Minima Moralia. Теодор В. Адорно. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8077- 9-2
Скачать книгу
The people (1) – İntellektuallar daha çox bir-biriləriylə qapışdıqları üçün özlərinin insanların digər qruplarından daha xəbis olduqları fikrinə qapıla bilər. Ancaq bu, bir illuziyadır. Bir-birilərini tanıdıqları mühit mühitlərin ən rüsvayçısı, ən şərəfsizidir. Rəqabət içində olan minnətçilərin mühiti. Buna görə də onlar həmişə bir-birilərinə ən pis cəhətlərini göstərməyə məcburdurlar. Başqaları isə, ən birinci intellektualın həmişə heyranlıqla haqqında danışdığı sadə vətəndaşlar isə onu satmağa nəyisə olan, eyni zamanda, müştərilərin özünün qadağan olunmuş ərazisinə girməsindən ehtiyatlanmayan bir şəxs olaraq görürlər. Maşın ustası, yaxud ofisiant qız. Bunlar üçün həyasızlıqdan qaçmaq çox asandır. Nəzakətlilik onsuz da bunların işidir, bunlar nəzakətli davranmağa məcburdurlar. Digər tərəfdən, cahil adamlar da məktublarını yazdırmaq üçün intellektuallara müraciət etdikdə eyni təəssüratı ala bilirlər. Di gəl ki, sadə vətəndaşlar ictimai məhsuldan paylarını almaq üçün öz aralarında dava etməyə başlasınlar… bax onda onların aralarında ədəbiyyatçıların və digər sənətçilərinkini dəfələrlə ötüb keçən həsəd və nifrətə şahid olacağıq. Möhtəşəm məzlumların aliləşdirilməsi, ümümilikdə, onları məzlumlaşdıran möhtəşəm sistemin aliləşdirilməsindən başqa bir şey deyil. Əl əməyindən canını qurtarmış şəxslərin haqlı günahkarlıq hisləri “pastoral həyatın axmaqlığı” (2) üçün bəhanəyə çevrilməməlidir. İntellektuallar haqqında yazan və düzgünlük naminə onları günahlandıraraq pis ad qazanmaqlarına səbəbkar olanlar yenə də intellektuallardır. Ancaq onların bu hərəkəti yalnız yalanın ayaq tutmasına imkan verməkdir. Günümüzdəki anti-intellektualizm və irrasionalizm əksərən – Haksliyə qədər – mexanizmini anlamadan rəqabətdən şikayətlənən və bununla onun toruna düşən intellektuallar tərəfindən başladılmışdır. Onlar ən fundamental işlərində “tat twam asi” (3) müdrikliyinə uzaq qalmış şəxslərdir. Sonradan hind məbədlərinə doluşmaqlarının səbəbi də budur.

      8

      Saxtalığın cazibədarlığı – Mətbəx işçilərinə bəslənən amor intellectualis (zehni eşq) özlərini nəzəri işlərə və nəzəri sənət növlərinə həsr etmiş şəxsləri həmişə pusquda durub gözləyən təhlükə, bir növ, günaha çağırışdır: Mənəvi ehtiyaclarını boşlama, standartlarını aşağı salma, həm mövzularında, həm də ifadə tərzlərində sağlam ağılla rədd etmiş olduqları hər cür pis vərdişlərə yenidən qayıtmağa çağırış. İntellektual üçün indi mədəniyyət sahəsində belə heç bir sabit, etibarlı kateqoriya yoxdur. Dövrün səs-küyü özünün minlərlə tələbiylə zehni konsentrasiyaya müdaxilə etməkdədir. Odur ki, indi ortaya nisbətən nəzərəçarpan iş çıxartmaq üçün tələb olunan zəhmət yükü kimsənin altından qalxa bilməyəcəyi qədər ağırdır. Adekvatlığın bütün yaradıcılar tərəfindən hiss edilən təzyiqi intellektualın öz standartlarını aşağı salmasına səbəb olan bir başqa faktordur. Ümumi desək, günümüzdə ixtisar prosesinə cəlb olunan şey zehni özününəzarət mərkəzidir. Şəxsin zehni kifayətliliyini təşkil edən tabular, təcrübə yığımları və öngörmələr bəzi instinktlərə qarşı mübarizə aparmaqdadır: məhkum etməyi öyrəndiyimiz, ancaq və lakin qatı bir avtoritarlıq tərəfindən nəzarət altında saxlanılacaq qədər güclü instinktlərdir bunlar. İnstinktiv yaşam üçün keçərli olan, zehni yaşam üçün də keçərlidir: müəyyən rəng, yaxud səs birləşməsini bayağı və despotik təsnifləşdirərək onların istifadəsindən çəkinən rəssam, yaxud bəstəkar bəzi basmaqəlib və sofist ifadə tərzlərini gördükdə əzab çəkir. Yazar da əslində içindəki gizli bir bölgənin bunlara tərəf istiqamətləndiyini gördüyündən, bu ünsürlərə qarşı belə ciddi müqavimət göstərir. Günümüzdəki mədəni ləkələnməni inkar edə bilmək üçün barmaq uclarımızda yaratdığı ürpərdici qaşıntını hiss edəcək qədər ona bulanmaq, eyni vaxtda ləkəni rədd edəcək gücü də bu bulanma içində tapmaq tələb olunur. Bu güc özünü fərdi anlayış kimi təqdim etsə də, əslində, fərdi deyildir: güclü bir zehni vicdanın içində əxlaqi supereqo qədər cəmiyyət yükünün də payı var. Belə bir vicdanın doğumuna səbəb yaxşı cəmiyyət və yaxşı vətəndaş anlayışlarıdır. Bu anlayış sönməyə, silinməyə üz tutsa – buna kim bəsirətsizcəsinə inana bilər ki?! – zehnin alçalma gücü də cilovsuz qalar və bununla mədəniyyətsizliyin fərdin içinə yığdığı lillənmələr üzə çıxar: kəmsavadlılıq, laqeydlik, təklifsizlik və despotluq.

      Bu proses də, adətən, humanizm, başqaları tərəfindən başa düşülmək istəyi, yaxud dünyəvi məsuliyyət adıyla şərtləndirilir. Bununla belə, zehni özününəzarətdən imtina etmək xeyli asan fədakarlıqdır. Bu cür fədakarlığa “dözən” şəxsin öz inamı ilə bağlı mühakimələrini ciddi hesab etməyimiz müşküldür. Bu cür adamların ən bariz nümunələri də maddi vəziyyətləri yaxşılaşmış intellektuallardır: sadəcə yazı ilə pul qazanmağın doğruluğuna özlərini inandırdıqları anda keçmişdə bəlağətli üslubla rədd elədikləri ucuz şeylərdən zərrəcə fərqlənməyən bayağılıqların istehsalına başlayırlar. Eynilə, əvvəl varlı olmuş mühacirlərin öz ölkələrində etmək istəyib riskə girmədikləri eqoist xəsisliyə yad torpaqlarda başlamaları kimi. Mənəvi cəhətdən yoxsullaşanlar isə öz cənnətləri hesab etdikləri cəhənnəmə sevinc içində girirlər.

      9

      Hər şeydən əvvəl, övladım! (1) – Yalanın əxlaqdankənar olmağının səbəbi müqəddəs və toxunulmazı ləkələməsi deyil. Onları daha da küncə qısıb yox etmək məqsədiylə üzvlərinin ağzından işgəncə ilə söz çıxardan cəmiyyət həqiqət üzərində haqq iddia edə bilməz. Obyektiv yalan subyektiv üzərində inad edərsə, onu öz əleyhinəçevirmiş olacaq. Yenə də, hər yalanın içində geri itələyən bir şey var və bunun fərqindəliyi qamçıyla təlqin olunmuş olsa belə, həbsxanaçıların tanınmasını təmin edəcəkdir. Əsl yalan hədsiz doğruluqdur. Yalan danışan şəxs utanır, çünki hər yalan həqiqət və doğruluğa təriflər yağdırarkən digər tərəfdən də yaşamaq üçün insanı yalana vadar edən dünyanın ləyaqətsizliyini görməkdədir. Utanmaq hissi daha təcrübəsiz şəxslərin yalanlarında nəhəng boşluqlar yaradır. Bacarıqsızca yalan danışırlar və qarşısındakı şəxsin nöqteyi-nəzərindən yalanı eybə, qəbahətə çevirən şey elə bu bacarıqsızlığın özüdür. Bu, yalan danışanın qarşısındakını axmaq hesab etdiyinin əlaməti, həqarət işarəsidir. Yalan günümüzün peşəkər sənətçilərinin əlində həqiqəti təhrif etməkdən ibarət olan qədim və məsum xarakterini itirib. Heç kim heç kimə inanmır. Hamı hər şeyin iç üzünü bilir. Yalan danışan adamın əsl məqsədi qarşısındakı şəxsə və həmin şəxsin onun haqqındakı düşüncələrinə tamam laqeyd olduğunu hiss etdirməkdir. Bir vaxtlar liberal ünsiyyət vasitəsi olan yalan günümüzdə hər fərdin öz ətrafında buz kimi atmosfer yaradaraq bu atmosferin sığınacağı içində kök atmasını təmin edən arsızlıq üsullarından birinə çevrilmişdir.

      10

      Ayrılmışbirləşmiş – İnsani səciyyələrini itirmiş olduğu bir dövrdə yenə də yaşamağa davam edən ailə institutu günümüzdə, adətən, sağqalma hiyləsi kimi istifadə edilir. İki günahkar