Hisslərimizi bölüşdüyümüz həmdəmimiz olduqda bəşəriyyət bizim üçün böyük məna kəsb edir. Bəzən qeyri-adi görüşlər bizi gözləyir, amma çox vaxt biz özümüz onlardan qaçırıq. Bir qayda olaraq, bu görüşlər bizi uçurumun lap kənarında olanda, səbrimizin tükəndiyi zaman, ölmək və yenidən doğulmağa ehtiyac duyduğumuz an yaxalayır. Təsadüfdürmü? Yaxud hansısa müəmmalı qüvvələr tərəfindən bizim həyatımıza müdaxilədirmi? Bəlkə varlıqlarını subut etmək üçün bu qəribə görüşləri o müəmmalı məxluqlar özləri zərurətə çevirir.
Pərişan, darmadağın olub artıq itirəcəyimiz heç bir şeyin olmadığını anlayanda, ya da tam əksinə, həddindən artıq yaşantılarımızla sevindikdə taleyin naməlum tərəfləri bizə aşkar olur və biz kainatda yuvarlanan bir meteoridə bənzəyirik. Tale hər şeyi olanları sevmir. Buna görə də zaman-zaman insanları sınağa çəkir. Onun sınağı da kimlərisə həyatımıza dəng gətirməsidir. Bu kimsələrdən bəziləri bizi yenidən həyata qaytarır, ürəyimizdə sönməkdə olan həyat eşqini yenidən alışdırır. Bəziləri isə həyatımızda sızanaq kimi peyda olur. Özünə yer eliyir, sıxıb çıxartsaq canımız yanır, boş buraxsaq ətimizi çürütməyə başlayır. Əlimizi tez tərpədib o sızanaqdan canımızı qurtardıqsa, qazanırıq…
Eybi yoxdur, bir müddət canımız yanacaq, yarasının yeri ağrıyacaq, bəlkə izi də qalacaq, amma ən əsası odur ki, onu uzaqlaşdırmışıq. Təbii ki, buna əzm, səbr və iradə lazım olduğu kimi, sevgi dolu böyük ürək də lazımdır…
Özümüzə aid olana sahib çıxmağı bacarmalı, sevgimiz, sevdiyimiz üçün bəzən güzəşt etməli, bəzən səbr etməliyik. Bəzən bizim olanı bizdən qopartmağına heç kimə izn verməməliyik. Bəzən isə tam əksinə özümüzü bir dağ sanıb, bizdən qopan təpəyə əhəmiyyət verməməliyik.
Sevgi, eşq, məhəbbət… – necə adlanırsa-adlansın, fərqi yoxdur, bu duyğu öz sehri ilə ağlasığmaz ziddiyyət yaratmağa qadirdir.
Sızanaq
(roman)
İnsanın həyatında önəmli günlər qəribə bir həyəcanla keçir. Bu hiss gecədən səhərə kimi onun yuxusunu da ərşə çəkir. Səhər isə tam arxayınlıqla durub sevinc dolu baxışlarla dünyaya baxırsan. Dünya gözünə başqa çür görünür. Özünü gözəlliklərlə dolu təbiətdə uçan əlvan kəpənək, zirvələrdə qanad açan qartal kimi hiss eləyirsən. Uşaqlıqdan fikrində qurduğun, uydurduğun nağılın qəhrəmanına çevrilməksə insanda kainatın sehrlərlə dolu olduğuna inam yaradır. Böyüdükcə arzularını unudur, bəzən arzularından vaz keçir insan. Amma o arzular bir ömür boyu onunla yaşayır. Əgər günlərin birində insan arzusunun fərqinə varsa, onun hələ də həyata keçə biləcəyinə əminlik duysa, bax, o vaxt muradına çatmış olacaq. Arzuna nail olmanın həzzi və sevinci bambaşqadı.
O gün… O gün mənim də sevincimin həddi-hüdudu yox idi. Səhər oyandığım andan ürəyimin balaca bir sərçə kimi çırpındığını hiss eləyirdim. Mənə elə gəlirdi ki, ətrafimda olan hər kəs və hər şey mənim uğuruma sevinirdi. İlıq səhər günəşi o gün daha parlaq idi, daha çox istilik yayırdı yer üzünə. Çiçək açmış güllərdən ətrafa xoş ətir yayılırdı, sanki təbiət ətirlənmişdi. Eyvana çıxdım, günəşin şüaları saçlarımı sığalladı. Sinə dolusu nəfəs alıb ətrafa nəzər saldım. Dünya gözümdə işıqlı, rəngli idi, sanki bütün bunları bu vaxta qədər görməmişdim, duymamışdım… Yəqin ki, bütün bunlar insan ovqatının qəribəliyi idi.
Neçə gün idi ki, həyəcanla bu günü gözləyirdim. Nəşriyyatların birindən çox sərfəli təklif almışdım. Nəhayət ki, görüşdük, vəkilim sazişi gözdən keçirtdi, mən imzaladım. Sevincimi ərimlə bölüşmək üçün evə tələsirdim. Hərçənd onun üçün bütün bunlar əhəmiyyətli bir şey deyildi, mənim yazıya olan sevgimi bekar qalmış, uşaqsız qadının sərsəm sayıqlamaları kimi qəbul eliyirdi. Hətta ara-sıra mənə zarafatla dövrümüzün qabaqcıl tituluna işarə edərək: “Müğənni də olmadın ki, heç olmasa Xalq artisti adını alardım sənin üçün“ – deyərək, gülürdü.
Amma bu gün onun tikanlı zarafatları, mənim üçün öz mahiyyətini itirmişdi. Mağazaların birindən bir şüşə “Şardone”, bir şüşə “Merlot” və ərimin sevdiyi “Ekler” tortunu aldım. Heç rastlaşmadığım bir tıxacda idim. Sanki hansısa qüvvə yolumu kəsir, evə getməyimi istəmirdi. Şəhərin mərkəzi küçələrində tıxac yaratmış o sirrli qüvvə, məni əməlli başlı darıxdırmağa başlamışdı. Ayrı vaxt olsaydı, tıxaca əhəmiyyət verməzdim, amma indi ruhum sıxılırdı. Daxilimdə bir gərginlik, daralma hiss eliyirdim. Nəhayət, günorta tıxacından canımı qurtarmışdım. Könlümdə bir təlatüm var idi, o vaxt bunu səhərki həyəcan və yoldakı gərginlikdən olduğunu sanmışdım. Yol boyu ogünkü görüşü düşünərək evə çatdım.
Heç ağlıma gəlməz, yuxuma belə girməzdi ki, bir günün içində bir neçə hala düşəcəm. Hal dediyim ruhumun halıdır, sağlamlığımdan heç bir şikayətim yoxdur. Ağlıma gəlməyən başıma gəldi. Düşünməzdim ki, bir çoxlarının xəbərdarlığı bir gün həqiqət ola bilər. ”Başın daşa dəyəndə ağıllanarsan” – deyirdilər. Mənsə bütün varlığımla süfrəmdə oturub, mənimlə çörək kəsən, amma eyni zamanda həyatdakı yerimi tutmağa can atan adamı müdafiə eliyib, “O, elə adam deyil” – deyirdim. Sən demə, gec-tez yalanlar ifşa olur, sirrlər partlamış nar dənələri kimi səpələnirmiş. Bəlkə bütün olanların səbəbini, niyəsini soruşmalıydım? Bəlkə də yanınızda, sizinlə üzbəüz olsaydım, gözlərinizə baxıb tək bir sual verərdim: “Utanmadız?“ Görəsən, hansı davranışımla bu rəğbəti qazanmışdım? İnsanlığımlamı? Axı siz həyatımda ən güvəndiyim iki insandan idiz. İnsan necə də riyakar, necə də alçaq ruhlu və ucuz ləyaqətli ola bilərmiş!? Əfsus…
Mütəəssir olmuşam, heyrət içindəyəm. Eyni zamanda ruhumda boşluq var, sanki damarlarımda qan əvəzinə hava dolaşır. Sanki ağ ciyərlərim suyla dolub, ürəyim o qədər şişib ki, döş qəfəsimə sığışmayıb partlayacaq.
Yataq otağından gələn səsləri birinci mərtəbədən eşidirdim. Əlimdəkiləri masaya qoydum. Həyəcanla ikinci mərtəbəyə qalxdıqca iniltini daha yaxından eşitməyə başlayırdım. Səsləri az qala qulaqlarımı deşirdi, nəfəsim kəsilirdi. Səslərin kimlərə aid olduğunu anlayanda isə dünya başıma dağıldı. Ərim və rəfiqəm… Onlar yataq otağına elə pilləkanlardan soyuna-soyuna getmişdilər. Hər pilləkanda bir alt paltarı vardı. Nə gözəl mənzərə. Bravo!!! Neçə ildir evliyik, amma hələ bircə dəfə də olsun ərimin mənimlə belə fantaziyası olmamışdı. Pilləkanlarda kələm kimi soyula-soyula, daha dəqiq, soyuna-soyuna sevişmək. Özümdən asılı olmayaraq pilləkanları qalxaraq paltarları yığa-yığa otağımın qapısına gəlib çatdım. Əlimdəkiləri qapının ağzına atdım, əlimi cəftəyə uzadıb, qapını açmaq istədim, amma yox… Onların qarşısında alçalmaq istəmədim.
Onlar “son akkordlarını” vururdular. Ərimin bağırtısı lap ürəyimi bulandırdı. Bir anlıq özümü Henrixlə Diananın hoqqalarını izləyən Yekaterina Mediçi kimi hiss elədim. Hətta bu halda, bu yerdə belə fantaziyam məni rahat buraxmırdı. O an… O an nələr hiss etdiyimi yaza bilmirəm, bircə o yadımdadır ki, ürəyim bulanırdı. Tələsik evdən çıxdım, maşına oturdum, donmuş vəziyyətdə bir xeyli irəlilədikdən sonra maşını saxladım. Sanki xəyanət edən mənəm və məni görməsinlər deyə onlardan qaçıram. Adətən qadın xəyanətə uğrayanda ağlayar, üsyan edər… mənimsə gözümdə bir damla belə olsun yaş yox idi. Maşından düşüb, küçənin ortasında dəli kimi qəhqəhə çəkərək gülməyə başladım. Yoldan ötənlər mənə birtəhər baxırdılar. Deyəsən, heç kim vecimə deyildi. Mən gülürdüm. Nə qədər orda durdum, nə qədər güldün, bilmirəm. Amma bir də ayıldım ki, kimsə: “Xanım qız, yaman gülürsən, bəlkə ağladım səni?” – yanımda durmuş maşının içindən səsləndi. Heç özüm də bilmirəm, amma nədənsə maşına doğru iki-üç addım atdım. Birdən-birə nə elədiyimi dərk eliyib dayandım. İndi də yadıma salanda özüm-özümə inana bilmirəm. Nə yalan deyim, bir an ağlımdan keçdi ki, bəlkə… İntiqammı? Xəyanətmi? Nə idi məni buna vadar etmək istəyən? Bilmirəm… Amma yox, mən onlar kimi ləyaqətsiz deyiləm! Mənə yaraşmaz. Xəyanət eləmiş olsaydım da, özümə xəyanət edəcəkdim – öz şərəfimə, öz