Bir səhər həkim qayğılı halda pırtlaşıq çal saqqalını tərpətməklə Syunu dəhlizə çağırdı.
– Onun təkcə bir şansı var… – o, termometrin civəsini silkələyərək dedi. – O da yalnız özü yaşamaq istədiyi təqdirdə. İnsanlar tabut düzəldənlərin marağına uyğun davrandıqları zaman bizim tibb elmi öz əhəmiyyətini itirir. Sizin balaca xanım qərara gəlib ki, artıq sağalmayacaq. O nə barədə düşünür?
– O…o, boya ilə Neapolitan körfəzinin şəklini çəkmək istəyir.
– Boya ilə? Boş şeydir! Onun qəlbində elə bir şey varmı ki, həqiqətən də, haqqında düşünməyə dəysin, məsələn, kişilər?
– Kişilər? – Syu soruşdu və səsi dodaq qarmonunun səsi kimi kobud çıxdı. – Doğrudanmı, kişilər barədə düşünməyə dəyər?.. Xeyr, doktor, buna bənzər heç nə yoxdur.
– Hə, onda o, sadəcə, zəif düşüb, – həkim qərar verdi. – Mən tibb aləminin bir nümayəndəsi kimi gücüm çatan hər şeyi edəcəm. Amma xəstəm öz matəm mərasimində neçə karetin olduğunu saymağa başladıqda dərmanların şəfaverici təsirini əlli faiz azalmış hesab edirəm. Əgər siz Consinin bu qış nə cür qollu paltarların dəbdə olacağı barədə, heç olmasa, bir dəfə sual verməsinə nail ola bilsəniz, əmin olun ki, onun sağalmaq şansı birə beş artacaq.
Həkim getdikdən sonra Syu tələsik emalatxanaya girib yapon kağız salfeti islanana qədər ağladı. Sonra əlində molbert fit çala-çala cəsarətlə Consinin otağına yollandı.
Consi üzü pəncərəyə tərəf uzanmışdı, adyalın altından onu zorla sezmək olurdu. Consinin yuxuya getdiyini düşünən Syu fit çalmağı dayandırdı. Molbertini qurdu, jurnaldakı bir hekayə üçün tuşla şəkil çəkməyə başladı. Gənc rəssamların incəsənətdə yolu gənc yazıçıların ədəbiyyata körpü salmaq üçün jurnallarda çap etdirdikləri hekayələrinə illüstrasiyalar çəkməklə başlayır.
Syu hekayə üçün gözündə monokl30 olan kovboy şəklini çəkməyə təzəcə başlamışdı ki, qulağına bir neçə dəfə təkrarlanan pıçıltı səsi gəldi. O, cəld çarpayıya yaxınlaşdı. Consinin gözləri geniş açılmışdı. Pəncərəyə baxıb sayır, sonra yenə də tərsinə saymağa başlayırdı.
– On iki, on bir, – dedi. Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı: – On, doqquz, səkkiz, yeddi…
Syu pəncərəyə baxdı. Orada sayılası nə vardı, görəsən? Təkcə kimsəsiz, hüznlü həyat və iyirmi addım aralıdakı kərpic evin lal divarları gözə dəyirdi. Düyün-düyün, gövdəsi kökündən çürüməyə başlayan, tamam qocalıb əldən düşmüş bir sarmaşıq da kərpic divarın yarısına qədər uzanmışdı. Payızın soyuq nəfəsi sarmaşığı yarpaqlarından məhrum etmiş, çılpaq budaqları isə kərpiclərə sığınmışdı.
– Orada nə görmüsən, əzizim? – Syu soruşdu.
– Altı, – Consi zorla eşidiləcək səslə cavab verdi. – İndi onlar daha sürətlə tökülür. Üç gün əvvəl yüzə yaxın olardılar. Sayanda başım hərlənirdi. İndi isə asanlıqla saya bilirəm. Bax, biri də düşdü. Beşi qaldı.
– Beş dənə qalan nədir, əzizim? Mənə deyə bilərsən?
– Yarpaqlar. Sarmaşıqlar. Axırıncı yarpaq düşəndə mən öləcəyəm. Artıq üç gündür bunu bilirəm. Məgər həkim sənə deməyib?
– Bu cəfəngiyatı birinci dəfədir eşidirəm! – Syu qondarma bir ikrah hissi ilə qızın söylədiklərinə etiraz etdi. – Qoca, çürük sarmaşıqdakı yarpaqların sənin sağalmağınla nə əlaqəsi ola bilər? Elə bil sarmaşığı sevməyə başlamısan. Səfeh olma! Hələ bu gün səhər həkim dedi ki, tezliklə sağalacaqsan… Dayan görüm, o, necə dedi?.. Sənin birə on şansın var. Bu, Nyu-Yorkda tramvayla gedən, ya da təzə evlərin yaxınlığından keçən bizim kimi adamlar üçün balaca göstərici deyil. Bir az bulyon yeməyə çalış və rəfiqənə imkan ver ki, şəkli tez çəkib redaktora satsın və xəstə qıza şərab, özünə isə donuz ətindən kotlet ala bilsin.
– Daha şərab almağa ehtiyac yoxdur, – gözünü diqqətlə pəncərəyə zilləyən Consi cavab verdi. – Bax, biri də düşdü. Yox, bulyon istəmirəm. Deməli, yalnız dördü qaldı. Axırıncı yarpağın da düşməsini görmək istərdim. O zaman öləcəyəm.
– Consi, əzizim, – Syu ona tərəf əyilərək dedi, – mənə söz verirsən ki, işimi qurtarana kimi gözünü açıb pəncərəyə sarı baxmayacaqsan? Sabah bu illüstrasiyanı təhvil verməliyəm. Mənə işıq lazımdır, yoxsa pəncərənin pərdəsini endirərdim.
– Məgər başqa otaqda çəkə bilməzsən? – Consi soyuq tərzdə soruşdu.
– Sənin yanında olmaq istəyirəm, – Syu cavab verdi. – Həm də bu yaramaz yarpaqlara baxmağını istəmirəm.
– İşi nə vaxt bitirəcəyini söylə, – bənizi ağarmış Consi yıxılmış heykəl təki tərpənməz vəziyyətdə dedi, – çünki mən son yarpağın necə düşdüyünü görmək arzusundayam. Gözləməkdən, fikirləşməkdən yorulmuşam. Məni saxlayan nə varsa ondan azad olmaq, bu zavallı, solğun yarpaqlardan biri kimi aşağıya doğru uçmaq istəyirəm.
– Çalış yatasan, – Syu dedi. – Bermanı çağırmalıyam. Ondan istifadə edib rahib şəkli çəkmək istəyirəm. Uzağı bir dəqiqəyə qayıdıram. Mən qayıdana kimi yerindən dəbərmə ha!
Qoca Berman aşağı mərtəbədə, onların studiyasının altında yaşayırdı. Onun artıq altmışdan yuxarı yaşı vardı və qıvrım saqqalı Mikelancelonun Moiseyi31 kimi məzhəkəli başından cırtdan bədəninə sarı uzanmışdı. Berman incəsənətdə uğursuz rəssam sayılırdı. O, daim şedevr yaratmağa hazırlaşsa da, onu hələ heç başlaya da bilməmişdi. Artıq neçə ildi bir tikə çörək naminə lövhə, reklam və buna bənzər cızma-qaralardan savayı heç nə çəkmirdi. O, gənc rəssamlara poza verməklə də müəyyən qədər qazana bilirdi. Çünki peşəkar naturaçılar bu rəssamların cibinə uyğun gəlmirdilər. O, içki düşkünü olmasına baxmayaraq, hələ də gələcək şedevri barəsində danışmaqda davam edirdi. Qalan məsələlərdə isə çox zalım bir qoca olub hər cür sentimentallığa istehza ilə yanaşır və özünü iki gənc rəssam qız üçün məxsusi olaraq təhkim edilmiş gözətçi it hesab edirdi.
Syu ardıc giləmeyvəsi iyi verən Bermanı aşağı mərtəbənin yarımqaranlıq hücrəsində tapdı. Otağın bir küncündə, molbertin üstündə artıq iyirmi beş ildir toxunul- mayan şedevrin ilk ştrixlərini qəbul etməyə hazır kətan qoyulmuşdu. Syu Consinin fantaziyası və yarpaq kimi zərif, kövrək bir qızın həyat ilə əlaqəsinin