Hekayələr. Иван Бунин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Иван Бунин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242621 
Скачать книгу
amma bu zülmət içərisində sanki iblisin özünün mövcud olmasından ehtiyat edərək quruyub qalmışdı. Mityanın bütün varlığını sarsıdan uğultu qəflətən yenə haradasa yaxında, xiyabanın başında eşidildi, nəsə şaqqıldadı, səs-küy saldı, iblis səssizcə harasa bağın başqa bir yerinə keçdi. Orada əvvəlcə uladı, sonra da həzin-həzin, uşaq kimi yalvarışla inildəməyə, ağlamağa, qanadlarını çalmağa və iztirablı bir nəşə ilə qarıldamağa başladı, zingildədi, elə öcəşkənliklə qəhqəhə çəkməyə başladı ki, elə bil onu qıdıqlayır və işgəncə verirdilər. Mitya bütün bədəni əsə-əsə gözünü zilləyib zülmət qaranlığa baxır və diqqətlə qulaq asırdı. Lakin iblis birdən boğuldu, səsi tutuldu. Sonra da ölüm ayağındakı üzücü fəryadı ilə qaranlıq bağın sükutunu pozaraq elə bil yoxa çıxdı. Mitya bu sevgi dəhşətinin yenidən başlanmasını əbəs yerə bir neçə dəqiqə də gözləyərək sakitcə evə qayıtdı – özü də bütün gecə yuxulaya-yuxulaya mart ayında Moskvada sevgisinin iztirablı iyrənc fikir və duyğulara çevrilməsini xatırlayaraq əzab çəkirdi.

      Lakin səhər, gün doğanda, gecəki əzablarını çox tez unutdu. Onun Moskvadan müvəqqəti olaraq getməli olmasını qəti qərara alanda Katyanın necə ağladığını xatırladı, iyunun əvvəllərində onun da Krıma gələcəyi fikrindən Katyanın necə sevinclə yapışdığını, səfərə hazırlaşarkən Katyanın ona necə şəfqətlə kömək etməsini, onu vağzalda necə yola salmasını xatırladı… Mitya Katyanın fotoşəklini çıxartdı, qızın balaca, yaraşıqlı başına bir xeyli tamaşa edə-edə onun səmimi, safqəlbli baxışının təmizliyinə, aydınlığına heyran oldu… Sonra Katyaya, sevgilərinə dərin inam ifadə edən xüsusilə uzun və xüsusilə səmimi məktub yazdı, yenə də yaşadığı hər anda və sevindiyi hər şeydə daim Katyanın sevən və işıqlı surətini duyurdu, bu surət fasiləsiz olaraq onun gözləri qarşısında canlanırdı.

      Doqquz il bundan əvvəl atası öləndə necə həyəcan keçirdiyi Mityanın yadında idi. Bu da baharda baş vermişdi. Bu ölümdən bir gün sonra Mitya çəkinə-çəkinə, heyrət və dəhşətlə zaldan keçəndə atasının meyitini görmüşdü; atasını masa üzərinə uzatmışdılar; solğun iri əlləri hündürə qalxmış sinəsi üzərində çarpazlanmışdı; saqqalı qaralırdı, burnu ağappaq idi, ona zadəgan mundiri geyindirmişdilər; Mitya artırmaya çıxdı, qapının yanına qoyulmuş böyük tabut qapağına baxdı, qapağa qızılı zərxaradan üz çəkilmişdi, – birdən hiss etdi ki, dünyada ölüm vardır! Bu ölüm hər şeydə mövcud idi: gün işığında, həyətdəki bahar otlarında, səmada, bağda… O, bağa, işıqdan ala-bula rəngə boyanmış cökə xiyabanına, sonra daha gur gün işığı düşən yandakı xiyabanlara girdi, ağaclara və ilk ağ rəngli kəpənəklərə tamaşa etdi, şirin-şirin cəh-cəh vuran ilk quşların səsini dinlədi – heç nəyi də tanıya bilmirdi: hər şeydə ölüm əlaməti, zaldakı dəhşətli masa və artırmada zərxaralı uzun qapaq mövcud idi! Günəş əvvəlki kimi deyildi, nəsə ayrı cür işıq saçırdı, otun yaşıl rəngi əvvəlki kimi deyildi, hələ ancaq yuxarısı qızan bahar otlarına kəpənəklər əvvəlki kimi qonub dayanmırdılar, – heç nə əvvəlki kimi, bir gün əvvəl olduğu kimi deyildi, sanki dünyanın axırı yaxınlaşdığı üçün hər şey dəyişmişdi, baharın gözəlliyi, onun əbədi gəncliyi puç olmuşdu, acınacaqlı vəziyyət almış, qəmlənmişdi! Həm də bu, uzun çəkdi, sonra dəhşətli, mənfur, şirintəhər qoxu… yuyulmuş və bir çox dəfə havası dəyişdirilmiş evdə hələ uzun müddət, bütün bahar fəsli ərzində hiss olundu…

      Mitya indi də elə bu cür, – lakin tamam başqa bir şəkildə – vəsvəsə duyurdu: bu bahar, onun ilk məhəbbət baharı da bütün əvvəlki baharlara nisbətən tamam ayrı cür idi. Dünya yenə dəyişmişdi, yenə sanki nəyləsə, kənar bir şey dolmuşdu, lakin bu, ədavətli, dəhşətli şey deyildi, əksinə, baharın sevinci və gəncliyi ilə gözəl surətdə qovuşan varlıq, gerçəklik idi. Bu kənar şey Katya idi, daha doğrusu, Mityanın ondan istədiyi, tələb etdiyi dünyada ən gözəl şey idi. İndi, bahar günləri ötüb-keçdikcə Mitya ondan getdikcə daha çox, daha artıq tələb edirdi. İndi, Katyanın mövcud olmadığı, yalnız onun surəti, əsl olan deyil, yalnız arzu edilən surəti mövcud ikən, o sanki özündən tələb edilən həmin təmiz və gözəl xüsusiyyəti heç bir şeylə pozmurdu, həm də Mitya nəyə baxırdısa, hamısında onun varlığını gündən-günə daha canlı, daha qabarıq hiss edirdi.

XI

      Mitya buna evdə qaldığı elə ilk həftədən sevinə-sevinə inanmışdı. Onda hələ, bir növ, baharın ərəfəsi idi. O, əlində kitab qonaq otağının açıq pəncərəsi yanında oturmuşdu, kiçik bağçadakı ağ şamların və şamağaclarının gövdələri arasında biçənəklərdəki çirkli kiçik çaya, çaydan o tərəfdə yamaclardakı kəndə tamaşa edirdi: qonşuluqdakı mülkədar bağının qocaman çılpaq tozağaclarının arasında zağcalar qışqırırdılar, onlar hələ səhərdən-axşama qədər, yorulmadan, nəşəli qayğı və zəhmətdən yorğun düşmüş halda qışqırırdılar; bu zağcalar ancaq ilk bahar çağında belə bağırırdılar; yamaclardakı kəndin görkəmi hələ boz idi, adam görünmürdü; orada hələ təkcə söyüd çubuqlarını sarımtıl yarpaqlar bürümüşdü… Mitya bağa gedirdi: bağ da hələ alçaq, çılpaq idi, təkcə başdan-başa firuzə rəngli xırda çiçəklərlə bəzənmiş talalar yaşıllıq içində idi, bir də xiyabanlar boyunca akatnik yarpaqlamışdı; bağın aşağı, cənub hissəsindəki dərədə bir albalı bağı azca çiçəklənmişdi… Mitya tarlaya çıxırdı: tarla hələ boş, bomboz idi, zəmi hələ cadar-cadar idi, qurumuş tarla yolları hələ kələ-kötür və bənövşəyi idi… Həm də bütün bunlar gəncliyə mənsub çılpaqlıq idi, intizar dövrü idi, bütün bunlar Katya idi. Ona ancaq elə gəlirdi ki, guya günəmuzd işləyən gah bu, gah da digər bir iş görən qızlar, nökər otağındakı işçilər, mütaliə, gəzintilər, kəndə, tanış mujiklərin yanına getməsi, anası ilə söhbətləri, kovxa ilə (istefada olan ucaboylu, kobud soldatla) minik arabasında tarlaya yollanmalar onu yayındırır…

      Sonra yenə bir həftə keçdi. Bir dəfə gecə şıdırğı yağış yağırdı, sonra da qızmar günəş nəsə dərhal yeri isitdi, bahar özünün həlimlik və solğunluğunu itirdi, ətrafdakı göz qabağındakı hər şey gündən-günə deyil, saatdan-saata dəyişməyə başladı. Zəmiləri şumlamağa, qara məxmərə çevirməyə başladılar, tarla mərzləri yaşıllaşdı, həyətdəki göy otlar təravətləndi, səma tünd və parlaq göy rəngə boyandı, bağ çox cəld təravətli görkəmindən hətta yumşaq olan yaşıllığa bürünməyə başladı; boz yasəmən salxımları bənövşəyi rəng alıb ətir saçmağa başladı; onun tünd-yaşıl rəngli parlaq yarpaqlarında və cığırlardakı hərarətli işıq ləkələrində bir çox göyümtül metal parıltısı rənginə çalan iri qara milçəklər əmələ gəlmişdi. Alma, armud ağaclarında çılpaq budaqlar hələ görünürdü; bu ağaclarda xırda, bozumtul və xüsusilə yumşaq yarpaqlar hələ indi-indi açılmağa başlayırdı; lakin öz əyri budaqlarının şəbəkələrini başqa ağacların altında hər yerə uzatmış olan bu alma və armud ağaclarının hamısı artıq süd kimi ağ çiçəklə bəzənmişdi; həm də bu rəng getdikcə daha da artır, daha da qatılaşır və daha xoş ətir saçırdı. Mitya bu gözəl günlərdə ətrafında baş verən bütün bahar dəyişikliklərini sevinc və diqqətlə müşahidə edirdi. Lakin onların arasında Katya nəinki geri çəkilmir, nəinki itmirdi, əksinə, bunların hamısında