Eybi yox, qoy mənə nifrət etsinlər, ancaq yetər ki, məndən qorxsunlar.
Sezarın şəcərəsi
Miladdan öncə 100-cü ildə dünyaya göz açmış Yuli Sezara Roma adət-ənənəsinə uyğun olaraq atasının adını qoymuşdular. Siyasətlə məşğul olan, hərbi yürüşlərdə iştirak edən bir çox romalılar kimi Yuli Sezarın atası da evdə az-az tapılardı. Odur ki balaca Qay atasının üzünü nadir hallarda görürdü. Magistraturada1 yüksək vəzifə tutan atası M.ö. 85-ci ildə dünyasını dəyişəndə isə o, hələ yeniyetmə idi.
Qədim Romada bir neçə qohum ailə birlikdə vahid soy kimi tanınırdı. Ailələrin hər bir üzvü soyadını irsən alırdı. Məsələn, «Qay Yuli Sezar» adındakı Qay – fərdi ad, Yuli – soyad, Sezar isə – ləqəbdir. Ləqəb atadan oğula keçir və hər hansı şəxsi xarakterizə etmirdi. Bununla belə, məşhur soyların ləqəbləri nə vaxtsa konkret məna daşımışdı. Məsələn, Brut – «Yelbeyin», Nason – «yekəburun», Siseron – «noxud», Sezar isə «uzun, hamar saçlı» deməkdir.
Qədim dövrdə Roma cəmiyyəti ciddi şəkildə təbəqələşmiş, imkanlı və imkansızlara bölünmüşdü. Yuli, Fabia, Korneliya kimi soylardan olanlar patrisilər2, sadə insanlar isə plebeylər3 adlanırdılar. Patrisilər və plebeylər bu cür təbəqələşməni təbii hal sayırdılar. Roma dövlətinin ilkin çağlarında bu iki təbəqə arasında ciddi münaqişələr yaşanmışdı. Amma sonradan bəzi plebeylər varlanır, bir çox patrisilər isə Sezarın ailəsi kimi var-dövlətini itirir, yoxsul həyat sürməyə məcbur olurdular. Beləliklə, onlara yalnız öz soyları ilə fəxr etməkdən başqa bir şey qalmırdı.
Yuli Sezar Roma ətrafındakı Subura adlanan yerdə doğulmuşdu. Suburada əsasən xırda alverçilər, gəlmələr və yüngül həyat tərzi keçirən insanlar yaşayırdı. Görünür, Sezarlar ailəsinin varlı və vəzifəli adamlarla yaxşı əlaqələri olsa da, patrisilərlə müqayisədə, zənginlərin məskunlaşdığı Palatin təpəliyində yaşamaq imkanı yox imiş.
O vaxtlar Romada məktəblər dövlət himayəsində deyildi. Sezar və bacıları evdə təhsil alırdılar. Sezarın müəllimi Mark Antoni Qnifon latın, yunan dilləri və ədəbiyyatı üzrə tanınmış mütəxəssis sayılırdı. Gənclik çağlarında Sezarın özü də bədii yaradıcılıqla məşğul olurdu. O, «Herkulesin4 mədhi», «Edip5», «Müdrik kəlamlar toplusu» kimi əsərlərin müəllifi olmuşdu.
Qədim Romada bədən tərbiyəsi, fiziki hazırlıq da təhsilin tərkib hissəsi sayılırdı. Bu dərslərdə yeniyetmələrə silahla davranmağı, üzməyi, at sürməyi öyrədirdilər. Bu, müəyyən mənada, ilkin hərbi hazırlıq məşğələlərini xatırladırdı. Sezarın yüksək fiziki hazırlığa yiyələnməsində həmin dərslər mühüm rol oynamışdı.
Sezarın uşaqlığı Roma imperiyasında iğtişaşlar və vətəndaş müharibəsi dövrünə təsadüf etmişdi. Həmin vaxt mərkəzi hakimiyyətlə italyan tayfaları arasında qanlı döyüşlər gedirdi. Daxili çəkişmələr zamanı Romada tanrı Yupiterin flamini (kahini – tərc.) öz işindən uzaqlaşdırılır. Boş qalmış vəzifəyə yalnız aristokrat (patrisi) ailəsindən olan şəxs təyin edilə bilərdi. Çünki o vaxtlar bu, böyük vəzifə sayılırdı. Yupiterin flamini bu vəzifəyə ömürlük təyin olunurdu. Flamin müəyyən imtiyazlar əldə etsə də, bir çox məhrumiyyətlərlə də üzləşməli olurdu. Məsələn, o, Romanı yalnız bir neçə günlüyə tərk edə bilərdi. Senata getməsi qadağan olunmamışdı, amma at minməsinə icazə verilmirdi. Bundan başqa, flamin həmişə xüsusi geyimdə olmalı, başına şiş papaq qoymalıydı. Ona görə flaminliyə layiqli namizəd tapmaqda çətinlik çəkirdilər. Düşünüb-daşındıqdan sonra bu vəzifə Sezara təklif olunur: o, əsilzadəydi və cavan olduğu üçün təklifdən boyun qaçırmağa cəsarəti çatmazdı. Təbii ki, bu təklif Sezarın ürəyincə deyildi, axı o özünə hərbi və siyasi karyera qurmaq arzusu ilə yaşayırdı. Bununla belə, Sezar flamin vəzifəsini icra etməyə başlayır. Həmin vaxt onun şəxsi həyatında da dəyişiklik baş vermişdi: Sezar Romanın nüfuzlu şəxslərindən biri sayılan Zinnanın qızı Korneliya ilə evlənmişdi. Gözləmək olardı ki, bu evlilik onun karyerasındakı yüksəlişə təkan verəcək. Lakin tamamilə əksi oldu.
Sezarın Romadan qaçışı
Belə ki, Romada hakimiyyət uğrunda daxili çəkişmələrdə qalib gəlmiş Sulla adlı qoşun başçısı rəqiblərini sıradan çıxarmaq və məhv etmək üçün xüsusi plan hazırlamışdı. Həmin plana əsasən, Forumda6 böyük bir siyahı asılmışdı; bu siyahıdakı adamları qətlə yetirənlərə xüsusi mükafatlar verilir, öldürülənlərin mal-mülkü isə dövlətə qalırdı. Sulla hakimiyyətini möhkəmləndirmək məqsədilə özünü diktator7 elan etdi. Onun əməllərindən zərər çəkənlər arasında Sezar da var idi. Məsələ burasındadır ki, Sezarın qayınatası Sullanın rəqiblərindən biri idi. Bu səbəbdən də Sulla ona arvadından boşanmağı əmr edir. Sezar isə bu əmri yerinə yetirmək əvəzinə şəhəri tərk edib İtaliyanın cənubuna qaçır. Dərhal onu flamin vəzifəsindən uzaqlaşdırırlar. Sezar hökmdarın əlaltıları tərəfindən yaxalanmamaq üçün tez-tez yerini dəyişməli olur. Bununla belə, bir dəfə gecəyarısı onu izləyib ələ keçirirlər. Lakin Sezar sonuncu pulunu onlara verib qurtulur.
Bundan sonra Sezarın Romadakı nüfuzlu dostları və müdafiəçiləri Sulladan xahiş edirlər ki, onu bağışlasın. Hökmdar bu xahişi eşidir və Sezarın Romaya qayıtmasına icazə verir.
Romaya qayıdan Sezar tezliklə yenidən şəhəri tərk edib hərbi xidmətə yollanır; pretor8 Mark Termin yanında xidmətə başlayır. O vaxtlar Mark Term Lesbosdakı Mitilena şəhərini, qiyamçıların sonuncu istinadgahını mühasirəyə almışdı. Term kömək gətirmək üçün Sezarı Vifiniyaya, hökmdar Nikomedin yanına göndərir. Qay Yuli heç bir çətinlik çəkmədən bu tapşırığın öhdəsindən gəlir. Gətirdiyi gəmilər kiçik adada yerləşən Mitilena şəhərinin ələ keçirilməsində mühüm rol oynayır. O özü isə cəbhənin ön xəttində qəhrəmancasına vuruşur. O bundan sonrakı savaşlarda da həmişə ölümün gözünə dik baxacaq, sıravi əsgərlərlə birgə ön sıralarda döyüşəcəkdi; Romada hakimiyyətə yiyələndikdən sonra belə, həmişə döyüşə birinci atılacaq, əsgərləri öz arxasınca aparacaqdı.
Mitilena zəfərindən sonra Sezar göstərdiyi igidliyə görə xüsusi çələnglə mükafatlandırılmışdı. O bu çələngi başına qoyub Romada keçirilən şənliklərə qatılmışdı. Həmin vaxt senatorlar da daxil olmaqla hər kəs ayağa qalxıb onu alqışlamışdı.
Ümumiyyətlə, döyüşlərdə qazandığı şöhrət Sezarın siyasi və hərbi karyera qurmasında həlledici rol oynayıb.
Mitilenanı ələ keçirdikdən sonra Sezar bir müddət Kiçik Asiyadakı Roma əyaləti olan Kilikiyada xidmət göstərir. O burada at oynadan dəniz quldurlarını məhv etmək üçün bir çox döyüş əməliyyatlarına qoşulur. M.ö. 78-ci ildə Sullanın ölüm xəbərini alan Sezar Romaya qayıdır.
Siyasi karyerada ilk addımlar
Bir il sonra iyirmi üç yaşlı Sezar Makedoniyanın keçmiş hökmdarı Qney Dolabellanın məhkəməsində ittihamçı qismində çıxış edir. Makedoniyalılar Dolabellanı hakimiyyətdən sui-istifadədə, başqalarını hədələməklə mənfəət əldə etməkdə günahlandırıb məhkəməyə vermişdilər. Bu məhkəmə işində zərərçəkənləri Sezar təmsil edirdi. Qeyd edək ki, o vaxtlar Romada hüquqşünaslar olmadığından istənilən savadlı adam ittihamçı və ya müdafiəçi kimi çıxış edə bilərdi. Məhkəmədə Sezarın çıxışı böyük əks-səda doğurdu, hətta Mark Tulli Siseron9 belə onun bu çıxışına yüksək qiymət verdi. Di gəl, Sezar məhkəməni uduzdu. Hakimlər varlı, nüfuzlu Dolabellanı müqəssir elan etməkdən çəkindilər. Lakin Sezarın nitqi unudulmadı və bir il sonra onu yenidən məhkəmədə çıxış etməyə çağırdılar. Bu dəfə o, bir zamanlar soyğunçuluqla