Hələ də özümüzü qarşılıqlı həmrəylik içində cavabdehliklər daşıyan və bir-birimizdən bərabər hörmət gözləyən normativ məxluqlar kimi görmək istəmirikmi? Normasız-funksional məfhumlara dönüşdürülən cəmiyyət həyatında bundan sonra əxlaq və hüququn hansı dəyəri ola bilər? Bir də son zamanlarda, xüsusilə, naturalist seçimlər üstünlük qazanır: Sadəcə təbiət alimlərinin reduktiv tövsiyyələri deyil, məsələn, gələcəyin robot nəsillərinin üstün süni zəkaları barədə yetkinləşməmiş spekulyasiyalar bu seçimlər arasında ən çox nəzərdə olandır.
Beləliklə, “özün olma uğurunun etikası” mövcud bir çox seçim arasında yeganə seçimə çevrilir. Belə bir anlayışın əsası, rəqib cavablara qarşı özünü artıq sadəcə formal arqumentlərlə müdafiə etmir. Xüsusilə də “doğru həyata” dair əsl fəlsəfi sual günümüzdə antropoloji bir bütün halında yenidən sorğulanmağa başlanmışdır. Yeni texnologiyalar öz-özlüyündə mədəni həyatın formalarına aid, doğru anlayışın nə demək olduğu barədə ictimai bir yanaşma meydana gətirir. Və artıq filosofların bu mübahisə mövzusunu bioalimlərə və elmi-texnologiaya meylli mühəndislərin ixtiyarına buraxmaq üçün heç bir sağlam səbəb və bəhanələri qalmır.
NÖVÜMÜZÜN ETIK DƏRKINƏ DAIR MÜBAHISƏ
Gələcəyin ana-ataları hədsiz öz-determinist (öz müqəddəratını təyin etmə – tərc.) haqqlarını tələb edərkən, gələcəyin uşaqları üçün müstəqil bir həyat davam etdirmə haqqının qarantilənməsini müdafiə etmək də haqlı və ədalətli bir tələb olacaqdır.
1973-cü ildə genomun əsas tərkib hissələrini ayırıb-yenidən birləşdirən təcrübə müvəffəqqiyyətlə sonlandı. Genlərin bu süni rekombinasiyasından sonra gen-texnologiyası tibb sahəsində, xüsusilə də, süni mayalanma elmi sahəsindəki inkişaf geniş vüsət almış və doğumöncəsi diaqnoz metodlarında nailiyyətlər əldə edilmişdir. 1978-ci ildən bu yana, süni mayalanmanın tətbiqi uğurla başa çatdırılmışdır. Labaratoriya şəraitində yumurta hüceyrəsinin sperm hüceyrəsiylə döllənməsi (in vitro) ilə birlikdə, insanın kök hüceyrələrinin (kök hüceyrəsi – bir canlının bədənində çox uzun müddət bölünməyə davam edərək özünü yeniləyən və bunun sayəsində fərqliləşmiş hüceyrələr əmələ gətirən, fərqlənməyən hüceyrələrə verilən ad – tərc) ana bətnindən kənar bir yerdə də genetik tədqiqat və təcrübələrə açıq olma imkanı əldə edilmişdir. “Tibbi cəhətdən dəstəklənən döllənmə” elə bir mərhələyə gəlib çıxmışdır ki, nəsil silsiləsi inanılmaz dərəcədə pozulmuş, ictimai valideynlik ilə bioloji valideynlik arasındakı əlaqə aradan qalxmışdır. Məsələn, daşıyıcı analıq və sperm bankı, menopoz sonrası hamiləliyi mümkün edən yumurta bankı, ya da donmuş yumurta hüceyrələrinin daha gec zamanda istifadə olunması ağlıma gələn ilk nümunələrdəndir. Reproduktiv tibb ilə gen texnologiyasının bir yerdə istifadə olunması ilə pre-implantasiya diaqnozu və gen materialına müalicə məqsədi ilə müdaxilələr mümkün olmuş və orqan yetişdirmə imkanları artmışdır. Bunlar isə, biz yurddaşlardan təşkil olunmuş cəmiyyətin gözündə əxlaqi ağırlığı gündəlik siyasi ixtilafları dəfələrlə aşan məsələlərdir. Bəs onda problem nədir?
Genetik pre-implantasiya diaqnozu sayəsində, dördüncü hüceyrə bölünmə mərhələsindəki (yəni səkkiz hüceyrəli mərhələdəki) embirionu genetik cəhətdən kontrol etmək və hər hansı bir xəstəliyə tutulma ehtimalın bilmək, artıq mümkündür. Bu diaqnoz metoduna xüsusilə də, genetik xəstəliklər daşıyıcısı olan ana-atalarda riski minimuma endirmə məqsədi ilə müraciət edilir. Əgər labaratoriya şəraitində incələnən bir embrion öz təsdiqini tapmazsa, ana bətninə yerləşdirilməyəcək və bu doğumöncəsi müdaxilə metodu seçilməklə gələcəkdə ehtimal olunan abortetmə riskini ortadan qaldıracaqdır. Totipotent kök hüceyrələr üzərində aparlan tədqiqatlar (tam gizligüclü kök hüceyrələr – dölyatağına yerləşdirildiyində tam və bütün bir canlı yetişdirəbilmək gücündə olan hüceyrələrdir – tərc) ümumi tibbi sağlamlıq mülahizələrinə daxil olmaq üzrədir. Tədqiqatçılarla bərabər, dərman sənayesi və iqtisadi qayğılar içindəki siyasətçilər, orqan nəqlində rast gəlinən çətinliklərin yaxın bir tarixdə embrional kök hüceyrələrdən əldə edilən orqana xas toxumaların yetişdirilməsi ilə aşılacağının, gələcəkdə isə ağır monogenetik (“tək genli” mənasında. Günümüzdə 6500-dən yuxarı tək gen xəstəliyi aşkar edilmişdir. Bu xəstəliklər tək genin içində əmələ gəlib mutasiya nəticəsində əlaqədar genin kodladığı proteinin funksiyasının itməsinin nəticəsində əmələ gəlir – tərc) xəstəliklərin əlaqədar genoma müdaxilə edilərək sağaldılacağı müjdəsini verməkdədir. Hal-hazırda, Almaniyada qüvvədə olan Embrion Qoruma qanununun bu baxımdan dəyişdirilməsi üçün edilən təzyiqlər getdikcə artmaqdadır. Tədqiqetmə azadlığının embriyonu qorumaqdan daha vacib olduğunu düşünən Alman Araşdırma Cəmiyyəti (DFG-Deutsche Forschungsgemeinschaft), yeni müalicə üsulları tətbiq etmək məqsədi ilə bu yöndəki “real şəraiti” nəzərə alaraq “ilkin mərhələdə insan həyatının tədqiqetmə məqsədi ilə istehsal olunmasını deyil, istifadə olunmasını” tələb edir.
Halbuki, bu arqumenti müdafiə edən yazarlar “müalicə etmək məntiqinə” özləri də çox güvənmirlər. Əks təqdirdə, normativ bir diskursa müraciət etməkdən çəkinər, mübahisəyə müşahidəçi statusundan baxmazdılar. Süni olaraq döllənmiş yumurta hüceyrələrinin onsuz da dondurulub saxlandığı, nidasiya (nidation) maneələrinin (yəni döllənməni deyil, bətnə yerləşməni əngəlləyən spiralların) uzun müddətdir işləndiyini və mövcud abort qaydalarını xatırladan bu tədqiqatçılar, “süni mayalanmanın tətbiqinə keçildiyindən bəri bu diskussiyaların praktiki olaraq arxada qaldığını, embrionun yaşama haqqına dair onsuz da var olan qərarlar ortamında cəmiyyətimizin zamanı geri çəkərək əvvəlki halına dönəcəyinin real olmadığını bildirməkdədir.” Sosioloji bir qənaət olaraq bəlkə də, bu görüş, doğru ola bilər. Amma əxlaq üzərində qurulmuş bir hüquqi-siyasi düşüncədən çıxış etsək, yuxarıdakı cümlələrdə müdafiə olunan “real olanın normativ gücü var” yanaşması, elm, texnologiya və iqtisadiyyata əsaslanan sistematik dinamiklərin normativ çərçivəyə geri qaytarılmayacaq nəticələr doğuracağından, vəziyyəti narahatlıqla izləyən şübhəçi ictimai fikri haqlı çıxara bilər. DFG-nin dürüst olmayan bu manevri, böyük miqyasda sərmayə sektoru tərəfindən maliyyələşdirilən bu tədqiqat sahəsindən gələn sakitləşdirici qiymətləndirmələri də gözdən salır. Biogenetik tədqiqatlar investorun mənfəət güdməsi və milli hökümətlərin uğur əldəetmə cəhdi ilə bərabər addımladığı üçün, biotexnoloji nailiyətlər ictimai fikirdə uzun-uzadı