Tomris Xan . Əhməd Haldun Dərzioğlu. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Əhməd Haldun Dərzioğlu
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Atının tərkində daşıdığı yoldaşını burada endirib, göylərə göndərib.

      Hər səfərində gözləri dolur. Olanları yenidən yaşayır.

      – Bax, atı Akayla birlikdə məhz buradan atlayıb müqəddəs çaya!

      O dağın yamacında o müqəddəs çayın səsini dinləyir. Çay ona hər gün yenidən danışır baş verənləri, sonra da əlavə edir:

      – Belə igid daha gəlməz dünyaya!

      – Gəlməz! – deyə cavab verir.

      – Gələ bilməz! – deyə təsdiq eşidir.

      Ancaq soyu yaşayır. Saklara başçılıq edir. Xalqını ucaltmaq üçün çırpınır, kökü Göy üzünə bağlı soylarına layiq olmaq üçün.

      Alp xandır bu.

      Sakların xaqanı Alp xan.

      Sakların başında o var indi. Müqəddəs vəzifə onundur.

      İsıkkul gölü yaxınlarındakı Ordu şəhəri sakların mərkəzi şəhəridir. Əvvəlki ecazkarlığı qalmasa da, bu müqəddəs şəhər Alp Ər Tonqanın əmanətitək hələ də mərkəz kimi qalır. Dinc əhalisi çox olsa da, şəhər düşmənlərin hücumuna qarşı həmişə şücaətlə dayanıb, müqavimət göstərib, qorunub.

      Alp xan daim Ordu şəhərində qalmır. Köçərilik həyatını davam etdirmək üçün obasını uyğun yerlərdə qurur. Var olmaq üçün bu cür yaşayır.

      Düşmənləri güclənib. Dörd tərəfdən hücum edirlər. Sanki sakları yox etmək üçün and içiblər.

      Ən böyük təhlükə yenə də Cənubdan – İrandan gəlir. Sonsuza qədər uzanacaq kimi görünən Turan-İran savaşları davam edir.

      İran hökmdarı, pis niyyətli Keyxosrovun Alp Ər Tonqaya qarşı etdiyi haqsızlıq unudulmayıb. Əlbəttə, bunun qisası alınıb, ancaq əhalisinin və ordusunun sayı çox olan İran düşmənçilikdən əl çəkməyib.

      Xanədanlar dəyişdi, İran taxtı dəfələrlə nəsildən-nəslə ötürüldü, lakin düşmənçilik və məkrli siyasət öz yerində qaldı. Dövlətin adı dəyişsə də, Turan xalqına qarşı düşmənçiliyi olduğu kimi qaldı. Əllərinə keçən hər fürsətdə hücum etdilər. Sak yurdunu ələ keçirmək, sakları yox etmək üçün oyun üzərinə oyun qurdular. İşlətdikləri hiylələrlə hər zaman saklar üçün təhlükə yaratdılar.

      İndi İran-fars dövlətinə Əhəməni xanədanından olan hökmdarlar hakimlik edir.

      İranda hökm sürən dövlətin adı fars dövlətidir.

      Əhəməni xanədanı fars mənşəlidir.

      Hökmdarları isə Kirdir.66

      Ağ Şamana buraya gəlmək və burada qalmaq vəzifəsi tapşırıldı. Zaman keçdikdən sonra buralar onun üçün elə doğma yurd oldu. Artıq başqa yerlərə getməyi ağlından belə keçirmədi. Haqqın dərgahına buradan qovuşmaq, müqəddəs amal uğrunda vuruşaraq buradan Tanrı qatına yüksəlmək istəyirdi.

      Bura onun üçün çox dəyərli yurd olmuşdu. Ruhu burda nəfəs alırdı. Bu torpaqları anlayırdı. Bu torpaqlarla danışır, onları dinləyirdi. Dərdlərini, sıxıntılarını paylaşırdı. Hər gün yenidən yaşayırdı baş verənləri. Çünki nə baş verirdisə, hamısını torpağa, daşa, suya danışırdı. Yurda olan sevgisi onu bu torpaqlara çox bağlamışdı.

      “Yer üzü bilir ki, Alp Ər Tonqa gəlmiş-keçmiş ən müqəddəs döyüş əri, igidi kimi davasını bu torpaqlarda apardı. Bu torpaqlarda vuruşdu yağı düşmənlərə qarşı. Onlarla ox, qılınc yarası aldı. Ancaq yıxılmadı, təslim olmadı. Atının üstündən enmədi. Yıxa bilmədilər onu. Buradan atıldı müqəddəs çaya. Buradan yüksəldi müqəddəs Göyə! Qanı bu torpaqlarda axdı. İndi də müqəddəs ruhu ziyarət edir bu torpaqları, unudulmadığını duymaq üçün.

      Alp Ər Tonqa. Tanrının müqəddəs, igid xanı”.

      Ağ Şamanın astanası gündoğana tərəf böyük çadırı var idi. İnancına və adətlərinə əsasən girişi alçaq idi. Hər dəfə çıxarkən günəşi salamlamaq üçün.

      Günəş doğarkən çadırından çıxıb üç dəfə əyilib qarşılardı onu:

      – Müqəddəs şüalarını üzərimizdən əksik etmə!

      O günəşi heç vaxt yatdığı yerdə qarşılamazdı. Günəşin şüaları yer üzünü işıqlandırdığı anda ayaq üstə olardı. Günəş hər gün səhər Ağ Şamanı ayaq üstə salamlayardı.

      Qış günəşi buludların arasında gizləndiyi zamanlarda belə, o, günəşin doğuş vaxtını bilir və gəlişini ayaq üstə gözləyirdi. Gözləmək məcburiyyətindəydi. Gün də, işlər də, müqəddəs amallar uğrunda mübarizə də məhz o zaman başlayırdı.

      Bəzən ziyarətçiləri olurdu Ağ Şamanın. Yurdunun igid ərləri, ata dostları, dərdinə dərman diləyənlər, yolu düşüb gələn yolçular. Hamısı ilə bir-bir maraqlanar, danışar, dərdləşərdi. Ziyarətə gələn igidlərə Alp Ər Tonqa və onun döyüş meydanındakı şücaətlərindən geniş söhbət açardı.

      Bəzən də onu çağırardılar. Ehtiyacı olub gələ bilməyənlər ta uzaqlardan onu yanlarına səsləyərdilər. Yalnız göndərənin və xəbər alanın xəbərdar olduğu çağırışlar idi bunlar.

      Nadir hallarda isə atlı xəbər daşıyanlar onu ziyarət edər, müxtəlif ismarıclar gətirərdilər.

      Tanrı vergilisi, Tanrının qüdrətilə eyni yolu seçmiş, bu yolla irəliləmək məcburiyyətində qalan oğlu da ildə bir-iki dəfə gəlib onu ziyarət edər, danışılası bəzi mühüm məsələlər haqda danışar, məsləhət alardı.

      Xoşbəxt yaşadıqları zaman idi Ağ Şamanın.

      Müqəddəs Göy üzü adamı Ağ Şaman.

      Sakların hörmətli Şamanı.

      Ağ geyiminə və ağ bənizinə görə aldı bu adı. Cavanlığında – hələ saçına, saqqalına ağ düşməzdən əvvəl ağ rəngə olan sevgisinə görə, “Ağ Şaman” deyə çağırdı xalq onu. Qocaldıqca Ağ Şaman oldu.

      Ağ rəngə olan sevgisini yuxuya bağlayır Ağ Şaman.

      Şaman olan atası hər zaman Tanrıya dua edərdi. Oğlunun şaman olmaması üçün dua edərdi. Çünki onun sadə insan kimi yaşamasını istəyirdi.

      “Mənə verdiyin yükü oğluma vermə. O, sadə insan, adi döyüşçü kimi yaşasın. Ruhlar uzaq olsun ruhundan. Nə olursa-olsun, onu narahat edəcək sıxıntılar yaşamasına icazə vermə!”

      Müqəddəs Göy üzü igidi olmaq çox çətin vəzifədir. Şaman olmaq üçün şaman soyundan gəlmək lazımdır. Ona görə də oğlunu şaman kimi görmək istəmirdi. İstəmirdi, çəkdiyi sıxıntıları çəksin, onun kimi yaşamaq məcburiyyətində qalsın. Oğlu anlayacaq yaşa gələnə qədər bunun nə demək olduğunu başa düşməzdi.

      Çox davam etmədi. Altı bahar gördüyü çağlarda, birdən-birə başqalarından fərqli olduğunu anladı. Səslər eşitməyə, kölgələr görməyə başladı. Əlbəttə, bir də sonu gəlməz qorxular. Daxilindən gələn gücü hiss edib hələ başlanğıcda pis ruhlar ona hücum edirdilər.

      Şaman atası baş verənləri gördü. Anladı ki, oğlu