Dalanda. Сабир Азери. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Сабир Азери
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8451-9-2
Скачать книгу
qayıtdı.

      – Bu iynədən sonra özünü lap yaxşı hiss edəcəksən. Sən kənara çəkil, bacı.

      Fəridə azca aralandı, hətta iynənin venaya sancıldığını görəndə yönünü divara çevirdi.

      – Həə, indi rahatca yatacaqsan.– Fəridə bu yana çevrilib ərinə baxdı. Qafarın sifətindəki qırışlar azalmışdı, gözlərini onlara zilləmişdi. Fəridə ərinin baxışındakı nigarançılığa dözə bilməyib yazıq-yazıq soruşdu:

      – Necəsən? Ağrın azalırmı, Qafar!

      Qafar dinmədi, eləcə kirpiklərini çaldı.

      Professor Mürşüdov yorğanı Qafarın sinəsinə doğru çəkdi.

      – Hələlik onu çox danışdırmaq olmaz, qoyun dincəlsin. Öyüməsi, yəni ürəkbulanması olubmu?

      – Olub. Təzə-təzə çox öyüyürdü.

      Aydındır…

      Professor Mürşüdov həyətə düşəndə böyük qardaşı tez soruşdu:

      – Vəziyyəti necədir?

      – Ayağı sınıb.

      – O heç. Ayağı cəhənnəmə sınsın, özgə?

      – Beyin silkələnməsi də var.

      – Beyin silkələnməsi?.. Güclüdür?

      – Əgər arvadının sözünə inansaq, çox da güclü deyil.

      – Birdən beyninə qansızma olar?

      – Nə deyim, qardaş, o da mümkündür.

      – Durduğumuz yerdə əcəb işə düşdük!

      – Təcili yardım gəlmədi?

      – Gəlmişdi, qaytardım. Dedim ki, özümüz apardıq xəstəxanaya… Məsələnin üstü açılsa uşağın xaric söhbəti batdı Şamaxı batan kimi.

      Professor Mürşüdov qardaşına qüssəli-qüssəli, bir az da incik baxdı, köksünü ötürüb maşından xeyli buz, pambıq, tənzif götürüb evə qayıtdı. O, buzu Qafarın alnına, başının dörd tərəfinə düzdü və üstündən tənziflə sarıdı.

      Fəridə onun bu hərəkətinə göz qoyur və tez-tez də qorxa-qorxa soruşurdu:

      – Doktor, siz allah, vəziyyəti ağır deyil ki?

      Professor Mürşüdov da hər dəfə özünü zorlayıb gülümsünürdü:

      – Qorxulu heç nə yoxdur, – deyirdi, – bu nədir ki, biz o dünyalıq adamları geri qaytarırıq. Bəxtiniz gətirib, kişi yüngül zərbə alıb. Gərək bir qurban kəsəsiniz.

      – Təki, Qafar sağalsın, niyə kəsmirəm.

      – Əgər doğrudan da istəyirsən ki, ərin tez sağalsın, ilk növbədə ona sakitlik yaratmalısan.

      – Baş üstə, doktor.

      Professor Mürşüdov əllərini yudu, dava-dərmanının qalanını sumkasına yığıb dedi:

      – Uzağı iki saata yenə gələcəm. Başqa həkim-zad yaxına buraxmayın. İncimə, naşı adam əlinə düşər, kişini…– Sözünün dalını gətirməsə də Fəridəyə necə baxdısa onun rəngi ağardı.

      – Bəs «Təcili yardım» gələndə?

      –Gəlmiyəcək.

      – Niyə? Axı…

      – Gəlibmiş, qar… Akademik Mürşüdov qaytarıb. Yaxşı da eləyib, «Təcili yardım»ın əlindən nə gəlir ki! Bir də görürsən adicə başağrısı dərmanları yoxdur, xəstəni arxayın salmaq üçün qarınağrısı dərmanı verdilər.– Professor Mürşüdov qımışdı, Fəridənin dodağının tərpənmədiyini görəndə qaşqabağını salladı,– Xəstəyə gərək əvvəldən axıracan bir həkim baxsın. Çünki hər həkimin öz müalicə üsulu var. Başqası gələr, qaş qayırdığı yerdə vurub göz çıxardar. Ərini mən özüm sağaldacam. Ayrı dərdləri də varmış, ürəyi zəifmiş, əsəbi də yerində deyilmiş… Hamısına elə əncam çəkəcəm ki, əvvəlkindən də möhkəm olacaq…

      – Allah sizdən razı qalsın!

      Professor gedəndən sonra Fəridə bərk darıxdı, hətta vahimələndi, ara qapını ehtiyatla açıb ərinə göz qoydu. Qafarın sinəsi asta-asta qalxıb enirdi. Fəridə qapını örtdü. Şüşəbənddə var-gəl etməyə başladı.

      Həyətdə, sonra da onların taxta pilləkənlərində taqqıltı eşidildi. Fəridə qapını açanda çaşıb qaldı– cavan bir milis zabiti idi. Milis zabiti də duruxdu.

      – Bağışlayın, bura Qafar Vəlizadənin evidir?

      – Bəli.– Fəridə udquna-udquna cavab verdi.

      – Milis şöbəsinə siz zəng vurmuşdunuz?

      – Kiim? Məən?.. Yox, mən heç kəsə zəng çalmamışam.

      Milis zabiti duruxdu.

      – Bağışlayın, siz Qafar Vəlizadənin nəyisiz?

      – Arvadıyam.

      – Üzr istəyirəm, sizin ərinizi maşın… vur… mayıb ki?

      – Hə, vurub.–Fəridə doluxsundu.– Bizi yazıq günə qoydular, ay qardaş. Bəs siz hardan bildiz?

      – Bir qadın telefonla xəbər verdi.

      – Həə, yəqin ki, Həmidə xanımmış. Qonşumuz. Onun gözünün qabağında olub hər şey. Bağışlayın, adınızı da bilmirəm.

      – Milis leytenantı Davudov.

      – Keçin içəri, yoldaş Davudov, keçin…

      Müstəntiq Davudov içəri keçən kimi sumkasından bloknot çıxartdı.

      – Xəstə hardadır?

      Fəridə yan otağa boylandı və pıçıltıyla dedi:

      – Yazıq bayaqdan zarıyırdı, təzəcə yuxuya gedib.

      – Eybi yoxdur, gözlərəm. Qoy yatsın, hələlik sizinlə söhbət eləyək.

***

      Qafar ayılmışdı, ürəyi bərk yanırdı, istəyirdi Fəridəni çağırsın, lakin səsləməyə heyi qalmamışdı. Diliylə dodaqlarını islatdı. Bir müddət təəccüb elədi ki, ona nə olub? Ayağı, başı niyə belə sızıldayır? Sol ayağını heç tərpədə bilmir ki! Baho, boynu da dönmür… Qəribədir, bədəni alışıb yanır, amma qulaqları, alnı, başı, hətta beyninin içi üşüyür. Görəsən niyə?

      Birdən hər şey, daha doğrusu dalana girməyi, bir qırmızı «Jiquli»nin onun üstünə şığıması yadına düşdü… Bəs sonra? Yox, sonrasını xatırlamır.. Bəs ondan əvvəl? Hə, hə, yadına düşdü. Lap yaxşı yadına düşdü. Bərk tələsirdi. Niyə? Çünki yaman hirslənmişdi. Niyə? Bu da yadına düşdü…

      …Sahə rəisi Yaqub deyəndə ki, hazır ol, sabah komissiya gəlir, Qafar heyrətləndi.

      – Nə komissiya?

      – Necə yəni nə komissiya!? Sabah dövlət komissiyası bizim tikdiyimiz binanı təhvil alacaq.

      – Yaqub, dəli olmusan, nədir, bina hazırdır ki?

      Deyəsən Yaqub əvvəlcədən belə cavab gözləyirdi, qapqara qaralsa da, bu bircə an çəkdi,