11
Yadımdadır, babam onun adını daşıdığım üçün beşiyimin başında dayanıb gülümsər gözlərlə mənə baxırdı. Xatırladığım və xatırlamadığım anlar var. Mən unutmuşam, amma babamın mənim haqqımda oxuduğu misralar heç bir zaman yaddan çıxmırdı.
Paul, kiçik oğlan necə də sevincdoludur,
Dua edirəm ki, bu arzular hər gün onu izləsin.
Həyatı həmişə bir nağıla bənzəsin
Və günəşin şüası daima yolunu işıqlandırsın.
Sonralar babam bu şeiri mənə 8-ci yaş günümdə içində köhnə markaların da olduğu qırmızı albomla birlikdə hədiyyə etdi. Günəş şüaları sönüb illəri qaranlığa bürüyəndə babamın mənə bundan deyəcək başqa sözü qalmamışdı. Hətta həmin albomun mənim həyatımı necə təqib edib qarışdırdığı haqqında da məlumatı çox deyildi. Daha sonra babam qocaldı və təqaüdə çıxdı. Mən isə işsiz olduğum üçün sosial müavinət hesabına yaşayırdım. Həmişə nənəmlə babamın Teigavegurdakı mənzilində oturardıq. Onların hər birinin öz maraq dairəsi vardı.
Babam divanda əyləşərək dincəlir, bəzən uzanır, ürəyi istəyəndə trubkasını yandırır, əsasına söykənərək bu misraları söyləyirdi:
Günəş ağlayan dumana təsəlli verir, Çiskinli yağışda axan göz yaşlarını qurudur. Şeh damçılarına bürünən çiçəklər başlarını xoşbəxtliklə yelləyirlər.
Mən bilmirəm bu misralar babamın idi, yoxsa başqasının, amma o öldükdən sonra nənəmin tək yaşadığı Teigavegurda mən tez-tez onun boş qalmış divanına baxır, dodaqlarından qopan sevimli misralarını eşidirdim.
İKİNCİ HİSSƏ
1
Parlaq qu quşunun olduğu, mələklərin rəqs etdiyi reallığın boş sahillərində olmusanmı? Yuxunda köhnə gəmilər sahilə tərəf üzür və duman yanındakı qumluqlara qədər gəlib çatır.
Amma sarayların sarı-bozumtul işıqlarını okeanın müşayiəti ilə görmək olur.
Psixiatriya xəstəxanasının ətrafındakı ağaclar xeyli boy ataraq ucalsa da, sahil qısırlıqla örtülmüş, qum və daşlıqların arasındakı taxıl zəmisinin ağuşunda uyuyurdu. Qulaqlarınızda sörf köpüklənir, dalğalar sahilə can atır; qaranlıqda itib-batan xatirələr…
Sahil xətti anbar və çardaqlarla doludur. İçində gizli xəzinə haqqında məlumat olan butulkaları tapmaq üçün dənizə axışan uşaqlar da gözümə dəymir. Lakin burada bir zamanlar təkcə çəmənlik və tarlalar, sıraya düzülmüş təpəciklər, xəndəklər, daxmalar, balıqların qurudulması üçün qurulmuş rəflər və tövlələr vardı. Günəşli günlərdə gənc analar uşaq arabalarını aşağı itələyərək, çəmənlikdə may çiçəklərinin arasında dincəlirdilər. Uşaq arabalarında isə günəş şüaları uyuyur, bəzən yatır, bəzən vurnuxur, bəzən də ağlayırdı.
2
Bir dəfə anam əsrimizin ortalarında günəş şüalarının əhatəsində bərq vuran möhtəşəm mənzərə tablosunun qarşısında əyləşmişdi. Qarşısında açıq mavi körfəz uzanırdı. Yaşıl ada, sakit, Esja dağı üzərində parlaq mavi səma başında sanki bir papaq kimi bir neçə ağ buludla daha əzəmətli görünürdü.
Arxasında olan şəhər oyanmaq üzrə idi, mən isə arabamda uzanaraq xoşbəxtcəsinə uyuyurdum.
Anamın yanına bir kişi yaxınlaşdı. Dənizdən əsən meh otların arasından narın bir cığır salaraq saçlarını qarışdırdı. Anam günəşin şüaları qarşısında gözlərini qıyaraq qarşısında dayanan kişiyə baxdı. Və həmin an onun kim olduğunu tanıdı. O, kral Bolduin idi. Britaniya imperiyasının kralı. O, həmçinin özünü Britaniya ordusunun polkovniki hesab edirdi.
Kral Bolduin əyalət məmuru olduğu zamanlarda bir dəfə evinin arxa bağçasında həyat suyunu kəşf etdiyini düşünür. Eyni zamanda müqəddəs ruhlar Bolduini təqib edərək onun Britaniya imperiyasının hökmdarı olduğunu söyləyirlər.
İnsanlar anidən yerli hökumət ofisində Bolduinin adının baş hərfini “W” hərfi ilə yazdığının, iş yerində başına tac qoyduğunun şahidi olurlar.
– Zəngləri eşidirsən? – Bolduin anama söylədi. O, əlində çubuq, qara palto geyinmişdi. Səliqə ilə qırxılmış saqqalı da palto və saçları kimi qara idi.
– Hansı zənglər? – anam soruşdu.
– Günəşdə zənglər çalınır.
Anam oturdu və zəngi dinlədi. Uzaqdan kral Bolduinin sözlərindən başqa heç bir yerə aid olmayan dinqdonun səsini eşidirdi.
Onun üzündə zəfər ifadəsi vardı. Dənizin yüngül mehi saqqalını tərpədirdi. Gözləri isə öz orbitlərində yolunu axtaran uğursuz ulduzlar kimi parlayırdı. Bu anda may çiçəkləri otların üzərinə sərilərək başlarını yelləyirdi, eynilə babamın şeirlərindəki çiçəklər kimi.
Sonra kral Bolduin, “Olar?” – deyə arabaya işarə etdi. Anam başını tərpətdi və bu zaman onun gözləri sevincdən parladı. Əlindəki çəliyi arabaya keçirən Kral Bolduin irəli gələrək kölgəyə baxmaq üçün başını irəli verdi. Səs məni yuxudan ayıltdı və mən vurnuxaraq səs-küy salmağa başladım.
Anam yerindən qalxaraq arabamın qapağını qaldırdı. Məni yerimdə oturdaraq qapağı yenidən bağladı. Bu zaman günəşin şüaları mənim qıvrımlarımı oxşadı: “ quqli-qu, quqli-qu, quqli-qu…”
Britaniya kralı Bolduin uşaqla danışmağa başladı və mən onun üzünə baxdım. Qara saqqalı və gözlərini gördüm. Mənə xeyli baxandan sonra qalxaraq üzünü anama tərəf çevirdi.
– Mələklər bu oğlana baxır, – deyə Bolduin söylədi. Bu zaman onun gözləri havada rəqs edən günəş şüaları qədər sadə təbəssümlə qarşılaşır.
Çox sonralar bu qəribə şəhərin küçələrində bərbad durumda dolaşarkən mən kral Bolduinlə qarşılaşdım. Artıq qocalmış, üz-gözü qırışmışdı və küçənin hündür eyvanından baxırdı.
– Sən mələklərinin qayğısına qalmadın, – ciddi bir şəkildə söylədi.
3
Mən öncə döşəməyə, sonra tavana, daha sonra anamın və stol-stulun ayaqlarına baxdım. Mənim dünyamın rəsmi mütləq tamamlanmışdı.
Sonra qapını açıb bağçaya çıxdım. Saralmış hasar uzaq-uzaq bir divarı xatırladırdı. Darvazaya tərəf gedərək dəstəyindən tutdum və növbəti bağçaya baxdım. Məni əllərində qırmızı plastik vedrə və bel ilə üç