Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Эмин Абид Гюльтекин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эмин Абид Гюльтекин
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
yazan Hammerin, İqnat Kunoşun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədaddin Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzəminli), Salman Mümtazın, İsmayıl Hikmətin fikirlərinə öz münasibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

      1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:

      I. Mədxəl

      II. Bayatımı, manimi?

      III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri

      IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi

      V. Bayatılarla əlaqədar olan xalq ənənələri

      VI. Bayatılarda qadın yaradıcılığı

      Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın texnikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divan-i luğət-it-türk"ü, "Qudadqu biligi" və b. qaynaqları gözdən keçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, manidir", – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir" (Abid Əmin, 1930:16, sayı 4-5). Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah edir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır" (Abid Əmin, 1930:13, sayı 4-5)..

      Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i luğat-it-türk"ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir"(Abid Əmin, 1930:15, sayı 4-5).

      Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, "Divan-i luğat-it-türk"dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.

      Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət"indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divan-i luğat-it-türk"dəki şeir parçalarına daha yaxındır.

      Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

      Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.

      Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.

      Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: "Ə.Abid demək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş… Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağırış idi" (Əliyev Məhəmməd, 1983:80-81)

      Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyəti" adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual mübarizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, "nəzmi sifətləri"ni sufi şeiri, "iylənmiş, qoxulanmış", "ibtidai", "qeyri-mədəni" hesab edən kommunist M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk" (Gülən Adam, 1929) əhval-ruhiyyəsindəydi.

      Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantürkizmdə qınayırdılar (Nazim Əli, 1929:59-62 sayı 3-4). Ə.Abid də dövrünün adamı idi, mühit ona da öz təsirini göstərirdi. Hadisələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm materialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi