Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının 1928-ci ildə nəşr etdirdiyi “Ədəbiyyatdan iş kitabi”nda “Kitab-i Dədə Qorqud”dan bəhs edilməsi onu göstərir ki, dastanı öyrənməyə Azərbaycan araşdırıcılarının marağı varmış. A. Musaxanlı yazır: “Hekayədə (“Kitab-i Dədə Qorqud nəzərdə tutulur” – B.Ə., Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuzların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitab-i Dədə Qorqud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” (Zeynalli H., Şaiq A., Musaxanli A., 1928).
Atababa Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Kitab-i Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə bu gənaətə gəldik ki, dastanla yaxından tanış olan hər bir azərbaycanlı belə fikri söyləyə bilər. Qeyddən açıq-aydın görünür ki, Ə.Abid Azərbaycanda “Kitab-i Dədə Qorqud”un ilk araşdırıcısı olduğunun xatırladılmasını istəyir.
Əmin Abidin qeydi sual doğurur: nədən kitabı Ruhulla Axundova vermişdir?
Buna aydınlıq gətirməyə ehtiyac var; məlumdur ki, Ruhulla Axundov 1927-ci ilin yanvarında Azərbaycan Dövlət Nəşriyyatına direktor təyin edilmişdi. O, həmin vaxt "Maarif və mədəniyyət" jurnalına da redaktorluq edirdi. Üç ay sonra isə, yəni 1927-ci ilin martın 27-də isə onu Azərbaycan Xalq Maarif Komissarı təyin edirlər. Ruhulla Axundov nəşriyyat direktoru olanda da, nazir işləyəndə də “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabını çap etdirmək imkanı vardı. Bizə görə Əmin Abid əsərini Ruhulla Axundova nazir vəzifəsinə təyin edildikdən sonra verib. Əli Şahbazov da “Yeni fikir” qəzetindəki məqaləsində Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini nazirliyə verəcəyini və “təqdir medaliyası alacağını” yazırdı. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Ruhulla Axundovla bağlı arxivlərdə tapa bilmədik.
ADMƏİ arxivinin 170-ci fondundakı (Əmin Abidin əsərləri və onunla bağlı sənədlərin çoxu bu fanddadır-Ə.Ş.) "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni diqqətlə incələdikdə bu qənaətə gəldik ki, Ruhulla Axundova verilən həmin əsərin surətidir.
A-5 formatlı kağıza, qara mürəkkəblə və səliqəli xəttlə yazılmış "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" 316 səhifədir. Oradakı “Birinci söz”ün sonunda “İstanbul 1922–Bakı 1927. Əmin Abid” yazılıb. Əlyazmanın böyük bir qismi “Kitab-i Dədə Qorqud”dan bəhs edir.
Adətən çoxcildlik əsərlərin ön sözündə kitabın neçə cilddən olacağından, tərtib prinsiplərindən söz açılır. Nədənsə, Əmin Abid bu ənənəyə sadiq qalmayıb. Bir az da ideoloji yöndə olan “Birinci söz”də ədəbiyyat tariximizə dair materialların az olduğundan, bu yöndə geniş araşdırmalar aparılmadığından gileylənib. Azərbaycan türkcəsində danışanların geniş bir əraziyə yayıldıqlarından onların yaratdıqları ədəbi məhsulların toplanmasının çətinliyindən söz açan araşdırıcı səmimi etiraf edir ki, "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazarkən əldə edə bildiyi mətnlərə və qaynaqlara dayanıb.
"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini Əmin Abid aşağıdakı başlıq və yarımbaşlıqlara ayırıb: 1.Fehrist (1.Birinci söz, 2.Başlanğıc: Azərbaycan – azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq, 3.Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya), 2.Mədxəl (1. Azərbaycan və Qafqaz türklərinin mənşələrinə qısa bir baxış: ( a) Əski oğuz türklərinin yaşadığı yerlər, b) İqtisadi həyat, c) “Totem”çilik, d) hakim olan dinlər), 2. Əski oğuzlarda ədəbi həyat ( e) Ağız ədəbiyyatı, ə) Yazılı ədəbiyyat, f) Vəznli nəsr və heca vəzni, g) İlk heca vəznləri, ğ) Xalq şairləri), 3. Birinci parça (Əşirət dövrü) (1.Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı, 2.Yabançı ədəbiyyatların təsiri, 3.Xalq ədəbiyyatının əski dövrləri, 4.Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat, a) “Oğuznamə”: mövzusu və mahiyyəti, b) “Oğuz xan” mənqəbəsi, c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”, ç) Miladi XII əsrdə “Koroğlu” mənqəbəsi), 4.İkinci parça (Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı) 1.Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası, 2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması, 3.İslamlaşmış “Oğuznamə”, 4.“Kitab-i Dədə Qorqud əla lisan taifeyi-Oğuzan”, a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti, b) “Qorqud”un şəxsiyyəti və Mavərayi-Xəzər türkləri, Başqırd-Oğuz türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu, c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər, ç) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti, Nəticə və Əlavə (mətnlər).
Başlıq və yarımbaşlıqlarını gözdən keçirdikdə Əmin Abidin folklora nə qədər önəm verdiyi açıq aydın görünür. Kitab “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına Orxan-Yensey abidələrindən və Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it Türk”ündən söz açılır. Demək olar ki, kitabın səksən faizi folklordan bəhs edib. Əlavə (mətnlər) bölməsində isə “Kitab-i Dədə Qorqud”un ön sözündən və boylarından parçalar verib. Araşdırıcının o dövrdə yazdıqları uzun illər Azərbaycan qordudşünaslığının təməl fikirləri olub.
O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlənməmiş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texnikumunda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məruzələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ruhulla Axundovla vermişdir.
Bu