Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Абдурагим-бек Ахвердов
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8252-7-5
Скачать книгу
Ağa Bala mənə nə eyləyəcək?

Dedi:

– Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona iki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini – dövlətlilərdən Bakıyadək, ya Batumadək. İyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq24 həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında iki mərtəbə barigah tikdirib.

Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim:

– Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək.

Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular.

Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun.

Hamamçı dedi:

– Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz.

Dedim:

– Allah razı olsun, elə çimmiş kimi varıq.

Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı. Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə.

Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər.

Təəccüb etməyin ki, molla əmi25, bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin26 ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “İslamiyyə”27 nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm.

Deyirəm: Ay Allah, İranın bu şuriş28 vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”.

Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə.

Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı?

Dedi:

– Çox gözəl tanıyıram, buyur əyləş.

Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik.

Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu:

– Bağışlayın, sizi tanıya bilməyirəm.

Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir.

Dedi:

– Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz?

Ürəyim əvvəl bir gupp elədi. Dedim:

– Bağışlayın, ağa, mən məşədi deyiləm.

Buyurdu:

– İnşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz?

Dedim:

– Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm.

Hacı buyurdu:

– Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, İranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam.

Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm.

Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu:

– Haraya düşübsünüz?

Dedim:

– “Tehran” nömrələrinə.

Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa

Bala daxil oldu.

– Salam, Məşədi Mozalanbəy.

– Əleykəssalam, hacı.

Əyləşdi, bir stəkan çay içdi və sonra dedi:

– Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz.

Dedim:

– Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-iki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm?

Bu növ istədim ağanın əlindən

24

Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən.

25

“Molla Nəsrəddin”ə işarədir.

26

Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq.

27

Mehmanxana adıdır.

28

Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir.