Əcnəbilər də, əlbəttə, səfeh adamlardır, öz aralarında deyəcəklər: “Əhsən! Bax belə işləyərlər!”
Mən dedim:
– Bacarmaram, Heydər bəy, əlim gəlməz.
– Nə üçün?
– Əvvəla, ona görə ki bu peşəni çoxdandır tərk etmişəm. Əlim vərdişdən qalıb, bacarmaram…
– Bu barədə narahat olma, bacararsan… – O məni arxayınlaşdırdı.
Mən dedim:
– Tövbə etmişəm, Heydər bəy! Cavanlar içərisində çoxlu cəld işləyən cibgirlər var. Onlar vətən qarşısında bu borcu məndən daha yaxşı yerinə yetirərlər.
– Yeniyetmə cibgirlərin südü çürük olur. Onlara bel bağlamaq olmaz. Oğurlamağına oğurlayarlar, ancaq polis idarəsinə heç bir şey gətirməzlər. Sonra get axtar görüm haradan tapacaqsan!.. Sonra əcnəbilərin qarşısında da biabır olarıq, polisin adı bədnam çıxar. Bizə sənin kimi namuslu cibgir lazımdır.
– Əzizim, etimadına görə çox minnətdaram, ayaqlarını öpməyə də hazıram, ancaq bu işi bacarmaram.
– Özün bilərsən, Ehsan, ancaq sonra öz bəxtindən küs. Çayxanana basqın eləsələr, bizdən incimə. Biz bilirik ki, orada qumar oynayırlar. Tiryək də alıb-satırsan. Özün bilən yaxşıdır…
Gördüm ki, yaxamı qurtara bilməyəcəyəm, razı oldum. Dedim:
– Ancaq qardaş, mən vətən qarşısında borcumu müftə yerinə yetirməyəcəyəm… Tutaq ki, qəniməti gətirib qaytardım, bunun əvəzində mənim əlmuzdum nə olacaq?
Şirin Heydər hirsləndi və üstümə çığırdı:
– Sənə vətəndaşlıq borcu barədə deyirlər, sən isə tamah güdürsən!
– Hirslənmə, əzizim. Sən də polisdə işləyib vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala maaş da gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir. Dostluq öz yerində, iş də öz yerində…
Heydər dilləndi:
– Yaxşı, birtəhər yola verərik. Çayxananda nə istəsən, eləyə bilərsən, göz yumarıq… Ancaq unutma: nümayəndə heyətindən çırpışdırdığın qəniməti o dəqiqə mənə çatdırarsan.
– Oldu…
– Get, Allah sənə yar olsun… Özünü göstər, Ehsan, bütün ümidlər sənədir… Əgər nümayəndə heyəti başçısının cibini “təmizləyə” bilsən, sənə eşq olsun. Get. Uğur olsun!..
Mehmanxanaya getdim və orada gözləməyə başladım.
Axşamüstü gördüm ki, əcnəbilər gəlirlər. Mən cibimdəki şəklə bir də baxdım. Hər şey aydın idi. Nümayəndə heyətinin başçısı arvadı ilə gedirdi. Mən onu yanladım və portmanatının harada olacağını müəyyən etdim. Ehmalca sinəsinə toxundum və onu çıxartdım… Hər şey öz qaydasınca oldu! Demək, peşəmi yadırğamamışdım. Tez oradan uzaqlaşıb özümü xəlvət bir yerə verdim. Orada portmanatı açdım, onun içərisində bir yığın əcnəbi valyutası vardı… Bir Allah şahiddir ki, əlimi uzadıb birini də götürmədim. Bütövlüklə polis idarəsinə apardım…
Qapıdan içəri girən kimi Heydər çığırdı:
– Harada itib-batmısan?
Mən portmanatı ona uzadan kimi marçıltı ilə alnımdan öpdü:
– Əhsən, – dedi, – borcunu çox yaxşı yerinə yetirmisən. Xarici nümayəndə heyətinin başçısı beş dəqiqə qabaq portmanatının oğurlanması barədə xəbər verib. Yaman həyəcanlı idi. Mən ona dedim ki, heç narahat olmayın, sabahdan gec olmayaraq sizin portmanatı taparıq. Bizim polis idarəsi işləməyi bacarır.
Mən Heydərə dedim:
– Vətən qarşısında borcumu yerinə yetirdim, indi isə xudahafiz, sağlıqla qalın.
– Bir dayan görək, – dedi, – bir dəfə azdır, sən bu əcnəbilərin hamısını bir-bir soymalısan.
Mən də çarəsiz qalıb əcnəbiləri bir-birinin dalınca soymağa başladım. Birinin isə bütün ciblərini boşaltdım, nəinki portmanatını, otağının açarını da, cib yaylığını da, alışqanını da, siqaretini də, şalvar cibindəki xırda pulları da, pencəyindəki nişanı da “təmizlədim”. O səfeh isə heç duymadı. Şalvarını da çıxarsaydım, hiss eləməyəcəkdi… Öz-özümə dedim: “Qoy düymələrini də kəsib götürüm”. Elə də elədim. Bir düyməsi də qalmadı. Birbaşa polis idarəsinə yollandım və çırpışdırdığım şeyləri Şirin Heydərin qabağına tökdüm.
– Əhsən, sən çox doğru yoldasan…
– Əzizim, – dedim, – mən bu hərifi mehmanxananın qabağında lümlüt, anadangəlmə qoymaq istəyirdim, ancaq yazığım gəldi…
Müxtəsər, on beş gün ərzində kişilərin ciblərini və qadınların çantalarını “təmizlədim”. Mənə elə gəldi ki, bir cərrah kimi onların ciyərlərini də kəsib çıxarsaydım, rentgen göstərməyincə bundan xəbər tutmayacaqdılar!..
Nümayəndə heyətində bir qadın da vardı. Onun əlindəki çantanı qapdım, içindəki şeyləri gətirib Heydərə verdim. Amma qadın polisə gəlmədi. Onda ingilis dilini babat bilən bir polis nəfəri mehmanxanaya zəng vurub soruşdu:
– Sizin bir şeyinizi oğurlamayıblar ki?
– Heç bir şey oğurlanmayıb, – deyə ona cavab verdilər.
– Hələ bir yaxşı-yaxşı yoxlayın…
Az sonra mehmanxanadan zəng vurdular:
– Bəli, çantam oğurlanıb.
– Çantada bir çəhrayı yaylıq da vardımı?
– Bəli, vardı. Bəs siz bunu haradan bilirsiniz?
– Bizdə polis çox yaxşı işləyir. Biz hər şeyi bilirik.
Ağabəy, bizim polisin işinə bax da… O, soyulacaq adama əvvəlcədən xəbər verir ki, sizi soymağa hazırlaşan oğru tutulmuşdur!
Nümayəndə heyəti yola düşərkən bir jurnalist onlardan soruşubmuş:
– Bizim ölkədə sizin ən çox xoşunuza gələn nə oldu?
Nümayəndə heyətinin başçısı tərbiyəli adam imiş, cavab vermir. Bu zaman başqa bir jurnalist:
– Bizdə polis çox güclüdür… – deyə sualına başlamaq istəyəndə nümayəndə heyətinin başçısı daha səbir edə bilməyib:
– Biz doqquz nəfərik, – deyir. – On beş gün İstanbulda qalduq və hər birimizi doxsan