erotizmə meyilli olan insan birinci yerə digər insanlarla quracağı emosional münasibətləri qoyacaq; özünəyetərli narsist isə özünün əsas həzz mənbəyini psixi həyatının daxili proseslərində arayacaq; fəaliyyətə meyilli insan isə öz gücünü sınaya biləcəyi xarici dünyadan vaz keçməyəcəkdir. Bu tiplərin ikincisinə gəldikdəsə, onun öz maraqlarını hansı tərəfə yönəltməsi, istedadının və qabiliyyətlərinin növündən və instinktlərinin nə qədərini sublimasiya edə biləcəyindən asılı olaraq müəyyənləşəcək. Hər ekstrimal seçim insanı, seçmiş olduğu yaşam metodunun yetərsiz qaldığı yerlərdə ortaya çıxacaq təhlükələrlə üz-üzə qoyaraq cəzalandıracaqdır. Necə ki, ehtiyatlı biznesmen bütün kapitalını bircə sahəyə yatırmaqdan yayınırsa, həyat bilgəliyi də bizə məsləhət verir ki, bütün meyillərimizin doyurulmasından doğan həzzin hamısını sadəcə bircə cəhdin bizə bəxş edəcəyini gözləməyək. Bir metodun uğurlu olacağı heç bir zaman mütləq deyil, çünki bir metodun uğurla həyata keçməsi xeyli sayda faktorun bir araya gəlməsindən, bəlkə də ən əsası, şəxsi psixi quruluşun öz funksiyalarını həzz almaq məqsədilə çevrəsinə uyğunlaşdıraraq, bu çevrədən yararlanmağı nə qədər bacaracağından asılıdır. Xüsusən də əlverişsiz libido quruluşuna sahib olan və həzz almaq üçün zəruri olan libido strukturunu düzgün şəkildə yeniləməyi bacarmayan insan özünün xarici vəziyyətindən çətinliklə xoşbəxtlik əldə edə biləcək, ələxsus da çətin problemlərlə qarşı-qarşıya qaldıqda. Ona ən azından əvəzləyici məmnunluq vəd edən sonuncu yaşam metodu isə nevrotik pozğunluğa qaçışdır; bu qaçış da adətən gənc yaşlarda gerçəkləşdirilir. Xoşbəxt olmaq səylərinin fiaskoya uğradığını daha yuxarı yaşlarda görənlər isə xroniki kefləndirici sərxoşluqdan həzz alaraq təsəlli tapır, ya da çarəsiz bir üsyan olan psixoza sığınırlar.
10