Bəs uşaq vaxtı təhlükəyə düşdüyüm zaman etdiklərimi indi edə bilmərəmmi? Özüm kəndə getmərəm, buna ehtiyac da yoxdur, bədənimi göndərərəm. Bədənim otaqdan çıxarkən səndələyirsə, bu qorxudan deyil, bədənimin heçliyindəndir; pilləkəndən düşərkən ayaqları dolaşırsa, kəndə gedərkən hönkürürsə, orada şam yeməyini yeyərkən ağlayırsa, bunlar heç də çaşqınlıq və həyəcandan deyil. Axı, mən, mənsə bu zaman sarıya çalan yorğanımı üstümə çəkərək, otağın aralı qapısından içəri əsən sərin mehi hiss edərək yatağımda uzanmış olacağam. Küçədən arabalar və insanlar yavaş-yavaş, tərəddüd içində keçib gedəcəklər, çünki mən yuxu görürəm. Arabaçılar və piyadalar hər dəfə addım atmaq istədikdə ürkək-ürkək mənə baxıb, gözləri ilə yalvaracaqlar. Mənsə onları ruhlandıracaq və qarşılarında heç bir maneə qoymayacağam.
Yatağımda belə uzanarkən, məncə, böyük bir böcəyə, maral-böcəyinə, ya da mau böcəyinə bənzəyirəm”.
Bir mağaza vitrininin önündə dayandı. İslanmış şüşənin arxasında rəflərə kişi şlyapaları düzülmüşdü, dodaqlarını büzərək onlara baxdı. “Məncə, bu məzuniyyəti də öz şlyapamla keçirə bilərəm, – düşünüb yoluna davam etdi, – əgər şlyapama görə hamının məndən zəhləsi gedəcəksə, qoy getsin, bu daha yaxşı!
Bəli, böyük bir böcək. Qış yuxusuna getmiş kimi davranırdım, ayaqlarımı yumru qarnıma tərəf yığıb saxlamışdım. Bir-iki kəlmə söyləyərək, ayaq üstdə zorla dayanan və belini bükən bədənimə əmrlər verirdim. Bir azdan bədənim əmrləri dinlədikdən sonra tez çıxıb gedəcək və mən yatağımda kef edərkən, o bütün işləri yerinə yetirəcək”.
Raban yoxuşun yuxarısında yerləşən tağlı bir qapının yanına çatdı; qapı kiçik bir meydana açılırdı; meydanın ətrafında işıqları yandırılmış kiçik mağazalar vardı. İşıqlar yandan düşdüyü üçün meydanın ortasındakı dalğın halda oturmuş adam heykəli qaranlıqda qalmışdı. İnsanlar fənərlərin önündə ensiz qalxan kimi hərkət edirdilər, gölməçələrdən hər tərəfə əks olunan işıqlar meydanın görkəmini daim dəyişirdi.
Raban meydanda xeyli irəlilədi, amma sağından-solundan keçən arabalardan çəkindiyi üçün ürkək-ürkək addımlayır, quru daşların üzərinə ayaq basmağa çalışır, ətrafı yaxşı görmək üçün əlində tutduğu çətiri lap yuxarı qaldırırdı. Nəhayət, tramvay dayanacağının yaxınlığında dördkünc daş altlığın üstünə bərkidilmiş fənər dirəyinin yanında dayandı.
“Axı, məni kənddə gözləyirlər, görəsən narahat olmağa başlayıblar? Amma mən nişanlım kəndə gedəndən bəri, yəni düz bir həftə olar ona məktub yazmamışdım, ancaq bu səhər yazdım. Yəqin, indi tamamilə başqa cür təsəvvür edirlər məni. Bəlkə də, elə düşünürlər ki, mən biriylə söhbət edərkən özümdən çıxıb onun üstünə atılıram, amma əsla belə hərəkət etmərəm. Bəlkə də fikirləşirlər, harasa getdikdə qarşıma kim çıxarsa, onunla bərk-bərk qucaqlaşıram, amma bunu da heç vaxt etmərəm. Nişanlımın könlünü almağa çalışdıqda, onu hirsləndirirəm. Ah, kaş ki, bu dəfə də onu həqiqətən hirsləndirə biləydim!”
Bu zaman yaxınlıqdan üstüaçıq bir araba yavaş-yavaş keçib getdi; arabanın fənərlərinin işığında, arxada qara dərili oturacaqda əyləşmiş iki xanım görünürdü. Onlardan biri arxaya söykənmişdi, üzü şlyapasının kölgəsi və vualla örtülü idi. O biri xanım dik oturmuşdu; başında incə lələkli kiçik bir şlyapa vardı. Arabaya baxan hər kəs onu görə bilərdi. Alt dodağını içəri çəkmişdi.
Araba Rabanın yanından keçən kimi yolun üstündə bir dirək arabaya qoşulmuş sağdakı atın qarşısını kəsdi; arxadan gələn başqa bir arabanın hündür qozlasında oturmuş, böyük silindr şlyapalı sürücüsü işə qarışdı; sonra iki xanımın əyləşdiyi araba Rabanın təzəcə fərq etdiyi kiçik bir evin tinini dönüb gözdən itdi.
Raban başını əyib arabanın arxasınca baxdı, yaxşı görə bilmək üçün çətirinin sapını çiyninə söykəmişdi. Sağ əlinin baş barmağını ağzına soxub dişlərini sürtməyə başladı. Çamadanını yanı üstdə yerə qoymuşdu.
Arabalar meydandan keçərək küçələrə tələsir, atlar üfüqi vəziyyətdə ox kimi süzürdü, başları və boyunlarının yırğalanması bunun böyük bir zəhmət hesabına başa gəldiyini göstərirdi.
Meydana çıxan üç yolun üçünün də səkisi avaralarla dolu idi; onlar dayanıb əl ağaclarını yerə döyürdülər. Bu qrupların arasında qızların limonad satdığı səyyar dükanlar, nazik dirəklərin üstündə küçə saatları, sinələrinə və bellərinə əyləncə yerləri haqqında elanlar yapışdırılmış kişilər, hamballar vardı… (əlyazmasında iki səhifə çatışmır)
… kiçik bir qrup idi. Meydandan keçərək yoxuş aşağı enən küçəyə girmiş iki araba bu qrupu iki yerə ayırdı və bir neçə kişi yoldaşlarından geri qalmalı oldu; amma ikinci araba keçər-keçməz, – əslində birinci arabadan sonra buna qorxa-qorxa cəhd etmişdilər, – geridə qalanlar tələsib yenidən qrupa qoşuldu, sonra uzun bir cərgə halında səkiyə çıxıb qəhvəxananın qapısında basabas saldılar; yuxarıdan asılmış elektrik lampalarının işığı üstlərinə düşmüşdü.
Tramvay vaqonları əzəmətli görkəmləri ilə yaxınlıqdan keçir, bəzi tramvayların isə uzaq küçələrdə dayandığı tutqun şəkildə görünürdü.
Bu zaman nişanlısının şəklinə baxan Raban: “Belini bükərək dayanıb, – deyə düşündü, – əslində, onun dik dayandığını heç görməmişəm. Bəlkə, qozbeldir. İndi buna daha tez-tez fikir verməli olacağam. Ağzı da böyükdür. Alt dodağı isə sallaqdır. Hə, dəqiq belədir, indi yadıma düşdü. Bəs, əynindəki don? Əlbəttə, qadın paltarından başım çıxmır, amma dar qollar şübhəsiz çox çirkin görünür, sarğıya bənzəyir. Şlyapasının kənarları isə müxtəlif cür yuxarı qalxır. Amma gözləri gözəldir, səhv etmirəmsə, qəhvəyi rəngdədir. Gözlərinin gözəl olduğunu hamı deyir”.
Raban düşüncələrə dalmışkən qarşısında bir tramvay dayandı; çətirlərini yarıyadək bağlayıb çiyinlərinə söykəyən insanlar bir-birilərini itələyərək tramvayın qapısına doğru cumdular. Çamadanını qoltuğuna vurmuş Rabanı itələyərək səkidən aşağı saldılar; o gölməçənin içinə girdi. Vaqondakı oturacaqda dizləri üstdə oturmuş balaca bir uşaq barmaqlarını dodaqlarına sıxmışdı, sanki vaqondan düşən biri ilə vidalaşırdı. Tramvaydan düşən bir neçə sərnişin minənlərin basabasından çıxmaq üçün vaqon boyunca addımlamağa məcbur oldu. Sonra bir xanım tramvayın birinci pilləsinə qalxaraq, uzun ətəklərini iki əli ilə dizlərinin üstünədək qaldırdı. Mis tutacaqdan yapışmış bir cənab başını qaldırıb bu xanıma nə isə deyirdi. Tramvaya minmək istəyənlər hövsələdən