Hekayələr. Иван Бунин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Иван Бунин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242621 
Скачать книгу
o daha şlyapasını da, demək olar, çıxartmırdı, çətirini də əlindən yerə qoymurdu. Mityanın çarpayısında getməyə hazır halda əyləşərək ipək corablarının tarım tutduğu baldırları ilə Mityanı dəli edirdi. Yola düşməzdən və bu gün axşam da evdə olmayacağını deməzdən qabaq, – yenə anası ilə kiminsə yanına getmək lazımdır! – Katya həmişə eyni bir hərəkəti təkrar edirdi. Bu hərəkəti o, Mityanı açıqdan-açığa ələ salmaq, özünün dediyi kimi, onun verdiyi bütün “sarsaq” əzabların əvəzini çıxmaq məqsədilə edirdi: riyakarlıqla oğrun-oğrun qapıya baxır, çarpayıdan sürüşüb qalxır, ombasını onun qıçlarına toxunduraraq tələsik pıçıldayırdı:

      − Di öpsənə məni!

V

      Aprelin axırında Mitya, nəhayət, istirahət etmək üçün kəndə getmək qərarına gəldi.

      O özünə də əzab verib lap əldən düşmüşdü, Katyaya da. Həm də bu əzab ona görə daha artıq dözülməz idi ki, onun baş verməsi üçün sanki heç bir səbəb yox idi: doğrudan da, axı nə olmuşdu, Katyanın təqsiri nədir? Həm də bir dəfə Katya qəti ümidsizliklə ona demişdi:

      − Hə, yollan, yollan, daha mənim dözməyə taqətim qalmayıb! Biz müvəqqəti olaraq ayrılmalıyıq, münasibətlərimizi aydınlaşdırmalıyıq. Sən elə xarab olubsan ki, anam əmindir: sən vərəm xəstəliyinə mübtəlasan. Mən daha dözə bilmirəm!

      Mityanın kəndə yollanmaq məsələsi həll edildi. Lakin Mitya qəm-qüssədən özünü tamam itirmiş olsa da, yola düşmək ərəfəsində, hər halda, özünü az qala xoşbəxt hiss edirdi, bu onu lap heyrətə salmışdı. Yollanmaq məsələsi həll edilən kimi bütün əvvəlki duyğular qəflətən qayıtdı. Axı, hər halda, nə gündüz, nə də gecə ona rahatlıq verməyən o dəhşətli fikirlərdən heç birinə qətiyyən inanmaq istəmirdi. Ona görə də Katyanın hərəkətlərində cüzi təbəddülat əmələ gələn kimi onun nəzərində hər şey yenə dəyişdi. Katya isə artıq heç bir riyakarlıq etmədən yenə mehriban, nəvazişli və coşqun idi, – Mitya bunu özünün qısqanc təbiətinin səhvə yol verməyən həssaslığı ilə duyurdu – o, yenə də Katyagildə gecə saat ikiyə qədər qalmağa başlamışdı, söhbət etməyə yenə mövzu tapılırdı, yola düşmək yaxınlaşdıqca ayrılıb münasibətləri aydınlaşdırmaq daha artıq mənasız görünürdü. Hətta bir dəfə Katya ağladı da, – halbuki o heç vaxt ağlamırdı, – həm də bu göz yaşları qızı ona birdən misilsiz dərəcədə doğmalaşdırdı, kəskin şəfqət duyğusu qəlbini sızıldatdı, sanki Mitya nədənsə Katyanın qarşısında günahkar idi.

      Katyanın anası iyunun əvvəlində bütün yay mövsümü müddətinə Krıma yollanırdı. Katyanı da özü ilə aparırdı. Misxorda görüşmək qərarına gəldilər. Mitya da Misxora gəlməli idi.

      Mitya yığışırdı, yola düşməyə hazırlıq görürdü, Moskvada əcaib məstlik vəziyyətində gəzib-dolaşırdı, belə vəziyyət o zaman əmələ gəlir ki, adam hələ ayaq üstə gümrah dayansa da, lakin artıq nəsə ağır bir naxoşluğa mübtəla olduğunu hiss edir. Mitya iztiraba düçar olmuş, məst olmuş adam kimi bədbəxt idi, eyni zamanda özünü elə bu iztirabla xoşbəxt hesab edirdi; Katyanın bərpa olunan yaxınlığı, ona göstərdiyi qayğıkeşlik, – Katya hətta onunla yol qayışları almağa getmişdi, sanki onun nişanlısı, yaxud arvadı idi, – ümumiyyətə, onların sevgisinin ilk vaxtlarını xatırladan, demək olar, hər şeyin bərpa olunması Mityanı mütəəssir etmişdi. Mityanın ətrafında nə var idisə, hər şey – evlər, küçələr, küçələrdə piyada və miniklə gedən adamlar, daim bahar fəsli kimi tutqunlaşan hava, toz və yağışın qoxusu, döngələrdəki hasarın arxasında çiçək açan qovaqların müqəddəs qoxusu ona elə bu cür təsir bağışlayırdı. Hər şey ayrılıq kədərini, yay mövsümündə ümidlə yaşamaq, Krımda görüş nəşəsini xatırladırdı, orada artıq heç nə mane olmayacaq və hər şey həll ediləcəkdir (baxmayaraq ki hər şeyin nədən ibarət olduğunu o bilmirdi).

      Yola düşən gün Protasov xudahafizləşməyə gəldi. Gimnaziyanın yuxarı sinif şagirdləri və tələbələr arasında özünü sadəlövhcəsinə – qaşqabaqlı masqaraçı göstərmək, dünyada hamıdan təcrübəli, yaşca böyük görkəm almaq ədasını mənimsəyən gənclərə az təsadüf olunmur. Mityanın ən yaxın dostlarından biri olan Protasov da belələrindən idi; onun yeganə həqiqi dostu Protasov Mityanın sirr verməyən lal-dinməz olmasına baxmayaraq, onun sevgisinin bütün sirlərindən xəbərdar idi. O, Mityanın çamadanı bağlayan zaman əllərinin əsməsini gördü, sonra qəmli bir müdrikliklə gülümsəyib dedi:

      − Siz saf uşaqsınız, bağışla məni, Allah! Bütün bunlarla birlikdə, mənim tambovlu əziz Verterim, hər halda, bunu başa düşməyin vaxtıdır ki, Katya hər şeydən əvvəl təbiətin ən tipik bir qadınıdır, odur ki polismeyster özü də bu cəhətdən heç nə edə bilməz. Sən mahiyyət etibarilə kişi olduğun üçün divara dırmaşırsan, onun qarşısında nəsli davam etdirmək kimi yüksək instinkt tələbi irəli sürürsən, həm də, əlbəttə, bütün bunlar tamamilə qanunidir, müəyyən mənada hətta müqəddəsdir. Sənin bədənin, Herr Nitsşenin ədalətli olaraq buyurduğu kimi, yüksək idrakdır. Lakin o da qanunauyğundur ki, bu müqəddəs yolda sən özün boynunu sındıra bilərsən. Axı heyvanlar aləmində elələri var ki, onlar özlərinin ilk və sonuncu məhəbbət aktı üçün canlarından keçməli, özlərini qurban verməlidirlər, bu hətta onların alnına yazılıb. Lakin bu alınayazılma, yəqin ki, sənin üçün lap da məcburi olmadığına görə ayıq ol, özünü qoru. Ümumiyyətlə, tələsmə. “Yunker Şmit, şərəfim haqqı, yay qayıdacaqdır!” Dünya yaxşılardan xali deyil, var-yox təkcə Katya deyil. Sənin çamadanı boğmaq səyindən görürəm ki, sən bununla qətiyyən razı deyilsən, bu var-yox sənin üçün olduqca əzizdir. Onda istəmədiyin məsləhət üçün məni bağışla, – qoy müqəddəs Nikola öz əshabələri ilə birlikdə səni hifz etsin!

      Protasov Mityanın əlini sıxaraq gedəndən sonra, Mitya yastıqla adyalını qayışlarla sıxıb bağlayanda, həyətə tərəf açıq olan pəncərəsindən, üzbəüzdə yaşayan, nəğmə oxumaq öyrənən və səhərdən axşamadək məşq edən tələbə səsini yoxlayaraq hayqırmağa, “Azra”nı2 oxumağa başladı. Elə bu dəm Mitya qayışları necə gəldi, tez-tələsik bağladı, papağını qapıb Katyanın anası ilə xudahafizləşmək üçün Kislovkaya yollandı. Tələbənin oxumağa başladığı nəğmənin motivi ilə sözləri onun daxilində elə israrla səslənib təkrar olunurdu ki, Mitya nə küçələri görürdü, nə də qarşıdan gələn adamları, son günlərə nisbətən daha artıq dalğın vəziyyətdə yeriyirdi. Doğrudan da, belə çıxırdı ki, dünyada varsa da, yoxsa da – elə odur, yunker Şmit tapança ilə özünü öldürmək istəyir? Daha nə etməli, bir halda ki dünyada təkcə odur, qoy olsun, – deyə Mitya fikirləşib sonra yenə nəğmə barədə düşündü. Nəğmədə deyilirdi ki, sultanın bağda gəzinən və “öz gözəlliyi ilə işıq saçan” qızı bağda qara köləni qarşılayır, “ölü kimi solğunsifət” kölə fəvvarənin yanında dayanmışdı; sultanın qızı bir dəfə kölədən soruşur: sən kimsən, haradan gəlibsən, kölə məşum tərzdə, lakin itaətkarlıqla cavab verməyə başlayaraq məhzun sadəliklə deyir:

      – Məhəmməd deyərlər mənə…

      Sonra da sözünü təntənəli-facianə


<p>2</p>

Azra” – P.İ.Çaykovskinin H.Heynenin “Azra” şeirinə yazdığı romans