Bildiyiniz kimi, Dələduz, öz doğma vətəninə, İsveçrə cəmiyyətinə, yaxud başqa növ bütün cəmiyyətlərin əlinə sənədli bir yaşam hekayəsi verməkdən daima qaçınmışdır. Bəli Dələduz çardaqda xarratlığı və sözlərlə işləyərək, sözlərdən, hərflərdən yeni anlamlar yaratmağı digər bütün sənədli işlərdən üstün tutur, taxtaları doğrayıb rəndələmək qarşılığında dul qadın tərəfindən qadının “Vous etes charmant” sözlərinin müşayiəti ilə itpayı qarşısına atılan ikindi vaxtının əvəzedilməz cütlüyü olan bir şüşə pivə və “leberwurst”a dərin bir ehtiram bəsləyirdi. Qadın gəncliyində çoxlarına əbləh kimi görsəndiyini danışmışdı Dələduza. Bununla belə aralarındakı söhbətlər zamanı əbləh gəncliyi olan bu qadın hansısa maviqanlı biri kimi əda ilə oturarkən, Dələduz bir qulluqçu nəzakəti ilə, iri bir taxta udmuş kimi dimdik dayanardı. Hərçənd bir dəfə Dələduz da qadının rokoko üslublu çöhrəsinə baxarkən oturmaq ağlına gəlmiş, lakin elə ilk cəhddə də ağzının payını almışdı. Qadın yaraşdırmamışdı ona bu nəzakətsizliyi və sonrasında Dələduz da haqq vermişdi həmin bu rokoko sifətliyə. Dələduzun duruş mədəniyyətindən yazı və oxu mədəniyyətinə atlasaq onu qeyd edə bilərik ki, Dələduz bir neçə dəfə üzərində səylə çalışdığı, nizama salınmış, üslub və ruh olaraq fikir nisbətinin incəliklə bölüşdürüldüyü yazılarından bir neçəsini dul qadına oxumuşdu. Dələduzun ən böyük zövqlərindən biri də elə anlatmaq, oxumaq idi. Bilmədiyiniz kimi dul qadın şapkaların satıldığı bir butik işlədirdi ki, elə hər gün bu bu-tikə baş çəkən Dələduz dulu görməkdən daha ziyadə amalı elə ona nəsə danışmaq idi. Bəzən bu söhbətlər dulun zərif, kiçicik, şirin, narın, sevimli, mehriban ayaqlarından düşərdi ki, Dələduz da bu ayaqlara şərqilər bəstələmişdi. Bu ayaqların qadının iyirmi yaşlarından daha möhtəşəm görsəndiyini də xatırlamamaq olmaz, bəli dulumuz elə bu ayaqlarla da evlilik adlı müqəddəs məbədə qədəmlərini basmışdı.
Sonra. Sonra Dələduzun bir axşam, təxminən saat on bir radələrində Orlean Bakirəsi haqqında bir söhbətin sonunda dul qadının öncəki axşamdan qalan çirkli, eyni zamanda pak qaşığı ilə hər sabah etdiyi hərəkəti qadına etiraf edəndə, qadın bu etirafa cavab olaraq günahlandırıcı bir susqunluğa, belə bir susqunluq tövrü halı yalnız orta əsr kraliçaların ədabaz duruşlarında müşahidə olunurdu, qərq olaraq, Dələduzun inciklik olaraq anladığı bir ifadə ilə arxasını Dələduza tərəf çevirərək, Dələduzun şirin yuxular, sakit gecələr adlı xəfif sözlərini tamam etinasız buraxaraq öz hərəminin ən məhrəm, ən sakit, eyni zamanda ən iffətli guşəsinə çəkilmişdi. Bu iffətli duruş qəhrəmanımıza necə də gözəl görsənmişdi. Bu duruş rəsm əsərinə çevrilməli, rəssamlıq incisi olmalıydı. Ah, qadının o anlarda dəhliz boyu yerişi, xətrinə dəyilmiş, amma bir o qədər də məğrur, eyni zamanda xoşallanmış yerişi bir gravürü xatırladırdı. Ah, qadınlar, onları sevdiyimizi üzlərinə etiraf etdiyimiz qadınlar necə də gözəl olurlar. Əlbəttə, bu etirafın Dələduzun yaddaşında hər yönü ilə mükəmməl bir skandal olaraq qaldığını deməyə ehtiyac yoxdur. Biz də Dələduza canı-könüldən bu rüsvayçılıqdan həzz almasını arzu edir, növbəti dəfə bildiririk ki, bizim bu sərsəri belə şeylərin ölüsüdür. Yox, tamam ölü deyil, ölüvay bir ölü desək daha yaxşı olar. Ah, qaşıq etirafı zamanı cəsarəti qarşısında titrəyən Dələduz. Bununla belə necə cəsarət tablosu görüntüsü vardı. Və bu dul qadın. Dünyada minlərlə bənzəri olan bir kişiylə evlənmiş bu qadın. Elə bir kişiylə evlənmişdi ki, o adam hamını xoşbəxt edə bilərdi. Amma bu xoşbəxtlikdən dul qadın faydalana bilməmişdi. Bu xoşbəxtlik ona çox uzaq görsənmişdi. Əcaba nədən? Bəlkə qadın həqiqətən əbləh idi? Sualmı? Yox qadın həqiqətən əbləh idi və içində yaşayan, zaman-zaman boy göstərən bu əbləhdən hətta qürur da duyur, onunla fəxr edirdi. Bəli, qadın cavanlığında əbləh kimi tanınmasından danışarkən tamamilə doğruçu idi. Bəli, bu əbləhlik dediyimiz şey çox zaman elə zərafət, incəliklə sıx bağlı olan bir şeydir, bəzən adama cazibədarlıq da qazandırır. Qadının əbləhliyi və cazibədarlığı həqiqətən bir-birini tamamlayan iki ünsür idi. Qadın əbləhliyi ilə cazibədar görsənirdi. Və bu keçmişin və indinin əbləh-cazibədarı Dələduzun