Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Фарах Пехлеви
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8450-7-8
Скачать книгу
üç gün sonra gələn Sizdah yalnız bayırda keçirilməsi lazım gələn gündü, əks təqdirdə uğursuzluq gətirəcəyinə inanırlar. İlin on üçüncü günü elə bil, bütün ölkə piknikə gedir. Varlılar yemək dolu maşınlarıyla şəhər ətrafına çıxır, imkanı daha az olanlarsa, küçələrdə, ya da dərə yamacında, çinarın altında xalılarını sərib samovarlarını qoyur, yazın ilk şəfəqləri altında manqal kömüründə kabab çəkir, yemək bişirirlər. Hər yer nağara, saz, zurna çalan çalğıçılarla dolu olur.

      Tehrandan kənarda yemək yeyilməsi üçün bu günlər ən gözəl günlərdi. Hava hələ çox isti deyil. Elburzun hələ qarlı olan təpələrindən şəhərə xəfif, yüngül külək əsir. Yeni ilin uğurlu olması üçün gün çıxmamışdan qabaq cücərmiş buğdanı götürüb axar suya atmaq lazım gəlir. Biz bunu anamla birlikdə eləyirdik.

      Ölkəmdən çox uzaqlarda olduğum bu gün belə, mənim buğda cücərtilərimi başqa çaylar götürüb aparır. Bir dəfə Amerikada sürgündə olanda və hara gedəcəyimizi bilməyəndə, axırda dənizdə yaşamağa qərar verdiyimizi xatırlayıram. Amma o zaman çimərlik bağlıydı və mənim mühafizəmə cavabdeh olan adamların tanışı çimərlik gözətçisiydi. Ona Novruz ənənələrimizdən söz açanda – amerikalılar ənənələr barədə son dərəcədə diqqətlidilər – gözətçi bizə buğda cücərtilərimizi dalğalara atmağımıza icazə verdi.

      Novruzdan qabaq «Çərşənbə suru» bayram edilir. Bu ilin son çərşənbə axşamına təsadüf eləyir. Son çərşənbə axşamı tonqalın üstündən atılır, beləcə, rəmzi olaraq, içimizdəki bütün pislikləri alova atır və oddan istilik, işıq alırıq. Biz bu Novruz tonqalını Tehranda bağçalarda, kəndlərdə, başqa bir yer yoxuydusa, küçədə qalayardıq. Bəlkə unudula bilər, amma bu gün belə kimliyimizi təşkil eləyən həmin ənənələrdən vaz keçməkdənsə, evimdə rəmzi olaraq şam yandırır və onun üstündən atılıram. Bu kiçik hərəkət mədəniyyətimə olan aidiyyatımı tamamilə üzə çıxarıb, mənə elə bil, sürgün əzablarına dözmək üçün güc verir.

      Böyüyürdüm, yavaş-yavaş vasvası anamın nəzarəti altında uşaqlıqdan çıxırdım. Çox kiçikliyimdən etibarən, anamla birlikdə həftədə bir dəfə hamama gedərdik, bu bir növ mərasim kimiydi. Anam bağlamaya təmiz geyimlərimizi qoyandan sonra əl-ələ verib hamamın yolunu tutardıq. Kiçik qız olanda, hamam məni bir az hürküdürdü, çünki çimizdirən qadın qaçmayım deyə, məni qıçlarının arasına alardı, isti su dərimi yandırar, sabun gözlərimi acışdırardı. Hamamçının adı Tubaydı. Məni sakitləşdirmək üçün Tubanın mahnı oxuduğunu xatırlayıram: «Səni elə adi adama verməyəcəyik. Şah belə, ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə, bəlkə verərik, bəlkə də vermərik».

      İllər keçdikcə, hamamı və oradakı mərasimə oxşar mühiti sevməyi öyrəndim. Hər kəs öz bağlamasını hazırlayardı. Oturmaq üçün gümüş suyuna çəkilmiş girdə məcməyi və üstündə dualar qazılmış mis tas da aparmaq lazım gəlirdi. Yuyunma hissəsi qurtaranda, duaların bizi qoruyacağına inana-inana bu tasla başımızdan su tökürdük. Təmizlik qayğısıyla heç bir zaman hamamın həsir döşəkçələrinin üstündə oturmazdıq; qızlara döşəkçənin üstündə oturduqları təqdirdə hamilə ola biləcəkləri deyilirdi. Bu sadəlövhcəsinə fikrin məni necə dəhşətə saldığını hələ xatırlayıram. Artıq Tubanın belimi qıl kisəsiylə kisələməsindən xoşlanırdım, olduqca uzun sürən bu kisələmə hissəsi dərimi təzələyir, mən də bundan ləzzət alırdım. Bizdə hamamın başqa bir funksiyası da var; analar arada evlənmə çağındakı oğullarına göstərmək, bəlkə də evləndirmək üçün qız bəyənirdilər.

      Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zəif olduğumu söyləmişdi: «Boy, nə gözəl qızdı» – yəni, türkcə «bu qız gözəldi» demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər sevindirmişdi.

      III

      Yeniyetməliyə ilk addımlarımı on yaşında getdiyim Tehrandakı Janna d’Ark məktəbində atdım. Anam da təhsilini orda almışdı. Məndən ötrü də həmin məktəbi seçdiyinə görə, ona minnətdaram. Həyatın bu dönüş nöqtəsində şəxsiyyətimi ən çox inkişaf etdirdiyim illərimi məktəbdə keçirdim. Bunu da qismən, təşəbbüsləriylə məktəbi heyrətləndirən gənc rahibə Kleri tanımağıma borcluyam. Rahibə Kler basketbol komandası yaratmışdı. Əvvəlcədən çəkingən uşağıydım, bu basketbol komandası iki-üç ildə məni özümə güvənən, zahirən dəyişən gənc qız elədi.

      Janna d’Ark məktəbinə gələr-gəlməz həmin komandaya daxil oldum və həyatsevər fransız rahibəylə tanışlıq qurdum. Bu da onun mənim barəmdə söylədikləri:

      «Komandaya yalnız orta iri və son sinif şagirdlərini qəbul eləməyə qərar vermişdim. Uşaqlar çox kiçik olanda, hər şeyə həvəs göstərib, başladıqları heç bir şeyi axıra çatdırmırlar. Fərəh hələ orta məktəbin ilk sinfindəydi, amma bilmirəm, nədəndi, onu görər-görməz sevdim. Aramızda xüsusi münasibət yarandığını hiss eləmişdim. Xasiyyətimiz oxşarıydı, yalnız o, bir az da ağır təbiətli görünürdü. Heç bir qüsuru olmayan, tərtəmiz, çox səmimi baxışları olan balaca qızıydı. Ağ önlüyünü kənarları qırmızı ağ yaxalıq tamamlayırdı. Özündən əmin görünsə də, səbəbini bilmədiyim çəkingəkliyi varıydı, adamla ara saxlayırdı. Amma çox nəşəli, yanındakıları elə hey güldürən uşağıydı. Qəti maskalanmazdı. Rahibələrin qaldığı binada saxladığım topu gedib ancaq o gətirərdi. Çox kiçik yaşında atasının itirməsinə baxmayaraq, xoşbəxt, qayğısız uşağıydı. Güman ki, fəal və güclü şəxsiyyətimə görə, o da digər rahibələrdən çox məni sevirdi».

      Bir il sonra basketbol komandasının kapitanı seçildim. Bu da güman ki, idman qabiliyyətimə görə yox, eyni zamanda yumşaq təbiətli olduğumdanıydı. Olduqca sadə və təbii idim, nazlanmağı sevməz, dedi-qoduları dinləməzdim. Əgər bir adam mənə acıqlanardısa, heç dindirməz, özü gəlib məni danışdırmasa, onu yaxın qoymazdım. Bir müddət sonra Janna d’Ark məktəbi basketbolçularının rəhbəri kimi, qızlara örnək olduğumu, məni qəhrəman hesab elədiklərini sezdim. Başqa məktəblərdəki qızlarla yarış keçirəndə, həmişə udan biz olurduq, bir müddət sonra hamının qazanmağa can atdığı «Tehran çempionu» adını da biz aldıq. Qəzetlər komandamızın şəklini çap eləmişdi, tez-tez uşaqların məni ata-analarına barmaqla göstərdiklərini görürdüm. «Ana, bax, Fərəh budu!»

      Rahibə Klerin coşqunluğu bizə güc verirdi. Rəqabət duyğusunun köməyilə başqa sahələrdə də çalışmağa başladım, uzununa tullanma, hündürlüyə tullanma və qaçışla məşğul oldum. 1954-cü ildə İran Qızlar Atletika Çempionatında hündürlüyə tullanma və qaçış növlərində birinci olmuş, o dövrdə İranda idmana məsul olan general İzzət Pənahın təqdimiylə Şahın adından İran bayrağıyla birgə iki medal almışdım. Medallar hələ gözümün qabağındadı, hər ikisinin üzərində Şahın və Şahbanu Sürəyyanın rəsmləri varıydı.

      Məktəbə də hər gün həvəslə gedirdim, çoxlu yoldaşım varıydı, müəllimlərimin çoxunu sevirdim, elə güman eləyirəm, onlar da məndən razıydılar. Janna d’Ark məktəbinin ən aşkar özünəməxsusluğu olan ciddiyyət