Onlar da vəzifələrini yerinə yetirdilər. Allaha və yaradılış qayəsinə xidmət etdilər.
Çöllərin sahibləri…
Çöllərdə qorunan, çölləri qoruyan qəhrəman və igid xalq – saklar.
Zamana hökm edən Tanrı Sak xalqına səlahiyyət verdi ki, adət-ənənəsini igidlik və ədalət üzərində qursun. Onlar da Tanrıya boyun əyib buyurduğunu etdilər. Yaradıldıqları məqsədlər naminə yaşamağa başladılar. Düşmənlər onları yox etmək üçün hücum edəndə Sak döyüşçüləri hər zaman hazırlıqlı oldular.
Ordu xalqın içərisindən çıxmış igid döyüşçülərin hesabına həmişə yağı düşmənlərin hücumlarının qarşısını aldı. Yoxedilməz olduğunu, boyunduruq, əsarət altında yaşaya bilməyə-cəyini sübut elədi bütün xalqlara.
Çöllər sahiblərini qorudu, onları həmişə qoynunda saxladı. Yer üzü onların varlığı ilə şərəf duydu. Tanrının əmri ilə hökm etdilər.
Yer üzü var olduqca hər zaman hökm edəcəklər də!
Dünya, Cahan var olduqca.
Ağ Şaman
Sanki yerinə yapışmışdı. Qoparmaq mümkün deyildi. Tanrıdan əmr gəlib ölümə qovuşana qədər.
Qeybdən səs eşitmiş, müqəddəs amal uğrunda mübarizə aparması üçün ona şərəfli iş tapşırılmışdı. Bunu anlamaq heç də asan deyildi. Qeybdən gələn səslərin xüsusi dili, elmi var.
Sonda tapa bilmişdi ona səslənən bu müqəddəs çağırışların işarəsini. Əlbəttə, çox çətinlik çəkmiş, günlər, gecələr boyu davam edən sıxıntılar yaşamışdı. Ona yer bildirilmiş, oranı tapması, orda qalması buyurulmuşdu. Səbəbini soruşmadan qəbul etmişdi. Axtarmağa başlamışdı deyilən yeri. İşarələri izləmək vaxtını çox almışdı.
İlk dəfə gələndə çaşqın idi. Anladıqda isə az qala huşunu itirəcəkdi, güclə özünü ələ almışdı. Dastana mövzu olan, qorunmalı torpaqlar ona əmanət edilmişdi. Çox çətin vəzifə idi.
Müqəddəs torpaqlara yerləşmişdilər, köçərilik həyatı, gəzmələr sona çatmışdı. Halbuki, gəzməyi çox sevirdi.
Atadan oğula əmanət edilən bu müqəddəs vəzifəni daşımaq və davam etdirmək məcburiyyətində qaldığından heç cür yurd salmaq üçün yer bəyənə bilməmişdi. Demək olar ki, Sak yurdunun hər yerini, gedilməsi çətin olan uzaq torpaqları belə gəzmişdi.
Gəzmiş, görmüş, öyrənmişdi.
Get-gedə kiçilən, sərhədləri daralan Sak yurdu xəyalındakılarla üst-üstə düşməmişdi heç cürə. Keçmişdə saklar haqqında danışılanlarla indi sahib olduqları arasında çox böyük fərqlər görüb kədərlənmişdi. Tanrıya sığınmış: –“Əlbəttə, ən yaxşısını Sən bilirsən, Sak xalqı üçün ən gözəlini verəcəyinə əminəm! Əmrin müzakirə olunmaz!” – deyib qəbul etmişdi bu qisməti. Ancaq gələcəklə bağlı ümidləri ölməmişdi hələ də.
Bir vaxtlar yurd etdikləri torpaqların böyük hissəsini tərk etmiş olsalar da, bir gün yenidən güclənəcəklərini, onları geri alacaqlarını düşünərək bu ümidlə yaşamaqdadır saklar. Hər şey inanmaqla başladığı üçün övladlarına tarixlərini, keçmişdəki igidliklərini davamlı olaraq danışarlar. Bu gün əllərində olanın əslində ola biləcəklərdən daha az olduğunu dayanmadan təkrarlayar yurdun sərhədlərinə işarə edərlər.
“Gündoğanda Tanrı dağlarının o biri tərəfindən, günbatanda Xəzər dənizini keçdikdən, Qaf dağlarını aşdıqdan sonra, Günəş ölkəsini, Anadolu torpaqlarını böyük dənizlə qucaqlaşdıran o uzaq torpaqlara qədər bizimdir”44, – deyərlər.
“Bizim idi” deyil, “Bizimdir!”
Böyük Turan yurdu olmasa da, sahiblənmək və bir gün yenidən oralara hökm etmək üçün xəyal qurarlar.
“Bizimdir!”
Adını ulu əcdadları “Tur xan”dan alan bu torpaqlar “Turan eli” kimi anılır.
Dünən həqiqət idi Turan, bu gün arzudur, ancaq sabah yenidən qurulacaq müqəddəs ölkədir!
Xəyaldır. Xəyallar isə qurulub. Baxıb görmək asandır artıq. İnsandan asılıdır. Görmək istəyən mütləq görər o müqəddəs ölkəni. Birlik, bərabərlik üçün bu ölkəyə sahib olmağı arzulayar.
Gözlər günbatanda, Turanın son sərhəddi kimi göstərilən, mavi rəngini Göy üzündən alan dənizi görməyə çalışar. Dalğaların sahillərə çırpılmasının səsini eşidər: “Turan”.
Tanrı dağlarından çox-çox uzaqlardan başlayıb.
Sərhədləri yoxdur, əslində!
Sonsuzluqdan sonsuzluğa uzanar.
Onu bu arzularla yetişdirdi atası, babasının atasını yetişdirdiyi kimi. Zamanı gələndə müqəddəs vəzifəsini yerinə yetirmək üçün yola çıxmazdan əvvəl bu əmri aldı:
– Hər yerdə bu haqda danış. Unutma, unutdurma! Unudan bizdən deyil. Unutduğun gün artıq yaşama. Çünki o zaman sən sən deyilsən.
O da zamanı gələndə bu müqəddəs amal üçün yola saldığı övladına həmin şərəfli vəzifəni əmanət edəcək.
İdeallar ancaq bu cür yaşadılır.
Buraya gəlib yurd salana qədər bu torpaqları gəzməliydi. Görməyi, öyrənməyi lazım idi. Başqa yolu yox idi.
Gəncdir!
Yerində dura bilməzdi. Üzərinə götürdüyü məsuliyyət onu rahat buraxmayacaqdı.
Evindən, xanımından, obasından ayrılmaq məcburiyyətində idi. Ürəyində yanan alovun işarəsiylə yola çıxmalı idi. Zaman getdi, dolanıb geri qayıtdı.
Sonra yenə, yenə…
Əvvəllər təkbaşına, sonra oğlu böyüyüncə onunla birlikdə.
Onu böyütdükdən, öyrənməsi lazım olanları öyrətdikdən sonra bir daha obasına geri qayıtmadı. Əmri alan kimi gəlib bura yetişdi. Buranı təkbaşına yurd seçdi özünə.
Oğlunu yola saldı.
– Çıx get! Bundan sonra nə sənin mənə, nə də mənim sənə ehtiyacım var. Ancaq yer üzünün sənə, mənim isə burda qalmağıma ehtiyacı var. Çıx get.
Atlara marağı olduğu üçün “Atlı Şaman” adını alan oğlu ata əmrini yerinə yetirmək üçün yollara düşdü.
Ağ Şaman buranı seçdi.
Atlı Şamana isə gəzmək, araşdırmaq tapşırıldı.
Tanrı Ağ Şamana bu torpaqları işarə etmişdi. Çünki Sak döyüşçüləri lap qədim zamanlardan gələn dastanın işığını daşıyır ürəklərində. Yer üzünə göndərilmiş, bənzərinə rast gəlinməyəcək Tanrı hədiyyəsi olan igid döyüşçünün dastanıdır bu.
Alp Ər Tonqa. Sakların ulu xaqanı.
İgidlərin igidi, xanların xanı,