O vaxtlar belə bir qayda mövcud idi: bazarda alış-veriş edəndən sonra kişilər “stolovı”da oturub kabab yeyirdilər, ən azı çay içirdilər. Böyüklərlə, böyüklərin hesabına o “stolovı”da bir neçə dəfə oturmuşdum. Amma həmişə o “stolovı”nı görəndə özümdən aslı olmadan arzularım pərvazlanırdı. Arzu edirdim ki, tez böyüyüm, işləyim, maaş alım, əsl kişi kimi gedib orda oturub ürəyim istəyən qədər kabab yeyim. Qismət olmadı. Qlobal hadisələr, dava-qırğın imkan vermədi. Belə hallarda nə edə bilərik? Heç nə. Əlimizdən təssüflənməkdən savayı heç nə gəlmir.
Bazarla bağlı yadıma düşən bir məqamı da yazım, sonra adlayaq öz zəmanəmizə. İki rayonun düz ortasında bir kənd yerləşirdi. Bu kəndin camaatı üçün hansı rayonun bazarına getmək xüsusi bir əhəmiyyət daşımırdı. Ona görə də iki rayonun düz ortasında yerləşən kəndin camaatı bazar günü çıxırdılar yol kənarına, hansı tərəfdən avtobus birinci gəlirdisə, o avtobusa da minib bazara gedirdilər. Təki getməyə bazar olsun. Sizə deyim ki, bu əməlləri, yəni bazar günü yol kənarına çıxıb birinci gələn avtobusa minməkləri, onların ictimai-siyasi şüurlarına, ictimai-siyasi məzmunlu məsələlərə baxışlarına da öz təsirini göstərmişdi. Məsələn, həmin kənddən çıxmış iki qardaş indi ölkədə çox məhşurdur. Maraqlısı odur ki, bu qardaşlardan biri müxalifət düşərgəsində, o biri isə iqtidar düşərgəsində özlərinə yer tapıblar. Loru dildə desək, sanki çıxıblar yol kənara və hər biri birinci gələn avtobusa minib, bazarlığa yollanıb…
Keçmişdən qayıtdıq öz zəmanəmizə. Bazardayam. İtlər üçün sümük alıram. Quyruq da aldım. Qəssaba dedim ki, quyruğu doğra, küçə itləri üçün alıram, acdırlar, hava da soyuqdur, sərhədlər bağlıdır, turistlər gələ bilmir, indi küçə itlərinə yaşamaq çətindir. Qəssab bu sözlərimi eşidəndə əlavə olaraq hardasa bir kilo quyruğu qoydu sümüklərin üstünə. “Bu da məndən itlərə hədiyyə olsun” dedi. Qəlbimin dərinliklərinə qədər mütəəssir oldum. Bu kimi hallar, bu kimi hərəkətlər mənim üçün çox qiymətlidir. Adamda yaşamağa həvəs, insanlara qarşı inam yaradır. İndi bu hərəkəti qəssab Allaha görə etdi, Həzrəti İsa xətrinə etdi, savab qazanmaq üçün etdi, ya nəyəsə görə etdi, bunu özü bilər. Bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, etdi. Qəssaba şəxsim və millətim adına təşəkkürümü bildirdim. Başqa cür də ola bilərdi. Məsələn, bir başqa qəssaba desəydim ki, sümükləri, quyruğu küçə itləri üçün alıram, qayıdıb adama ağıl verə bilərdi. Deyərdi ay qardaş, sənin işin-gücün yoxdur? Üzümə deməsəydi də, yəqin mənə xiyar kimi də baxardı.
Təbiətcə kölə olan adamlar azad adamın varlığına inana bilmədikləri kimi, heç nəyə inanmayan, hər şeydə təmənna güdən, təmənnasız olaraq bir çöpü burdan götürüb ora qoymayan adamlar da, başqasının təmənnasız bir iş görə biləcəyinə inana bilmirlər. Ağıllarına gəlmir həyatda belə bir şey ola bilər.
Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu
Yiyəsiz qoyunu qışda da qırxarlar
Müharibə dövründə və müharibədən sonra göstərdikləri mövqeyə, nümayiş etdirdikləri davranışa görə azərbaycanlıların siyasiləşmiş təbəqəsi rus liberallarından yumşaq desək, dəhşət narazı qaldılar. Rus liberallarından narazı qalmaq məsələsində onlar tamam haqlı idilər. Uman yerdən küsərlər. Özünü liberal adlandıran kəs hər hansı mövzuya toxunursa, ədalətli mövqe ortaya qoymağa məhkumdur. Həqiqətən də müharibə günlərində, müharibədən sonra (ədalət naminə nadir istisnaları çıxmaq şərti ilə) rus liberallarının göstərdikləri mövqenin, nümayiş etdirdikləri davranışın bir adı vardı; rəzalət, biabırçılıq, rüsvayçılıq…
Rus liberallarını, onların mövqeyini, davranışlarını qoyaq kənara. Onlarla bağlı artıq hər şey aydındır. Həvəsimiz və vaxtımız olsa bu mövzuya başqa bir yazıda ayrıca münasibətimizi bildirərik. Yaxşısı budur gəlin azərbaycanlılardan danışaq. Bu daha maraqlıdır.
Özü yıxılan ağlamamalıdır. Hansı mənada? O mənada ki, məsələyə başqa tərəfdən də baxmaq lazımdır.
Vladimir Putinin Qarabağ müharibəsində hər bir kəsə bəlli səbəblərdən tutduğu şəxsi mövqeyi olmasaydı Rusiyanın ictimai-siyasi-mədəni həyatında aktiv rol oynayan ermənilər və onların ətrafındakı adamlar azərbaycanlıları bir çox müstəvilərdə darmadağın edərdilər. Rusiyanın ictimai-siyasi-mədəni həyatındakı ermənilərə və onların ətrafındakı adamlara Vladimir Putinin şəxsi mövqeyi gözəlcə aydın idi. Buna görə də istəmədikləri halda onlar özlərini hələ xeyli dərəcədə “mərifətli” aparmağa məcbur oldular. Rusiyanın ictimai-siyasi-mədəni həyatını yüngülvari izləyən adamlar yəqin ki, bu fikirlərimlə razılaşarlar. Razılaşmasalar da problem deyil. Canları sağ olsun. Biz bu fani dünyaya həm də nələrləsə razılaşmamaq üçün gəlmişik.
İndi ortaya bir çox adamlara heç də xoş olmayan suallar qoymağın zamanıdır: Rusiyanın ictimai-siyasi-mədəni həyatında azərbaycanlılar niyə azlıq təşkil edirlər? Rusiyanın ictimai-siyasi-mədəni həyatında azərbaycanlılar niyə aktiv iştirak etmirlər? Sayları kifayət qədər çox olduğu halda onlar haradadırlar? Nəylə məşğuldurlar? Nə edirlər? İşlərinin-güclərinin adı nədir?
Bilirəm, azərbaycanlıların Rusiyanın ictimai-siyasi-mədəni həyatında az görünmələrinə, Rusiyanın ictimai-siyasi-mədəni həyatında zəif iştirak etmələrinə haqq qazandırmaq üçün onlarla səbəblər sadalamağa hazır adamlar var, amma onlar özlərini yormasalar, özlərini aldatmasalar daha yaxşı olar. Onların sadalayacaqları səbəblərin topası bir qəpiyə dəyməz. Obyektiv olsaq, vəziyyətə düzgün, ədalətli yanaşsaq, hər şeyi öz adı ilə çağırsaq, azərbaycanlıların Rusiyanın ictimai-siyasi-mədəni həyatında az görünmələ-rinə, Rusiyanın ictimai-siyasi-mədəni həyatında zəif iştirak etmələrinə bu cür qiymət verilməlidir: məsuliyyətsizlik, tənbəllik, cahillik…
X. adlı ümumiləşdirilmiş bir adam, bir obraz təsəvvürünüzə gətirin. Bu X. adlı adam Sibirdə təyyarəyə, qatara minib Azərbaycana sünnət toyuna gəlir. Ona üç kitab verirsən və xahiş edirsən ki, bunu apar yaşadığın şəhərin kitabxanasına ver. Başlayır nağıl danışmağa. Dəsmal götürüb ağlamağa. Filankəsə qarpız mürəbbəsi, bəhmənkəsə badımcan şorabası, dayımoğluna xalça, əmimoğluna piti qabı aparmalıyam. Yüküm çoxdur, bağışla, kitabları apara bilməyəcəm. Qərəz, qarpız mürəbbəsinə, badımcan şorabasına, xalçaya, piti qabına, hər şeyə yer var, təkcə üç kitaba yer yoxdur. Sonra da şikayətlənir ki, bizimkilərə münasibət yaxşı deyil. Bizə göysatan, bazar adamı kimi baxırlar. Ay qardaş, əyri oturaq düz danışaq, sən qəzet, jurnal oxumursan, ictimai-siyasi hadisələrlə maraqlanmırsan, teatra, muzeyə getmirsən, bəs səni necə tanımalıdırlar? Axı neçə dəfə yazmaq olar ki, yaşadığınız ölkədə nəşr olunan qəzetləri, jurnalları oxuyun, ictimai-siyasi hadisələrlə maraqlanın, teatra, muzeyə gedin, siyasi partiyalara üzv olun, uşaqlarınızı rəsm, rəqs, nə bilim idman dərnəklərinə göndərin…
Yaxın bir dostumun danışdığı əhvalatı sizə olduğu kimi nəql edəcəm.