Fiesta. Эрнест Миллер Хемингуэй. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эрнест Миллер Хемингуэй
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8449-4-8
Скачать книгу
n>

      Fiesta romanı ilə yazıçı Pamplon şəhərinə əvəzolunmaz xidmət göstərib. Məhz buna görə şəhər sakinləri onu sevir və böyük rəğbətin nəticəsi olaraq ATA adlandırıb, abidə ucaldıblar.

      BİRİNCİ HİSSƏ

      1

      Robert Kon bir dəfə Prinston universitetinin orta çəki dərəcəsində boks üzrə çempionu olmuşdu. Bu tituldan ötrü ürəyim getməsə də, bunun Kon üçün əhəmiyyəti böyük idi. Əslində, o boksla maraqlanmırdı, heç xoşu da gəlmirdi, boks onun üçün sadəcə yəhudi olduğuna görə Prinstonda üzləşdiyi natamamlıq və cəsarətsizlik hissinə qarşı əzab-əziyyətlə əldə edilmiş bir qalxan idi. O, zaldan başqa heç yerdə dalaşmayan utancaq mülayim bir oğlan olsa da, ona yuxarıdan aşağı baxanları bir zərbə ilə yerə sərəcəyi fikri inanılmaz daxili rahatlıq bəxş edirdi. O, Hörümçək Kellinin ulduz tələbəsi idi. Hörümçək Kelli bütün gənc boksçulara çəkilərinin yüz beş, ya da iki yüz beş funt olmasından asılı olmayaraq yüngül çəkili kimi vuruşmağı öyrətmişdi. Deyəsən, Konun ürəyindən keçən də, elə bu idi. O, həqiqətən çox cəld idi. Çox yaxşı tələbə olduğundan, Hörümçək onu dərhal oyuna buraxdı və bununla da onun burnu həmişəlik yastılandı. Bu, Konu boksdan daha da iyrəndirsə də, qəribə bir razılıq bəxş edərək burnunun formasını yaxşılaşdırdığı tam dəqiqdir. Prinstonda oxuduğu sonuncu ildə daha çox oxumağa başlayan Kon, axırda eynək taxmalı oldu. Mən hələ heç vaxt köhnə qrup yoldaşlarından onu xatırlayan birinə rast gəlməmişəm. Onlar heç onun orta çəki üzrə çempion olduğunu da xatırlamırdılar.

      Mən heç vaxt sadə, səmimi insanlara inanmamışam, xüsusilə də onların hekayələri üst-üstə düşürsə, elə buna görə də bu əhvalatı təsdiqləyəcəq bir adam- Hörümçək Kelli olmasaydı, Robert Konun heç vaxt çempion olmadığını, onun üzünü ya at təpiklədiyini, ya da anasının nəsə görüb ya nədənsə bərk qorxduğunu, bəlkə də uşaq vaxtı harasa dəydiyindən şübhələnərdim. Hörümçək Kelli təkcə Konu xatırlamaqla kifayətlənmir, tez-tez onun sonrakı aqibətinin necə olduğunu duşunürdü.

      Robert Kon, atası tərəfdən, Nyu-Yorkun ən varlı, anası tərəfdən isə ən qocaman yəhudi ailələrinin üzvü idi. Prinstona hazırlaşdığı hərbi məktəbin futbol komandasında yaxşı oynayan Konun milliyyəti ilə bağlı bir problemi yaranmamışdı. Prinstona gələnə qədər heç kəs ona yəhudi olduğuna görə fərq qoymur, özlərindən seçmirdilər. Olduqca yaraşıqlı, mehriban və utancaq olması ona həmişə baha başa gələrdi. Ancaq o bütün bunları rinqdə qoymağı bacardı və Prinstonu yalnız hədsiz utancaqlıq və yastı burunla tərk edib, ona bir az şəfqət göstərən ilk qızla ailə həyatı qurdu. Beş illik evlilikdən üç uşağı olan Kon, atasından miras qalan pulun əlli min dollarından çoxunu xərcləyəndən sonra, var-dövlətin qalan hissəsinin anasına keçməsi ilə varlı arvadla yaşanan ailədaxili bədbəxtliyin daha da dərinləşməsi onu həyat yoldaşı ilə yollarını ayıracağı qərarına gətirib çıxarsa da, bu zaman qadın artıq çoxdan öz miniatürçü sevgilisi ilə aradan çıxmışdı. Aylardır ondan ayrılmaq istəyən, ancaq bunun insafsızlıq olacağını düşünüb heç nə edə bilməyən bir kişi üçün arvadının qəfil gedişi şəfaverici zərbə oldu.

      Boşandıqdan sonra Robert Kon başını götürüb qərbə üz tutdu. Kaliforniyada ədəbi mühitə düşən Kon, tezliklə əlli min puldan qalan qəpik-quruşla rəssamlıq jurnalını maliyyələşdirməyə başladı. Jurnal Karmel, Kaliforniyada nəşrlərə başlayıb, Provinstaun və Massaçusetsdə başa çatdı. Bununla da, bir anda xilasedici mələyə çevrilən, redaksiya səhifələrində adı ancaq redaksiya heyətinin üzvü kimi göstərilən Kon jurnalın yeganə redaktoru oldu. Bu, onun pulları idi və yeni vəzifəsindən də razı idi. Ancaq jurnal nəşrinin həddindən artıq bahalaşması ilə məyus olan Kon, çox keçmədi ki, bu işin daşını atmağa məcbur oldu.

      Lakin bu vaxt onu narahat edən başqa məsələlər də var idi. O, jurnalın hesabına uğur qazanacağına ümid edən bir qadının toruna düşmüşdü. O, çox güclü qadın olduğundan, Kon canını onun yaxasından qurtara bilmirdi. Həm də Kon, bu qadını sevdiyinə əmin idi. Jurnalın uğur qazanmadığını görərək Kondan soyumağa başlayan qadın, istədiyini əldə etmək üçün daha bir yolun olduğunu düşünüb, onu daha yaxşı yazacağı bir yerə – Avropaya getməyə məcbur etdi. Beləliklə, onlar qadının təhsil aldığı, üç il yaşadığı Avropaya gəldilər. İlk ili səyahətdə, son iki il isə Parisdə keçmişdi. Robert Konun cəmi iki dostu var idi. Onun biri Bradoks, biri isə mən idim. Bradoks onun ədib yoldaşlarından, mən isə tennis dostu idim.

      Onu ələ keçirmiş Frensiz adlı qadın, ikinci ilin sonunda gözəlliyinin solduğunu görüb Robertə qarşı laqeydliyi və sui-istifadəni bir kənara qoyub, ona ərə getməyi qəti qərara aldı. Bu vaxt isə Robertin anası hər ay oğluna üç yüz dollar göndərməyə başlamışdı. Bu iki il, iki il yarım müddətində inanmıram ki, Robert Kon başqa bir qadına tərəf baxmışdı. Onun Avropada yaşayan bir çox insan kimi, Amerikada daha yaxşı yazıb-yarada biləcəyini nəzərə almasaq, o, həqiqətən xoşbəxt idi. O, çox zəif bir roman yazsa da, tənqidçilərin rəyi o qədər də pis olmadı. O, çoxlu kitablar oxuyur, qumar, tennis oynayır və yerli idman zallarının birində boksla məşğul olurdu.

      Bu qadının Kona qarşı niyyətindən ilk dəfə üçümüz birgə nahar edəndə xəbər tutdum. Biz Lavenyuda nahar etdikdən sonra, kofe içmək üçün Versal kafesinə getdik. Kofedən sonra bir-iki qədəh içdikdən sonra, onlara getməli olduğumu söylədim. Kon isə həftəsonu ikimizin səyahətə çıxmağımız barədə nəsə danışırdı. Onun ürəyindən şəhərdən çıxmaq, yaxşıca gəzmək keçirdi. Mən Strasburqa getməyi, oradan isə piyada Sent Odil, Elzas ya da, başqa bir yerə keçməyi təklif etdim.

      – Mən Strasburqda bizə bələdçilik edəcək bir qız tanıyıram, – dedim.

      Elə bu zaman stolun altından gələn naməlum zərbəni hiss etdim. Təsadüfən kiminsə dəydiyini fikirləşib, sözümə davam etdim:

      – O, artıq iki ildir orada yaşayır və şəhəri beş barmağı kimi tanıyır. Çox yaxşı qızdır.

      Yenə kimsə məni dümsüklədi və mən başımı qaldıranda Robertin rəfiqəsi Frensizin gərilmiş buxağını, gərilmiş sifətini gördüm.

      – Strasburqda nə işimiz var axı ?! Biz Bruqesə, ya da Ardenə gedə bilərik.

      Konun rəngi özünə gəldi. Bundan sonra heç kim məni dümsükləmədi. Onlarla sağollaşıb, oradan uzaqlaşdım. Kon qəzet almaq bəhanəsiylə məni küncə çəkdi.

      – Allah xatirinə, sən niyə axı Frensizin yanında Strasburqdakı qızdan söz açdın, – o dedi.

      – Mənə nə Frensizdən? Əgər mən Strasburqda yaşayan amerikalı bir qız tanıyıramsa, bundan Frensizə nə?

      – Fərqi yoxdur, hansı qız. Qız söhbəti varsa demək, mən gedə bilməyəcəm.

      – Bu nə axmaqlıqdır axı.

      – Sən Frensizi yaxşı tanımırsan. Heç bir qız söhbəti ola bilməz. Olmaya, onun baxışlarını görmədin ?

      – Yaxşı, yaxşı – mən dedim, – onda gəl, Sanlisə gedək.

      – Əsəbləşmə.

      – Əsəbləşmirəm. Sanlis yaxşı yerdir, biz "Böyük Maral" mehmanxanasında gecələyər, sonra meşəyə ekskursiyaya çıxıb, geri qayıdarıq.

      – Bax, bu, ağlabatan fikrə oxşayır.

      – Sabah meydançada görüşərik, – dedim.

      – Gecən xeyrə, Ceyk, – o dedi və kafeyə qayıtdı.

      – Qəzet almaq yadından çıxdı, – mən dedim.

      – Lap yadımdan çıxmışdı. O, mənimlə küncdəki köşkə yaxınlaşdı.

      – Ceyk, düzünü de, əsəbləşmədin ki? – o, əlində qəzet mənə tərəf döndü.

      – Yox, niyə, əsəbləşməliyəm axı?

      – Onda tennis meydançasında görüşərik, – o dedi. Mən onun arxasınca əlində qəzet kafeyə qayıtmasına baxdım. O, mənim xoşuma gəlirdi, ancaq görünür, bu qadın ona həyatı əməlli-başlı zindan etmişdi.

      2

      Həmin