– Əvvəlki iş yerinizdən niyə çıxmısız?
Əməkdaşların içindən səslənən sual varlığım barədə ilkin məlumatın öyrənilməsi cəhdi kimi anladım.
– Əvvəlki iş yerim olmayıb, əmək fəaliyyətimə sizinlə başlayıram, çox mehribansız, elə səmimi, elə sevimlisiz ki, ürəyim gedir sizinçün.
“Ürəyim gedir sizinçün” bir az düşük çıxdı, həm də belə bambılılığın məndən çıxmasına təəccübləndim. Digər tərəfdən qoyun olmağıma hesablanan taktikanı çevikliklə tətbiq etməyimdən sevindim. Bununla da fizionomiyama qıcıqlananlar, vücudumu parçalamağa hazırlaşanlar yumşalsın ki, “bu, elə də ciddi rəqib deyil, hərdənbir sancarıq, vəssalam”. Həm də bu bambılının onların hakimiyyətlərini qəbul etməsi üçün köhnə, sınanılan üsuldan istifadə olunmuşdu. Gözlərini bir-birinə bicvari oynatmaları, sakitcə oturub işlərinə davam etmələri, bığlı əməkdaşın yaşlı laborantın qulağına “zəifdir” pıçıldaması, gələcəkdə səhnələşdirmək istədikləri tamaşaları müvəqqəti təxirə saldı.
Yalnız Adilə gözlərimdə ümid axtarırdı, tapanda sol gözünü yenə mikroskopun obyektivinə söykəyib, Demis Russosun “Goodbye, My Love, Goodbye" mahnısından mızıldanırdı, hələlik ardımca edilən söhbətlərə təkan vermir, hərdən “yaxşı oğlana oxşayır” deməklə, qeybətləri xırpdan kəssə də, bir şey alınmırdı. Otaqdan çıxıb yanaqlarını çuğundurla qızartmaq üçün ayaqyolu güzgüsünün qarşısına gedəndə qeybətlər təzədən qızışırdı. Ah, Adilə! İnan ki, yeməkləri necə yaxşı bişirməyin, təmizkar olmağın, işə başıaşağı gedib başıaşağı qayıtmağın, ailə quracağın təqdirdə qayınatanla-qayınananın hörmətini tutacağın, gələcək övladlarına yüksək təhsil verəcəyin barədəki mühazirələrindən bezmişəm. Heç olmasa ayaqqabının qaxaca dönən palçığını qopar, iş masasının tozunu al, yeməkdən sonra mikroskopun obyektivinə yaxılan yağlı ləkələri sil. Sənə qulaq asmalıyam, hələlik bunu etməliyəm, yeganə ümidim sənsən.
İşə beş dəqiqə gecikməyim və sahibkarların az qala Fransada burjua inqilabını təkrarlayıb, hirslərindən “İnternasional” ifa etmələri gop olsa da, toksikologiya laboratoriyasına yeni tamaşa əhvalı gətirmişdi. Gözlərdən “aha, maraqlı olacaq”, “indi yeni əməkdaşın sütunlarının möhkəmliyini yoxlayarıq” məramlarını altıaylıq körpə də bilərdi. Bunları neçə illərdən sonra nəql edirəm, ilk iş yerimdən, onda o məramları gözlərdən oxumağı bacarmırdım.
* * *
– Kiçik Xaqanın alnını ovuşdurması əsən əlini bir-birinə sürtməsi ilə nəticələndi, – deyə ölməz saydığım gülümsər sifətli laboratoriya müdiri Tibet kahinliyini davam etdirir, gözlərini yumub pıçıldayırdı, – Kiçik Xaqan sərkərdəyə ümid dolu gözlər bəxş edə bilmirdi. Böyük Xaqanın elində isə adamlar qaynaşırdı. O, xalq toplantısını çağırıb müharibə olacağını, sabah ordunu Kiçik Xaqanın üzərinə yeridəcəyini hayqırdı, əsgərlərə silahları təmizləməyi, azuqə götürmələrini tapşırdı, sərkərdələrə “yalnız qələbə” əmrini verdi, yüngül əxlaqlı qadınlara döyüş ərəfəsində döyüşçülərlə əylənmələrinə etiraz etmədi. Kiçik Xaqanın elində isə qəm-qüssə hökm sürürdü. O, ellilərinə qəmgin gözlərlə baxır, bu yurda ölümün gələcəyini deməyə cəsarəti çatmırdı. Söyləyə bilmirdi ki, ölkə xarabalığa dönəcək, üstündə bayquşlar ulayacaq.
Bu dəfə Kənd Təsərrüfatı Nazirliyinin texniki inventarlar şöbəsindən edilən zəng onu kahinlikdən döndərdi, rəvayətini yarıda kəsdi.
Müşahidələrim doğrulurdu. Müdirə nəsə deyilib, o da fürsət anlayışından kifayət qədər yararlanmaq istəyir. Maraqlı məqam ondan ibarətdi ki, əməkdaşlar nəzərlərini məndən çəkmir, gülümsər gözlərlə hərəkətlərimi izləyirdilər. Əlbəttə, dünyanı basan sel-daşqınlardan, yaxud iki hündürmərtəbəli binanın çökməsindən sonra möhtəşəm siyasi dəyişikliklərin fonunda adi bir laborantın işə beş dəqiqə gecikməsi çox kiçik, hətta amöb boyda hadisədir, amma elə dünyanı çaxnaşdıran məsələlər kiçik şeylərdən başlayır, inkişaf etdirib partladır.
İlk narahatlıq Adilədən gəldi, həyəcanla “məni evəcən ötür, sözüm var” deməsi ilə, əslində, mövzuya açar rolunu oynamaq istədi, deyəsən, alındı. Yolboyu yalnız pıçıldayırdı.
– Sənin beş dəqiqə gecikməyinə görə laqqırtı vurub siqaretlərinə qonaq olduğun qadın həmkarların yaman müzakirə açmışdılar.
– Onlarla elə-belə laqqırtı vururdum, başqa səbəb yoxdur.
– Bilmirəm niyə onlarla oturub-durursan, onu bil ki, nəzarətdəsən, deyəsən, müdirə çatdırıblar.
Müdirin beş dəqiqə gecikməyimdən xəbər tutması, yaxud tutmaması faciə deyildi, “bir də gecikmərəm” söyləyib üzrxahlıqla boynumu bükərdim. Sadəcə, məsələnin şişirdilməsi təəccüblü görünürdü.
Adilənin müşahidələrinin zənginliyi hər kişidə qorxu hissi oyadıb siçan deşiyini satın aldırardı. Məhz özünü ağıllı göstərməsi oğlanların hələ gənclik illərindən ondan qaçması ilə nəticələnmişdi. Kişilərin genetikasında – əlbəttə ki, çoxlarının – özünü ağıllı göstərən qadınlara yer yoxdur. Özü də bu qız hansı ağılla özündən on altı yaş kiçik gəncə ümid edir, xəyalında barmağını uzadıb nişan üzüyü taxdırır, anlamırdım. Əslində, o yaşda doğacağı da şübhə altında idi. Göylərin işinə qarışmıram. Nə desən, olar.
Xarici şirkətlərin əməkdaşlarından öyrəndiyim süni gülüşü sifətimə qondurdum. O, yenə də pıçıldayırdı.
– Məndən arxayın ola bilərsən, müdafiə dəftərimdə adın birincidir. Müdir soruşsa “yeni əməkdaş niyə gecikib”, deyəcəyəm ki, “yeni əməkdaş vaxtında gəlmişdi, qəfildən çöl qapısının ağzında qoruqçunun gicgicə söhbətinə tuş gəldi”.
– Birdən qoruqçunu çağırıb “niyə yeni əməkdaşı söhbətə tutmusan ki, o da içəri girməyə gecikib?” soruşsa?
– Soruşsun da. Qoruqçu inkar edər, biz də danışığını kəsib qışqırarıq ki, “utanmırsan, ağsaqqal yaşında yalan danışırsan?”
Əslində, qoruqçunun üzünə durmaq gələcək fəaliyyətimə ziyanlıq törədərdi. Bunu görən qoca heyfini çıxardı. İşə geciksəydim, qapını bağlayıb deyərdi ki, “daxili telefonla müdirə zəng edin, qapını açım”. Bununla da rahatlıq tapar, qocalığında günah əmələ imza atar, həm də təcrübəli olmasını nümayiş etdirərdi.
Qoruqçu vaxtilə neft buruqlarında istifadə edilən boruların istehsalı zavodunun direktoru işləyəndə əlləri pulla oynayarmış. Ölkənin neft-qaz sektoru Qərb standartlarına keçəndə ingilislər belə boruların keyfiyyətsizliyini bəhanə gətirib kişini yola salıblar. İki yüz nəfər kollektivi olan müəssisəni bir müddət bağlayıblar. Təbii