8-ci sinifdə oxuyarkən bütün digər siniflər kimi onların da sinfi “Yeni il” karnavalı keçirməyi planlayırdı. Hər kəs bir təklif edirdi, biri deyirdi tortu mən gətirəcəm, digəri deyirdi şarları mən alacam, adam sayına nə qədər pul yığılmalıdır deyə hesablama aparanlar kim və. s. Günel isə həmişəki kimi heç nəyə qarışmırdı. Çox belə tədbirlər olmuşdu, o, heç birinə qatılmırdı. Düzdür, könlü istəsə də, amma valideynlərini heç vaxt öz könül istəyinə görə narahat etmək istəmirdi. O, uşaq yaşlarından möhkəm olmağa çalışırdı. Çox vaxt özünə belə təsəlli verirdi, 1 saatlıq tədbirdi də, yeyib-içib oynayıb bitirəcəklər. Guya nə dəyişəcək ki? Onlar da həmin adam olacaqlar, mən də…
Bu dəfə isə fərqli oldu. Qızlardan ona ən yaxını olan Asudə çox təkid etdi ki, sən də gəl qatıl tədbirə, heç nə lazım deyil, özümüz hər şey düzüb-qoşmuşuq, evdən də heç nə istəməyinə gərək yoxdur. Bir dəfə mənim xətrimə gəl, qoy bizim ürəyimiz də rahat olsun. Çox çək-çevirdən sonra Günel razı oldu. Kaş razı olmayaydı…
Əvvəlcə hər şey öz axarında idi , musiqi, çal-çağır, yemək-içmək, stolda, demək olar ki, hər şey var idi, Günelin aylarla, bəlkə, illərlə yemədiyi banan, kivi, cürbəcür şirniyyatlar… nə qədər gözütox olsa da, nəfsin istəyi qarşısında dünyanı hələ doğru-düzgün dərk edə bilməyən bu cılız qızcığaz hərəsindən azacıq da olsa, dadmışdı. Hələ ürəyindən keçirmişdi ki, kaş bacılarıma və ata-anama da bunlardan bir diş daddıra biləydim, mən burda onlarsız yeyirəm. Ömründə birinci dəfə idi ki, belə sevincli, şən görünürdü, sinif yoldaşları ilə qaynayıb-qarışırdı. Niyə də sevinməsin axı, onu da təd birə çağırmışdılarsa, demək ona dəyər verirdilər, onun pulu, imkanı olmasa da, yanlarında görmək istəyirdilər. Bəlkə də ilk dəfə idi ki, pulun deyil şəxsiyyətin, insanlığın önəmli olduğunu görürdü. Lakin bu sevinc çox çəkmədi.
Karnaval bitəndən sonra süfrəni yığmaq, batmış stəkanları və qabları yumaq işini elə məhz Günelə tapşırmaq onun bütün sevincini, etimadını alt-üst etdi. Mesajı anlasa da, hətta bilərəkdən qızlardan soruşdu ki, bu qədər qabı mən tək necə yuyum, birlikdə köməyləşib yusaq olmazmı? İçlərindən həmişə bahalı-bahalı geyimlər geyinən, sağa-sola pul xərcləyib forslanan Sevinc dodaqaltı mızıldandı: “havayı gəlib yeyib-içmisən, təmizlə də, mən təmizləyən deyiləm ki…” özünü güclə sıxıb saxlasa da, birtəhər qabları yuyub bufetçiyə təhvil verdikdən sonra heç kim onu görməsin deyə məktəbin tualetinə girib qapını bağlayıb hönkürtü ilə ağlamışdı. Ağlamışdı ki, ürəyi boşalsın evə bu halda getməsin, əsəbləşib başına gələnləri danışmasın. Həm narahatçılığa və üzüntüyə səbəb olmaq istəmirdi, həm də onsuz da evdə onun oxumağına, məktəbə davam etmələrinə razı deyildilər. Belə şeyləri eşidib ümümiyyətlə məktəbə qoymayacaqdılar. Anası tez-tez deyirdi, nə vaxt 9-cu sinfi bitirər digər bacıları kimi bu da oturar evdə, canımız qutarar bunun paltar, kitab-dəftər problemlərindən. Amma Günelin oxumağa həddindən çox həvəsi var idi. Bacılarından fərqli olaraq o heç vaxt kitab dəftər olmadığını bəhanə etməzdi, olmayan kitablarını sinif yoldaşlarından alıb dərslərini oxuyar, tez də qaytarıb verərdi. Yaddaşı da çox güclü idi. Bütün müəllimləri onun ağıllı, mərifətli olduğunu, ən əsası da, yaxşı zehninin olduğunu deyirdilər.
Bu karnaval olayından sonra Günel qızların heç biri ilə danışmadı, hətta rəfiqəsi Asudəni də daha yaxına burxmadı.
Məktəb də gözündən düşmüşdü, heç kimə etibarı qalmamışdı. Müəllimlərin də pullu uşaqlarına, varlı şagirdlərə necə yaltaqlandıqlarını, şişirdilmiş qiymətlər verib oxumağa həvəsləndirdiklərini, dərsi pozsalar belə, imkanlı şagirdləri heç vaxt cəzalandırmadıqlarını görüb məktəbdən iyrənirdi. Məktəbli olmasına baxmayaraq dünyadakı ədalətsizlikləri artıq dərk edirdi. Amma bu yaşaqdıqlarını kənarda saxlayaraq dərslərini axsatmamağa çalışır, daim çox oxumağa, fənləri yaxşı öyrənməyə çalışırdı.
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqlarını verməyi əmr edir…” (“Nəhl” surəsi, 90.)
“BEŞIKKƏSTI”
Günel, 8-ci sinifi əla qiymətlərlə bitirdi. Mübariz bir ruhiyyəsi var idi. Qarşısına məqsəd qoydusa, nə olursa olsun etməliydi. Valideynlərinin də hər dediyinə, hər qulluğuna qaçırdı, heç onları incitmək istəmirdi. Baxmayaraq ki, özü çox incidilir, qəlbi çox qırılırdı, onunla heç kim maraqlanmır, sevgi və diqqət göstərmirdi. Nə vaxt bir işləri olanda evin bu kiçik qızı yadlarına düşürdü, çağırıb kitab-dəftərdən ayırırdılar. O da tələsik ona tapşırılan işi görüb təkrar dərslərini çalışmağa gedirdi. Nə atası, nə də anası indiyədək ona “səni sevirəm qızım”, “sən mənim gözümün nurusan”, “sən ki, dərslərini əla oxuyursan səninlə qürur duyuram” kimi sözlər deməmişdilər. Amma nə vaxt nənəsigilə gedərdi, bu gözəl sözləri təkcə qoca nənəsindən eşidərdi. Günelin fikrinə görə, onu bu dünyada təkcə bir nəfər qarşılıqsız se virdisə, o da nənəsi idi. Nənəsinin yanında özünü çox rahat və xoşbəxt hiss edirdi. Həyatının bütün pozitiv enerjisini Dilruba nənədən alardı. Hətta Günelə söz vermişdi ki, “narahat olma əziz balam, səni də bibin oğlu Ziya kimi mən özüm oxutduracağam”. Öz təqaüdündən Günelə gizli şəkildə pul verirdi ki, yığsın özünə yaxşı əyin-baş alsın, məktəbdə heç kimdən əskik görünməsin. Günelin Ziya adlı bibisioğlu Türkiyədə həkimlik ixtisasını oxuyurdu, cərrah olacaqdı. Qohumları içində bir oxuyan elə təkcə Ziya idi. O da çox inadkar və əzmkar xarakterə sahib idi. Dilruba nənə deyirdi ki, Ziya da universitetə hazırlaşanda müəllim yanına gedirdi, ata-anası pul çatdırmırdılar, mən köməklik edirdim. Deyirdi: “nənəcan, həkim olanda sənin borcunu qaytaracağam”. Dilruba nənə də tez-tez öz-özünə deyinirdi ki, bu uşağın həkimliyi oxuması uzun çəkir, deyəsən, ölüb gedəcəm xərclədiyim pullar da batacaq”. Sonra da zarafatına özü xəfifcə gülümsəyirdi.
Həmişə bu zarafatı edəndə istəyirdi ki, adamlar bunu zarafatla dediyini düşünməsinlər, ciddi qəbul etsinlər. Bu söhbət açılanda eyni sözü deyir və dinləyəni süzürdü ki, görsün fəndi baş tutubmu? Amma, əlbəttə ki, o, Ziyanın oxumağını istəyirdi, pulları da ona borc verməmişdi. Ziyanın həkim olduğunu bilmək, uğurla ad-san qazanmasını dünya gözü ilə görmək Dilruba nənənin ən böyük arzularından idi.
Nə hikmətsə Günel məhz Ziyanın doğum günündə dünyaya gəlmişdi. Nənəsi həmişə həmən gün haqqında Günellə şirin-şirin danışardı.
– Ziyanın 7 yaşını qeyd edirdik, sentyabr ayının 5 idi. Hamımız bibingilin həyətində yığılmışdıq, təbrik etməyə getmişdik Ziya balanı. Anan da hamilə idi. Kişilər manqal qalayıb kabab çəkirdilər, samovar çayı dəmləyirdilər. Həmin ili Ziya həm də birinci sinifə başlamışdı deyə biraz təmtaraqlı keçirirdilər