Macərapərəst royal satıcısı küçənin tinində durub fikrə getdi. Sonra küçənin qarşı tərəfinə keçdi və geri istiqamətdə məhəlləyə tərəf addımladı, əvvəlki tərəfə keçib diş həkiminin elektrik lövhəsi asılan yerə doğru hərəkət edən axına qoşuldu. Rudolf ikinci dəfə zəncinin yanından keçəndə özünü elə apardı ki, guya onu görmür. Saymazyana yenidən ona təqdim olunan vərəqəni götürdü. On addım irəliləmişdi ki, təzə vərəqəyə nəzər saldı. Birinci vərəqədəki xətlə yazılmışdı: “Yaşıl qapı”.
Səkinin kənarında küçə ilə hərəkət edənlərin ayağı altına atılmış həmin vərəqələrdən üç dənəsi vardı. Vərəqələr hamısı yerə ağ tərəfi üstə düşmüşdü. Əyilib onları götürdü. Hamısının üzərində diş həkiminin ünvanı yazılmışdı.
Macəraçı ruhu nadir hallarda Rudolf Şteyneri aldada bilərdi. Lakin bu dəfə o, özünün sadiq bəndəsini düz iki dəfə yanıltdı. Rudolf geri dönərək cüssəli zəncinin yanından keçdi. Bu dəfə ona vərəqə təqdim edilmədi. Səliqəsiz və gülünc hal doğuran geyiminə baxmayaraq, qaradərili kişi qaba, lakin təbii nəciblik nümayiş etdirir, nəzakətlə vərəqəni bəzilərinə təqdim edir, bəzilərini isə narahat etmirdi. Hərdən yüksək, lakin anlaşılmaz səslə nəsə qışqırırdı. Səsi növbəti dayanacağı elan edən tramvay konduktorunun çağırışını və ya opera ifasını xatırladırdı. Bu dəfə ona qarşı diqqətsizliyi bir yana, hətta Rudolf qaradərilinin enli və parıltılı sifətində soyuq, etinasız və qəzəbli bir ifadə də sezmişdi. Qaradərilinin baxışı sözün əsl mənasında Rudolfun heysiyyətinə toxunmuşdu, onda səssiz ittiham oxudu. Vərəqədəki sirli söz nə ifadə edirsə-etsin, qaradərili onu iki dəfə izdihamın arasından seçmişdi. İndi isə sanki onu ağılsızlıqda günahlandırırdı.
Gənc, axının arasından çıxaraq iti nəzərlə binaya baxdı. Tapmacanın cavabı elə bu beşmərtəbəli binada idi. Yarımzirzəmi mərtəbəsindən kiçik restoran kimi istifadə edilirdi. Birinci mərtəbədə bütün qapılar qıfıllı idi, amma deyəsən, burada şlyapa və xəzlər satılırmış. Qapısında elektrik hərfləri yanan diş həkiminin otağı ikinci mərtəbədə yerləşirdi. Üçüncü mərtəbənin hər yerində müxtəlif dillərdə, əyri-üyrü hərflərlə yazılmış lövhələr görmək olardı: falabaxan, dərzi, musiqiçi, həkim. Yuxarı mərtəbədəki pəncərədən asılmış pərdələr və pəncərə altındakı süd şüşələri buradan yaşayış məqsədilə istifadə olunduğunu təsdiq edirdi.
Ətrafa nəzər yetirdikdən sonra Rudolf üzəri xalça ilə örtülü pilləkənlə üçüncü mərtəbəyə qalxdı. Mərtəbəarası meydançaya çatanda ayaq saxladı. Meydança iki ədəd solğun qaz lampası ilə işıqlandırılmışdı – biri dəhlizin başında, sağ tərəfdə, digəri isə lap yaxında, sol tərəfdə. Rudolf sol tərəfində yanan işığa tərəf boylandı, onun solğun parıltısı altında yaşıl qapını seçə bildi. Birdən yerində səndələdi. Elə o an afrikalı kart hoqqabazının özündənrazı və istehzalı təbəssümünü xatırladı; yaşıl qapıya doğru addımladı. Qapını astaca döydü. Qapını döyməsi ilə müşayiət olunan saniyələr əsl macərapərəstin cəld nəfəs alıb-verməsinə bənzəyirdi. Bu yaşıl qapının arxasında onu nə gözləyə bilərdi?! Qumar masasının ətrafında oturan oyunçular, məharətlərindən istifadə edərək hiylələrini işə salan kələkbazlar, cəsarət aşiqi olan və yalnız cəsarətə boyun əyən gözəlçə; təhlükə, ölüm, məhəbbət, məyusluq, masqara – qapının tıqqıltısına bunlardan hər hansı biri cavab verə bilərdi.
İçəridən zəif xışıltı səsi eşidildi və qapı astaca aralanmağa başladı. Kandarda təxminən iyirmi yaşında bir qız dayanmışdı. Bənizi solğundu. Ayaq üstə güclə dururdu. Qapının dəstəyini buraxdı, yerində səndələdi. Əlini havada gəzdirərək tutacaq axtarırdı ki, Rudolf cəld qolundan tutub qızı divara bitişik divanın üstünə uzatdı. Qapını örtdü və qaz lampasının işıqlandırdığı otağa nəzər saldı. Təmiz və səliqəli idi; eyni zamanda yoxsulluq hiss olunurdu. Qız hərəkətsiz uzanmışdı. Görünür, huşunu itirmişdi. Rudolf çəllək tapacağı ümidiylə otağa nəzər saldı. Yox, yox… bu, suda boğulan adamlar üçün işə yarayırdı. Şlyapası ilə qızın üzünü yelləməyə başladı. Bu, gözlənilən nəticəni verdi – şlyapasının ucunu qızın burnuna toxundurdu və qız gözlərini açdı. Bu vaxt cavan oğlan qızın üzündə xəyalındakı qalereyanın ən gözəl portretini gördü. Səmimi, ala gözləri, balaca, dik burnu, noxud gövdəsinin bığcıqları kimi buruq, qonur saçları – bütün bunlar qəribə macəranın son akkordları və zirvəsi idi. Çöhrəsi necə də zərif və solğun idi!
Qız sakitcə Rudolfa baxdı və gülümsədi.
– Deyəsən, huşumu itirmişdim, hə? – zəif səslə dedi. – Mənim yerimdə kim olsaydı, belə olardı. Üç gün ac qalsanız, özünüz görərsiniz.
– Necə? – Rudolf ucadan qışqırdı və cəld yerindən sıçradı. – Gözləyin, bu saat gəlirəm!
Qapıya tərəf, oradan da pilləkənlərə cumdu. İyirmi dəqiqə sonra o, yenidən yaşıl qapının ağzında durmuşdu. Qapını ayağı ilə döydü: əlində mağaza və restorandan aldığı bir qucaq ərzaq vardı – çörək, yağ, soyutma ət, piroq, paştet, şoraba, qızardılmış toyuq, bir şüşə süd, bir şüşə isti çay. Hamısını masanın üstünə qoydu.
– Belə mənasız aclıq etmək gülüncdü, – Rudolf yüksək səslə, kifayət qədər ciddi tərzdə dedi. – Bu cür hərəkətlərə birdəfəlik son qoyun. Axşam yeməyi hazırdı.
Rudolf qıza ayağa durmağa və stolun başında oturmağa kömək etdi.
– Çay üçün fincan varmı? – deyə soruşdu.
– Pəncərənin yanındakı rəfdədir, – qız cavab verdi.
Rudolf əlində fincan geri qayıdanda qız, güclü qadın instinkti ilə içərisində nə olduğunu güman edərək artıq paketi açıb iri xiyar turşusunu çıxarmışdı.
Rudolf gülərək turşunu qızın əlindən aldı və fincanı südlə doldurdu.
– Əvvəlcə bunu için, – deyə göstəriş verdi. – Sonra çay və toyuğun qanadını. Turşunu isə ağıllı qız olmaqda davam etsəniz, sabah yeyərsiniz. İndi isə qonağınız olmağıma icazə verirsinizsə, gəlin şam yeməyinə başlayaq.
Rudolf ikinci stulu masaya tərəf çəkdi. Çayı görən kimi qızın gözlərinə işıq gəldi, bənizi azca qızardı. O, uzun müddət ac qalmış vəhşi heyvan kimi acgözlüklə yeyirdi. Otağında yad, gənc adamın olması, ona kömək təklif etməsi qıza öz-özlüyündə o qədər də qeyri-adi görünmürdü. Ona görə yox ki, bütün bu baş verənlərə laqeyd yanaşırdı. Ona görə ki, insana təbiət