Minima Moralia. Теодор В. Адорно. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8077- 9-2
Скачать книгу
mərhumun vicdani qayğıdan məhrum olduğunun belə bir dil sürüşməsilə ifadəsi cənazə karvanını ən kəsə yolla həqiqətin meydanına çatdırır. Əgər yaşı ötmüş bir şəxs son illərində çatdığı qeyri-adi dinc ruh halından ötrü təriflənməkdədirsə, onun həyatının “şərəfsizliklər” seriyası olduğuna hökm verə bilərik. O, təbiətinin həyəcanlanma cəhətini bir kənara tolazlamış şəxsdir. Vicdan rahatlığı xeyirxah ürəklilik olaraq təqdim olunmaqdadır. Hər şeyin günahını bağışlayan, çünki hər şeyi lazım olandan daha yaxşı başa düşən birisinin xeyirxah ürəkliliyi. Şəxsin öz günahları ilə başqalarınkılar arasındakı haqq-hesabı, yarışı daha əvvəl başa vuranın xeyrinə olan nəticə ilə bağlanılır. İnsan bu qədər uzun yaşadıqdan sonra kimin kimə necə bir pislik etdiyini ayırmaq bacarığını da itirmiş olur. Bəşəri səhvlik kimi mücərrəd bir anlayışın işığında hər cür real məsuliyyət də silinir. Şərəfsizliyin cisimlənmiş halı olan şəxs özünü ədalətsizliyin qurbanı kimi təqdim edir: Cavan oğlan, hələ çox naşısan, dünyanın iç üzündən xəbərin yoxdur..... Di gəl ki, sakitliyə və mehriban tövrlərə hələ orta yaşlarında çatanlar da bu cür dinclikdən beh almaqdadırlar. Xəbis olmayan şəxsin həyatında gördüyümüz şey sakitlik yox, əksinə, xüsusilə çılpaq və bakir qatılıq və dözümsüzlükdür. Lazımı obyekti tapa bilməyən sevgisi özünü ancaq səhv obyektə duyduğu nifrətlə ifadə edə bilər ki, bu da axırda onun nifrət etdiyi şeyə çevrilməsinə səbəb olur. Burjuaziya isə insanlara qarşı tolerantdır. Burjuaziya insanları olduqları kimi sevir, çünki onların ola biləcəyi şeylərdən nifrət edir.

      5

      Allah razı olsun, həkim (1) – Ziyansız heç nə qalmayıb. Kiçik zövqlər, düşünmə məsuliyyətindən azadə olduğunu hesab etdiyimiz həyat işarələri indilərdə ancaq dikbaş axmaqlığı, inadçı korluğu əks etdirməklə kifayətlənməyib, öz zidlərinə də köləlik edir. Çiçəklərin üstünə düşən dəhşət kölgəsi dərk olunmadığı anda baharın özü belə yalana çevrilir, “necə də gözəl” kimi məsum bir ifadə belə ürək bulandıracaq qədər çirkin bir mövcudluğun bəhanəsi olur. İndi dəhşətli olanı görən, ona tab gətirən və mənfiliyin təsəllisiz şüuru içində yenə də daha yaxşı dünya ehtimalına sadiq qalan baxışdan başqa gözəllik və təsəlli yoxdur. İndi hər növ təbii, spontan davranışlardan, hər cür istiqanlılıqdan şübhələnmək lazımdır, çünki bu mövcud olanın daha üstün gücü qarşısında lazımından artıq elastik bir hərəkət mənasına gəlir. Qədimdə təkcə qədəh toqquşdurma səhnələrində özünü göstərən və sərbəstliyin dibdə qalan pisniyyət mənası indi dostyana hislərə də qarışıb. Qatarda təsadüfi söhbətdə xülasəsinin cinayət olduğunu bildiyimiz halda mübahisədən qaçmaq üçün təsdiqlədiyimiz bir neçə söz belə bizi çoxdan xəyanətin ağuşuna çəkib; heç bir düşüncə ünsiyyətdən kənarda qala bilməz, onu səhv yerdə səhv bir uzlaşma içində dilə gətirmək isə onun doğruluğunu inkar etməkdir. İzlədiyim hər kino, bütün ayıqbaşlılığıma baxmayaraq, məni daha da axmaqlaşdırır, şərə daha da yaxınlaşdırır. Rahat ünsiyyət qabiliyyəti də soyuq dünyamızda hələ də bir-birimizə isinişə biləcəyimiz illuziyasını yaratmaqla ədalətsizliyin əlbirinə çevrilir. Heç bir məqsəd olmadan deyilib keçilmiş şirin sözlər və təsadüfi cavablar müraciət olunan şəxsə edilən güzəştlərlə onun hər müraciətdə təkrar-təkrar alçalmasına səbəb olaraq susqunluğun davamiyyətinə qulluq edir. Şirindilliliyin və istiqanlılığın içində gizli bir forma kimi mövcud xəbis prinsip özünün əsil vəhşiliyini bərabərlikçi təfəkkürdə göstərir. Təvazökarlıq və alçalma eynidir. Əzilənlərin zəiflikləriylə ayaqlaşarkən, əslində, bu zəifliklərdə avtoritarlığın ilk şərtini təsdiqləmiş və avtoritarlığın tətbiqi üçün məcburi olan despotluğu, laqeydliyi və zorakılığı özümüzdə inkişaf etdirmiş oluruq. Əgər bu gün alçalma jesti kənara atılıbsa və meydanda görsənən təkcə uyğunlaşma və qaynaşmadırsa, bunun bircə səbəbi var:hakimiyyətin bu qüsursuz gizliliyi onun inkar etdiyi sinfi münasibətlərin daha da amansızca davam et-dirilməsi üçündür. İndi intellektual üçün az da olsa, həmrəylik göstərməyin tək yolu zülmət bir tənhalıqdır. Hər növ əlbirlik, cəmiyyət içində qaynaşma bütün humanist meyarı insanlıqdan kənar şərtlərin sakitliklə təsdiqlənməsini örtən maskadır. Əsil bölüşülməli olan isə insanların çəkdikləri əzablardır. Onların həzz və əyləncələrinə tərəf atılmış ən xırda addım əzablarının daha da artmasına səbəb olacaqdır.

      6

      Anti-tezis – İnsanlara qarşı məsafəli davranan şəxsi gözləyən bir təhlükə var: özünün başqalarından daha yaxşı olduğunu düşünmək və cəmiyyətə tuşladığı tənqidi özünün şəxsi mənafeyini gizlədən ideologiya kimi istimar etmək. Öz həyatını düzgün bir mövcudiyyətin zəif və aciz obrazına uyğun qurmağa cəhd edərkən obrazın həm zəifliyini, həm də heç vaxt həqiqi həyatın yerini tuta bilməyəcəyini yadından çıxarmama-sı lazımdır. Ancaq içindəki burjuanın sanballılığı onun belə bir əqidəyə sadiq qalmağını çətinləşdirməkdədir. Məsafə saxlayan müşahidəçi də aktiv iştirakçı qədər dünyaya qarışmış haldadır; birincinin yeganə üstünlüyü bunu bilməyindən və hər cür məlumatın verə biləcəyi kiçik, dar azadlıqdan ibarətdir. İş dünyasından uzaqlığı da yenə o dünyanın ona bəxş etdiyi imtiyazdır. Cəzb olunma və itələnmə jestinin inkar etdikləri dünyanın bəzi xüsusiyyətlərini daşımasının səbəbi də budur. Bu şəxs özündə burjuanınkından fərqləndirilməyəcək soyuqluq yaratmalıdır. Monadoloji prinsip etiraz edərkən belə hakim universalı içində daşımaqdadır. Prust fotolarda bir hersoqun babasıyla orta sinifdən yəhudinin babasının aralarındakı cəmiyyətdaxili status fərqini unutduracaq qədər bir-birlərini xatırlatdığını deyirdi. Bu müşahidə, əslində, daha böyük areallar üçün də səciyyəvidir. Bir dövrün həmrəyliyi fərdi mövcudluğun xoşbəxtliyini, hətta mənəvi cövhərini təşkil edən bütün fərqləri obyektiv olaraq silib yoxa çıxarma gücünə sahibdir. Təhsilin geriləməyindən söhbət açırıq. Halbuki, diqqətlə baxsaq, Yakob Qrimminki, yaxud Baxofeninkiylə (2) müqayisə edildikdə, öz yazılarımıza da sənaye mədəniyyətini xatırladan bəzi üslubi səciyyələnmələrin bizdən xəbərsizcə qarışdığını görə bilərik. Artıq latın və yunan dilini Volf, yaxud Kirçhoff qədər (3) yaxşı bilmirik. Mədəniyyətin təkrarən cəhalətə çevrildiyini qeyd edir, ancaq özümüz də məktub yazmaq sənətini unudur, Jan Poldan (4) bir mətni müəllifin öz dövründə oxunacağı kimi oxuma qabiliyyətini itiririk. Həyatın despotlaşmasına, vəhşiləşməsinə baxıb diksinir, ancaq obyektiv olaraq əlaqələndirici bir əxlaqdan məhrum olduğumuz üçün hər addımda humanist dəyərlər nöqteyi-nəzərindən barbarca görsənən, hətta yaxşı ailələrin şübhəli dəyərləri nöqteyi-nəzərindən belə yersiz sayılan davranışların, danışıqların içində tapırıq özümüzü. Liberalizmin süqutuyla birgə burjuaziyanın ümdə prinsipi olan rəqabət də, aşılmaq bir yana, ictimai prosesin obyektivliyindən kənara çıxaraq bu prosesin toqquşan və ayrılan atomlarının komplektləşməsinə və beləliklə də, onun antropologiyasına qarışmışdır. Həyatın istehsal prosesindən asılılığa salınması bizim üstün iradə və seçimimizin nəticəsi saymağa meyilli olduğumuz təklik və təcridimizin oxşarını hamıya alçalma olaraq göstərməkdədir. Xırda maraqlardan danışdıqda isə hər fərdin