Qay Yuli Sezar. Филипп Фриман. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Филипп Фриман
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244571
Скачать книгу
Kiçik Asiyada və Suriyada sabitliyi bərqərar etmək üçün Şərqi Aralıq dənizi hövzəsindəki bütün Roma əyalətləri və qoşunları Pompeyə tabe etdirilməliydi. Qanun qəbul olunandan sonra Pompey yeni torpaqlar fəth etdi. Beləliklə, senatla uzun-uzadı məsləhətləşmələr aparmadan bütün Yaxın Şərqin xəritəsini dəyişdirdi.

Sezar Pompeyin uğurlarından özü üçün dərs çıxardı: başa düşdü ki, iddialı və bacarıqlı qoşun başçısı senatın razılığı olmadan da şan-şöhrət qazana, hətta tarixə düşə, üstəlik, böyük sərvət sahibi ola bilər.

M.ö. 65-ci ildə Sezar edil seçildi. Edillərin işi məhkəmə çəkişmələrinə, tikinti işlərinə, bayramların təşkilinə, küçələrin, məbədlərin, bazarların vəziyyətinə nəzarət etmək idi. Edillər ənənəvi olaraq ildə iki bayram təşkil edirdilər: apreldə ilahə Sibilanın şərəfinə yeddigünlük və sentyabrda Yupiterin şərəfinə on beş günlük. Bu bayram tədbirlərini təşkil etmək üçün xəzinədən müəyyən miqdarda vəsait ayrılırdı. Lakin əhalinin rəğbətini və dəstəyini qazanmaq istəyən edillər ayrılan vəsaitə öz pullarını da əlavə edirdilər. Sezar da belə elədi. Borc aldığı pullarla o, Forumu və Kapitolini17 yaxşıca bəzətdirdi. Üstəlik, iki yüz qırx qladiatorun iştirakı ilə döyüşlər təşkil etdi. Qədim Romada «qladiator» tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, yaxud vəhşi heyvanlarla ölənədək vuruşan döyüşçülərə deyilirdi.

Sezarın siyasi rəqibləri onun hərəkətlərini təşvişlə izləyirdilər: onlar həm Spartak üsyanına bənzər çaxnaşma yaranacağından qorxur, həm də Sezarın nüfuzunun artmasından ehtiyatlanırdılar. Bundan sonra Sezar dəbdəbəli həyat sürməyə başladı. O, həvəslə zərgərlik məmulatları, qədim heykəllər və şəkillər toplayırdı. Sezar Nemi gölünün yaxınlığında özünə imarət tikdirdi, lakin tikili xoşuna gəlmədiyi üçün onu uçurtdu.

Edil vəzifəsini icra edərkən sadə insanların rəğbətini qazanmış Sezar öz nüfuzunu bir qədər də artırmaq üçün daha cəsarətli addım atmaq qərarına gəlir. O, keçmiş sərkərdə və dövlət xadimi, eləcə də öz qohumu olan Marinin təsvirini tikilməkdə olan Yupiter məbədinin qarşısında nümayiş etdirmək fikrinə düşür. Mari uzun müddət Publi Sullaya qarşı mübarizə aparmış və romalıların böyük rəğbətini qazanmışdı. Uzaqgörən Sulla hələ Sezar yeniyetmə olarkən onda gələcəyin güclü şəxsiyyətini sezmiş və əyanlarına belə demişdi: “Görərsiniz, bu Sezarda bir neçə Mari mürgüləyir!”

Beləliklə, Marinin təsviri gecə ikən Kapitoliyə gətirdilir. Xalq Marini hələ də hörmət və ehtiramla andığı halda, hakimiyyətdəkilər ona kəskin nifrət bəsləyirdilər. Təsvirə tamaşa etmək və keçmiş sərkərdənin germanlar üzərində qələbəsini əks etdirən yazıları oxumaq üçün məbədin qarşısında xeyli insan toplaşır. Marinin tərəfdarları göz yaşları içində Sezarı alqışlayırlar. Nəticədə senatın növbədənkənar iclası çağırılır. Optimat18 Lutasi Katul Sezarın əleyhinə nitq söyləyir, onu dövlətə qarşı təxribat törətməkdə ittiham edir. Lakin Sezar cavab nitqində bildirir ki, heç vaxt dövlətin dayaqlarını sarsıtmaq niyyətində olmayıb. Sezar o qədər bəlağətli nitq söyləyir ki, hətta rəqibləri belə onun dediklərinə inanır. Bundan sonra Sezarın tərəfdarları daha da ürəklənir və onu optimatlara güzəşt etməməyə çağırırlar. Bu hadisədən sonra Sezar artıq hakimiyyətə iddialı şəxs kimi qəbul olunur.

Hadisələrin sonrakı gedişi göstərdi ki, optimatlar Sezardan ehtiyatlanmaqda haqlıymışlar. Qay Svetoni Trankvill19 yazırdı ki, M.ö. 65-ci ildə Publi Avtroni və Publi Sulla konsul20 vəzifəsinə iddia edirdilər. Lakin seçiciləri rüşvətlə ələ aldıqları üçün onlar deyil, Lutsi Torkvatla Sezarın yaxın qohumu olan Lutsi Kott konsul seçilirlər. Belə olan halda Avtroni və Sulla ziyafət zamanı Torkvatla Kottu qətlə yetirib hakimiyyəti Mark Krassa ötürməyi planlaşdırırlar. Şərtə görə, Krass diktator olandan sonra onları konsul vəzifəsinə təyin etməli, Sezar isə atlı qoşunun başçısı olmalıydı. Ancaq son anda Krass ya qorxur, ya da fikrini dəyişir və ziyafətə gəlmir. Beləcə, Sezar da öz rolunu yerinə yetirə bilmir, yəni sui-qəsdçilərə hərəkətə keçmək işarəsi vermir (o, bürüncəyini çiynindən endirməliydi).

Lakin Sezarın bu sui-qəsd cəhdində iştirakı sübuta tarixçilər tərəfindən yetirilməyib. Hətta fürsət tapan kimi Sezar haqqında xoşagəlməz ifadələr işlədən məşhur natiq və filosof Siseron (M.ö. 106–43) belə bu barədə heç nə yazmayıb. Sezar cəsur adam idi, ancaq qanuni hakimiyyəti devirməyə hesablanmış, üstəlik, pis hazırlanmış sui-qəsd planında yer almazdı. Düzdür, vaxtı gəlincə o, senata qarşı çıxaraq vətəndaş müharibəsinin alovlanmasına səbəb olacaqdı. Ancaq hələ ki ehtiyatlı davranır, tədricən öz mövqelərini möhkəmlətməklə məşğul olurdu.

Spartak üsyanını yatırdığına görə ciddi nüfuz qazanan Krass narahat idi: o, Aralıq dənizini quldurlardan təmizləyən, Yaxın Şərqi fəth eləyən Pompeyin şöhrətinin kölgəsində qalmaqdan qorxurdu. Odur ki yeni uğura ehtiyacı vardı. Xeyli düşünüb-daşındıqdan sonra Krass gözünü Misirə dikdi: bu ölkəni fəth etməklə Pompeyin nüfuzuna şərik ola bilərdi.

Həmin vaxt Misir Roma dövlətinin təsir dairəsində olsa da, Nil vadisi öz müstəqilliyini qoruyub-saxlaya bilmişdi.

Krass Misir torpaqlarını tamamilə ələ keçirib bu ölkəni Romanın əyalətinə çevirmək fikrinə düşdü. Beləliklə də o, Roma xəzinəsinə külli miqdarda əlavə vəsait qazandıra bilərdi. Bunun üçün əsas da vardı: Misir hökmdarı XI Ptolemey öz vəsiyyətində ölkəni Romaya miras qoyduğunu bildirmişdi.

Krass Misir yürüşü zamanı hərbi rəhbərliyi Sezara həvalə etmək qərarına gəlir. Sezar məmnuniyyətlə razılaşır: Misirdə uğur qazanıb nüfuzunu daha da artırmaq və yığılıb-qalmış borclardan yaxa qurtarmaq üçün yaxşı fürsət yaranmışdı. Lakin Krassın və Sezarın mövqelərinin daha da möhkəmlənə biləcəyindən ehtiyatlanan optimatlar bu planın gerçəkləşdirilməsinə imkan vermirlər. Hamisi Pompeyin maraqlarını güdən Siseron da onlara kömək edirdi. M.ö. 64-cü ildə Pompey hələ də Şərqdə hərbi əməliyyatlara başçılıq edir və şöhrətini daha da artırırdı.

Belə bir vaxtda Romada Mark Portsi Katon21 əhəmiyyətli fiqura çevrildi: kvestor vəzifəsinə təyin edildi və bununla bütün xəzinədarlıq işləri onun ixtiyarına keçdi. Əvvəlki kvestorlar öz işlərinə formal yanaşır, peşəkar xəzinədarların fəaliyyətinə başdansovdu nəzarət etməklə kifayətlənirdilər. Lakin Katon tipik kvestor deyildi: öz işini vicdanla yerinə yetirirdi. Nəticədə çox keçmədi ki, xəzinədən sui-istifadə hallarının üstünü açmağa başladı. Məlum oldu ki, bir çox adlı-sanlı romalılar dövlətdən külli miqdarda borc götürüblər və bu vəsaiti qaytarmaq barədə düşünmürlər. Onda Katon cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq bu adamları məhkəməyə cəlb etməyə başladı. Haqqında cinayət işi qaldırılan adamların sayı o qədər çox idi ki, təhqiqat aparmaq üçün Katon prosesə əlavə insanlar cəlb etməli oldu. Onlardan biri də Sezar idi. Bu, gələcək hökmdarın Romada inanılmış, etibarlı adamlardan biri sayıldığını göstərir.

Sezar

17

Kapitoli – Qədim Romanın yerləşdiyi yeddi təpədən biri və həmin təpədəki eyniadlı məbəd

18

Optimat – Qədim Romada Senat aristokratiyasının maraqlarını müdafiə edən ideoloq

19

Trankvill – Qədim Roma salnaməçisi, yazıçı, tarixçi, imperator Adrianın şəxsi katibi

20

Konsul – Qədim Romada seçki yoluyla müəyyənləşən ali magistraturanın üzvü

21

Katon – Qədim Roma siyasi xadimi, aristokratların senatdakı lideri (e.ə. 95–46-cı illər); Qədim Roma yazıçısı və siyasətçisi olmuş ulu babası ilə eyni adı daşıyırdı. Sezarın ən qatı düşmənlərindən biri kimi tarixə düşüb.