qranitə yaxın) lavalar adlanır. Maye bazalt lava (Havay adalarındakı Kilaleya və Mauna-Loa vulkanları) hətta ərazinin mailliyi 1 dərəcə olduqda belə su kimi axaraq bəzən saatda bir neçə kilometr məsafə qət edir; buradakı digər vulkanların daha qatı və özlü lavaları saatda 300–500 metr sürətlə hərəkət edir; məsələn, Siciliya adasındakı Etna vulkanının lavaları bir saat ərzində ancaq bir neçə metr yol qət edir.
Əgər kül su ilə qarışdırılsa
Püskürmə zamanı əmələ gələn palçıq axınlar çox böyük dağıdıcı qüvvəyə malik olur. Vulkan kraterlərinin bir çox çuxurları su ilə dolub gölə çevrilir. Bu göllərin suları püskürmə zamanı kraterdən tökülərək küllə qarışıb asan hərəkət edən maye palçıq kütlələri əmələ gətirir ki, bunlar da böyük qüvvə ilə yuxarıdan vadiyə düşür və yolda tərki-binə daş və qaya parçalarını da qataraq vulkanın yamaclarında yarğan qazır.
Yeni Zelandiyada belə bir axın bir neçə zavodu yerləyeksan etmişdir. Digəri isə dəmiryol körpüsünü dağıdaraq sərnişin ekspresinin faciəvi şəkildə qəzaya uğramasına səbəb olmuşdur.
1919-cu ildə Yava adasında palçıq axınlar böyük bir sahədə şumluq torpaqları məhv edərək beş min kəndlinin həyatına son qoymuşdur.
İnsan hətta dənizdə də vulkandan sığortalanmayıb. Burada vulkanlar su qatının dərinliklərində gizlənir. Onlar püskürərək dənizdə titrəyişlərə səbəb olur, kül və vulkan maddələrini dəniz səthinə tullayır. Qəflətən dayaz yerlər, xəritədə qeyd olunmayan adalar meydana çıxır.
Mütəxəssislər hətta vulkanlar sakit olduqda belə onlara böyük ehtiyatla yanaşırlar. Vulkan dərinliklərinin bilicisi, Havay universitetinin professoru Q.Makdonald fəallıq göstərməyən vulkanlar haqqında belə demişdir: “Onlar gizlənərək pusquda duran qatildir”.
Püskürmə prosesinin mahiyyəti nədədir?
Vulkanın ağzından Yer səthinə nüvədən püskürmə maddələri çıxır: közərmiş lava, kül, süxur qırıntıları, dərinlik qazları və s. Hər bir vulkanın altında Yer təkinin aşağı qatında və ya mantiyanın yuxarı hissəsində iri, həcmcə bir neçə kubkilometr olan boşluq, maqmatik ocaq adlanan, maqmatik ərinti ilə dolmuş kamera yerləşir. İlk dəfə maqmatik ocağın vəziyyətini rus geofiziki Q.Qorşkov Kamçatkadakı sönmüş Klyuçi Sopkası vulkanı üçün təyin etmişdir. Orada belə boşluq 70–75 kilometr dərinlikdə yerləşirdi. Bəzi vulkanlarda, məsələn, Vezuvi vulkanında belə kameralar səthə çox yaxın yerləşir: 4–5 kilometr dərinlikdə.
Palçıq vulkanının sxemi
Ərimiş maqma böyük miqdarda qazlarla dolmuş olur ki, bunların da əsas həcmini su buxarı, karbon qazı, azot və oksigen təşkil edir. Bundan əlavə, bu həcmdə dəm və kükürd qazı, hidrogen, hidrogen-sulfid, xlorid turşusu və hidrogen-flüorid, metan, ammonyak, borat turşusu, metalların müxtəlif xloridləri mövcuddur.
Dağ süxurlarının yuxarıda yerləşən təbəqələrinin təzyiqi altında bütün bu qaz qarışıqları ilə dolmuş maqmatik ərinti dayanıqlı vəziyyətdə, yəni tarazlıqda olur. Lakin müəyyən bir vaxtda bu tarazlıq pozulur. Maqmatik kamerada təzyiq artmağa başlayır. O, maqmatik kameranın qübbəsini dağıdır. Kameranın qapalı sahəsi Yer səthinə çıxış əldə edir, qaz azad olur, əmələ gələn kanala doğru can atır və partlayış baş verir.
Bu vaxt qaz daha dərin təbəqələrə yayılır, prosesə ərintinin daha böyük kütlələri sövq olunur, qazla çıxan maqma ağıza tərəf irəliləyir və vulkanın ağzından uçur. Bir halda kanalın divarlarından daş-qayalardan ibarət qara kül buludları şəklində atmosferə yayılır, digər halda isə közərmiş lava axınları ilə yamacboyu axır.
Bundan əlavə, ərintidə müxtəlif fiziki-kimyəvi reaksiyalar gedir ki, bu da istiliyin ayrılması ilə müşayiət olunur. Bu isə, öz növbəsində, ancaq püskürmənin enerjisini artırır.
Maqmatik kameraların sirri
Müxtəlif məlumatlara görə, Yer kürəsində 500-dən 800-ə kimi fəaliyyətdə olan vulkan vardır. Lakin bu rəqəmlər çox təqribidir. Ancaq tək-tük vulkanlar fasiləsiz olaraq özlərini büruzə verir; məsələn, bunlara Aralıq dənizində Lipar adalarının arxipelaqındakı Strombol və ya Mərkəzi Amerika dağlarındakı İsalko aiddir. Əksər vulkanlar fasilələrlə püskürür. Bu isə bir neçə ildən bir neçə yüz ilə kimi davam edir. Bunlara misal olaraq Vezuvini, Krakataunu, Mon-Peleni və Adsızı göstərmək olar.
Yatmış vulkanlar, bir qayda olaraq, oyanır. Bundan başqa, göstərilən miqdar, əsasən, qurudakı vulkanları nəzərə alır. Lakin külli miqdarda vulkan Yer səthinin 3/4 hissəsini əhatə edən dəniz və okeanların dibində yerləşir. Ancaq tək-tük sualtı vulkan müəyyən dərəcədə öyrənilmişdir. Yerdə qalan digərləri haqda isə alimlər ən ümumi məlumatlara malikdirlər.
Bütünlükdə Dünya okeanının dibində 16 minə yaxın vulkan var.
Əvvəlki dövrlərdə vulkanların fəallığı indikinə nisbətən olduqca yüksək idi.
Tanınmış rus vulkanoloqu Y.Marxininin fikrincə, Yer tə-kindən çıxan bütün lava və kül maddələri, demək olar, bütün Yer qabığını – litosferi, vulkandan çıxan qazlar isə atmosferi və planetin okeanlarını əmələ gətirmişdir.
Cavan vulkanlar, adətən, Yer səthində qurşaqlarla və ya qruplarla yerləşir. Onlar Yer örtüyünün iri hissələri birləşən yerlərdə, litosfer plitələrində toplaşır. Bunlara misal olaraq iri Sakit okean hövzəsində çox məşhur “Sakit okean vulkanik alovlu halqası”nı göstərmək olar.
Belə plitələrə planetin bütün vulkanlarının 99 faizi aid edilir. Belə görünür ki, vulkanlar litosfer plitələrini və blokları ayıran Yer təkinin sınıq yerləri ilə əlaqədardır və Yer kürəsinin böyük dərinliklərinə kimi uzanır.
İnsana bədbəxtlik gətirən müasir vulkan püskürmələri nə vaxt və niyə baş verir? Hansı qüvvələr vulkanı işə salır, hansı səbəblər onu püskürməyə vadar edir?
Bu od püskürən nəhənglər alimlərə Yerin daxilinə nəzər salmaq üçün pəncərə rolunu oynasa da, təəssüf ki, yuxarıdakı əhəmiyyətli suallara elm hələ də cavab verə bilmir. Məsələnin həllində biz indiyədək fərziyyə və təxəyyül mərhələsindən çıxmamışıq.
Yer