Soldakı pəncərənin yanında üzbəüz oturan iki cənab malların qiymətlərindən danışırdı. “Bunlar satıcıdırlar, – Raban düşündü və aramla nəfəs alıb onlara baxdı. – Yəqin, kəndə getməyi tacir onlara tapşırır, onlar da tacirin göstərişinə əməl edir, qatara minir, kənddəki dükanları bir-bir gəzir, bəzən də araba ilə bu kənddən başqa kəndə gedirlər. Heç yerdə yubanmırlar, çünki bütün işləri tez görmək lazımdır; və yalnız satdıqları mallar haqqına danışırlar. Belə gözəl bir işi can-başla yerinə yetirmək lazımdır!”.
Satıcıların yaşca kiçik olanı birdən əlini şalvarının arxa cibinə atıb, qeyd kitabçasını çıxardı, şəhadət barmağını dili ilə isladaraq səhifələri çevirməyə başladı, sonra dırnağını bir səhifənin üstündə yuxarıdan aşağıya doğru sürüşdürərək oxumağa başladı. Başını qaldırdıqda Rabana baxdı və indi ipliklərin qiyməti haqqında danışarkən gözlərini ondan ayırmadı. Bir natiqin deyəcəyi sözlər yadından çıxmasın deyə, gözlərini bir nöqtəyə zillədiyi kimi, o da gözlərini Rabana eləcə zilləmişdi. Oxuduğu yeri, lazım olarsa, asanlıqla tapmaq üçün baş barmağını səhifənin üstünə qoyaraq, qeyd dəftərini yarıya qədər örtüb sol əlində tutmuşdu. Dəftər titrəyirdi, çünki qolunu heç bir yerə söykəməmişdi, vaqon isə möhkəm yırğalanırdı.
O biri satıcı isə arxaya söykənərək qulaq asır və hərdən başını tərpədirdi. Gənc satıcının dedikləri ilə razı olmadığı və sonra öz fikrini söyləyəcəyi bütün görkəmindən bəlli idi.
Raban ovuclarını yumaraq dizlərinin üstünə qoydu və irəliyə doğru əyildi; satıcıların başları arasından pəncərəyə baxıb, qatarın yanından sürətlə ötüb-keçərək arxada qalan işıqlara tamaşa etdi. Gənc satıcının dediklərindən heç bir şey anlamırdı, o birinin cavabını da anlamayacaqdı. Bunun üçün hazırlıqlı olmaq lazım idi, çünki bu insanlar uşaq vaxtlarından bəri ticarət malları ilə məşğul idilər. İp yumağını əlində bu qədər çox tutan və onu dəfələrlə alıcılara təklif edən bir insan bu ipin qiymətini də yaxşı bilər və qarşıdan gəlib sürətlə yanımızdan keçən kəndlər ölkənin dərinliklərində gözdən keçərkən onun haqqında uzun-uzadı danışar. Yəqin, bu kəndləri də qarış-qarış gəzib, orada yaşayan insanlara mal təklif edən satıcılar var.
Vaqonun o biri başında əlində oyun kartları tutmuş ucaboy bir kişi ayağa qalxıb səsləndi:
– Ey, Mariya, pambıq köynəklərimi də çamadana qoymusan?
– Əlbəttə, – Rabanla üzbəüz oturan bir qadın cavab verdi. Qadın mürgüləyirdi və bu sual onu oyandırdıqda, elə astadan cavab verdi ki, sanki Rabanla danışırdı.
– Siz Yunqbunslaudakı bazara gedirsiniz, eləmi? – diribaş bir adam olan satıcı ondan soruşdu.
– Bəli, oraya gedirəm, – qadın cavab verdi.
– Yəqin orada böyük bir bazar açılacaq, hə?
– Bəli, çox böyük.
Qadın yuxulu idi, sol dirsəyini göy rəngli bağlamanın üstünə qoyub, başını əlinə söykədi, əli ətli yanağını almacıq sümüklərinə qədər örtdü.
– Çox cavandır, – satıcı mızıldandı.
Raban bayaq bilet aldığı kassirin qaytardığı qalığı saymağa başladı. Pulları bir-bir barmaqlarının arasında tutub sağa-sola fırladırdı. Pulların üstündəki imperator rəsminə xeyli baxdı, sonra başın arxasına lentlərlə bərkidilmiş dəfnə çələnginə diqqət yetirdi. Nəhayət, qalığın düzgün qaytarıldığını hesabladı və pulları qara rəngli böyük pulqabının içinə qoydu. Satıcıya tərəf dönüb, “Bunlar evlidirlərmi?” – deyə soruşmaq istəyərkən qatar dayandı. Səs-küy kəsildi, konduktorlar kəndin adını qışqırdılar, Raban fikrindən daşınıb heç bir söz demədi.
Qatar elə yavaş hərəkət etməyə başladı ki, təkərlərin necə fırlandığını təsəvvür etmək mümkün idi, amma birdən-birə yamac aşağı sürətlənməyə başladı; və birdən pəncərədən körpü göründü; körpü sürahisinin uzun çubuqları sanki yerindən qopub bir-birinin üstünə qalaqlanırdı.
Qatarın sürət götürməsi Rabanın xoşuna gəlmişdi, çünki bayaq dayandıqları kənddə qalmaq istəmirdi. “Belə qaranlıq və evdən çox uzaq, üstəlik heç kəsi tanımadığın bir kənd; yəqin orada gündüzlər də cansıxıcı olur. Bəs bundan sonrakı, ya da əvvəlki kənd, yaxud mənim getdiyim kənd fərqlidirmi?”.
Satıcı birdən bərkdən danışmağa başladı. “İrəlidəki kəndə hələ çox var”, – deyə Raban düşündü.
– Cənab, axı siz də bilisiniz ki, istehsalçılar öz adamlarını ən ucqar kəndlərə də göndərirlər, hətta ən xırda dükançılarla da sövdələşirlər. Elə bilirsiniz ki, biz topdan satanlara nisbətən onlara malı daha baha qiymətə verirlər? Əsla yox, cənab, dünən öz gözlərimlə gördüm, malı bizə hansı qiymətə verirlərsə, onlara da eyni qiymətə verirlər. Bu alçaqlıqdır. Bizim qazanc yerimizi əlimizdən almaq istəyirlər, bu şəraitdə ticarətlə məşğul olmaq mümkün deyil, boğurlar bizi.
O yenə Rabana baxdı. Gözləri yaşla dolduğu üçün utanırdı; sol əlinin barmaqlarını ağzına sıxdı, dodaqları titrəyirdi. Raban arxaya söykənib, bığlarını sol əli ilə yavaşca dartmağa başladı.
Qarşı tərəfdə oturmuş satıcı qadın yuxudan oyandı, gülümsəyərək əlləri ilə alnını sığalladı. Bunu görən tacir səsini qısdı. Qadın yenidən yatmaq istəyirmiş kimi yerini rahatladı, bağlamaya söykənib köks ötürdü və mürgüləməyə başladı. Paltarı dartılıb budlarına qədər qalxmışdı. Qadının düz arxasında oturmuş, başında kep olan bir kişi qəzet oxuyurdu. Onun qarşısında isə bir qız əyləşmişdi, yəqin qohumu idi. Qız başını sağa əydi və içəri çox bürkü olduğu üçün ondan pəncərəni açmağı xahiş etdi. Kişi gözlərini qəzetdən ayırmadan: “Bunu oxuyub qurtarım, açaram” dedi və oxuduğu yeri qıza göstərdi.
Satıcı qadın yata bilmədi, dikəlib pəncərədən bayıra baxmağa başladı, sonra gözlərini vaqonun tavanından asılmış, sarımtıl alovla yanan kerosin lampasına zillədi. Raban bir dəqiqəliyə gözlərini yumdu.
Gözlərini yenindən açdıqda, qadının mürəbbə yaxılmış çörəyi dişlədiyini gördü. Yanındakı bağlama açılmışdı.
Satıcı oğlan səssizcə siqaret çəkir və külü tez-tez yerə çırpırdı. O biri satıcı isə bıçağının ucuyla cib saatının mexanizmini qurtdalayırdı, bunun səsini vaqonun o biri başında da eşitmək mümkün idi.
Gözləri yumulan Raban kep qoymuş kişinin pəncərə şüşəsini endirdiyini tutqun şəkildə gördü. Dərhal içəri sərin hava doldu, kiminsə həsir şlyapası asılqandan qopub uçdu. Rabana elə gəldi ki, yuxudan oyandığı üçün yanaqlarına sərin hava dəyir, ya da qapını açıb onu başqa otağa aparırlar, yaxud yuxulu olduğu üçün səhv edir, bunların hamısı qarabasmadır; çox keçmədi ki, dərindən nəfəs