Minima Moralia. Теодор В. Адорно. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8077- 9-2
Скачать книгу
xoşbəxtlik) Mətnin əslindəki qədim, çoşqulu adlar populyar bir melodiyanın şüarçı sözlərinə çevrilib. Bunun da məqsədi mətni parlatmaq və bununla bəzəməkdir. Bu sözlərin yaydığı neon işıqlar altında mədəniyyət də reklamdan başqa bir şey olmadığını göstərməkdədir.

      27

      On parle français (1) – Cinsəlliklə dilin necə bir-birinə qarışdıqlarını yad dildə pornoqrafik yazılar oxuyaraq anlaya bilərik. De Sadı öz dilindən oxuyarkən belə lüğətə ehtiyac olmur. İnstinktiv olaraq hər şey başa düşülür. Qaranlıq, sürüşkən açıq-saçıq ifadələr instinktiv olaraq heç bir məktəbdən, heç bir evdən, heç bir ədəbi təcrübədən öyrənilmədən rahatlıqla anlaşılır; eynilə uşaqlıqda cinsəlliklə əlaqəli ən dolayı söz və müşahidələrin zehində realist bir təmsil formasında dərhal şəffaflaşması kimi. Gizlədilmiş ehtiraslar bu ifadələrlə həqiqi adlarına qovuşduqları anda özlərinin qaranlıq hücrələrindən çıxıb kor dilin barrikadalarını aşır və qarşısı alınmaz bir zorakılıqla mənanın ən daxili qatlarına qədər sızırlar. Orada isə onları öz oxşarları gözləməkdədir.

      28

      Peyzaj – Amerikan mənzərəsinin qüsuru, romantik illuziyanın qeyd etdiyi kimi, tarixi anların çatışmazlığı deyil, insan əlinin heç bir izini daşımamağıdır. Təkcə əkilməyə yarayan torpağın yetərsizliyi ilə, çox vaxt kolluqlardan daha hündür olmayan əl dəyməmiş meşələrlə də məhdud deyil bu hal. Bu hal özünü ən çox yollarda biruzə verir. Mənzərənin içinə təsadüfi yerləşdirilmiş kimidir yollar. Düzlükləri və genişlikləri nə qədər təsirlidisə, parıltılı izləri də vəhşi və zəngin landşaft qarşısında bir o qədər laqeyd və kobud görsənir. İfadəsizdirlər. Ayaq, yaxud təkər izindən xəbərsizdirlər. Otlaqlar, yaxud meşəliyə keçmək üçün cığırlar yoxdur ətraflarında. Deməli, insan əlinin, ya da alətlərinin toxunuşunu hiss etmiş şeylərin yumşalmış, keyidici, küt toxunuşundan məhrumdurlar. Sanki heç kim indiyəcən mənzərənin saçını oxşamamışdır. Rahatlığa qovuşdurulmamışdır. Rahatlığa qovuşdurulmayacaqdır. Dərk olunması da bu cürdür. Sürətlə gedən maşının içində gördüyü şeyi göz yaddaşına yaza bilməz. Mənzərə isə öz daşıdığından daha çox iz buraxmaqda acizdir.

      29

      Cır meyvə – Prust nəzakətli idi. Oxucunu özünü müəllifdən daha ağıllı hesab etmək əziyyətindən xilas edirdi.

      On doqquzuncu əsrdə Almanlar xəyallarının rəsmini çəkdilər, ortaya çıxan hər zaman tərəvəz rəsmi idi. Fransızlara isə bircə tərəvəz rəsmi çəkmək bəs edirdi ki, ortaya çıxan xəyal olsun.

      Anqlo-Sakson ölkələrində fahişələr, günahla birgə onun gətirəcəyi cəhənnəm əzabını da bəxş edirmiş kimi görsənirlər.

      Amerikan mənzərəsinin gözəlliyi; Ən kiçik hissədə belə ifadə olaraq bütün ölkənin ucsuz-bucaqsızlığı görsənir.

      Qaçqınlığın xatirələrində ov iti rostolarının dadı var. Elə bilirsən ki, heyvan Freischützün (1) tilsimli güllələri ilə vurulub.

      Psixoanalitikada ancaq şişirdilən şeylər doğrudur.

      Xoşbəxt olub-olmadığımızı küləyin səsindən anlaya bilərik. Xoşbəxt olmayan insana bu səs onu yüngül yuxulardan, narahat xəyallardan oyandıraraq ona evinin müdafiəsizliyini xatırladır. Xoşbəxt adam üçün isə bu müdafiəliliyin şərqisidir.

      O, Küləyin Qəzəbli uğultusu ilə yanaşı, küləyin ona qarşı gücsüz olduğunu etiraf edən pıçıltını da eşidir.

      Xəyallarımızdan tanıdığımız səssiz gurultu ayıq vaxtları-mızda qəzet sərlövhələrindən hücum edir üstümüzə.

      Mifin qiyamət çarçısı günümüzdə radioda yaşayır. Məcbur olaraq eşitdirilən əhəmiyyətli hadisələr həmişə fəlakətlərdir. “Solemn” sözü ingilis dilində həm “təntənəli”, həm də “təhlükəli” mənasını verir. Aparıcının arxasındakı cəmiyyətin gücü özlüyündən dinləyicilərə istiqamətlənməkdə, onları hədəf almaqdadır.

      Yaxın keçmiş həmişə bizə fəlakətlərdən qalıq bir ovuc dağıntı kimi görünür.

      Tarixin əşyada zühur edən ifadəsi keçmiş əzabların təzahürüdür.

      Hegeldə öz-şüur öz-kimliyindən əminliyin həqiqəti idi. Fenomenologiyanın sözləri ilə “Həqiqətin doğma torpağı.” Bunu başa düşə bilməyəcək səviyyəyə çatanda isə burjualarda, heç olmaya, var-dövlət sahibliyinin qürurundan doğulan bir öz-şüur var idi. Günümüzdəki öz-şüurun yeganə mənası eqo barədə düşünməyin utancaqlığı və gücsüzlüyün dərk edilməsidir. Özünün heç nə olduğunu anlamaq.

      “Mən” demək, günümüzdə bir çox insan üçün “abırsızlığın” özüdür.

      Gözünüzdəki tük ən yaxşı böyüdücüdür.

      Ən bayağı insan ən ali insanın zəifliklərini görə bilər, ən axmaq da ən ağıllının fikirlərindəki xətaları.

      Cinsi əxlaqın ilk və yeganə prinsipi: günahlandıran həmişə günahkardır.

      Vahid səhvdir (2)

      30

      Pro domo nostra (1) – Axırıncı müharibədə – ki, bütün müharibələr özündən sonrakılara nisbətən daha sakit, daha dinc görsənir – müxtəlif ölkələrin simfonik orkestlərinin qarhaquru susdurulduğu bir vaxtda Stravinski təəccüblə axtalanmış bir oda topluluğu üçün “Əsgərin hekayəsini” bəstələdi. Bu, onun şahəsəri olacaqdı, yeganə inandırıcı sürreal manifest. Xəyali, sarsıntılı, dərinlərdən gələn zorbalıq musiqini mənfi bir həqiqətin zirvələrinə aparırdı. Əsərin ilk şərti yoxsulluq idi. Rəsmi mədəniyyəti darmadağın edə bilmişdi, çünki mədəniyyətin maddi zənginliklərinə çatması qadağan edildiyindən mədəniyyəti həmişə zəhərləyən göstərişçilikdən uzaq dayanmağı bacarmışdı. İkinci müharibədən sonrakı fikir istehsalı üçün burdan bir dərs çıxır – bir müharibə ki, Avropada yaratdığı dağıntının dərəcəsini həmin musiqinin boşluqları belə ehtimal edə bilməzdi. İnkişaf və barbarlıq kütlə mədəniyyətində elə iç-içədir ki, barbarlıqdankənar şərtləri ancaq o mədəniyyətə və mədəni vasitələrdəki inkişafa qarşı barbarca bir pəhriz qaytara bilər. Saxta zənginlikləri və bahalı istehsalı rədd etməyən, rəngli filmləri və televizoru, milyoner jurnallarını və Toskanini inkar etməyən heç bir sənət əsərinin, heç bir düşüncənin sağ qalmaq şansı yoxdur. Kütləvi istehsala uyğun təşkil olunmuş köhnə media bu şərtlərdə yeni bir dəyər qazanır. İmmunitet və improvizasiyanın dəyəri. Ancaq bu cür media trestlərin və texnologiyanın müttəfiq cəbhəsini aşa bilər. Uzun müddətdir kitabların kitaba oxşamadığı bu dünyada həqiqi kitab kitab ola bilməz. Burjua dövrünü başladan əgər mətbəənin ixtirasıdırsa, indi ona mimeoqrafla, çapın yeganə təkəbbürsüz üsulu ilə son deməyin vaxtıdır.

      31

      Çantadakı pişik – Sosializmin ən şərəfli davranış forması həmrəylik də xəstədir. Əvvəllər həmrəyliyin məqsədi qardaşlıq ideyalarını həqiqətə çevirmək idi. Yəni, həmrəyliyi ideologiya olduğu ümumiliyin içindən