Radetski Marşı. Йозеф Рот. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Йозеф Рот
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-3-8
Скачать книгу
vərdiş etdiyi gündəlik həyatını davam etdirdi. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca yuvarlanıb getdi. Baş çavuş baronun dəfn etməyə məcbur olduğu sonuncu ölü olmadı. Əvvəlcə qayınatasını, bir neçə il sonra da ağır bir sətəlcəmdən dərhal sonra tez-tələsik və vidasız bir şəkildə ölən arvadını basdırdı. Oğlunu Vyanada pansionat-məktəbə qoydu və heç bir zaman hərbçi olmayacağına qərar verdi. Özü malikanənin hələ də ölülərin nəfəsinin hiss edildiyi ağ, geniş evində təkbaşına qaldı; təkcə meşəbəyi, təsərrüfat müdiri, xidmətçi və sürücüylə danışır, getdikcə daha nadir hallarda hirslənirdi. Lakin xidmətçilər baronun kəndli yumruğunu həmişə ənsələrində hiss edir; qəzəbli susqunluğu insanların çiyinlərində bir boyunduruq kimi asılı dururdu. Baron ətrafına fırtınaqabağı səssizliyə bənzəyən bir qorxu yayırdı. Oğlundan ayda iki dəfə itaətkarlıqla yazılmış məktub alır, özü isə ayda bir dəfə oğlundan gələn məktubların hörmət göstəricisi olaraq boş buraxılan kənarlarını kəsərək əldə etdiyi kiçik kağızların üzərinə iki cümlə yazaraq cavab verirdi. İldə bir dəfə, imperatorun ad günü olan on səkkiz avqustda formasını geyinib ən yaxın qarnizonun olduğu şəhərə gedirdi. İldə iki dəfə – milad və yaz tətilində oğlu ziyarətə gəlir; milad axşamı atasından imzasıyla təsdiq etdiyi, özüylə aparmasının qadağan edildiyi üç gümüş qulden alırdı. Quldenlər həmin axşam yaşlı kişinin siyirtməsindəki kiçik bir qutuya qoyulurdu. Quldenlərin yanında oğlanın çalışqanlığını, adi, amma kafi qabiliyyətlərini göstərən məktəb qiymət cədvəlləri də vardı. Oğlana heç bir zaman cib xərcliyi verilmir, nə bir oyuncaq, nə də məktəbdə nəzərdə tutulanlardan əlavə kitab alınırdı. Görünüşcə hər hansı bir şeydən məhrum deyildi. Təmiz, həqiqi və dürüst bir ağlı vardı. Sonsuz xəyal gücündə məktəb illərini mümkün olduğu qədər tez geridə buraxmaqdan başqa bir arzu yer tutmurdu.

      Bir milad axşamı atasından "Bu il sənə üç qulden verməyəcəyəm! İmza qarşılığında qutudan doqquz qulden götürə bilərsən. Qızlara diqqət yetir! Çoxu xəstədir" sözlərini eşitdikdə on səkkiz yaşında idi. Atası bir az ara verdikdən sonra davam etdi:

      –Hüquqşünas olmağına qərar verdim. O zamana qədər iki il vaxtın var. Əsgərlik gözləyə bilər. Təhsilin bitənə qədər təxirə salmaq mümkündü.

      Oğlan həm doqquz quldeni, həm də atasının arzusunu eyni itaətkar rəftarla qəbul etdi. Qızların yanına nadir hallarda gedir, seçimini ehtiyatla edirdi və yay tətilində evə döndükdə cibində hələ də altı qulden pulu vardı. Atasından bir yoldaşını malikanəyə dəvət etmək üçün icazə istədi. Mayor bir az təəccüblənərək razılıq verdi. Oğlanın yoldaşı kiçik bir çamadanla, amma ev sahibinin çox da xoşuna gəlməyən rəssamlıq ləvazimatlarıyla gəldi.

      –Şəkilmi çəkir? – deyə yaşlı kişi soruşdu.

      –Həm də çox gözəl çəkir, – oğlu Frans dedi.

      –Evi batırmasın! Mənzərə şəkilləri çəksin!

      Qonaq açıq havada çalışırdı, lakin mənzərə şəkilləri deyil, fikrində baron Trottanın portretini çəkirdi. Hər gün yemək vaxtı ev sahibinin üz cizgilərini yaddaşına həkk edirdi. Baron bir gün soruşdu:

      –Mənə niyə elə bütün günü baxır?

      Oğlanların ikisi də qızararaq başlarını önlərinə əydilər. Portret buna baxmayaraq bitdi və vida anında da yaşlı kişiyə çərçivəli halda təqdim edildi. Baron rəsm əsərini gülümsəyərək və diqqətlə gözdən keçirdi. Sanki ön tərəfdə olmayan bəzi təfərrüatları arxa tərəfdə tapmağı gözləyirmiş kimi rəsmin arxasını çevirdi, onu pəncərəyə doğru, sonra bir az uzaqdan gözlərinin düz önünə tutdu, güzgüdə özünə baxdı, gördüklərini portretlə müqayisə etdi və nəhayət, dedi:

      –Haradan asılacaq?

      Uzun illərdən bəri ilk dəfə sevinirdi. Fransa yavaş səslə dedi:

      –Əgər ehtiyacı varsa yoldaşına borc pul verə bilərsən. Yaxşı dolanın!

      Portret yaşlı Trotta üçün indiyədək edilən yeganə şey idi. Sonralar oğlunun salonuna asılaraq nəvənin xəyallarını məşğul etdi…

      Portret mayoru bir neçə həftə boyunca nadir hallarda olduğu şən bir əhvalda saxladı. Rəsmi bəzən bu divara, bəzən o birisinə asır, könlünü oxşayan bir məmnunluq içərisində sərt xətli və çıxıntılı burnunu, bığsız, solğun, incə ağzını; bir təpəcik kimi kiçik, qara gözlərinin qarşısında yüksələn quru almacıq sümüklərini və iti xətlərlə kəsilmiş inadkar, qabarıq saçlarının altındakı qırışlarla dolu dar alnını gözdən keçirirdi. Çöhrəsini hələ yenicə tanımağa başlayır, özüylə səssizcə danışırdı. İçində indiyədək heç tanımadığı düşüncələr, xatirələr, birdən naməlumlaşan kədərli kölgələr oyanırdı. Sanki yaşını və böyük tənhalığını dərk etmək üçün bu şəkil lazımlı idi və budur, indi boyalı rəsmdən tənhalığı və yaşı gurhagur üstünə gəlirdi. "Həmişəmi beləydim?" – deyə öz-özündən soruşurdu. Həmişə belə idimi? Bəzən məqsədsiz olaraq məzarlığa gedib arvadının qəbrinə baş çəkir, boz başdaşına, tabaşir kimi ağ xaça, arvadının doğum və ölüm tarixinə baxır, onun çox erkən öldüyünü hesablayır və öz-özünə onu tam olaraq xatırlamadığını etiraf edirdi. Məsələn, əllərini unutmuşdu. "China-Eisenwein" – arvadının illər boyunca qəbul etdiyi bir vitamin siropu ağlına gəldi. Bəs üzü? Gözlərini yumunca üzünü gözlərinin önünə gətirə bilirdi, amma xəyalındakı şəkil qısa müddətdə yox olur, qırmızıya çalan yuvarlaq bir qaranlıq içində itirdi. Mayor evdə də, fermada da getdikcə yumşaldı; bəzən bir atı oxşayır, inəklərə gülümsəyir, əvvəlki vaxtlarla müqayisədə daha tez-tez şnaps içirdi; günlərin birində oğluna adət edilən tarixlərin xaricində qısa bir məktub yazdı. İnsanlar onu gülümsəyərək salamlamağa başladı, o da nəzakətlə baş əyirdi. Yay gəldi, tətildə oğlu dostuyla birlikdə gəldi; yaşlı kişi gənclərlə birlikdə şəhərə gedib bir kafedə bir neçə stəkan “Slivovitz” içərkən gənclər üçün də bolluca yemək sifarişi verdi.

      Mayorun oğlu hüquqşünas oldu, daha tez-tez evə gəlməyə, malikanədə gəzməyə başladı; hüquqşünas karyerasından imtina edib təsərrüfatı idarə etməyin xoşuna gələcəyini düşünüb bu mövzunu atasına açdı. Mayor dedi: “Bunun üçün çox gecdir! Sən nə kəndli, nə də fermer olacaqsan. Uğurlu bir məmur olacaqsan, başqa bir şey deyil”. Qərar verilmişdi. Gənc Trottanın məmur olaraq Sileziya Bölgə Müfəttişliyinə təyinatı verildi. Trotta adı məktəb kitablarından çıxarılmış olsa belə, yüksək siyasi dairələrin gizli sənədlərində hələ də dururdu. İmperatorun lütfüylə bağışlanan beş min qulden məmur Trottanın məchul yüksək mövqelər tərəfindən xoş münasibətlə izlənilib dəstəklənməsini zəmanət altına aldı. Oğul Trotta sürətlə yüksəldi. Bölgə Qubernatorluğuna təyin edilməzdən iki il əvvəl mayor öldü.

      Özündən sonra təəccübləndirici bir vəsiyyətnamə qoyub getdi. Vəsiyyətnaməsində belə yazılmışdı: Oğlunun yaxşı bir təsərrüfatçı ola bilməyəcəyinə əmin olduğu, imperatorun lütfünə minnətdar olan Trottaların dövlət xidmətində şərəfli mövqelərdə ondan daha xoşbəxt yaşayacağına ümid etdiyi üçün illər əvvəl qayınatasından qalan bu malikanəni üzərindəki bütün daşınar-daşınmaz