Qay Yuli Sezar. Филипп Фриман. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Филипп Фриман
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244571
Скачать книгу
etmiş, lakin senat bu təşəbbüsü dəstəkləməmişdi. Konsul olandan sonra Sezar birləşdirmə məsələsini yenidən gündəmə gətirdi. Ancaq bu dəfə o, Misiri Romanın əyaləti elan etmək təklifini irəli sürmədi. Baxmayaraq ki hüquqi baxımdan belə bir imkan var idi: əvvəl də qeyd etdiyimiz kimi, Misir hökmdarı XI Ptolemey öz dövlətini Romaya vəsiyyət etmişdi. Onun ölümündən sonra (M.ö. 80-ci il) xalq arasında heç bir hörməti olmayan XII Ptolemey taxta çıxdı. Yeni hökmdar Romadakı vəzifəli şəxslərə rüşvət verməklə hakimiyyətini qoruyub-saxlayırdı. Sezar senata XII Ptolemeyin hakimiyyətini tanımağı təklif etdi. Bunun da səbəbi vardı: görünür, karyerasının indiki mərhələsində böyük bir dövlətin anneksiyası38 ilə məşğul olmaq istəmirdi. Başlıcası isə o, Pompeylə birlikdə XII Ptolemeydən külli miqdarda rüşvət alırdı.

      Sezar həmin vaxtlar Romanın əyaləti sayılan Asiyadan yığılan vergilər haqqında qanun qəbul etdirdi. Bu qanunlar Roma dövlətinin mənafeyinə xidmət etsə də, o hər dəfə optimatların müqaviməti ilə üzləşirdi. Siseron dostu Attikə məktubunda yazırdı: «Sezardan ehtiyat etmək lazımdır. O, get-gedə tirana çevrilir».

      M.ö. 59-cu ilin yayında Pompey öz istəyinə çatdı – onun istila etdiyi torpaqlar rəsmi qaydada Roma dövlətinə birləşdirildi və veteran əsgərlərə torpaq verildi. Sezar başa düşdü ki, öz istəyinə çatmış Pompey triumviratı tərk edə bilər. Belədə Sezar onu öz yanında saxlamaq üçün başqa bir vasitəyə əl atdı: Pompeyə qızı Yuliya ilə evlənməyi təklif etdi – baxmayaraq ki Yuliya məşhur sərkərdədən təxminən otuz yaş kiçik idi. Üstəlik, Pompey Sezarın qatı tərəfdarlarından olan Servili Sepionun nişanlısıydı və bir neçə gün sonra toyları olmalıydı.

      Sezar Sepionun xətrini çox istəyirdi, lakin Pompey daha lazımlı adam idi. Sepionu sakitləşdirmək, könlünü almaq üçün Pompey öz qızını ona ərə verdi. Sezarın özü isə tezliklə Lutsi Pizonun39 qızı Kalpurniya ilə evləndi. Növbəti il isə qayınatasının konsul vəzifəsinə seçilməsini təmin etdi.

      Bütün bunlar Katonu özündən çıxardı, o bəyan etdi ki, qadınların köməyi ilə vəzifəyə gəlmək və hakimiyyətdə möhkəmlənmək yolverilməzdir. Lakin Katonun etirazlarının heç bir nəticəsi olmadı.

      Sezarın konsulluq dönəmində Roma əyalətləri istismardan, ağır vergilərdən əziyyət çəkirdi. Lakin uzaqgörən romalılar yaxşı bilirdilər ki, bütün resurslardan əhalinin yalnız az bir qisminin faydalandığı heç bir imperiya uğur qazana bilməz.

      Sezar bu vəziyyəti düzəltməyə qərar verdi. Şübhəsiz, bununla o, əyalətlərdə yaşayan yerli sakinlərin əzablarını yüngülləşdirmək yox, dövlətin süquta uğramasının qarşısını almaq məqsədi güdürdü. M.ö. 59-cu ildə Sezar Roma magistratlarında cinayət və sui-istifadə halları ilə bağlı qanun qəbul etdi. Bu sənəd tarixə “Yuli qanunu” kimi düşdü. Qanunda əyalətlərin necə idarə edilməsi göstərilirdi; həmçinin səlahiyyətlərdən sui-istifadə və rüşvətxorluq hallarına yol verən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi qaydaları əks olunurdu. Qanunun tam mətni qorunub-saxlanmayıb. Lakin məlumdur ki, Siseron onu “ən yaxşı və ən ədalətli qanun” adlandırmışdı. Hətta Sezarın, necə deyərlər, əzəli və əbədi düşmənlərindən olan Katon da həmin sənədin qüsursuz olduğunu etiraf etmişdi. Bununla belə, o, şəxsi nifrət və qısqanclıq səbəbilə Yuli qanunundan söz düşəndə heç vaxt Sezarın adını çəkmirdi.

      Həqiqətən də bu, son dərəcə diqqətlə işlənib-hazırlanmış qanun idi. Belə ki, Roma imperiyası süquta uğradığı dönəmlərə qədər, hətta ondan sonra – Bizans imperiyasında da bu qanundan istifadə olunmuşdu.

      Sezar canişin olmaq istəyir

      Lakin nə qədər əhəmiyyətli qanunlar işləyib-hazırlasa da, Sezar yaxşı bilirdi ki, konsulluq müddəti başa çatan kimi toxunulmazlıq hüququnu itirəcək və optimatlar ondan qisas almağa çalışacaqlar. Vəzifədən gedən kimi Katon və müttəfiqlərinin ona qarşı hücuma keçməsi qaçılmaz idi. Aydın idi ki, rəqibləri onun bütün siyasi karyerasını məhv etmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta Bibul meydana çıxıb bəyan edə bilərdi ki, bayram günlərində qəbul olunduğundan Sezarın qanunlarının heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin günlərdə qanunvericiliklə məşğul olmaq qadağandır.

      Əlbəttə, xalq buna görə Sezardan üz çevirməyəcəkdi. Lakin qanunun müddəalarını əsas götürən məhkəmə gələcək hökmdarın gətirdiyi bütün yeniliklərin üstündən xətt çəkmək, onları qeyri-qanuni elan etmək iqtidarındaydı. Çünki o, həmin qanunları senatın icazəsi və razılığı olmadan qəbul etmişdi.

      Sezarın tərəfdarlarını isə gələcək maraqlandırmırdı: onlar konsulun hər addımını qeyd-şərtsiz dəstəkləyir, iddia edirdilər ki, islahatlar aparılmasa, dövləti xaos bürüyə bilər. Hətta bildirirdilər ki, bu qanunlar islahat prosesinin başlanğıcıdır. Romada yeni, konstitusiya üsuli-idarəsi tətbiq edilməlidir, əks halda amansız qoşun başçılarının rəhbərliyi ilə ölkədə mütləqiyyət və tiraniya bərqərar ola bilər.

      Sezarın isə bu barədə fikirləşməyə vaxtı yoxdu. O, səlahiyyət müddəti başa çatdıqdan sonra mühakimə olunmaqdan qaçmaq və siyasi karyerasını davam etdirmək barədə düşünürdü. Toxunulmazlığını qoruyub-saxlaması və gələcəkdə öz iddialarını həyata keçirə bilməsi üçün ən yaxşı variant iri əyalətlərin birində canişin olmaq idi. İstənilən halda bu, meşə təsərrüfatının və otlaqların nəzarətçisi olmaqdan yaxşıydı. Canişin vəzifəsi ona dövlətin torpaqlarını genişləndirmək, hərbçi kimi daha çox şöhrət qazanmaq və sonrakı siyasi fəaliyyəti üçün vəsait toplamaq imkanı verəcəkdi.

      Sezarın müasiri, yunan yazıçısı və tarixçisi Sallyusti yazırdı: «Sezar hakimiyyətə yiyələnmək, sərkərdə kimi böyük uğurlar qazanmaq, nə qədər istedadlı, qabiliyyətli dövlət adamı olduğunu hər kəsə nümayiş etdirmək istəyirdi».

      Bir sözlə, Sezar döyüş meydanında fərqlənmək üçün planlar qururdu.

      Nəhayət, M.ö. 59-cu ildə gələcək hökmdarın konsulluq müddəti bitdi. O, Alp dağlarını aşaraq bəxtini sınamağı qərara aldı. Sezarın dövründə Roma dövlətinin şimal sərhədi Cənubi Qalliya, Alp dağları, Makedoniya və Frakiyadan keçərək Pireneydən Qara dənizəcən uzanırdı. Şimal tərəfdə qall, dakx və german tayfalarının torpaqları, oradan yuxarıda isə əfsanəvi Britaniya adası yerləşirdi.

      Lakin Sezar heç bir səbəb göstərmədən şimal qonşularına qarşı müharibə elan edib şəhər darvazası önündən yürüşə başlaya bilməzdi. Bunun üçün o, qall, dakx və german tayfalarının qonşuluğundakı Roma əyalətinə canişin təyin olunmalı idi. Bundan sonra isə qonşu tayfaların Roma torpaqlarına basqın edəcəyi günü gözləmək lazım gələcəkdi. Belə hallar isə onsuz da tez-tez olurdu.

      Çox düşünüb-daşındıqdan sonra Sezar Çizalp Qalliyasında40 canişin olmağa qərar verdi. Münbit Po vadisində yerləşən bu əyalət öz zəngin resursları və əlverişli coğrafi mövqeyi ilə seçilirdi. Buradan Qalliya, Dakxiya və German torpaqlarına hücum etmək daha asan idi.

      Sezarın canişin ola bilməsi üçün ondan külli miqdarda rüşvət almış tribun Vatini yeni qanun layihəsini xalq məclisinə


<p>38</p>

Anneksiya – bir dövlətin digər dövlətə və ya xalqa məxsus ərazini zorla özünə birləşdirməsi, işğal etməsi

<p>39</p>

Pizon – plebey nəslindən olan Qədim Roma hərbi lideri və siyasi xadimi

<p>40</p>

Çizalp Qalliyası – Gallia Cisalpina (lat.), qədim romalılar Şimali İtaliyanın bir hissəsini belə adlandırırdılar. Latın dilindən tərcümədə «Alp dağlarının bu tərəfindəki Qalliya» mənasına gəlir. İkinci adı «Yaxın Qalliya» idi.