Lakin günlər bir-birini əvəz edirdi və yüksəklərə qaldırılmış İncəsənət bayrağı hələ də öz dirəyində çarəsiz halda dalğalanırdı. Bəzən belə də olur, halbuki bayraqdarın günahı yoxdur. İşgüzarlığa üstünlük verən qaba adamların söylədiyi kimi, hər şey evdən kənara, evin içinə isə heç nə. Mister Maestri və Rozenştoka xidmət haqqını ödəmək üçün pul tapılmırdı. Amma incəsənəti sevirsənsə, heç nədən qorxmamalısan. Beləliklə, Diliya bir dəfə bəyan etdi ki, musiqi dərsi demək qərarına gəlib, çünki dolanmaq lazımdır.
Günlərlə evi tərk edib şagird aradı və nəhayət, bir axşam yüksək əhvali-ruhiyyədə evə qayıtdı.
– Co, əzizim, şagird tapmışam! – o, təntənəli surətdə bəyan etdi. – Bilirsən necə mehriban insanlardır! General… general A.B.Pinkni və qızı. Yetmiş birinci küçədə öz evləri var. Qəşəng evdir, Co! Sən bir onların giriş qapısını görəydin! Bizans üslubunda – gərək ki, sən onu belə adlandırırdın. Otaqlar! Ah, Co, mən heç vaxt belə bir şey görməmişdim! Mən onun qızı Klementinaya dərs deyəcəyəm. Təsəvvür edirsən, elə ilk baxışdan qıza bağlandım. O qədər zərif, o qədər nəzakətlidir ki… Özünü də çox sadə aparır. Başdan-ayağa ağ geyinir. On səkkiz yaşı var. Həftədə üç dəfə onunla məşğul olacağam. Sən bir özün fikirləş, Co, dərsin biri beş dollara! Bu ki möcüzədir! İki-üç belə dərsdən sonra musiqi məşğələlərimi yenidən bərpa edə biləcəyəm. Yaxşı da, əzizim, qaşqabağını sallama, gəl yaxşı bir şam yeməyi təşkil edək.
– Bunları söyləmək sənə asan gəlir, Dili, – mətbəxdə bıçaq və balta ilə “silahlanan” Co konservləşdirilmiş noxud bankasına “hücum” edərək etirazını bildirdi. – Bəs mənim vəziyyətim necə olacaq? Deməli, sən dərs dalınca qaçıb pul qazanacaqsan, mən isə yüksək incəsənət dairələrində qayğısız-qayğısız dolaşacağam? Benvenuto Çellininin11 qalıqlarına and olsun ki, buna razı olmaram! Yəqin ki, mən də qəzet satmaqla, ya da küçələrə daş döşəməklə evə əlavə pul gətirə bilərəm.
Diliya yaxınlaşıb onun boynuna sarıldı.
– Co, sevgilim, necə də axmaqsan! Axı sən rəssamlığı atmamalısan. Başa düş, əgər mən musiqini buraxıb kənar işlə məşğul olsaydım, onda başqa məsələ! Amma mən dərs deyə-deyə özüm də öyrənirəm. Mən ki öz musiqimdən ayrılmıram. Həftəyə on beş dollara milyonçu kimi yaşayarıq. Mister Maestridən uzaqlaşmağı ağlına belə gətirmə.
– Yaxşı, – Co rəfdən balıqqulağı formalı çini salatqabını götürərək dedi. – Hər halda, sənin dərs dalınca qaçmağın mənə ağır gəlir. Yox, bu, incəsənət deyil. Amma sən, əlbəttə, əsl xəzinəsən, afərin!
– İncəsənəti sevirsənsə, fədakarlıqdan qorxmamalısan, – Diliya təmtəraqla dedi.
– Maestri parkda çəkdiyim o etüddəki səma təsvirini təriflədi, – Co bildirdi. – Tinkl isə iki əsərimin vitrininə qoyulmasına razılıq verdi. Bəlkə də, hansısa pullu sarsağın gözü tutdu, onları aldı.
– Mütləq alacaqlar, – Diliya mehribancasına dedi. – İndi isə general Pinkniyə və bu dana ətinə görə taleyə şükür edək.
Növbəti həftə ərzində Lerrebi cütlüyü səhər yeməyinə erkən başladı. Co şəkil çəkdiyi mərkəzi parkda səhər işıqlarının effektlərinə aludə olmuşdu; saat yeddidə Diliya onu bura səhər yeməyi, zərif qayğılar, öpüşlər və həvəslə doyurub yola salırdı. İncəsənət – tələbkar sevgilidir. Co artıq axşamlar nadir hallarda yeddidən tez evə qayıdardı.
Şənbə günü Diliya bir az rəngi ağarmış və yorğun halda, lakin incə bir məğrurluq nümayiş etdirərək üç ədəd kağız beşdollarlığı balaca qonaq otağındakı (səkkizin on futa12) balaca masanın (səkkizin on düymə13) üstünə qoydu.
– Klementina arabir məni məyus edir, – o, bir qədər yorğun tərzdə dedi. – Deyəsən, qız o qədər də çalışqan deyil. Eyni şeyi ona bir neçə dəfə təkrar etmək lazım gəlir. Onun ağ geyimi də artıq adamı qüssələndirir. Amma general Pinkni çox qəribə qocadır! Təəssüf ki, sən onunla tanış deyilsən, Co. O, dərs vaxtı hərdənbir yanımıza gəlir. Axı o, tənha və dul kişidir! Yanımızda dayanıb keçi saqqalına oxşar çal saqqalını dartışdırır. “Hə, onaltıncıların və otuzikincilərin vəziyyəti necədir? – həmişə də belə soruşur, – dil tapa bilirsiniz?”
Ah, Co, sən onların qonaq otağındakı panelləri14 görəsən! Yun parçadan necə də yumşaq portyerlər15 varmış! Klementina yüngülcə öskürür. Ümid edirəm ki, o, göründüyündən daha sağlamdır. Bilirsən, mən, həqiqətən, ona çox bağlanmışam – o qədər mehriban, o qədər mülayim qızdır ki… Özü də yaxşı tərbiyə alıb. General Pinkninin qardaşı bir vaxtlar Boliviyada diplomatik nümayəndə olub.
Elə bu zaman Co qraf Monte Kristo16 kimi əvvəlcə cibindən on dollar, sonra beş, sonra iki, sonra da bir dollar çıxarıb – dörd əsl banknot – arvadının əməkhaqqısı ilə yanaşı qoydu.
– Obeliskli17 akvareli Peoriyadan olan birinə satdım – o, son dərəcə heyrətləndirici bir xəbər gətirmişdi.
– Zarafat edirsən, – Diliya dedi, – ola bilməz!
– Hə də, təsəvvür elə! Təəssüf ki, sən onu görmədin, Diliya. Kök, yun şərf bağlayıb və əlində də əsası. Tinklin vitrinindəki etüdüm diqqətini cəlb edib və əvvəlcə elə bilib ki, bu, yeldəyirmanının təsviridir. Amma o, yaxşı adamdır, dəyirmanın yerinə obeliski aldı və hətta yağlı boya ilə bir rəsm də sifariş verdi: Lekuon yük stansiyasının mənzərəsi. Onu özü ilə aparacaq. Oh, bircə bu musiqi dərsləri çatmırdı! Yaxşı, yaxşı, əlbəttə, onlar da incəsənətin bir hissəsidir.
– Mən çox şadam ki, sən öz işinlə məşğul olursan, – Diliya həyəcanla söylədi. – Səni uğur gözləyir, əzizim. Otuz üç dollar! Biz heç vaxt belə zəngin yaşamamışıq. Bu gün şam yeməyinə istirdiyyə olacaq.
– Bir də göbələklə can əti, – Co əlavə etdi. – Bilmirsən zeytun üçün çəngəl haradadır?
Növbəti şənbə evə birinci Co qayıtdı. O, qonaq otağındakı masanın üstünə on səkkiz dolları qoyduqdan sonra əlindəki qara boyaya oxşar ləkəni tələsik yudu.
Yarım saatdan sonra Diliya da gəldi. Bintlə möhkəm sarınmış sağ əli formasız bağlamaya oxşayırdı.
– Nə olub, Diliya? – Co arvadını öpərək soruşdu. Diliya gülsə də, bir o qədər də şən görünmürdü.
– Klementina dərsdən sonra məni qızardılmış çörəyə qonaq etmək istəyirdi, – o dedi. – Ümumiyyətlə, bu qızda qəribəlik çoxdur. Axşam saat beşdə qızardılmış çörək! General evdə idi; gərək sən görəydin o, tavanın dalınca necə cumdu, elə bil, qulluqçuları yoxdur. Klementinanın səhhətində nəsə bir problem var – o, çox