Bu səbəbdən də Dionisi genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermir, mühafizəçilər həmişə onun yanında olur, heç kimə və heç nəyə inanmırdı. Göründüyü kimi, var-dövlət və əlindəki hakimiyyətə baxmayaraq, onun yaşadığı həyatı xoşbəxt adlandırmaq olmazdı.
Dionisi bunu özü də çox gözəl bilirdi. Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi Damokla, heç olmasa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.
Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.
Dionisi hər bir zalım hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nələrin və nə vaxt gələcəyi haqda bir söz demək mümkün olmayanda “Damokl qılıncı” ifadəsi işlədilir.
Dəməşq
Dəməşqin bir fərqli cəhəti var: bura dünyanın daim yaşayış olan ən qədim şəhəridir. İnsanlar burada hələ e.ə. 2000-ci ildə yaşayıblar. Bu şəhər nəhəng vahədə yerləşdiyindən adamları daim özünə cəlb edib. Dəməşqə bir dəfə gələn bir daha buranı tərk edə bilmirdi. Düşmənlər şəhəri dəfələrlə viran qoysalar da, hər dəfə simurq quşu kimi yenidən küldən doğaraq dirçəlib.
Təxminən e.ə. 950-ci ildə şəhər Aramey çarlığının (yunanların təbirincə, Bibliyada bu çarlıq Suriya adlanır) mərkəzinə çevrilir. Bu çarlıq e.ə. 732-ci ildə assuriyalılar tərəfindən məhv edilir.
Dəməşqin hələ də çiçəklənən şəhər olmasına baxmayaraq, artıq neçə əsr idi ki, müstəqil paytaxt deyildi. İsa peyğəmbərin zamanında şəhər romalıların əlində idi. Müqəddəs Pavel isə xristianlığı qəbul etdikdən sonra məhz bu şəhərə yollanmışdı.
İslamı qəbul etdikdən sonra ərəblər 613-cü ildə yaşadıqları geniş və quraq yarımadanın sərhədlərini aşmış, 636-cı ildə isə Dəməşqi tutmuşlar. Şəhər, demək olar ki, yüz il ərzində ərazisi Qərbi Asiyadan Şimali Afrikaya qədər uzanan nəhəng ərəb imperiyasının paytaxtı olmuşdur. 950-ci ildə Bağdadın imperiyanın mərkəzinə çevrilməsinə baxmayaraq, keçmiş paytaxt əvvəlki kimi varlı və çiçəklənən şəhər idi. (1944-cü ildə Dəməşq yenidən, bu dəfə Suriyanın paytaxtı oldu.)
Əhl-səliblər 1100-cü ildə Dəməşqdə olmuş, sonralar da şəhərin yaxınlığından keçmişdilər. Onlar bu şəhərin mədəniyyətinin özlərinin mənsub olduqları, kifayət qədər kobud Qərb mədəniyyətindən qat-qat üstün olduğunu öz gözləri ilə görə bilmişdilər. Onlar bu mədəniyyətin məhsullarını Qərbə gətirdilər. Qərb isə gördüklərindən donub-qaldı. Belə möcüzələrdən biri isə üzərində fiqurlar toxunmuş ipək parçalar idi. Bu parçaları dərhal Dəməşq parçaları adlandırdılar. Sonralar materialından asılı olmayaraq üzərində bu cür toxuma fiqurlar olan bütün parçalar belə adlanırdı.
Dəməşqdə qılıncın tiyəsini elə düzəldirdilər ki, poladın üzərində girintili-çıxıntılı xətlərdən ibarət naxışlar görünürdü. Bu poladı Dəməşq poladı, naxışlı xətləri isə dəməşsena (damascene) adlandırdılar.
Dəmir pərdə
1945-ci ildə nasist Almaniyası son günlərini yaşayırdı. Almaniyanın təbliğat naziri Yozef Göbbels məğlubiyyətin qaçılmaz olduğunu gözəl başa düşürdü. O anlayırdı ki, nasistlər puç olmuş ümidlərinin, heç olmasa, bir hissəsini ancaq qalib ölkələr arasına nifaq salmaqla xilas edə bilərlər.
Bu səbəbdən də Göbbels “2000-ci il” məqaləsini yazır. Məqalədə SSRİ-nin Avropada hökmranlıq etməsi qandondurucu şəkildə təsvir edilirdi. Qeyd edək ki, o bu məqaləsini 1945-ci ildə keçirilmiş Yalta konfransından dərhal sonra, ABŞ və Böyük Britaniyanı narahat etmək ümidi ilə yazmışdı. O yazırdı: “Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq”. Göbbels bütün xarici təsirlərin qarşısının tərəddüdsüz və qəddarcasına alınacağını nəzərdə tuturdu.
Məqalə gözlənilən ani nəticəni vermədi. Almaniya darmadağın edildi və Sovet İttifaqı, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Bundan başqa, hər şeyə şübhə ilə yanaşan ruslar Qərbin onların işlərinə qarışmaq imkanını minimuma endirdilər. Müharibə illərində Böyük Britaniyanın başında duran Uinston Çörçill indi Göbbels kimi Rusiyaya qarşı mənfi mövqe tutmağa başladı. O həmçinin rusların Qərbə doğru genişlənə biləcək təsirindən ehtiyatlanırdı. Çörçill gözlənilən bu təhlükələr haqda ABŞ-ı xəbərdar etməyə cəhd göstərdi və 1946-cı il martın 5-də Fultondakı çıxışında Göbbelsin dəmir pərdə ifadəsini işlətdi.
Bu söz tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri “dəmir pərdə” adlandırılmağa başlandı. Bu ifadə bəzi başqa ölkələrə də şamil edildi. Deyirdilər ki, Çin Xalq Respublikası “bambuk pərdəsi”nin arxasında yerləşir. Siyasət inzibati maneələr və süründürməçilik bataqlığına düşəndə isə insanlar bunu “kağız pərdə” və s. adlandırırdılar.
Diktator
Roma tarixinə görə, e.ə. 509-cu ildə romalılar son çarlarını taxtdan salaraq respublika elan etdilər. Özlərini bir adamın iradə və hakimiyyətindən qorumaq üçün onlar bir yox, iki adamın idarə etdiyi sistem yaratdılar. Onların hər ikisi konsul adlanır və bu vəzifəyə məhdud müddətə – bir illiyinə seçilirdilər. Bundan əlavə, əsilzadə ailələrin nümayəndələri olan ağsaqqallar qrupuna – senatorlara da xeyli səlahiyyət verilirdi (bax: “Senator”). Beləliklə, siyasi qərarlar müxtəlif fikirlərin səsləndiyi birgə müzakirələrdən sonra qəbul edilirdi. Bununla da düşüncəsiz addımların atılmayacağına ümid etmək olardı.
Amma bu sxemin təhlükəli tərəfi də vardı. İş orasındadır ki, fövqəladə vəziyyətlərdə çevik qərarlar qəbul etmək tələb olunur. Sonu görünməyən müzakirələr isə fəlakətlə nəticələnə bilərdi.
Buna görə də romalılar müvəqqəti çarın seçilə bilməsi şərtini də irəli sürmüşdülər. Senatın müəyyən bir müddətə bütün hakimiyyəti əlində cəmləşdirəcək və hakimiyyətdə olduğu vaxt sözünün qanun olacağı adamın adını açıqlamaq hüququ var idi. Bu səbəbdən də onu diktator adlandırırdılar (latıncadan tərcüməsi “mən dedim”). Yeri gəlmişkən, bu adam yalnız altı ay müddətinə seçilə bilərdi.
E.ə.