Kapitan Trotta əlində oxu kitabıyla arvadının ilıq günortadan sonra məşğuliyyət tapdığı evin arxasındakı kiçik meyvə bağçasına gedərək solğun dodaqlarının arasından çıxan pıçıltılı bir səslə biabırçı yazıdan xəbəri olub-olmadığını soruşdu. Arvadı gülümsəyərək "bəli" mənasında başını tərpətdi.
–Bunlar yalandır, – deyə kapitan əlindəki kitabı yaş torpağa atıb qışqırdı. Arvadı mülayim bir səslə cavab verdi:
–Uşaqlar üçün yazılıb.
Kapitan geri döndü. Hirsindən titrəyirdi, lap bir kolluğun fırtınadan titrədiyi kimi. Sürətlə evə girdi, ürəyi döyünürdü. Şahmat saatı gəlmişdi. Qılıncını qarmaqdan götürüb hirsli, sərt bir hərəkətlə belinə bağladıqdan sonra əsəbi, uzun addımlarla evi tərk etdi. Onu bu halda görən hər kəs bir bölük düşməni haqlamaq üçün hərəkətə keçdiyini güman edərdi. Çayxanada bir söz danışmadan sərt, qısa saçlarının altındakı solğun alnında dörd dərin üfüqi xətlə iki şahmat partiyasını bitirdikdən sonra əsəbi bir əl hərəkətiylə taxtanın üzərindəki daşları yana süpürərək qarşısında oturan oyun yoldaşına dedi:
–Sizinlə bir şey barədə məsləhətləşməliyəm. – Səssizlik. – Məndən sui-istifadə edildi,– deyə davam etdi. Notariusun gözlüyünün parlayan şüşələrinə baxıb bir müddət sonra yerinə görə münasib sözləri tapa bilmədiyini hiss etdi. Oxu kitabını özüylə gətirməliydi. O üz qarası cisim əlinin altında olsaydı dərdini daha asanlıqla açıqlaya bilərdi.
–Nə kimi bir sui-istifadə? – deyə notarius soruşdu. Kapitan Trotta sözə "Mən heç bir zaman süvari olmamışam" şəklində başlamağın doğru olacağını düşündü, halbuki bu şəkildə başa düşülməsinin mümkün olmayacağını dərk edə bilirdi.
–Bu utanmaz yazarlar isə imperatoru xilas etmək üçün kürəyi tər içində olan qırmızı bir at üzərində dördnala çıxıb gəldiyimi yazır.
Notarius kapitanı başa düşdü. Oxu kitabındakı yazıdan oğulları da məktəbə getdikləri üçün xəbərdardı.
–Bu mövzunu şişirdirsiniz, hörmətli kapitan, – dedi. – Bunun uşaqlar üçün yazıldığını unutmayın!
Trotta notariusa dəhşət dolu gözlərlə baxdı; o anda bütün dünyanın, oxu kitablarının yazarlarının, notariusun, arvadının, oğlunun və xüsusi müəllimin ona qarşı birləşdiyini düşündü.
–Bütün tarixi hərəkətlər təhsil daxilində fərqli bir şəkildə ifadə edilir. Qənaətimə görə, doğrusu da budur. Uşaqların anlaya biləcəkləri, unutmayacaqları nümunələrə ehtiyacı vardır. Əsl həqiqəti daha sonra öyrənərlər!
–Hesab! – deyə kapitan dikələrək səsləndi. Qışlaya getdi, növbətçi zabit leytenant Amerlinqi ehtiyat zabitin otağında gənc bir xanımla günah işləyərkən yaxaladı, növbətçiləri şəxsən təftiş etdi, baş çavuşu çağırdı, növbətçi baş gizirin hesabatını istədi, bölüyü toplanışa çağırıb həyətdə tüfəng təlimləri verilməsini əmr etdi. Hər kəs təəccüb içərisində qorxudan titrəyərək əmrlərə itaət etdi. Hər dəstədə bir neçə əsgər əksik idi və əksiklər tapılmırdı. Kapitan Trotta adların oxunmasını əmr etdi və leytenanta dedi:
–Əksik olan əsgərlər sabah özlərini müdafiə etsinlər.
Bölük təngnəfəs halda tüfəng təlimləri keçirdi. Hərbi vasitələr tıqqıldayır, qayışlar havada uçuşur, isti əllər soyuq lülələrin üzərində şappıldayır, heybətli qundaqlar ağır və yumşaq torpağın üzərinə sərt bir şəkildə endirilirdi. Kapitan "Doldur!" əmrini verdi. Hava təlim güllələrinin boğuq partlayışlarıyla titrədi. Kapitan "Yarım saat salamlama təlimi" əmrini verdi. On dəqiqə sonra əmri dəyişdirdi: "Dua üçün diz çök!" Sərt dizlərin torpağa, çaqıl daşlarına, quma dəyərkən çıxardığı boğuq səsi eşidincə sakitləşdi. Hələ də kapitan və bölüyünün komandiri idi. O məlun yazarlara hədlərini göstərəcəkdi.
O gün kazinoya getmədi, yemək də yemədən yatdı, ağır bir yuxuya getdi. Ertəsi gün səhər zabit toplanışında polkovnikə qısa, lakin qəti cümlələrlə şikayətini dilə gətirdi. Bundan sonra həqiqətlərin cəngavəri kapitan Cozef von Trotta-Sipoljenin əziyyəti başladı. Müharibə Nazirliyindən şikayətin Mədəniyyət və Tədris planı Nazirliyinə göndərildiyini bildirən cavabın gəlməsi həftələr çəkdi. Günlərin birində nazirin cavabı çatana qədər də bir neçə həftə keçdi. Nazirin cavabında belə deyilirdi:
"Çox möhtərəm hörmətli kapitan!
Zati-alinizin Avstriya Xalq və Yurddaş Məktəbləri üçün 21 iyul 1864-cü il tarixli qanuna görə hazırlanan, professor Veydner ilə Serdon tərəfindən hazırlanan oxu kitablarındakı on beş nömrəli yazı ilə bağlı dilə gətirmiş olduğu şikayət ilə əlaqədar olaraq hörmətli tədris planı naziri zati-alinizin diqqətini hörmətlə və icazənizlə tarixi əhəmiyyət daşıyan, xüsusilə də Əlahəzrət imperator Frans Cozefin şəxsən özüylə və Ali Sülalənin digər üzvləriylə oxu kitabındakı yazıların 21 mart 1840-cı il tarixli fərmana uyğun olaraq şagirdlərin dərketmə qabiliyyətinə uyğun şəkildə hazırlanması, pedaqoji hədəfləri nəzərdə saxlamağın lazım olduğuna çəkmək istəməkdədir. Zati-aliniz tərəfindən sözügedən şikayətdə ifadə olunan on beş nömrəli yazı zati-aliləri hörmətli Mədəniyyət Naziri tərəfindən şəxsən araşdırılmış, məktəb istifadəsi üçün münasib hesab edilmişdir. Həm ali, həm də orta məktəb müəssisələrinin məqsədi bir tərəfdən imperiyanın şagirdlərinə