Düzdür, indi bu halımızla Dələduzun bu göstərisinin elementindən xəbərsizik, amma həmin məclisdən evə qayıdarkən gecənin onun gözünə əsrarəngiz göründüyü bilirik. Bilirik ki, o gecə gümüşü rəngli ağaclar səssiz bir nəğmə pıçıldaşırdılar. Bu nəğmədə dostluq var idi. Və küçələr, uzun qutucuqlara bənzəyən bu küçələr, və evlər həmin qutucuqların içindəki kiçik oyuncaqlardan başqa nə idi ki?!
İndisə həmin gecənin sonsuz romantikası Dələduzun yolda qarşılaşdığı sevgilisini kifayər qədər alovlu hisslərə malik olmadığı bəhanəsilə geri çevirdiyi Herr Meirlə pozmaq istəyirəm. Bu Meir arzularını reallaşdırmaq mövzusunda kifayət qədər uğursuz biri idi. Sevgilisinin ayaqları altına qapanmağını dəfələrlə dilə gətirsə də qızcığaz artıq bu gəncin gəvəzəliklərindən zara gəlmiş, onun bu davranışlarına ikrah duymağa başlamışdı. Bəli, həqiqətən kiminsə ayağına düşüb yalvarmaq yalvarandan daha çox yalvarılana əzab verər, onu əlavə duyğularla yükləyər ki, bu duyğuların heç birində saflıq yoxdur. Sözün qısası, Meirin sevgilisi bu gəncin ovuclarına sevgi qırıntılarından başqa bir şey qoymağa razı deyildi və Meir, nəhəng alovun həsrətiylə yanan birisi indi kül dənələri iləmi ovuncaqdı? Meirin ruhu bu qırıntılarla doyardımı, əlbəttə ki yox. Və bütün bu bədbəxtliyin qarşısında Meir hər yolu tutaraq həmin qızcığazın ayaqqabısını öpəcək qədər irəli getmişdi ki, indi bunları birər-birər bizim Dələduza danışaraq ondan məsləhət və mərhəmət umur, artıq sahibəsinin lazımsız işvələrindən cana yığıldığından səmimiliklə danışırdı. Dələduz, hər zamankı Dələduz isə öz qırmızılığı ilə bu üsyan həddində olan canayığılmanın əbəs olduğu haqqında bir iki cəsarətli söz dedikdən sonra, qızcığazı tərifləməyə başlayaraq Meirin onu sevməsinin ən təbii haqq olduğunu bəyan etdikdən sonra, növbəti cəsarət dalğası onun ətrafın sardı və açıqsözlü Dələduz artıq sözlər dənizində itkin bir yolçuya çevrildi. Ağzından amerikansayağı sevgilərə xas ifadələr çıxır, amerikansayağı bir sevgidə tələb olunan cəsarətin dozasının çoxluğundan şikayət edərək, Meiri gözləyən fədakarlıqların çox böyük olduğunu, hərçənd sevgisini bildirmədən yaşamağın, ayaqqabı öpməkdən daha ali bir mövqedə dayandığını bir peyğəmbər kimi bəyan edir, qadının onu darıxdırıcı hesab etməyinin anlaşılan bir hal olduğunu, Meirin cəsarətinin əslində cəsarətsizlik olduğunu, bu cəsarətin dayazlıqdan başqa bir şey olmadığını ən yumşaq sözlərlə vurğulayırdı. Bəli, sevgidə alovlu bir bolşevik kimi özünü görən Meir artıq zavalli, bütün dünyadan xəbərsiz qurbanlıq bir piyadaya çevrilmişdi və bütün bu sözlər Meirin aşiq və cəsarətsiz qəlbinə küt bir bıçaq kimi sancıldıqca araya soyuqluğun rüzgarları girdi. Odur ki, ikisinə də sağollaşıb yollarını ayırması çox çəkmədi.
İndisə qaşıqlı qadın yaxud da ki dul haqqında danışaq. Bəli bu dul olduqca əziyyətli bir evlilik yaşamışdı. İrəlidə çox güman sizə bu evlilik haqqında ətraflı bir raport təqdim edəcəm. İndisə Dələduz və Vandaya qayıdaq. Bu söhbətin ertəsi gün Dələduz yenə də vandanın evinin qarşısında ağac olmağa getmişdi. Həmin gün Vandanın bir çox rəfiqələri onlara qonaq gəldiyindən bu ağac Vandanın həmin qonaqlar münasibətilə yaxşı vaxt keçirdiyinə ümid edir və bu ümidlə canı könüldən sevinirdi. Hələ bir melodiyaya diqqət kəsilin, yəqin rəqs edirlər. Bax Dələduz da elə bu cür düşünərək xoşbəxtlyin rəqsini görmək üçün bağça hasarına yaxınlaşaraq barmaq uclarında dayanmışdı. Əlbəttə, taxta hasar da bu həyəcana tab gətiməyərək qəfildən aşmış, Dələduz isə bu hadisədən dərhal sonra kazinolardan birinin yolunu tutmuşdu. Bu aşmış taxta hasarın Vandanın sonu olduğunu düşünün. Amma onu deyim ki, həmin hadisənin ertəsi günü Dələduz həmin kazinoda Dələduzun nəzərində əsl sənət göstərən qadına mirvarilər, cürbəcür muncuqlar göndərməyə başlamış, bu hədiyyələrin yanına yazdığı kiçik qeyd də sənətçi tərəfindən soyuqqanlı bir mülayimliklə cavablandırılmışdı. Bu arada sizin üçün bir şeyi də əlavə edim ki, Dələduz Vandaya belə bir hədiyyə göndərməyə heç bir zaman cəsarət etməmişdi. Bəlkə də mənim cəsarətsizlik adlandırdığım bir az ağılsızlıq və unutqanlıq idi. Hərçənd.
Dələduz təxminən iki il əvvəl bir axşam saat 5 ilə 6 arasında 50 frank ödədikdən sonra şəhərimizdə yerləşən vodevillərin birində yerini almışdı. Biz bu vodevil macərasına bir insanın öz xəsisliyini sübut edəcək bir macəra kimi baxmaqdan uzağıq. Amma bu vodevillərdə yer alan qadınlardan da danışmasaq onların sənətçi ruhuna, yaxud sizin bu sənətçi ruhdan təsirləndiyinizi düşünən dünyagörüşlərinə, həmçinin bu dünyagörüşündən doğulan və yanınızda oturub bir qədəh şampan şərabı içməyi istəmək kimi arzularına xəyanət etmiş olarıq. Əlbəttə onların sizə yaxınlaşması hansısa cansıxıntısı, susuzluq yaxud aclıq kimi rasional səbəblərdən olmur, sadəcə bu məxluqlar məsumluqla sizin onlara bir qədəh şampan şərabı ikram edəcəyinizə inanırlar. Bu bütün vodevillərdə belədir. Siz onları qınamayın. Onlar haqqında bir az da danışsaq deyə bilərik ki bu sənətçilər şokolada, xüsusən vodevilin barına qazanc gətirəcək şokolada vurğundurlar. Əlbəttə təkcə şokolada yox, sizin onlara baxışınızdakı heyranlıq bu gözəlçələrin sizdən siqaret təminatçısı kimi istifadə etməyinə də şərait yaradır ki, onların bu istəyi dilə gətirərkən özinamları sizin necə məsum quzu-qurd oyununda olduğunuzu dərk etmənizə əlbət böyük bir əngəl olur. Əlbəttə, şampan şərabı, şokolad, bir qutu siqaret bara yetəri qədər borclandığınızın göstəricisidir və nə fərqi var, artıq ətrafınızda həyat qaynayan hər şey sizi sevməyə başlamışdır. Salona baxarsınız. Salonda hamı var, ofis isçiləri, kimyaçılar, fermerlər, zabitlər. İmpressarionun isə öz vəzifəsinə uyğun olaraq, özünəməxsus adi sözlərlə gah sənətçiləri, gah da ki qonaqları bu çalçağırda fəallığa dəvət etdiyini görərsiniz. İmpressarionun keçəl olub-olmaması müzakirə mövzusuna çevrilir. Keçəlliyinin nəzakəti ilə necə mehriban bir uyum sağlayacağı əsas sual obyektidir və siz bütün bu görüntülərin qarşılığında həmin yerdə əgər həmin məkan üçün kifayət qədər tanınmış bir qadınla yanaşı dayanmısınızsa deməli siz əsl örnək alınası şəxs olmusunuz. Deməli, Bu örnək olmanın gətirdiyi məşhurluqla tezliklə ətrafınızı bir qalabalıq bürüyəcək