Sözlərin tarixi. Айзек Азимов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Айзек Азимов
Издательство: Altun Kitab
Серия: Elmi-kütləvi ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242140 
Скачать книгу
Sonralar bütün şəhərlərdə yəhudi məhəllələri getto adlandırılmağa başlandı; məsələn, Almaniyada Frankfurt gettosu mövcud idi. Yeri gəlmişkən, milyonçu Rotşildlər sülaləsi buradan çıxmışdı.

      Fransa inqilabından sonra Avropanın bütün gettoları bağlandı, ancaq bundan az qala əsr yarım sonra – 1940-cı illərin əvvəllərində, nasistlərin dövründə bədnam Varşava gettosu yaradıldı.

      ABŞ-da “getto” sözü yeni məna kəsb etdi. Bu adla yeni ev almağa ümidləri belə olmayan milli azlıqların – puertorikalı və zəncilərin yoxsulluq içində yaşadıqları xarabalıqlar çağırılır.

      Gilyotin

      Qədim dövrlərdə, eləcə də orta əsrlərdə bir çox cinayətlərə görə ölüm hökmü çıxarılırdı. Bunun səbəbi cəmiyyətin çoxsaylı həbsxanaları saxlamaq üçün maliyyə imkanlarının məhdud olması idi. Canilərdən qurtulmağın ən sadə yolu isə onları asmaq idi. Bunun üçün vur-tut kəndir və dar ağacı lazım idi.

      Ancaq söhbət zadəganlardan gedirdisə, onları rəiyyətdən fərqli edam etmək lazım idi və onların başlarını bədənlərindən üzürdülər. Bunun üçün qılınc (zadəganın silahı) və balta lazım idi. Əgər hər şey düzgün yerinə yetirilirdisə, edam olunan bir göz qırpımında həyatla vidalaşırdı. Ancaq səriştəsiz cəllad birinci zərbədən başı üzə bilmirdisə, qurbanına dəhşətli əzablar yaşadırdı. Ölümə məhkum olanlar da ölümün özündən çox məhz bundan qorxurdular.

      Orta əsrlərdə vaxtaşırı ağır bıçağı daha sürətlə enərək başı bədəndən xeyli dəqiqliklə ayıran qurğular peyda olurdu. Ancaq belə ölümlər “alicənablıqdan” uzaq sayıldığı üçün bu qurğulardan nadir hallarda istifadə olunurdu.

      Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi. Bununla da zadəgan və rəiyyətin edamlarındakı fərq aradan qalxmış olurdı.

      1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq. Fransızlar indiyədək ondan istifadə edirlər11.

      Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib.

      Gimnaziya

      Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Bütün böyük hadisələri onlar yarış keçirməklə qeyd edirdilər. Bu yarışların ən görkəmlisi isə dörd ildən bir keçirilən və bütün yunanları mükəmməllik uğrunda birləşdirən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Digər tərəfdən yunanların keçirdiyi yarışlar insanın təkcə fiziki imkanlarının nümayişi deyildi. Yunanlar eyni zamanda zehni inkişaf etdirən yarışlar da keçirirdilər.

      Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı.

      Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı.

      Tədricən gimnaziyalar Böyük İsgəndərin istila etdiyi ərazilərdə yunan mədəniyyətinin yayılması üçün əla vasitəyə çevrildi. Bu, Asiya və Afrikanın idmanın müxtəlif növləri ilə məşğul olmağa o qədər də həvəs göstərməyən və çılpaq bədən görəndə pərişan olan xalqlarını qorxuya salırdı; məsələn, bu, yəhudilərin hislərini təhqir edirdi və e.ə. 166-cı ildə Makkaveylərin qaldırdığı üsyanın əsas səbəblərindən biri məhz Selevkilərin çarı IV Antioxun əmri ilə Yerusəlimdə gimnaziya tikilməsi idi.

      Biz ingilis dilində indiyədək “gymnasium” sözünü ancaq idmanla məşğul olunan yerlər üçün işlədirik. Almanlar isə bu sözdən əqlin inkişaf etdirilməsi üçün nəzərdə tutulan məkan mənasında istifadə edirlər. Gimnaziya onlar üçün məktəbin sinonimidir12.

      Heroqlif

      VII əsrdə yunanlar ilk dəfə Misirə gəlib çıxdılar: kimi tacir, kimi də muzdlu əsgər qismində. Hər şeylə maraqlanan və iti zəkaları ilə fərqlənən yunanlar hara gedirdilərsə, 2500 ildən artıq mövcud olan bir mədəniyyətin möcüzələrinə, onun yaratdığı əzəmətli tikililərə rast gəlirdilər. Bütün bunlar onlar üçün naməlum və yad idi.

      Saçları dibindən qırxılmış misirli kahinlərin hərdən yunan turistləri aparıb gəzdirdikləri sirli, qapqaranlıq məbədlər onlarda unudulmaz təəssüratlar yaratdı. Divarlar qədim yazılarla dolu idi. İnsanların, quşların, heyvanların kiçik təsvirləri və sözləri əvəz edən dalğavarı xətlər qaranlıqda sezilirdi.

      Bu qədim yazıların nə demək olduğu haqda yunanların təsəvvürləri belə yox idi. Misirlilərin özlərinin də bu barədə məlumatı az idi. Bələdçilər bu yazıları ya tərcümə edə bilmir, ya da bilərəkdən etmir, barbarlar ölkəsindən gəlmiş bu vəhşiləri Misirin sirləri və əzəməti ilə heyran qoymaq istəyirdilər.

      Yunanlar, əsasən, məbəd divarları və qəbir daşlarının üzərində yonulmuş bu işarələri müqəddəs oyma adlandırırdılar. Yunan dilində bu, “hieroglyphikos” kimi səslənirdi. Buradan da həmin söz ingilis və başqa dillərə keçdi.

      Daş üzərində oyulmuş bu yazıların tarixi kökləri məlum olmadığından anlaşılmaz, şifrlənmiş və sirli hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı.

      Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. 1799-cu ildə, Napoleon Bonapartın dövründə, fransız ordusu Misiri tutanda əsgərlərdən biri e.ə. 197-ci ilə aid belə yazıların qalıqlarını tapır. Bu, üç müxtəlif üsulla yazılmış adi elan idi: yunanca və misir dilinin iki variantında. Bu yazı, bir növ, kiçicik lüğət rolunu oynadı və fransız arxeoloqu Jan Fransua Şampolyon yunan dilini dayaq nöqtəsi götürərək heroqlifləri


<p>11</p>

Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.

<p>12</p>

Bizdə də gimnaziya məktəb anlamına gəlir.