Təhsil, din, cəmiyyət, siyasət fəlsəfəsi, siyasi iqtisad, etika, epistomotologiya, metafizika və digər mövzularda yazdığı əsərləri ilə filosof, iqtisadçı, siyasi nəzəriyyəçi, siyasətçi, sosial liberal, romantik və bunun kimi bir çox statusları özündə daşıyan Con Stüart Mill 19-cu əsr İngiltərəsində yetişmiş ən böyük ziyalılardan biri hesab olunur. Başda ailəsi olmaqla, yaşadığı cəmiyyət və dövrün təsiri altında yaratdığı bir çox əsərlər, siyasi elmlər, siyasi iqtisadiyyat, sosiologiya və fəlsəfə sahələrində ən çox oxunan və dünya fikir tarixində xüsusi yer tutan əsərlər sırasındadır.
Con Stüart Mill 18-ci əsrin ikinci yarısında Böyük Britiyaniyada iqtisadi ekollardan biri olan “fəlsəfi radikallar” (əsas üzvləri: Ceyms Mill, Ceremi Bentham, Devid Rikardo) adı ilə məşhur qrupun üzvlərindən biri Ceyms Millin övladı olaraq 1806-cı ildə dünyaya gəldi. O, uşaqlıq və yeniyetməlik dövrünü atasının verdiyi kitab siyahısını oxumaqla keçirdi. Belə ki, üç yaşında yunan dili öyrənməyə başlayan Mill artıq yeddi yaşında Platonu orijinal dilindən oxumağa və səkkiz yaşında latın dilini öyrənməyə başladı. Artıq 15-16 yaşlarında Adam Smith, Devid Rikardo və atasının əsərlərini bitirmiş, o cümlədən Con Lok, Berkley, Helvetius, Kondillak, Virgil, Sisero, Aristotel, Şekspir, Milton, Spenser və digər düşüncə adamlarının əsərləri ilə tanış olmuşdu. Maraqlısı bu idi ki, atasının hazırladığı bu kitab siyahısında din və əxlaqa aid heç bir əsər yox idi.
Atasının Millin təhsili üzərindəki təsiri sadəcə bununla bitmirdi. Belə ki, bütün gənclik illərini kitab arxasında keçirən Mill kilisənin təhsil üzərindəki təsirlərinə görə universitetə buraxılmır və ev şəraitində özəl təhsil alır. Bununla da yeni bir dövr – kitab arxasında keçəcək gənclik illəri başlayır. Daha sonralar buna görə atasını tənqid etsə də, bir çox əsərləri ilə əlaqədar eşitdiyi tərifləri və bu kitabların ərsəyə gəlməsində əsl səbəbkarın atasını olduğunu deyir. Əgər onun yerində hər hansı bir adam olsaydı, o da eyni təlim və təhsildən keçməklə eyni uğurları, bəlkə də daha çoxunu əldə edərdi deyə Mill qeyd edir.
Bununla yanaşı, Mill üzərində ən böyük təsirlərdən biri də atasının yaxın dostu Ceremi Bentham ilə tanışlığı oldu. Belə ki, Bentham dövlət tərəfindən öz işlərinə görə aldığı böyük məbləğdə pulu içində meşə, göllər, heyvanlar və bağların olduğu saraya bənzəyən Ford Monastrını kirayə götürməyə xərcləyir və orada öz ailəsi və Ceyms Millin ailəsi ilə birlikdə yaşayırlar. Bu periodda Con Stüart atası tərəfindən “assosianizm” adlanan psixoloji testlərdən və təlimlərdən keçir. Bu təlimin məqsədi Millin zehnini insanların xoşbəxtliyinin səbəbi olacaq ən yüksək səviyyəyə gətirmək idi. Bunun nəticəsi olaraq Millə ailədən kənar digər uşaqlarla oynamağa qəti qadağa qoyulmuşdu və bu onun sosial həyatının çox dar olmasına səbəb oldu.
Həyatının sonrakı illərində “Faydaçılıq Cəmiyyəti” və daha sonra isə “London Debat Cəmiyyəti” quraraq vətəndaş cəmiyyətində aktiv iştirak edən Mill İngiltərə siyasi həyatında liberal düşüncələrin daha da güclənməsinə təkan vermiş, müxtəlif partiya və bir başa parlamentə öz təsirlərini etmişdi. O, qanunların yaradılması prosesində bir başa təsirli olan liberal ictimai fikir formalaşdırmaq istəyində idi.
Daha sonralar atasının təsirindən çıxmağa çalışan ama bunu bacarmayan Mill ağır psixoloji depressiyaya girir. Amma fransız sosioloqları Henri Sen-Simon və Oqüst Kontun əsərlərini oxumaqla, o cümlədən şeir və sənətlə daha yaxından tanış olması ilə bu depressiyadan çıxır. Bu, həm də atasının təmsil etdiyi fəlsəfi radikalizm cərəyanından uzaqlaşması ilə nəticələnir. Belə ki, Millin həyatının 1830-40-cı illəri romantizm və konservativ ideyalardan təsirləndiyi dövrü kimi dəyərləndirilir. 1832-ci il Bentham və 1836-cı ildə atasının ölümü isə onu yenidən depresiyaya salır. Mill bu dövrdə elmlə şeiri və sənəti, ağılla hissləri, cəmiyyətin faydası ilə fərdin xoşbəxtliyi arasında orta yol tapmağa, fəlsəfi mənada maarifçilik hərəkatı ilə romantizm hərəkatının ortaya atdığı fərqli azadlıq konsepsiyalarının sintezini yaratmağa cəhd edir. Və bu dövr Millin liberalizm, romantizm və mühafizəkarlıq ideologiyaları arasında “orta yol” axtarışı dövrü kimi qiymətləndirilir.
1840-cı illərdən sonrakı period Millin öz fəlsəfi yetişkinliyinə çatdığı dövr hesab olunur. Belə ki, bu dövrdə onu bütün dünyada məşhur edəcək, “Məntiq Sistemi” və “Siyasi İqtisadın Prinsipləri” kitablarını yazır. Daha sonrakı illərdə isə kitablarda müdafiə etdiyi tezislərlə birlikdə müstəqil şəkildə parlamentə seçilməsi onun cəmiyyətdə nüfuzunu daha da artırır. Öz dövrü üçün bir mənalı qəbul edilməyəcək “qadın hüquqları” və bunun kimi bir çox hüquqları müdafiə edir. Növbəti seçkilərdə məğlubiyyətdən sonra isə bütün həyatını yenidən kitablara və məqalələrə həsr edir və 1873-cü il vəfatına kimi elmi işlə məşğul olur.
C.S.Millin kitabları sadəcə onun yaşadığı dövrdə çap edilmiş əsərlərlə məhdudlaşmır, belə ki, Mill külliyatına yazarın yaşadığı dövrdəki kitab və müxtəlif jurnal-qəzetlərdə dərc etdirdiyi məqalələrlə yanaşı, ölümündən sonra toplanan və kitab halına salınan bir çox əsəsrləri də daxildir. Bütün bu əsərlər Con M. Robsonun başçılığı ilə Toronto Universiteti daxilində həyata keçirilən layihə çərçivəsində toplanmış və Toronto Nəşriyyatı tərəfindən 33 cilddən ibarət “Con Stüart Millin Seçilmiş Əsərləri” (“The Collected Works of John Stuart Mill”) şəklində çap edilmişdir. Mill külliyatından azərbaycanlı oxucular üçün maraqlı ola biləcək bir neçə vacib kitabın adını qeyd edək:
“İqtisadi Siyasətin Prinsipləri”, “İqtisadiyyat və Cəmiyyət haqqında Esselər”, “İngiltərə, İralandiya və İmperiya haqqında Esselər”, “Məntiq Sistemi I və II”, “Əxlaq, Din və Cəmiyyət haqqında Esselər”, “Fəlsəfə və Klassiklər haqqında Esselər”, “Siyasət və Cəmiyyət haqqında Esselər”, “Fransız Tarixi və Tarixçilər haqqında Esselər”, “Bərabərlik, Hüquq və Təhsil haqqında Esselər”, “Azadlıq haqqında”, “Nümayəndəli Hökumət haqqında Düşüncələr”, “Faydaçılıq”, “Qadınların Kölələşdirilməsi” və s.
Sosial liberal olaraq tanınsa da, bir çox ideologiyalardan təsirlənən Mill siyasət fəlsəfəsi tarixində azadlıq anlayışının ən ehtirası dəstəkçilərindən biri olaraq tarixə düşüb. Bu mənada, “Azadlıq Haqqında” əsəri bir çoxları üçün fərdi azadlıqlar manifesti kimi dəyərləndirilir.
Giriş və dörd hissədən ibarət olan əsər azadlıq, müzakirə və fikir sərbəstliyi, fərdiyyətçilik kimi əsas dəyərləri faydaçılıq baxışı çərçivəsində izah edir və bu anlayışların insan və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu müxtəlif arqumentlərlə izah etməyə çalışır. Belə ki, kitabın “Düşüncə və Müzakirə Azadlığına Dair” adlandırılan birinci hissəsi bütün ideya və fikirlərin cəmiyyətdə azad şəkildə ifadəsinin nə qədər vacib olduğunu vurğulayır. Bir fikrin ifadəsi o fikrin səhv və ya düz olmasından asılı olmayaraq, cəmiyyətə fayda gətirir və əksinə fikrin ifadəsinə icazə verməmək həmin şəxsə olduğu qədər həmin cəmiyyətə qarşı da, edilən böyük bir mənfilik kimi dəyərləndirilir.
Mill əsərin növbəti hissəsi olan və “Xoşbəxtliyin Ünsürlərindən Biri Olaraq Fərdiyyətçilik” kimi adlandırdığı essedə siyasətin ən əsas vəzifələrindən biri cəmiyyətləri öz xoşbəxtliklərinə və rifahına çatdırmaq olduğunu bildirir. Liberal ənənəyə sadiq qalaraq, cəmiyyətlərin xoşbəxtliyini fərdiyyətçilikdə görür və bu anlayışı xoşbəxtliyin açarı olaraq təqdim edir. Belə ki, fikir azadlığı qədər vacib olan öz həyat tərzini seçmə azadlığı, fərd ola bilmə, ətrafındakı sərhədlərdən qopa bilmə azadlığı ilk öncə fərdlərin, bunun məntiqi ardıcıllığı olaraq da cəmiyyətlərin xoşbəxtliyinə aparır.
Liberal ədəbiyyatın ən çox üzərində müzakirə apardığı mövzulardan biri olan və demək olar ki, liberalizmin klassik məsələsi kimi tanınan “dövlət-fərd” münasibətləri Mill əsərində yeni bir mərhələyə keçir və Mill “Cəmiyyətin Fərd Üzərindəki Hakimiyyətinin Sərhədləri” essesində liberal