Amerika faciəsi . Теодор Драйзер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор Драйзер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ovçu meşədə ona rast gələrkən, həmin gəncin başında həsir şlyapa olduğunu görüblər. Kapitanın dediyinə görə çox gözəl oğlandır. Yaxşı boy-buxunu var, şıq geyinmişdir, zahirən yüksək cəmiyyətə məxsus adama oxşayır. Paroxodda adamlardan gen gəzirmiş.

      – Yaxşı, çox yaxşı, – deyə Meyson qeyd etdi.

      – Mən Erlə tapşırdım ki, Şeyrona zəng edib, hər kimdən mümkündürsə, orada belə bir adamı görən olub-olmadığını soruşsun. Amma, görünür, orada onu görüb, – yadında saxlayan yoxdur, – hər halda, dünən axşamadək, mən oradan yola düşənədək bu barədə heç bir məlumat yox idi. Lakin mən sərəncam verdim ki, Erl teleqraf vasitəsilə həmin gəncin zahiri əlamətlərini bütün buradakı mehmanxanalara, yaylaq yerlərinə və dəmiryol stansiyalarına xəbər versin, buna görə, o hələ bizim tərəflərdədirsə, izinə tez düşəcəklər. Mən bu fikirdə idim ki, tədbirlərimi bəyənəcəksiniz. İndi isə, əgər siz mənə order versəniz, mən həmin çamadanı Qan-Lodj stansiyasından alıb, sizə gətirərəm. O çamadanda bizim işimizə yarayan şeylər ola bilər. Çamadanı gətirmək üçün mən özüm ora gedə bilərəm. Bundan başqa, əgər macal tapsam, mən elə bu gün Qrass gölünə, üçüncü mil Buxtasına və Şeyrona baş çəkmək istəyirəm. Baxım görüm, orada daha nə kimi şeylər aydınlaşdırmaq mümkündür. Ancaq mən əminəm ki, Orvil, bu açıqdan-açığa cinayətdir, qətldir. Özünüz fikirləşin, o cavan, qızı əvvəlcə Qrass gölü yaxınlığındakı mehmanxanaya gətirmişdir, sonra isə Biq Bitern gölünə gəlmişdir və hər dəfə özünü müxtəlif adlarla yazdırmışdır. Bundan başqa, o öz çamadanını özü ilə bərabər götürərək, qızın çamadanını stansiyada qoymuşdur. – Bunu söylərkən, Xeyt mənalı bir halda başını yırğaladı. – Siz özünüz başa düşürsünüz ki, Orvil, düz adam bu cür hərəkət etməz. Təkcə bir şeyi başa düşə bilmirəm ki, qızın ata-anası, adamın kim olduğunu bilmədən, öz qızlarının onunla çıxıb getməsinə nə cür yol vermişlər.

      – Doğrudur, – deyə Meyson nəzakət gözləyərək müstəntiqlə razılaşdı. Prokuror həris bir maraqla, həmin qızın, göründüyü kimi çox da nöqsansız bir əxlaqa malik olmadığı haqda düşünürdü. Yəqin qız, o gənclə qeyri-qanuni əlaqədə imiş! Özü də, yəqin ki, o gənc cənubdan gəlmiş zəngin bir şəhərli imiş. İndi Meyson bu işlə əlaqədar olaraq nə qədər böyük bir şöhrət qazana bilər və görkəmli bir mövqe tuta bilərdi! Meyson özündə yeni bir qüvvət hiss edərək, coşqun bir hərəkətlə ayağa qalxdı. Bircə o cinayətkar yaramazı tuta bilsəydi! Belə qəddarcasına bir qətl, əlbəttə, sonsuz bir qəzəb doğuracaqdı. Qarşısında isə avqust konfransı və namizədlərin irəli sürülməsi məsələsi vardı. Sonra isə, payızda seçkilər başlanacaqdı!

      – Allah mənə qənim olsun ki, mən bu işi belə qoymayacağam! – deyə Meyson səsləndi, dindar və təmkinli bir adam olan Xeytin yanında prokuror daha qəliz bir ibarə işlətməkdən çəkindi. – Biz, lap yəqin, çox ciddi bir şeyin izinə düşmüşük, Fred. Mən buna əminəm. Məncə, bu çox pis əhvalatdır, – ən alçaq bir cinayətdir. Məncə, hər şeydən əvvəl telefonla Bilts şəhərinə zəng edib, orada Oldenlər ailəsinin yaşayıb-yaşamadığını və onların məhz harada olduqlarını öyrənmək lazımdır. Avtomobil ilə gedilsə, Bilts şəhərinə cəmisi əlli mil məsafə var, bəlkə də bundan azdır. Amma yol çox pisdi, – deyə Meyson əlavə etdi. – Yazıq qadın! Doğrusu, mən onunla görüşməkdən qorxuram. Əlbəttə, bu çox ağır səhnə olacaqdır…

      O, Zillanı çağıraraq, ondan Bilts şəhəri ətrafında Taytus Olden adlı birisinin yaşayıb-yaşamadığını və onu nə cür tapmaq mümkün olacağını öyrənməyi xahiş etdi. Sonra Meyson əlavə etdi:

      – Amma, əvvəlcə Bertonu bura çağırın (prokurorun köməkçisi olan Berton Berley şənbə və bazar günləri iki günlüyə şəhər kənarına getmişdi). Əgər bir sərəncam vermək və yaxud başqa bir şey etmək lazım gəlsə, o sizə kömək edə bilər, Fred, mən isə o bədbəxt qadının yanına gedirəm. Bir də, Erli o çamadanın dalınca göndərsəniz, sizə çox minnətdar olardım. Mən isə qızın şəxsiyyətini müəyyən etmək üçün onun atasını buraya gətirərəm. Ancaq mən qayıdıb gələnə qədər nə məktub barəsində, nə də mənim Bilts şəhərinə getdiyim barədə heç kəsə bir söz deməyin, başa düşürsünüzmü? – Meyson dostunun əlini sıxdı. – İndi isə, – deyə prokuror artıq, gələcək böyük hadisələrdə öz rolunu fikrindən keçirərək, bir qədər təşəxxüslə sözünə davam etdi: – Mən sizə təşəkkür etməliyəm, Fred. Mən sizə çox minnətdaram və inanın ki, bunu heç vaxt unutmayacağam. – Meyson öz köhnə dostunun düz gözlərinə baxdı – Bu məsələ bizim üçün, güman etdiyimizdən daha yaxşı bir nəticə verə bilər. Mənə elə gəlir ki, bütün xidmətim ərzində, bu, mənim rast gəldiyim ən böyük və ən ciddi bir işdir və əgər biz payızdakı seçkilərə qədər bu işi tez və müvəffəqiyyətlə başa çatdıra bilsək, bunun bizim hamımıza çox böyük xeyri dəyəcəkdir, siz nə fikirləşirsiniz?

      – Doğrudur, Orvil, tamamilə doğrudur, deyə Xeyt razılaşdı. – Mən özüm bayaq sizə dedim ki, məncə, siyasəti belə işlərə qarışdırmaq lazım deyil, lakin madam ki, belə bir şey öz-özlüyündən meydana çıxır… – müstəntiq fikrə gedərək susdu.

      – Hələlik, – deyə prokuror sözünə davam etdi. Erlə tapşırın ki, foto aparatla bir neçə şəkil çəkərək, qayığın, avarların, şlyapanın harada tapıldığını, suda boğulan qızın gölün harasından çıxarıldığını dürüst olaraq təsbit etsin. Həm də mümkün qədər çox şahid çağırın. Mən auditorla danışaram ki, sizin bütün xərcləriniz ödənilsin. Sabah və yaxud bazar ertəsi mən artıq burada olacaq və özüm işə başlayacağam.

      Prokuror Xeytin əlini sıxdı, sonra onun çiyninə vurdu. Xeyt isə prokurorun ona göstərdiyi diqqətdən sevinərək və buna görə də gələcəyə aid ümidlərlə qanadlanaraq, yöndəmsiz həsir şlyapasını başına keçirdi, enli paltosunun yaxasını düymələdi və şəhərarası telefon vasitəsilə sədaqətli Erli çağırıb, ona göstəriş vermək, həmçinin, özünün də yenə cinayət baş vermiş yerə gedəcəyini katibə bildirmək üçün öz dəftərxanasına qayıtdı.

      IV FƏSİL

      Orvil Meyson, dərhal ürəyində Oldenlərə bir rəğbət hiss etdi, çünki ilk baxışdan başa düşdü ki, özü kimi bu ailə də, taleyin zərbələrinin, zəlalət və təhqirlərin acısını dadmışdır. Şənbə günü, gündüz saat dörddə, o, öz xidməti avtomobilində Bricburqdan gələrək, qarşısında – köhnə, zavallı uçuq bir ev və təpənin ətəyində, tövlənin qapısı ağzında qısaqollu köynək kombinezon geymiş Taytus Oldenin özünü gördü; qocanın üzü, zahiri görkəmi və bütün qiyafəsi aydın göstərirdi ki, o, öz cidd-cəhdlərinin əbəs olduğunu başa düşən, bəxti gətirməmiş bir adamdır. İndi Meyson bugün Bricburqdan yola düşməzdən əvvəl, telefon vasitəsilə buraya zəng etmədiyinə təəssüfləndi: o başa düşdü ki, belə bir adam üçün qızının ölüm xəbəri dəhşətli bir zərbə olacaqdır. Bu an Taytus ona doğru gələn Meysonu görərək, onun, yolu soruşmaq istəyən gəlmə bir adam olduğunu düşünərək, nəzakətlə prokurora yaxınlaşdı.

      – Mister Taytus Olden sizsinizmi?

      Bəli, ser, mənəm.

      Mister